Aprel döyüşlərinin adını dillər əzəbəri etdiyi Mühüd Orucov. Bəzən şəhidlərin müqəddəsliyi qarşısında söz demək mənasız olur, eləcə susub onların müqəddəs cazibəsinə qapılmaq istərsən.O da ola Mühüd kimi qəhrəman ola.2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub. K.Kərimov adına orta məktəbi qurtardıqdan sonra 1999-2002-ci illərdə təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirib. Daha sonra H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin qoşun kəşfiyyatı ixtisası üzrə təhsil alıb. 2006-2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib. 2007-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsinə təyin edilib. Həmin il öz arzusu ilə Xüsusi Təyinatlı Qüvvələrdə kurs keçib və qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinə yüksəlib.
Xidmətlərinə görə Kapitan Mühüd Orucov Azərbaycan Silahlı Qüvvələrin Ali Baş komandanı və Müdafiə Naziri tərəfindən dəfələrlə təltif olunub.Şəhid kapitan Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
Qazaxda anadan olan Mühüdün uşaqlıqdan qulaqları güllə səslərinə alışmışdı. O güllələrin aldığı günahsız canları gördükcə uşaq ürəyi ilə özünə söz verirdi ki, böyüyəndə ermənilərdən günahsız axan qanların qisasını alacaq. Bütün ömrü boyu bu hissi böyütdü içində. Mühüd Orucov düşmənlə hər üz-üzə gələndə bu hiss böyüyərək onun cəsarətinə çevrilirdi.O elə bu cəsarətlə aslan kimi yeriyirdi düşmənin üstünə.Düşmənin ikisi silahla dolu üç zirehli maşınını partladanda da ürəyində, gör, neçə günahsız insana atılacaq silahı məhv etdim, deyə bir məmnunluq yaranmışdı. Uşaqlıqdan özü-özünə verdiyi ”Ya şəhid olacam, ya general” sözünü daim özünə şüar etmişdi.
Mühüd aramsız olaraq özünü inkişaf etdirirdi, çünki o, peşəkar olaraq vətənə daha çox fayda verəcəyini düşünürdü. Buna görə də dəfələrlə, o cümlədən, Türkiyədə olmaqla hərbi yarışlarda iştirak etmiş, müxtəlif növ təlimlər keçmişdi.Məhz belə xidmətlərinə görə dövlət tərəfindən dəfələrlə mükafatlandırılmışdı.
İgid döyüşçü əməliyyatlar zamanı tez-tez Qarabağa gedir, erməni tapdağında olan doğma torpaqlarda gəzirdi.Ermənilərin ruhu belə duymayan belə əməliyyatların birində düşmən əsgərinin heç də həmişə ayıq olmadığını göstərmək üçün hərbi hissədən düşmən tərəfinə keçərək onlarla postu adlamış ta ki, Qazaxdakı kəndlərinə qədər gedib çıxmışdı. Kənddə evlərinə getmiş, ancaq içəri girmədən uzaqdan evlərinə, ata-anasına baxaraq yaxşı olduqlarını görüb oradan öz bölüyünə qayıtmışdı.
Anar və Vüqar adlı əkiz oğlu yadigar qalan Mühüd Orucov son dəfə cəbhəyə gedəndə həyat yoldaşı Qumru xanıma, “Uşaqlardan muğayat ol, narahat olma, qayıdacağam” demişdi.Amma yolu başqa bir yüksəyə düşdü.
Azərbaycan ordusunun cəbhə bölgəsindəki postlarına aramsız hücumlar edirdilər. Bu döyüşlərdə digər əsgər yoldaşları ilə birlikdə Mühüd Orucov fəallıq göstərir, ön postda düşmənlə igidliklə vuruşurdu. Strateji əhəmiyyəti olduğu üçün bu postu mənfur erməni mütləq ələ keçirməyə çalışırdı. Ona görə də əsas qüvvələrini bu yöndə toplamışdı. Buna baxmayaraq, Mühüd Orucovun taboru düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Nəyin bahasına olur olsun bu postu almaq istəyən erməni, öz əsgərlərinin öldüyünü görüb, bura hərbi texnika göndərməyə başladı.Hər iki tərəfdən tanklar postu nişan alaraq durmadan atəş açırdılar. Açılan atəşlərdən istehkamlar zədələnir, canlı qüvvə yaralanırdı.Ağır artieliyadan atılan növbəti mərmilərin qəlpələri bu dəfə də kapitan Mühüdün bədəninə doldu. Bu qəlpələr ermənilərin canına qorxu salan, onların yuxusunu qaçıran igid Mühüdün arzularını yarımçıq qoydu, qazanacağı tam qələbəni görə bilmədi. Şəhidlik zirvəsi onun son yurdu oldu.
Dostları ilə birgə son damla qanına qədər vuruşan Mühüdün igidliyi sayəsində həmin postu ermənilər ala bilmədi.O döyüşdə Qazax rayonundan daha iki silahdaşı, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da mübarək şəhidlik zirvəsi yurdunun sakini oldu.Döyüş uğurla başa çatdı, Yüksəkliyə Bayrağımızı sancdılar.
Mühüd Orucov aprelin 9-da doğma yurdu Qazax rayonunun Fərəhli kəndində son şəhidlik yurduna yola salındı.
Bir gün gələcək savaş tamamən başa çatacaq, çəkilən ağrılar, əzablar unudulacaq, amma şəhidlər qanları ilə can verdikləri torpaqda unudulmayacaqlar.
İklim.az