21 Kasım 2024

İllərdir yaddaşımızda yer etmiş, qanımıza işləyib bizimkiləşmiş bir gündür 9 may.Bu hər nə qədər bizim dövlətin savaşı olmasa da, xalqımız bu savaşda  igidcə, öz savaşı kimi iştirak edib.Odur ki, indi bu bizim qələbəmiz deyil, biz niyə bayram edirik deyərkən, o dövrü, 1941-45-ci illərin qanını-qadasını, zülmünü, əzab-əziyyətini, aclığını-yoxsulluğunu, dözülməz ağır əmək fəaliyyətini yada salıb, yaxşı ki, qələbə çalındı deyirik.Orda, o uzaq savaş meydanında o qədər əzizlərimizi itirdik ki.O qədər canlar gedib, o qədər də canlar arxa cəbhədə yanıb yaxıldı ki.Yüzlərlə, minlərlə tale puç oldu, həyat yarıda qırıldı.Odur ki, barış istər, sülh olsun deyər hər kəs, yaxşı ki, zəfər çalındı deyər.

Gedənlər getdilər, biz qalanların çəkdiyi dərdlərin şahidlərini gördük, ana-atamız, nənə-babamız nələr yaşayıblarsa bizə danışdılar.Biz də o hisləri yaşamış olduq.

Əmim Nəbiyev Mahmud Mövlud oğlu, İrevan Pedoqoji Məktəbini qurtaran kimi cəbhəyə gedib, son məktubu Belorusiyadan gəlib. “Başımıza güllə yağır” yazıb. Sonra heç bir məlumat alınmayıb, nə bir məktub, nə qara kağız, nə də itkin düşdü bildirişi.Ondan geriyə gözəl xətlə yazılmış qalın bir riyaziyyat dəftəri, bir də Pluton kitabı qalıb.Solğun üzlü dəftərlə bozarmış kitab.Nə ümidlərlə sevgiylə böyüdülən gənc 22 yaşında yox oldu.

Ana-atası, var dövlətini kolxoza qoyub kulak olaraq kasıblıq çəkdiklərinə baxmayaraq Mahmudun qan pulundan imtina ediblər.

Anası, çox nadir halda ondan danışardı, adını heç çəkməzdi, adının yerinə “gözlərimi tökən” deyərdi.Öldüyünə inanmırdı.Bir gün bu qapıdan içəri girəcək deyə ümid edərdi.

Çox analar eyni hisləri yaşadı.Heç biri oğluna qıymazdı, yaraşdırmazdı qara kağızı, ölümü, yoxluğu.

Güləndam nənənin 4 oğlundan biri qayıtmadı.Gözləri tutuldu. Möhtac qaldı.

Əfəndi öyünün Pəri maması dağ kimi oğulları itirib dağa-daşa səs saldı.Hər ocaqdan neçə can getdi.

Mahmud əmimin dostları Zahid, Abış, Ənvər…adlarını bilmədiyim gənclər, balaca, 100 evli bir kənddən 54 oğul həlak oldu, 54 evə atəş düşdü.Atamın dayısı Süleymanov Mühiddin də onların arasında.Nənəmin həm oğlu, həm qardaşı getdi.

Vaxt keçəcək unudulacaq bütün ağrılar, gedənlərlə ağrılar da torpağa  qarışacaq.

İndi bu gün hamı qarışıq fikirlər içindədir, 9 may bizim üçün bayramdır, ya yox? Bu qələbənin bizə nə dəxli var, fikri gəzir beyinlərdə.

İdeologiya nə olur-olsun, hakimiyyət nə olur-olsun, savaşan tərəflər kim olur-olsun zülüm həmişə qara camaatın taleyinə düşür.Gedənlər bir cür bədbəxt olur, qalanlar başqa cür.

Bu savaşı o zaman hər kəs öz davası bildi, hamı bir yumruq oldu.O zaman vətən anlayışı fərqli idi, böyük Vətənin vətəndaşı idi hamı.Təmiz ürəklə, saflıqla inanırdılar.Camaatdan üç-beş qaçan olsa da,  çoxu könüllü gedirdi, gənclər Hitlerin başını əzməyə getməyi şərəf məsələsi etmişdilər.Şərəflə, qürurla gedirdilər.

Rus-alman qarşıdurması idi.Doğru.Azərbaycan savaşda həlledici tərəf deyildi, amma özünü fəda edirdi.İndi o insanların fədakarlığını xor görmək düzgün deyil.Bəli, hər savaşın qurtarışı bir bayramdır.Dünyanın harasında olursa-olsun “savaş qurtardı” demək ümidin qığılcımlanması deməkdir, bayram deməkdir. Beş il kirpiyi ilə od götürən xalqlar bu xəbərlə yeni bir həyatın başlayacağına ümid etdilər.

Doqquz mayı qələbə günü kimi qeyd etmək o dövrü yaşayan, o əzabı çəkən, o itkiləri verən insanlara hörmətdir, orda səmimi inamları ucbatından həlak olan insanlarımıza sayqıdır, hörmətdir.Bu rusun tərəfini tutmaq deyil.Onsuz da hamı öz millətini, ideologiyasını, milliliyini qoruyur, milli təəssübkeşliyini saxlayır.

Tarix uzaqlaşdıqca durulur.Bir zaman bu acıları xatırlayanlar olmayanda bəlkə bayram edilməyəcək.Hələ ki, savaş  dünən olmuş kimi xatırlanır.Unutmağa alışsaq Qarabağı da unudacağıq, Qərbi Azərbaycanı da, Güney Azırbaycanı da unudacağıq.Parçalanmış olduğumuzu, Bütövlüyümüzün bərpasının bizi gözlədiyini də unudacağıq.

Bütöv Azərbaycan həsrətli duyğularımızı itiləyərək keçmişin heç bir olayını unutmuruq.

Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir