21 Kasım 2024

22 noyabr 1881-ci ildə İstanbulda  doğulan, Osmanlı İmperiyası tarixində önəmli rol oynamış hərbiçi və siyasi xadim İsmail Ənvər Paşa, İttihad və Tərəqqi Cəmiyyətinin öndərlərindən biridir. Müharibə illərində Hərb naziri olan Paşa,  1914-cü ildəki Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin Birinci dünya müharibəsinə daxil olma təşəbbüskarlarından olmuşdur.   

Birinci dünya müharibəsi məğlubiyyətə uğradıqdan sonra Qafqaz və Mərkəzi Asiya türk xalqlarının dirçəlmə və birləşməsi üçün mübarizə aparmış, Tacikistandakı bir qiyamda rus ordusu tərəfindən öldürülmüşdür.  

1914-cü ildə Sultan Əbdülməcidin nəvəsi (Şahzadə Süleymanın qızı) Naciyə Sultanla evlənərək Osmanlı ailəsinə kürəkən olmuş Ənvər Paşa həmçinin keçmiş baş qərərgah rəisi Kazım Orbayın da qaynı idi.

Atası inşaat mühəndisi Hacı Əhməd paşa (Malta sürgünü) və anası Aişə Dilarə xanımın beş övladından ən böyüyü olan Paşanın ata tərəfdən soyu Qaqauz türklərinə dayanır.

Üç yaşında yaxınlıqdakı İbtidai məktəbə getmiş, 1889-cu ildə Monastr Hərbi liseyinə qəbul olmuş və 1893-cü ildə məzun olaraq oradan Hərbi Akademiyaya keçərək, 1899-cu ildə piyada leytenantı rütbəsi ilə oranı 2-cilik dərəcəsi ilə bitirmişdir.23 noyabr 1902-ci ildə qərargah kapitanı olaraq III Ordunun əmrindəki Monastr XIII Topçu alayının I bölüyünə verilmişdir.

30 avqust 1906-cı ildə mayor olan Ənvər Paşaya, 1907-ci ilin oktyabrında Monastr ətrafındakı quldurları təqib etmək tapşırıldı. 1908-ci ilə qədər bu vəzifəyə davam edən Ənvər paşanın bu müddət ərzində bolqar quldur dəstələrinə qarşı apardığı mübarizə onda millətçilik hisslərinin oyanmasına səbəb olmuşdur. Toqquşmalarda ayağından yaralanaraq bir ay xəstəxanada qalmış və xidmətlərinə görə IV və III Məcidiyyə, IV Osmaniyyə nişanları və Qızıl Ləyaqət medalı ilə təltif edilmişdir. 1906-cı ilin may ayında Bursalı Məhməd Tahir bəyin rəhbərlik etdiyi cəmiyyətin 12-ci üzvü olmuş və ona cəmiyyətin Monastr şöbəsini qurmaq tapşırılmışdır. 5 mart 1909-cu ildə Berlin hərbi attaşesi təyin edilən Ənvər bəy, burada Alman mədəniyyəti ilə yaxından tanış olmuş və bu ona çox təsir etmişdir.

Ənvər bəy, italyanlara qarşı gerilla müharibəsi aparma fikrini İttihad və Tərəqqi Cəmiyyəti üzvlərinə qəbul etdirdi. Sonra kolağası Mustafa Kamal bəy və Paris hərbi attaşe polkovnik-leytenant Fəthi Okyar bəy kimi şəxslərlə bölgəyə getdi. Gizli tapşırıq alaraq 25 sentyabr 1911-ci ildə İstanbuldan gəmi ilə yola çıxaraq özünü əvvəlcə doktor, sonra da suriyalı tacir kimi təqdim etmiş, 22 oktyabr 1911-ci ildə Trablusqarba çatmışdır.  Benqazi və Dərnədəki qüvvələrin rəhbərliyini ələ alaraq, Xanədan kürəkəni olmanın hörməti ilə 20 min nəfəri səfərbər etməklə, hətta adına pul da basdırdı. İtaliya ilə uğurlu mübarizəyə görə polkovnik-leytenant rütbəsinə yüksəldildi. Hərbi nazir olduqda orduda bəzi islahatlar edən Ənvər paşa, mindən çox yaşlı zabiti ordudan xaric edərək gənc zabitləri mühim vəzifələrə gətirdi. Orduda fransız modeli yerinə alman modelini tədbiq etdi, bir çox alman zabiti türk ordusunda müşavir təyin etdi. Formalar dəyişdirildi, orduda oxuyub-yazma nisbətinin artırılmasına çalışıldı və bunun üçün ənvəriyyə yazısı deyilən əlifba tədbiq edildi. Hərb nazirliyi 14 oktyabr 1918-ci ilə qədər davam edən Ənvər paşa, Birinci Dünya müharibəsinə girdikdən sonra Hərb naziri olaraq hərbi hərəkatın idarəetməsini əlinə aldı. 15 yanvar 1915-ci ildə başlanan döyüşlərdə türk qüvvələri tamamilə darmadağın edildi. Ənvər paşa, ordu komandirliyini Hafiz Haqqı paşanın öhdəsinə verib İstanbula geri qayıtdı və müharibə müddətində heç bir cəbhədə komandanlıq etmədi. Ənvər paşa, 1915-ci il sentyabr ayında general-leytenant rütbəsi aldı.

Aralarında sadəcə 61 gün fərq olan Sarıqamış ilə Çanaqqala döyüşlərinin hər iksində də Hərbi nazir və  Baş Qərərgah Rəisi  Ənvər paşa idi. 1917-ci ildə Qut-ül Amarə mühasirəsi zamanı ingilis generalı Carlz Tunşendin əsir alınması və Qafqaz cəbhəsində ruslara qarşı əldə edilən uğurlardan sonra Ənvər paşa ordu generalı rütbəsinə yüksəldildi. 4 avqust 1922-ci ildə Qurban bayramı zamanı Tacikistandakı Belçivan yaxınlığında Aqop Melkovyanın rəhbərlik etdiyi bolşevik ordusuna qarşı olan döyüşdə həlak olmuş, Çeğen kəndində dəfn edilmişdir. Sonra cənazəsi İstanbula gətirilən Paşa, Şişlidəki Abide-i Hürriyət təpəsində, Tələt paşanın yanında İstanbul Böyükşəhər Bələdiyyəsi və Mədəniyyət Nazirliyi tərəfindən ortaq hazırlanan məzarda əbədi yatır.

Ənvər paşa bütün çətinliklərə baxmayaraq yenə fəaliyyətindən qalmır. 1918-ci ilin mart-avqust ayları arasında türklərdən ibarət olan “Qafqaz İslam Ordusu”nu yaradır. Ordu bolşevik-daşnak qoşunlarının işğalında olan Azərbaycan və Dağıstanı xilas edərək, müstəqilliklərini elan etmələrinə yardım edir. Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun ilk zəfəri də elə Azərbaycanda gerçəkləşir.Nuru paşa rus-erməni basqınına və hər bölgəsində kütləvi qırğınlara məruz qalan Azərbaycana girərək qətliamların qarşısını alır və 15 sentyabr 1918-ci ildə Bakını işğaldan azad edir. 1918-ci ildə qardaşı Nuru paşa ilə birgə Azərbaycanın müstəqilliyinə böyük töhfələr verən, “Azərbaycan türklərə (azərbaycanlılara) məxsus olmalıdır” deyən paşa, il yarımdan sonra, artıq bu dəfə də Azərbaycanın bolşevikləşdirilməsinə yardım etmiş olur. Rusiyanın bolşevik rəhbərliyi ilə əlaqə yaradaraq 1920-ci ildə Moskvaya gedən Ənvər paşa, burada Lenin və Sovet Xarici İşlər Naziri Çiçerinlə görüşür. Bolşeviklərin şərq xalqlarına, o cümlədən Qafqaz və Orta Asiya türklərinə xoşbəxtlik və firəvanlıq bəxş edəcəyinə inanan Ənvər paşa bir müddət onlarla əməkdaşlıq edir. Moskvada yaratdığı “İslamla inqilabın birliyi” cəmiyyətinin fəaliyyəti, eləcə də Bakıya gəlib “Şərq Xalqları Konfransı”nda iştirak etməsi isə özü də bilmədən birbaşa Rusiya rəhbərliyinin marağında idi.

1915-ci ildə ermənilərin Osmanlıya qarşı rus ordularına yardım etdiyi və cəbhə arxasında üsyanlar çıxardığını bilən Ənvər Paşa Tələt Paşa ilə birlikdə “Erməni köçü” qərarını qəbul edərək Şərqi Anadoludakı ermənilərin başqa vilayətlərə köçürülməsinə əmr vermişdi.

Rus komandanı Petroviç öz xatirələrində Sarıqamış haqqında belə deyib: “Allahu-Əkbər dağlarındakı türk taburunu əsir ala bilmədim. Bizdən əvvəl onlar Allahlarına təslim olmuşdular. ” Əvəzsiz xidmətləri və fədakarlıqları ilə Türk dünyasına xidmət edən Ənvər paşanın bizim üçün unudulmaz bir dəyərdir.   

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir