Tarix boyu suyun aşağı axdığını görmüşük, ancaq bu dəfə su aşağıdan yuxarı axır.Okeanın qırağındakı qayadan tökülən şəlalə dənizdən əsən güclü külək nəticəsində üzü yuxarı axmağa başlayıb.Qəribə forma alan şəlalənin suyu qaya yuxarı sovrulur.
Həyatın dibi də elədir, burada işıq mənzilə çatmadan əks olunub geri qayıdır.Burada arzular həyata keçmədən unudulur.Burada heç nə olmalı olduğu yerdə deyil.Bura həyatın dibidir.Yəni?
Kim oranı görməyibsə təsəvvür edə bilməz, orada yaşayanların yaşantılarını duya bilməz.Çünki bu bir fədakarlıqdır.İllər əvvəl yazmışdım o ailə haqqında.İndi aradan 7-8 il keçəndən sonra yenə yolum düşdü o məhəlləyə.Heç nə dəyişməyib, nə məhəllənin görünüşü, nə adamlar, nə evlər, nə üfunət, nə küçələrin suyu, nə hasar adına paslı dəmir-dümür calaqları, nə taxta-tuxta yığınları.
Burada insanlar lüks yaşamdakı kimi eyni ilə xoşbəxt olur, eyni hislərlə doğulur, eyni nəfəs vermə ilə ölürlər.Burda dəyişən sadəcə insanların yaşı və sayı, dəyişməyən isə yaşam tərzləri və ümidləridir.Hələ də “bizə ev verəcəklər”, “torpaqlarımız alınacaq kəndimizə köçəcəyik “ ümidverici arzularla yaşayırlar. Üç ailənin birgə yaşadığı evdə uşaqlar böyüyüb, əvvəl üçü bir taxtda yatırdısa indi hərəsinə biri lazım idi, ancaq bu evə üç taxt şaquli belə sığmaz.Burda həyat beləcə sıxılaraq keçir.Bir küçə o yanda yaşlı bir kişi yağışdan evinə dolan suyu vedrə ilə eşiyə daşıyıb tökür.Dolama labirint yolla iki küçə keçirik, burada tanışlıq verirlər: bax bu evdə üç uşaq bir anadır-möhtac vəziyyətdə, o bir evdə yataq xəstəsi ərlə kafedə qab yuyan qadın, bu evdə “qohumun evindən yemək alıb gətirirəm, neynəyim” deyən, o yanda 150 manat maaş alıram deyən….filan, o birində eyni….burda hamı ehtiyac içindədir.
Bizim mentalitetdə adətən insanlar dərdlərini, ehtiyaclarını gizlədərdilər, amma indi necəsə ilk görüşdən, ilk tanışlıqdan insanlar asanlıqla ehtiyaclarını dərdlərini danışırlar.Bu da başqa bir məsələ.
İki-üç cümlə söhbətlərini dinləmək yetir ki, ürəyin ağrıyıb davamını dinləməyəsən.Çünki əlindən bir şey gəlib dərdlərinə əlac ola bilmədikdən sonra dinləməyin nə faydası?
İndi pandemiyadır belədir, deyə həyatın dibində olanlar özlərinə ürək dirək verirlər, amma 7-8 il bundan əvvəl də burada eyni vəziyyət idi.Zaman sürətlə uçur, ömür gedir, amma Sabunçu eyni şəkildə həyatın dibinə pərçim olunub, oradan cücərib çıxa bilmir.Niyə bu insanların suyu tərs axır, bunun köklərini araşdırsaq haralara gedib çıxarıq, bilmirəm.Suallar cavab istər, ancaq cavablar qarın doyurmur.Sonra da qadın üstümə gəlir ki, mənim qazanım qaynamır, sən hansı mənəviyyatdan danışırsan.Mən uşaqlarımın əvvəl qarnını doyurmalıyam, sonra qəlbini.Etməyin deyirəm, qarın qəlbdən-“boğaz boydan aşağıdır”, qəlbini cilala ki, ruzin başından aşsın.Faydasızdır bu söz.Çünki “ac qılınca çapar”.
Amma buraya onları deyib gəlişin bir ümid olur, quş qanadının bir anlıq çırpışı kimi olur sevincləri, sənin onları sevdiyini görmələri, sevgini hiss etmələri.Burda yaşından tez qocalmış insanlar sənin sevgini hiss edincə bir yaş cavanlaşır, üzlərində elə gözəl bir ifadə yaranır ki, “təbəssüm sədəqədir” sözü əyaniləşir.Bizsə, sadəcə sevə bilirik.İnsanı.Həyatın dibində olsalar belə….
Ayişə Nəbi