24 Kasım 2024

  Səni Sənin adınla vəsf edirəm 

Uca Allahın insana ehtiyacı vardımı, Adəmi niyə yaratdı, sual budur.

Allah sevilmək, bilinmək istədi deyə yaratdı-ilk cavab da budur.Yaxşı,onda belə çıxır ki, Allah da insan kimi hissi ehtiyaclara sahibdir, o da bu duyğunun ödənməsində kənar vasitələrin köməyinə ehtiyac duyur.Yalın gözlə, yalın bilgi ilə bəlkə də bu belə yozular.Çünki biz Allahın zatı və sübutu  sifətlərini sayanda insandakı özəlliklərin eynisini sayır və bunlar insanda zərrə miqdarı, Allahda isə küllidir, deyirik.

Allah  bilinmək, aşkar olmaq istədi.İstəmək insana xas bir özəllikdir,  Allah insan kimi bir istəyə  ehtiyac duyar deyilirsə, bu yenə də Allahı şəxsləndirmək olur.Allahdan danışarkən onun haqqında insan, canlı varlıq kimi danışmaqdan başqa bir üsul tapa bilmirik, çünki biz buna kodlandırılmışıq.Demək, belə çıxır ki, biz yenə də aşkar olmaq, bilinmək deyəndə də  insani xüsusiyyətlərdən danışırıq.Onda bunu necə izah edək, Adəmin yaradılmasına niyə ehtiyac  vardı.Allah kainatda təklikdən darıxırdı? Bəlkə ona bir məşğuliyyət lazım idi, ya da bəlkə bir bütünün parçalanaraq tək tək varlığına davam etməsi, yəni bütündə görünməyən, bütündə üzə çıxa bilməyən özəlliklərin  zərrələrdə  daha  aşkar olması üçündür?     

                 Bütündəki heybət zərrədə azalır, Bütündə heybət kimi görünən zərrədə mərhəmətə çevrilir, mərhəmət kimi (olduğu) görünür.Daş və qaya kimi.Qaya ilə üzbəüz duranda insanı qorxu, vahimə bürüyür, qayadan uzaqlaşdıqca onun zirvəsinə baxdıqca insanda vüqar hissi yaranır, bir az da uzaqlaşınca qaya  kiçik görünəndə isə onu sevirsən, gözünü oxşayır.O qayadan qopan daş isə səndə heç bir qorxu hürkü yaratmır, onu əlinə alırsan, oynadırsan, atırsan, qırıb  tökürsən, ancaq bu əməlləri edərkən bayaq o qayanın yanında duranda keçirdiyin hislərin heç birini keçirmirsən, çünki eyni parçadan olsa da, daşdan   eyni təəssürat yaranmır və eyni şəkildə davranmırsan.Çünki qaya bir Bütündür, daş isə zərrə.Bir daşı alıb o üz, bu üzünə baxanda onun qayadan qopduğunu, qayanın bir zərrəsi olduğunu, onunla eyni özəlliklərə malik olduğunu, onun kimi ağır, baş yaran olduğunu düşünmürsən.Sadəcə, daşı fikirləşirsən, daşı görürsən, qayanı heç yadına da salmırsan.Eləcə də  Adəm yaranandan bəri biz onun Allahın bir zərrəsi olduğunu düşünmürük.Əslində, isə Adəm bizi Allaha aparan, onu göstərən, onu tanıdan bir varlıqdır.

            Allah öz nurunda  gizlidir, içindəki nəfəs onu aşkara çıxardır.Günəşə baxa bilirikmi, yox, çünki gözümüz onun  şüası qarşısında aciz qalıb yumulur.Allah da öz şöləsində, öz nurunda gizlidir, onu onun Bütünündə görmək, duymaq, dərk etmək iqtidarında deyilik.Odur ki, Allah özünü bizə zərrə-zərrə, insan insan, adəm-adəm göstərir, hər adam öz içindəki nəfəsi ilə allahı tanıq verir.

Adəm Allahın yer üzünə, varlığa göndərdiyi ilk məktubudur.Niyə? Çünki Adəmi materiyadan yaratdıqdan sonra öz nəfəsindən, öz mahiyyətindən, özündən, cövhərindən ona verdi və ona bilinməzlik sirri yüklədi.İlahilik, mahiyyət, sonsuzluq, nəfəs, qabiliyyət, bir çox varlıq işartıları bəxş etdi.Mələklər də “hərəkətlərdir”.”Hər mələk bir hərəkəti həyata keçirirsə, insan mələklərdən ibarətdir.” Nəfəs isə bu mələkləri bir arada tutan, onlara “əmr verən” başçıdır.

Adəm Allahın  qoruyucusudur.Adəm içində əmanət olaraq nəfəsi daşıyır, Allahı daşıyır, nəfəs Allahın öz gizlinidir, sirridir, onu adəmə yükləyərkən bu sirrin, gizlinin  daha bir “qabı”, daha bir qoruyucusu olsun istədi.Allah öz içindəki nəfəsi Adəmlə şəkilləndirdi, adəmlə  zamana bağladı və Adəmlə məkan içində diri olmasını təmin etdi.Adəmlə, Allahın  mahiyyətinin, cöhvərinin hərəkət halı sabitləndi.Nəfəs Adəmdə və ilk Adəm vasitəsi ilə adəmlərdə  şəkil dəyişməsi ilə adlar aldı və “Allah insana əşyanın adını öyrətdi” deməklə  Adəmin içindəki nəfəsə hər  adəmdə bir don  verərək adlar  qoydu və bu adlarla onların varlıqları zaman və məkan  qısnağında şəkil və məna qazandı.

Bir qızıl külçəsi  götürün.İlk baxışda bunun  parlaq və bir çox özəlliyə malik  qiymətli qızıl olduğunu dərk edirmi insan, ilk baxışda onun dəyərliliyi anlaşılırmı? Əlbəttə, yox.Külçə, ilk baxışda  palçıqlı, bulaşıq, bəlkə də qiymətsiz bir şey kimi görünür.Ancaq külçəni aralayıb qızılı işlədikdə, bəzək və qiymətli əşyalar düzəltdikdə  onun mahiyyəti də, dəyəri də daha aydın görünür, gözümüzü oxşayan, qəlbimizi riqqətə gətirən parlaqlıq meydana çıxır.Qızıl əşyaları sevərək üzərimizdə gəzdiririk, qiymətli deyə sandığa qoyuruq, onu  qeyri şüuru da olsa  sevirik.Gözəlliyi və dəyərliliyi onu gözümüzdə ucaldır.Ən nəhayət  də ona bir sənət əsəri kimi baxırıq. Külçə ilə qızıl əşya eyni materialdan olmasına baxmayaraq aralarında  çox böyük fərq olduğu görünür. Yəni Adəm də Allahın varlığını eyni şəkildə üzə çıxardır, onun mahiyyətini bizə göstərir və digər yandan  da öz içində onu sirr olaraq-nəfəs şəklində  saxlayır.

Bütün bunlardan çox sadə şəkildə anlaşlır ki, Allah, doğrudan da  bilinmək, aşkara çıxmaq istədi və Adəmlə bunu həyata keçirdi.

Allah insandan əvvəl başqa  varlıqlar, başqa  canlı yaratmışdımı, yoxsa yaratdığı ilk  varlıq insandırmı, ilk yaradılma insan üzərindəmi  baş vermişdir? Əgər insandan əvvəl digər varlıqlar yaradılmışdırsa, onda insan  bütün varlıqların sonuncusu, mükəmməli, yəni zəncirin son halqasıdır.Son halqa ilə  dövrə qapanmış olur.Dövrənin qapanması ilə hərəkət hadisəsi-yaradılma  prosesi başa çatır və qapalı dövrə içində mahiyyət qorunur.Yenə də hərəkət  gəlib tamamlanır və bu prosesdəki son halqada-Adəmdə yaradılışa  möhür vurulur.Bu möhür Adəmdəki nəfəsdir.Allahın sirridir.Necə ki, eyni ilə “Allah imanı dağa-daşa deyil insana yüklədi” deyilir. Yaranma prosesi silsilə şəklində davam edir.O, sizi tək bir nəfərdən yaratdı və durulup-sakitləşməsi üçün ondan tayını var etti. Onu (tayını) örtüp-bürüyüncə, o da bir yük yükləndi də bununla (bir müddət) gəzdi. O  ağırlaşınca, ikisi Rəbləri olan Allaha dua etdilər: “Əgər bizə saleh (bir uşaq) versən, and olsun ki, şükr edənlərdən olacağıq.” (QK-7/189)

Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir