21 Kasım 2024

Azərbaycan dilçiliyinə böyük xidmətləri olan Bəkir Çobanzadəni, böyük bir dil təəsübkeşi olaraq bu gün də unutmuruq.

14 yaşına qədər çobanlıq edib 27 yaşında filologiya elmləri doktoru elmi dərəcəsi alan görkəmli ədəbiyyatşünas, türkoloq,  professor Bəkir Çobanzadə  1893-cü il mayın 15-də Krım, Tavrida vilayəti Simferopol qəzası Qarasubazar şəhərində anadan olub.

Bəkir,  körpə yaşlarından molla yanında işləyib. Ərəb dilini öyrəndikdən sonra Quranı, Şərq klassiklərinin əsərlərini oxuyub.

Azərbaycan dilçiliyinin əsasını qoyan Bəkir Çobanzadə Krım Universitetinin rektoru,  1924-cü ildə Azərbaycan hökumətinin dəvəti ilə Bakıya gələrək BDU-nun professoru, 1929-cu ilə qədər isə kafedra müdiri və dekan vəzifələrində işləmişdir.

1930-cu ildən Bəkir Çobanzadəyə və ailə üzvlərinə təzyiqlər başlayıb.   

Yeddi il təqib edilən alimi axırda şərləyərək,  Bakıda yaşadığı 1924-cü ildən  əks inqilabi millətçi fəaliyyət göstərməkdə günahlandırıb,  1937-ci ildə Kislovodskda, istirahət etdiyi  “Mədən fəhləsi” sanatoriyasında həbs ediblər. Bir müddət Beşdağ (Pyatiqorsk) həbsxanasında saxlandıqdan sonra Bakıya gətirilib. Gördüyü ağır işgəncələrdən sonra  o, Azərbaycanı SSRİ-dən ayırmaq, Mircəfər Bağırovu öldürmək istədiyini,  casusuluq etdiyini və böyük Turan dövləti qurmaq  üçün çalışdığını “etiraf” edib.

 1937-ci il oktyabrın 12-də 20 dəqiqəlik istintaqdan sonra  güllələnmə əmri verilən dəyərli dilçi alim Bəkir Çobanzadə 1938-ci il oktyabrın 13-də Xaçmazda güllələnib.

 B.Çobanzadənin, Bakıda Voroşilov küçəsində yerləşən mənzilində axtarış aparılaraq alimin əlyazmalarını, kitablarını balkondan  atıb aşağıda dayanmış yük maşınına yığıblar.

Bəzi  mənbələrə görə  isə  onun sürgün olunduğu, 1939-cu ildə Sibir şaxtasına dözməyib sürgündə öldüyü yazılır.  Amma bir fakt var ki, Bəkir Çobanzadənin qəbrinin harda olduğu hələ də bilinmir.

Bu gün dilimizə göstərdiyimiz sayqı həm də B.Çobanzadənin ruhuna olan sayqımızdır.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir