21 Kasım 2024

Məktəblərin açılması yaxınlaşdıqca taclı virusun yayılması və ondan qorunma məsələlərindən çox, ata-anaları uşağımızı hansı məktəbə qoyaq məsələsi narahat edir.Hansı məktəb? Dövlətmi, özəlmi? Pullumu, pulsuzmu? Liseymi, adi məktəbmi? Təbii ki, məktəb seçimi önəmlidir.Ancaq indi nədənsə hansı məktəb sualından daha çox hansı dildə məktəb sualı müzakirə olunur.Bakıda artıq Azərbaycan türkcəsi ilə yanaşı digər dillərdə dərs keçilən məktəblər çoxalıb.Əlbəttə, çox dil- çox insan prinsipindən yanaşanda bu yaxşı haldır.Əmma isə bunun daha dərinliyindədir.Bu dillər çoxluğunda bizim ana dilimiz, ata dilimiz, vətən dilimiz, milli dilimiz kölgəyə düşür, öz dilimiz keçən əsərlərdə olduğu kimi yenə də geriçilik, kəndçi dili münasibətinə məruz qalır.Dilimiz rəsmi dövlət dili olmasına baxmayaraq, xalqın bəlli bir təbəqəsi bu dili özünə rəva görmür və uşaqlarını dili açılmamış yad millətdən olan dayələrin öhdəsinə verir ki, dilini inkişaf etdirsin.Etdirir də.Sonra da uşaqlarını bir-birinin bəhsinə başqa dillərdə olan məktəblərə yazdırırlar.

Mən inkişafın əksinə deyiləm, ancaq uşağın dili yad dillə açılırsa, onun öz dilinə alışması, öz dilini sevməsi çətinləşir.Üstəlik də, bizdə tarix boyu başqalarını özümüzdən üstün bilmək, yad dili öz dilimizdən əziz tutmaq xəstəliyi var.Tarixi xatırlamaq istəmirəm, amma bu gün yenə həmin o xatırlamaq istəmədiyimiz tarixin təkrarı olacaq, yenə də “malades sabak” olayları çoxalacaq.

Qonşu Gürcüstan öz ərazisindəki Azərbaycan türkü dilində olan məktəblərdə artıq neçə ildir gürcü dilinə keçib, Ukrayna kütləvi olaraq bütün məktəblərdə öz dillərində dərs keçilməsinə qərar verib. Eləcə də özünə hörmət edən millətlər öz dillərini bütün digər dillərdən əziz tutaraq qoruyur.Dili qorumağın birinci üsulu isə onu yaxşı öyrənmək, o dildə danışmaq və yazıb-oxumaqdır.

Təcrübə göstərir ki, körpəlikdə öyrədilən dil uşağın, necə deyərlər qanına-canına hopur və onu ana dili kimi qavrayır.Ana dili isə məişət dili səviyyəsində beynində sıxışaraq bir küncə yerləşir və uşaq ana dili ilə doğmalaşa bilmir. Dillə doğmalaşma olmadığı üçün bu gün xarici dildə danışana üstün baxır, onlara daha hörmət edirlər.Amma unutmayaq ki, biz özümüzə hörmət edəndə hörmətli oluruq, daş yerində ağırdır, dilimiz bizi, biz də dilimizi şərəfləndirməyə borcluyuq. Hansısa Avropa dilinin kölgəsində öz dilimizi pisikdirməyimiz heç də qürurlanacaq iş deyil.

Bu gün rus dilinə kütləvi maraq həm də bu dildə təhsilin pulsuz olmasıdır.Əgər ingilis, fransız dillərində də dövlət məktəblərində bölümlər olsaydı, oraya da kütləvi axın olardı, yaxşı ki, hələ yoxdur. Dilə bu günkü münasibət sırası belədir: ingilis, fransız, rus, türk, azərbaycan türkcəsi.İmkanı olan, gücü çatan yad dilə meyl edir, kütlə isə rus dilinə.Rus dilini dünyaya çıxış, karyera şansı kimi görürlər, bəlkə də nisbətən haqlıdırlar, ancaq öz dilini bilən digər dilləri də gərəkdiyində öyrənə bilir.Dil həm də mənliyimizin ifadəçisi olduğundan uşaqlarımızın hansı dili mənimsəməsinə bir daha baxmalıyıq.

A.Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir