Bu yerlərdə doğulub böyüyən, danışan, gülən insanlarla tanış olduqca, deyirsən ki, bu adamların doğulduğu yerin adı yalnız Zəngəzur deyə səslənən söz ola bilər. Bu qənaət bəlkə də hansısa dərin bir hissdən, duyğudan baş alıb gəlir. Ancaq hardan gəlib gəlməməsindən asılı olmayaraq, yenə bu yanaşmanın da qaynağı gedib Zəngəzur adının səslənişinə, deyilişinə, məna və mahiyyətinə çıxır. Dostlar arasında bəzən sözün ən incə yerinə salıb zarafatla da olsa deyirlər eee, adam ya Zəngəzurlu olar, ya da Zəngəzurlu. Uzun müddət bu adın mənasına sanki bilərəkdən, ya da elə biləsən bir iradənin yönəlişi ilə varmaq istəməmişəm, eləcə necə deyilirsə, bu səslənişdən şüuraltı kimliyim hansı toxdaqlıq və doyumu əldə edirsə, elə o tutumla da dərinə getməmişəm. Ancaq günlərin bir günü bu tilsimi qırıb, şüşəni sındırıb, devi öldürmək üçün şüşənin içindəki göyərçini azadlığa buraxmaq istəyim əl çəkmədi yaxamdan. Başladım nə başladım. Adamın bəzən bulud kimi dolduğu, yağış kimi tökdüyü, gün kimi çıxıb ay kimi batdığı, tutulduğu anlar, məqamlar olur. Elə Zəngəzur da eləcə, bu adın varlığında, tutumundan ləngər vuran əsrlərin bitib-tükənməyən bir mənası dolaşdığının ab-havası içimə dolanda, o yerlər artıq düşmən tapdağı altındaydı. Bax, o ondaydı, özümüzü bağışlamırdıq, başımızı aşağı əyirdik, nə qürurlu işimiz vardı, gözlərimizdə kölgə görürdük, nə sevincli, xoşbəxt deyəcəyin günlərimiz qismətimizə yazılırdı, onu kədər, qəm, irin-qan bilirdik. Balımız zəhərə, ağuya çevrilmişdi. Çünki ayağımızın altındakı torpaq bizdə deyildi. O torpaq düşmənə oğul-uşaq böyüdür, onların gün-güzəranına yarıyır, üzərindəki havasını, işığını, suyunu düşmənin cəmdəyinə ötürürdü. Bildiyimiz, ən bildiyimiz, ən dərin bildiyimiz, ən dərin, köklü və birmənalı şəkildə anladığımız buydu. Bundan o tərəfi, deyəsən, bizim üçün, yer-yurdundan didərgin, perik düşmüş quşlar kimi kimsəsizlik qoxuyan bir əhvali-ruhiyyəmizlə heç nə görünmürdü. Bəlkə də vardı. Ancaq biz Zəngəzurlular, Qarabağlılar, Qərbi Azərbaycanlılar üçün daha xoş, gözəl deyəcəyin heç nə qalmırdı, görünmürdü gerçək anlamda. Çünki… çünki bizi biz edən məkan bizdə deyildi, bizim istəyimiz, iradəmizin ixtiyarında deyildi.
Elə o günlərinə, ağrı-acıların içimi yandırıb qovurduğu günlərin birində illərdir məna üzünü mənə göstərməyən bu ad, varlığımı yenidən lərzəyə gətirərək əhədimi kəsdi. ZƏNGƏZUR. .. bu ad böyük hərflərlə üfüqlərdə yer aldı, məkan tutdu, əməlli-başlı israrla “ mən də varam”, – dedi. Beləliklə, millətimizin ən köklü-köməcli yer adlarından, bölgə adlarından biri məna üzünü göstərməli oldu. ZƏNGƏZİR-ZƏNG (ÇALINAN SƏS DEMƏKSƏ) VƏ ZUR-SUR şəklində hecalanıb daha da anlam baxımından rahatlıq, asanlıq yaratdı. Məlum oldu ki, Zəngəzur torpağının adı – SUR SƏSİ – deməkdir. Mahiyyət etibarilə, bu ad xalqın, millətin gizli yaddaşında İsrafilin çalacağı surun səsidir. Bu yerlərin insanları, bu torpağın bərəkət və gözəlliyini içinə hopdurmuş bilgə kişilər anlamışlar və yaxud da təsəvvür edə bilmişlər ki, bu dağlar, dərələr, çaylar, bulaqlar, ağaclar, otlar, quşlar, bu daşlar – qayalar zamanı gəldiyində o gündən – İsrafilin çalacağı Surdan nəsibini alacaqlar. Ola bilməz ki, o gün, o qudsal və müqəddəs gün, bu torpağın üzərində doğulub böyümüş insanlar, gəlib getmiş canlar çevrildiyi bu torpağın haqq-hesabını öz ruhaniyyətinə gömməsin. Çünki bu ad qoyan kişilər (məncə, torpaqlarımızdakı bütün dilə gətirilən adlar qadınlarımız deyil, kişilərimiz, babalarımız tərəfindən qoyulmuş, verilmişdir. Çünki vətən, yurd həm də kişi Kultu üzərindən bizi Yaradıcı güclə yenidən bağlayır.) Ulu babalar ağıllarının verdiyi imkanlarla, ruhaniyyətlərinin də gücünə arxayin olmuş, güvənə bilmişlər. Çünki bu torpaqlar, elə Qubadlı rayonunun özü iki – Bərgüşad və Həkəri kimi bol sulu çayların arasında yerləşir. Müqəddəs kitablardan olan, Tövratda da “iki çay arasındakı qudsallıq təşkil edən torpaqlardan” danışılır. Bu torpaq müqəddəs olmasaydı Mir Həmzə Seyid Nigari, Sarı Aşıq, Qurbani, Nəbati kimi söz və nəfəs sahibləri bu yerlərdə necə doğulub böyüyə bilər, insanlarımızla həmhal ola bilərdilər. Bu torpaqların insanlarının dərdinə şərik olmasaydılar, dərd anlayan olmasaydılar, bəşəriyyətin insanlıq durumunun ən ziynətli, ən işıq saçan misralarını, fikirlərini, düşüncələrini dilə gətirə bilməzdilər.
Zəngəzur özəl bir təbiətə, relyefə, spesifik iqlim mahiyyətinə malik bir bölgəmizdir. Azərbaycan və türk dünyasının bir parçası olan Zəngəzir ərazisi bu gün işğal altındadır. Zəngəzurun işğal olması, erməni qəsbkarları tərəfindən tutulması o deməkdir ki, bizim keçmişimiz, mədəniyyətimiz, mənəviyyatımız da müsadirə olunub, zəbt edilib, mənimsənilib. Bu torpaqda doğulacaq neçə-neçə uşağımız, övladımız, gələcək nəsillərimiz də elə keçmişimiz, mədəniyyətimiz kimi bizdən alınmağının, başqalarının əllərində olmağın faciəsini üstümüzdən atmağı israrla bizdən tələb edir.
(ardı var)