ÇAYDA BOĞULARAQ ÖLDÜRÜLƏN YAZAR
Müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrəngi 24 iyun 1939-cu ildə Təbrizdə anadan oldu. Ən çox “Balaca qara balıq” kitabı ilə tanınan yazar əsərlərində sosial problemləri, haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. Kənd məktəblərində dərs deyərək kitablarla yanaşı çoxlu pedaqoji məqalələr və inşalar yazmış, kəndləri gəzərək folklor nümunələri toplamışdır. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında boğulub. Təqiblərə məruz qalan yazarın şah rejimi tərəfindən öldürüldüyü deyilir.
ÇUĞUNDUR SATAN OĞLAN
hekayə
Neçə il bundan əvvəl bir kənddə müəllimlik
edirdim. Məktəb bir qapısı, bir pəncərəsi olan kiçik
otaqdan ibarət idi və özü də kənddən təqribən yüz
metr aralıda yerləşirdm. Otuz iki şagirdim var idi. On beşi birinci,
səkkizi ikinci, altısı üçünçü, üçü isə dördüncü sinifdə oxuyurdu.
Məni ora payızın axırlarında göndərmişdilər. Uşaqlar iki-üç ay
müəllimsiz qaldıqlarından məni görən kimi sevindilər. Dərslər
dörd-beş gün ləng keçdi. Nəhayət, uşaqları çöldən, fərş
emalatxanalarından, ordan-burdan birtəhər ki, yığa bildim.
Uşaqların çoxusu dərs olmadığından xalçaçı Hacıqulunun karxanasında işləməyə getmişdilər. Zirəkləri gündə on-on beş qran
əmək haqqı alırdı. Hacıqulu buraya şəhərdən gəlmişdi. Çünki
kənddə karxana açmaq ona daha sərfəli idi: şəhər fəhlələri daha
çox əməkhaqqı tələb edir və gündə qırx qrandan az almırdılar.
Amma kənddə yüksək əməkhaqqı iyirmi qrandan otuz qrana
qədərdi.
Kəndə gəlişimdən on gün ötməmişdi ki, bərk qar yağdı, yer
buz bağladı. Soyuğun qabağını almaq üçün qapı-pəncərənin
dəlmə-deşiyinə kağız yapışdırdıq. Bir gün üçuncü və dördüncü
siniflərin şagirdlərinə imla yazdırırdım. Birinci və ikinci sinif
uşaqları isə bayırda idilər. Qapının arxasından nazik bir səs
eşidildi:
– Ləbu gətirmişəm, ləbu gətirmişəm, uşaqlar! İsti, şirin ləbu!
Sinif nümayəndəsindən soruşdum:
– Bu kimdir?
O dedi: – Özgə adam deyil, ağa… Tarverdidir. Qışda ləbu
satır. İstəyirsən, deyim içəri gəlsin.
Qapını açdım. Tarverdi çuğundur qazanı ilə içəri girdi. Başgözünü köhnə yun şalla sarımışdı. Ayağının birinə köhnə qaloş
tayı, o birisinə isə adi kişi ayaqqabısı geymişdi. Köhnə, uzun
pencəyi dizlərinə çatırdı, əllərini pencəyinin qolunda gizlətmişdi.
Burnunun və barmaqlarının ucu şaxtadan qızarmışdı. On-on iki
yaşı olardı.
O, salam verdi. Çuğundur qazanını yerə qoyub:
– Ağa, – dedi,– icazə verin, əllərimi qızdırım.
Uşaqlar o saat Tarverdini peçin qırağına çəkdilər. Oturmaq
üçün öz səndəlimi ona təklif etdim. Oturmadı və dərhal dedi:
– Yox, ağa, elə buradaca oturaram.
O biri uşaqlar da Tarverdinin səsini eşidib otağa doluşmuşdular. Bir qədər qızışdıqdan sonra Tarrverdi dilləndi:
– Ağa, çuğundur yeməyə meyliniz varmı?
Cavab gözləmədən qalxıb çuğundur qazanına tərəf getdi.
Neçə rəng parçadan yamanmış nəm dəsmalı qaldırdı. Bu zaman
qazandan buxar qalxdı. Çuğundurun üstündə dəstəli bıçaq var
idi. O, seçib götürdüyü çuğundurlardan birini mənə uzadıb dedi:
– Yaxşı olar ki, özünüz soyasınız, bəlkə, mənim əllərimdən…
Biz kəndliyik, şəhər görməmişik. Adət-ənənələrini də bilmirik.
O, dünyagörmüş qocalar kimi danışdı. Çuğunduru ovcuma
qoydu. Üzünü soydum, tünd qırmızı və xoş rəngli çuğundur
oldu. Bir dişləm vurdum. Çox şirin idi. Bu an sinfin lap axırında
oturan Novruz dilləndi:
– Heç kəsin çuğunduru Tarverdininki kimi şirin deyil.
Sinif nümayəndəsi də onun səsinə səs verdi:
– Ağa, bu çuğundurları bacısı bişirir, Tarverdi də satır. Anası
uzun müddətdir xəstədir.
Tarverdinin üzünə baxdım. Üz-gözündən şirin təbəssüm və
mərdlik yağırdı. Boyun şalını açmışdı. Başının tükləri qulaqlarını
örtmüşdü. O, üzümə baxdı:
– Hərənin bir işi var, ağa, – dedi, – bizim işimiz də budur.
– Tarverdi, anana nə olub? – soruşdum.
– Ayaqları tutulub. Nə olduğunu, doğrusu, mən özüm də
yaxşı bilmirəm. Kəndxuda deyir ki, iflic olub.
Atasını soruşmaq istəyəndə sözümü ağzımda qoydu:
– Ölüb!..
Uşaqlardan biri araya çökmüş sükutu pozdu:
– Ona qaçaq Əsgər deyərdilər.
– Yaxşı at sürürdü. Bir gün dağların başında əmniyyələrin1
atdığı güllədən həlak oldu, özü də atın belində, – deyə Tarverdi
səsləndi.
O yan-bu yandan bir xeyli söhbət etdik. Üç-dörd qranlıq da
çuğundur satıb getdi. Nə qədər elədimsə, məndən pul almadı:
– Bu dəfə mənim qonağımsan, – dedi. – Gələn dəfə pul
verərsən. Elə bilmə kəndliyik. Biz də bir şey anlayırıq….
Tarverdi qarın üstü ilə kəndə tərəf gedə-gedə ucadan
deyirdi:
– Ay ləbu, isti şirin ləbu! Gəlin ay camaat, gəlin, ləbu alın!
Uşaqlar mənə Tarverdidən çox şey danışdılar: “Solmaz adlı
bir bacısı var. Özündən iki-üç yaş böyükdür. Atası sağ ikən pis
dolanmırdılar. Sonra fəlakətə düşdülər. Əvvəl bacısı, sonra özü
xalçaçı Hacıqulunun karxanasına işləməyə getdilər. Bir
müddətdən sonra Hacıqulu ilə sözləri düşdü, karxanadan1 çıxdılar…”.
Rzaqulu da, Əbülfəz də Tarverdi barədə bildiklərini danışdılar:
– Ağa, bişərəf Hacıqulu bacısına pis nəzərlə baxırdı.
Tarverdi Hacıqulunu dəfə2 ilə vurub öldürmək istəyirdi.
Tarverdi hər gün bir-iki dəfə məktəbə baş vururdu. Çuğundurlarını satandan sonra hərdən gəlib sinifdə oturur, dərslərə qulaq asırdı… Bir gün ondan soruşdum:
– Tarverdi, eşitdiyimə görə Hacıqulu ilə dava eləmisən.
Bunun nə üstə olduğunu mənə deyə bilərsən?
Tarverdi:
– Keçmişin söhbətidir, ağa – dedi, – başınızı ağrıtmağa
dəyməz.
– Əhvalatı bütün təfsilatı ilə birər-birər danışsan, məmnuniyyətlə qulaq asaram, – dedim.
Tarverdi söhbətə başladı:
— Mən bacımla lap uşaqlıqdan Hacıqulunun yanında
işləyirdim. Bacım işə məndən qabaq düzəlmişdi. Mən onun əlinin
altında işləyirdim. O iki tümən alırdı, mən də ondan bir qədər az.
İki-üç il əvvəl anam yenə də xəstə idi, işləmirdi. Karxanada
bizdən başqa otuz-qırx uşaq işləyirdi. Elə indi də işləyirlər.
Sübhdən bacımla işə gedib, günorta qayıdırdıq. Günortadan
sonra gedib axşam evə dönürdük. Bacım karxanada başına çadörtsə də, üzünü gizlətmirdi. Çünki ustalarımız atamız yerind
idilər. Burada özgə sayılan uşaqlardı, bir də ərbabımız Hacıqulu.
Sənə nə deyim, ay ağa, axır zamanlar bişərəf Hacıqulu gəlib bizim
başımızın üstündə dayanır, gözlərini bacımın üzündən çəkmirdi.
Hərdənbir də əlini bacımın, mənim başıma çəkir, öz-özünə güləgülə uzaqlaşırdı. Ürəyimə heç nə gətirmirdim. Fikirləşirdim ki,
ərbabımızdır, bizə məhəbbət göstərir. Bir müddət ötdü. Bir dəfə,
pəncşənbə1 günü həftəlik muzdumuzu alanda bacıma bir tümən
əlavə pul verdi: “Ananız xəstədir, bu bir tüməni ona xərcləyərsiniz”, – dedi və bacımın üzünə qımışdı. Onun bu hərəkətindən xoşum gəlmədi. Heç nə olmamış kimi, bacım bir söz
demədi. Hər ikimiz evə – anamızın yanına döndük. Hacıqulunun
bacıma əlavə pul verdiyini bilən kimi anam fikrə getdi, – bundan
sonra sizə əlavə pul versə götürməzsiniz, – dedi.
Ertəsi gün ustalarımız və böyük uşaqlar arasında pıç-pıç
başladı. Onlar bir-birinin qulağına nəsə deyirdilər, ancaq çalışırdılar ki, biz eşitməyək, Ağa, nə başını ağrıdım, o biri pəncşənbə
günü hamıdan sonra muzd almağa getdik. Hacı özü tapşırmışdı
ki, onun yanına ara xəlvətləşəndən sonra gələk. Nə isə, əmək
haqqımızı almağa gəldik. Hacı yenə əlavə pul təklif etdi:
– Sabah sizə gələcəyəm, – dedi, – ananıza sözüm var. – Bacımın üzünə baxıb şit-şit qımışdı. Qızın rəngi qaçdı, başını aşağı
dikdi.
– Ağa, sən allah, məni bağışlayın. Bir də, özünüz buyurdunuz ki, nə olub hamısını birər-birər danışım. Bəli, Hacının pulunu özünə tərəf itələdim:
– Hacı ağa, – dedim, – bizə əlavə pul lazım deyil. Anamın
acığı gəlir.
Hacı yenə özünü o yerə qoymayıb qımışdı və dedi:
– Canım, axmaq olma, səninlə, ananla deyil ki, xoşunuza
gələ, ya gəlməyə.
Hacı pulu götürüb bacımın ovcuna basmaq istədi. Bacım
dala çəkilib bayıra qaçdı. Hirslənmişdim, az qala ağlayacaqdım.
Gözüm mizin üstündəki dəfəyə sataşdı. Götürüb Hacıya tərəf
tolazladım. Dəfə üzünü parçaladı, qan axmağa başladı. Hacı
haray çəkib köməkçi çağırdı. Mən bayıra qaçdım. Evimizə
gəldim. Sonra nə olduğunu bilmədim. Bacım anamın böyrünə
qısılıb xısın-xısın ağlayırdı.
Axşam kəndxuda bizə gəldi. Hacıqulu mənim əlimdən
şikayətlənib sifariş göndərmişdi ki, mən onlarla qohum olmaq
istəməsəydim, Tarverdini əmniyyələrin əlinə verərdim, dədəsini
yandırardılar. Sonra kəndxuda üzünü anama tutub dedi:
– Hacı məni elçiliyə göndərib, ya “hə” de, ya “yox”!
Hacının şəhərdə bir bölük arvad-uşağı var. Bundan əlavə
hələ bir neçə siğə də saxlayır. Məni bağışla, ağa, lap kaftar itə
oxşayır. Ağarmış saqqalından, tökülmüş dişlərindən utanmır,
kaftarın biri, kaftar!
– Yüz dənə qızım olsa, birini də bu qoca kaftara vermərəm,
öz dərdimiz özümüzə bəsdir. Ay kəndxuda, sən yaxşı bilirsən ki,
belə adamlar biz kəndlilərlə doğrudan-doğruya heç vaxt qohum
ola bilməzlər, —deyə anam dilləndi.
Kəndxuda:
– Bəli, – dedi, – sən düz buyurursan, Hacıqulu qızı siğə eləmək fikrindədir. Amma qəbul etməsən, uşaqları karxanadan
çıxaracaq. Sonra da əmniyyələrin dərd-səri başlayacaq. Bunu
yadından çıxarma.
Bacım anamın böyrünə qısılıb hıçqıra-hıçqıra:
– Daha karxanaya getməyəcəyəm, – deyirdi, – ondan qorxuram…. Məni öldürər…
Səhəri günündən bacım karxanaya getmədi. Mən tək getdim. Üzünü dəsmalla bağlamış Hacıqulu qapının ağzında
dayanıb təsbeh çevirirdi. Qorxudan yaxınına getmədim. O isə
məni görən kimi dedi:
– Oğlan, gəl keç içəri, səninlə işim yoxdur.
Mən qorxa-qorxa ona yaxınlaşdım və qapıdan keçmək
istədikdə boynumun ardından tutub karxananın həyətinə itələdi.
Sonra da yumruqla, təpiklə başladı məni əzişdirməyə. O qədər
vurdu ki, lavaş kimi açıldım. Nəhayət, əlindən qurtarıb dünənki
dəfəni götürdüm. Kənara çəkilib çığırdım:
– Bişərəf! Mənə də qaçaq Əsgərin oğlu deyərlər! – Tarverdi
nəfəsini dərib sözünə davam etdi: – Onu da deyim ki, elə oradaca
öldürmək istəyirdim. Ancaq fəhlələr tökülüb məni tutdular,
evimizə apardılar. Hirsimdən ağlayır, özümü yerə çırpır, Hacını
söyürdüm. Sifətimdən qan sızırdı. Nəhayət, sakitləşdim. Bir
keçimiz var idi. Bacımla birgə qazandığımız iyirmi tümənə
almışdıq. Onu da satdıq. Topladığımız qəpik-quruşla bir-iki ay
dolandıq. Nəhayət, bacım çöpəkyapan bir arvadın yanında işə
düzəldi. Özüm isə… Rastıma-qismətimə düşən hər hansı işin
qulpundan yapışdım. Birtəhər ki, necə deyərlər, çulumuzu sudan
çıxardırıq…
– Tarverdi, bacın nə üçün ərə getmir? – soruşdum.
O, utana-utana üzümə baxıb astadan qımıldandı:
– Çörəkyapan arvadın oğluna nişanlanıb. İndi birlikdə çalışıb cehiz hazırlayırıq ki, toylarını eləsinlər.
Bu ilin yayında keçmişdə müəllim olduğum həmin kəndə
gəzməyə getmişdim. Çöldə, qırx-əlli qoyun-keçi qabağında
Tarverdiyə rast gəldim. Soruşdum:
– De görüm, bacının cehizini düzəldə bildinizmi?
– Bəli! – dedi, – hələ toyunu da elədik. İndi öz toyum üçün
pul yığmağa başlamışam…
Çox maraqlı bir hekayə idi,birnəfəsə oxudum.Belə əsərləri bizlərə xatırlatdığınız üçün təşəkkürlər.
Oxuduğunuz üçün biz təşəkkür edirik.