24 Kasım 2024

AYİŞƏ NƏBİ

(hekayət)

     Qovrula-qovrula oyandı yuxudan.İçini ovan bir sızıltı vardı canında.Dan yerinin ağarması ilə bu sızıltı bir az çəkilsə də yeri hələ göynəyirdi.Yuxunun içində canını məngənəyə salıb sıxan o hissi anlamağa çalışırdı.Nə görmüşdü yuxuda, anşıra bilmirdi.Eləcə bir burulğanın içində sürüklənir, canı sıxılıb açılır, nəfəsi boğazına tıxanır, az qalırdı boğulsun.Ağlını silkələyən bu sarsıntının içində elə bil ürəyinin bir küncündə biri ona təskinlik verirdi ki, qorxma, sənə heç nə olmayacaq.Ancaq varlığını saran bu qorxu onun can ağrısından daha ötə bir hiss idi.Öz canı ağrısa, özünə bir şey olsa, bəlkə heç bu qədər yandırmazdı onu.Amma bilirdi, hiss edirdi ki, bu ağrı onun özündən gəlmir, ən əziz, ən doğma, canının hansısa bir parçasından gəlirdi.

     Gəlib uşaqlarına baxdı,hələ oyanmamışdılar.Başlarının üstündə durub bu yuxunun bunlardan hansı ilə əlaqəli olduğunu anlamağa çalışdı, ancaq heç birinə qondurammadı bunu, yox, allah uzaq eləsin, yuxudur da, Allah xeyrə calasın, deyib çıxdı.Ağlından yuxunu suya danışarlar, deyə keçirdi.Gedib axar suya danışdı, ancaq yüngülləşmədi.Öz-özünə yuxunu yozum aparar, hara yozarsan elə də olar dedi, mən də yaxşı tərəfə yozum yaxşı olsun, niyə qara-qara düşünərək pis yozuram ki, dedi.Mən yozsam da yozmasam da olan olacaq, mənim fikrim, düşüncəm nəyi dəyişər axı.

   Sabah yeməyi hazırladı, uşaqları oyandırıb hazırlaşdırdı, məktəbə yola salacaqdı.Ancaq heç cür aralana bilmirdi, elə bilirdi ki, onlardan aralansa o yuxu çökəcək üzərlərinə, birinə bir şey olacaq.O buna dözə bilməzdi.İkisini də yan yana çəkib əllərinin hərəsini onların bir çiyninə qoyaraq uzun uzun baxdı üzlərinə, sonra yuxardan aşağıya, aşağıdan yuxarıya təkrar təkrar süzdü, anlamağa çalışırdı, hansınınsa üzündə bir əlamət olmalı idi, mütləq olmalı idi.Bir xətt, bir cizgi, bir ifadə ona işarə verməli idi.Hansı, axı hansıdır bu yuxunun hədəfi.Heç nə başa düşmək olmurdu. Üzləri, üzlərinin ifadələri, hərəkətləri, danışıqları hamısı eyni idi, əvvəlki kimi idi, heç nə dəyişməmişdi.Qollarından tutub ciddi-ciddi tapşırdı:

       -Bax, ehtiyatlı olun, maşın olar, adam olar, özünüzü qoruyun, dərslərinizə fikir verin,-deyə hər günkü tapşırıqlarını da verdi.Dallarınca baxdı, yox, elə yuxudur da, niyə özümü qara fikirlərin cənginə salıram.Sabah yuxusu yalan olar deyiblər, mən də bu yuxunu sabaha qarşı görmüşdüm, heç nə olmaz, bu da keçər.

    Gündəlik işlərlə başını qatdı.Hər gün elədiyi işləri artıq heç düşünmədən əzbərə görürdü, nədən sonra nəyi edəcək, nəyi hara qoyacaq, kimin paltarı hara yığılmalı, kimin kitabları necə qoyulmalı hamısı əzbər idi.Bunları edə-edə dilində bir mahnının ritmi ilişib qalmışdı.Bunu ürəyində təkrarlaya-təkrarlaya dururdu.Bu ritm təkrarlandılqca elə bil sakitləşir, fikri bu ritmə qoşulub başqa tərəflərə gedir, yuxudan yayınırdı.

   Yuxudan yayınır dedimsə, üzdə unudur, amma yaddaşının bir küncündə irinli yara kimi hərdən sızıldayır, həmən də unudum deyə özünü ovudurdu.

   Beləcə gün axşam oldu, hər günkü kimi bu gün də ev əhalisi evə yığışdı, hamı sağ salamat idi. Bu gün heç bir olağan üstü iş olmamışdı, hamı gününü hər zamankı axarı ilə bitirmişdi.

       Ana, narahatlığa səbəb yox, deyə düşündü, elə vay qayğı olmuşam, hər şeydən qorxuya düşürəm, bir yuxunu böyüdüb bütün gün onun təsiri altında olmuşam.İradə deyirlər, bu iradə işi deyil, mən iradəmi toplayıb özümü güclü göstərirəm, içimdə bunun üçün o qədər enerji xərcləyirəm ki. Allaha təvəkkül deyirlər, mənim təvəkkülüm tamdır, yəni “aman, niyə belə oldu”,” görən necə olacaq” deyə qorxu keçirsəm də hər şeyin xeyirlisi deyib, “neylərsə gözəl eylər” deyə ümidlənirəm.

       Ana günün bitimiylə ümidlənən kimi oldu, amma içindəki içindəydi, içindəki yara qövr etməkdəydi. Adamın ətinə bəzən tikan batır, çıxarmaq istəyirsən, çıxmır, iynə ilə qurdalayırsan, barmağını eşirsən, tikanı iynənin ucuna taxdım, indicə çıxaracam deyirsən, amma çıxmır, hər dəfə bir az daha dərinə gedir, bir az daha ağrıdır.Baxırsan üzdə heç nə görünmür, tikan dərinə işləyib, üstü örtülüb, amma içəridə öz işini görür, ovur ətini, elə bir haldaydı ana.

   Qaranlıq çöküb axşamın işıqları yığışdı, hamı yatmağa hazırlaşdı.Artıq günün qadası sovuşdu deyə bir az rahatlamış kimi idi.Ancaq kül altındakı köz öz işindəydi.

  Ana hamını rahatlayıb özü də kiçik oğlunun yanında yatağa girdi.Bu uşaq ondan əl çəkmirdi, hər gecə anası ilə yatırdı.Ana da onun xətrinə dəymirdi.

        Bu gün də nəvazişlə başını oxşayıb qucağına alıb yatdı.Ana uşağı qucağına alarkən onu hər şeydən qoruduğunu zənn edərək arxayınlaşırdı. Bu ananın ən böyük silahı, daha doğrusu qalxanı idi, uşaqları qayğı ilə çevrələyir və onları qoruduğunu sanırdı.Yorğanı üstünə çəkib gözünü yumdu, uşaq çənəsinin altından anasının üzünə baxır, nəsə demək istəyir, amma susurdu.Ana təbii bir maraqla nə istəyirsən deyə soruşdu, uşaq bir şey istəmirdi, ancaq gözləri sözlü idi. Sözlü idi, amma heç nə demirdi, demək istəmirdi, sadəcə, uşaq özü də bilmirdi nə istədiyini, nə deməli olduğunu.Ananın narahatlığı uşağa da keçmişdi elə bil, ancaq fərq edə bilmirdi içindəkinin nə olduğunu.Yuxulu olduğuna baxmayaraq gözləri iri açılmış və sanki dolu idi.

      Anaya sığınıb yatdı. Ana bir müddət uşağın üzünə dəyən nəfəsinə fikir verib yenə anlaşmazlıq  içində Allah kərimdir deyib yatmağa çalışdı. Ancaq yuxu perik düşmüşdü gözlərindən. Səksəkə içində idi.Hər an uşağın nəfəsinin kəsiləcəyindən qorxurdu.Az qala nəfəsini sayacaq olurdu.Mən bir nəfəs aldım, o da bir nəfəs almalıdır.Mən bir nəfəs aldım, o ikisini aldı.Aman bu nədir yoxsa uşaq təngənəfəs olub.Bir az da diqqət elədi, yox qaydasındadır, mən çox dərin dərin nəfəs alıram, həm o axı körpədir, bəlkə də ona görə tez tez nəfəs alır.Özünü inandırdı.Yox, bu nəfəs sayma mənim başıma hava gətirəcək.Hamı eyni nəfəs almalı deyil ki.Durub uşağın nəfəsini sayıram.Belə də şey olar, lap ağlımı itirmişəm.Bu mistika filan deyil, bu artıq ağılsızlıqdır, bir yuxudan ötrü bu cür həyatımı zəhərə çevirirəm. Bir yuxu nədir ki.Amma axı mənim yuxularım çox zaman düz çıxır.Axı məni uzun illərdir yuxularım idarə edir.Mən bəzən gördüyüm yuxunun təsirindən o qədər taqətsiz oluram ki,bütün gün heç bir iş görə bilmirəm.Yuxu, sadəcə, bir illüziyadırmı? İnanmıram.Yuxu çox zaman bir xəbərçidir, bir idarəçidir, amma biz fikir vermirik, anlamırıq, məna verə bilmirik.Məna verib yozanda adam eee haralara gedib çıxar.

  Ana uşağın nəfəsinin ahənginə düşüb az qala gözləri yumulub yatacaqdı.Amma yatmırdı, yatmağa qorxurdu.Gözləri ağırlaşıb yumulmaq istəyəndə tez özünü toplayır, yuxunu qovurdu.

  Həyatda ən şirin şey yuxudur.Uşaq vaxtı bir birimizdən soruşurduq, həyatda ən şirin şey nədir, hərə bir şey deyirdi.Anadır, vətəndir, baldır, baladır, nə bilim, hərəyə görə bir şeydir.Kimsə yuxudu, dedi, ən şirin şey,güldük.Amma sonra düşününəndə gördüm insan yuxusuz yaşaya bilmir, hər şeyi itirmək olar, amma yuxu itərsə həyat davam edə bilməz.Yuxu adamı tutanda heç nəyə fikir vermisən, elə oturduğun yerdə mürgələyir, gözünün acısını alırsan, əksi mümkün deyil.Demək, ən şirin şey elə yuxudur.

    Ana da bu şirinlikdən qaça bilmədi Bir tərəfdən də uşağın mışıl-mışıl yatışı, nəfəsinin  narın ahənginə yenildi. Ananın gözləri yumuldu…

            Gecədən nə qədər  keçmişdi bilmədi, bir vaxt ayıldı ki,yenə dəhşətli bir yuxu görüb.Yuxuda onu sanki nəhəng bir əl iki ovcunun içinə alıb yellədə yellədə gah sıxır, gah açır.Hər sıxılanda nəfəsi tutulur, ağlı başından çıxır, canını tapşırır kimi olur, həmən anda o əl ovcunu açır, ananın nəfəsi genişlənir,özünə gəlir.Bu bir neçə dəfə təkrarlandı.Sonra o nəhəng ovucun içində ovuc boyda qara tor vardı, əl açıq ikən o tora salınır, torda sıxılır, sıxılır, sıxıldıqca balacalıb top boyda olanda tor yığılıb onun qucağındakı uşağın yerinə uşaq kimi qucağına girir, bu dəfə də qucağında ikən onu ağrıdırdı.Harasının ağrıdığını fərq etmirdi, ancaq ağrının şiddətindən  beyni donur, nə olduğunu unudur, özünün öldüyünü  zənn edir, sonra ölmədiyini hiss edirdi.Özünün ölmədiyini hiss etmək onu hardasa bir az dincəldirdisə də, eyni anda bəs kim öləcək fikri eyni, hətta daha da bərk bir ağrı yaşadırdı.

    Bu açıq aşkar bir ölüm ağrısı idi, həm də özünün deyil, yaxın bir insanın ölüm əzabının ağrısı idi. Ölümü yaşayan kimdirsə bu an can çəkişir və can çəkişmənin əzabı onun canına hopur.Bu hissi çox keçirmişdi, artıq bu ona tanışdır.O bu tanış hissin qarşısını heç cürə ala bilmirdi, nə qədər iradəsini səfərbər etsə də yayına bilmirdi. Harda bir adam ölsə o ağrıyırdı. Bəlkə uzaq, bəkə heç tanımadığı bir adamdı, ancaq sabah onun ölüm xəbərini eşidəcəkdi, ona heç dəxli olmayan adamların belə ölüm ağrısını o çəkirdi.Can üstündəki adam öldükdən sonra o rahatlanır, çəkdiyi əzab bir anda yox olur, bir ilğım kimi çəkilib gedirdi.Ondan sonra o ləzzətlə yuxuya dalır, bu əzab yorğunluğundan sonra yüngülləşirdi. Bilirdi ki, ölüm mələyi hardasa yaxınlarda gərdiş edir, yaxınlarda bir insanın əlini ayağını yığır, canını başına dolayıb bu dünyadan çəkir, nəfəsini ovcuna yığıb daha bəsdir, artıq zamanı gəldi yığış gedək deyir, adam isə inadına ölmək istəmir, bu zaman  ölüm əzabı daha dəhşətli olur, bu onu  daha da çox ağrıdırdı.

    Bəs indi bu saat ölən, ölüm ayağında olan kimdi, kimin əlini ayağını yığır ölüm mələyi, kimin nəfəsinin sayı tamamlandı.Bunu düşünərək ən yaxınlarını bir bir düşündü, ölümü bir bir hamısının üstünə qoydu, ölüm heç birini tutmadı, heç biri ölümə yapışmadı.Ölüm soyunulmuş paltar kimi töküldü hər birinin üstündən.

   Gecənin qaralığına göz gəzdirib bu dünyadan ölüb gedən əzizlərini düşündü, bəlkə onlar məndən narazıdırlar, bəlkə onları xatırlamıram, onlar məndən bunu-xatırlanmağı istəyirlər, ona görə də məni incidirlər.

        Yox, bunlarla özümü aldatmayım, bu mənim başımda çatlayacaq, sabah ola xeyirlərə açıla, görək nə olacaq.Sabah olan kimi gərək gözdə qulaqda olam, yenə qohum əqrabadan  biri getdi,görən kim getdi.Durub bu saatda da kimdənsə soruşmaq olmaz ki, adama dəli deyərlər,kimə deyəcəksən ki, bəs mən ölən adamı hiss eləyirəm, elə o saat dəli damğasını vurarlar adama. Bir təhər dözüb sabahı gözləməkdən başqa çarə yoxdur.İstədi qolunu uşağın başının altından çəkib çıxarsın, axşamdan bu vəziyyətdə yatmışdı deyə qolu qurumuşdu, uşaq da sanki ağırlaşıb, maşallah böyüyür daha, qoluma ağırlıq edir, yoxsa mənmi yaşlanıram, uşaq qolumu heç yormazdı, bu gün  sanki bir başqa  cür ağırdı, yəqin yatıb ona görə belə ağırlaşıb, yoxsa qov kimi şeydi, nə canı cələfi var ki.Qolunu çıxarmadı uşağın başının altından, alnına tökülən saçları barmaqları ilə yığdı, yana daraqladı, cıqqılı saçını hansı tərəfə darayırdı, hər dəfə yadımdan çıxır, hər dəfə onun saçını darayanda qız  tərəfə ayırma, mən qızammı deyə xətrinə dəyirdi.Amma mənim hər dəfə yadımdan çıxırdı ki, saçın qız tərəfi hansıdır.

  Əlini üzünə vurdu, buza dönüb ki, xəstələnəcək, ev də soyuqdur, deyib yorğanı uşağın üstünə bir az da çəkdi.

Bir az daha keçdi. İçindəki narahatlıq azalmırdı.Durmaq istədi, əvvəlcə bayaqdan başladığı duaları içində oxuyub  qurtardı, qoruyucu ayələri, bildiyi bütün duaların hamısını oxumuşdu, axırıncısını oxuyub durum dedi.Yavaşca qolunu uşağın başının altından çəkdi, qolu quruyub taxtaya dönmüşdü, soyuqdu, fərqliydi.Anası qolunu çıxaranda  uşaq həmişə çevrilib o biri yanı üstə dönər oyanar təzədən yatardı.Bu dəfə o oyanmadı, çevrilmədi, heç nəfəsini də dərmədi. Anaya bir şübhə gəldi, əlini alnına qoydu, bu nə yaman üşüyüb, yorğanın altında qucağımda bu niyə belə buza dönüb deyə özü özündən soruşdu.Ürək eləmədi nəfəsini dinşəsin,qıymadı, heç ağlına da gətirmirdi ki,…

Sinəsi qalxıb enmirdi.İlk gözünə dəyən bu oldu, yenə özünü qınadı,yorğan elə qalındı ki, uşaq neyləsin…

Əlinə, qoluna baxdı.Soyuqdu.Sinəsinə əlini qoydu.Soyuqdu.Boyununa boğazına toxundu.Soyuqdu.

Ayağına baxdı.Soyuqdu.Dizlərinə qoydu əlini.Soyuqdu.

Soyuqdu.Həm də adamın əlini üşüdən, üşürgələdən bir soyuq.Quru və soyuq.Dəhşətə gəldi.Bəlkə xəstələnib.Uşağa səsləndi, çağırdı, oğlum, dur.Oyanmadı.Oğlum, bir gözünü aç.

Cavab gəlmədi.Bu niyə dinmir?

Dinmir.Dinmir.

Səsi yoxdur…

Nəfəsi yoxdur…

Oğlu yoxdur …artıq.

Ana başına od yağdı, alov ələndi.

Demək bütün bu qara gecə mənim qoynuma ölüm dolub, mən ölümlə qucaq qucağa yatmışam, amma özümü aldadıb hardasa başqa yerdə, başqalarının canında aramışam ölümü.

         Ey fələk, sənin gərdişin tərs getməzmi heç, mən aranı turanı araşdırıb, görən kim ölüb deyə adam axtarmışam, ölüm kimi caynaqlayıb, deyə fələklərdə gedib gəlmişəm,amma öz qoynumda öz körpəmi ölüm mələyinin caynağından ala bilməmişəm, nə böyük bir qəflət yuxusuna dalmışam, bu nə yuxuydu məni aldatdı, mənim özüm…. öz əllərimlə balamı…ölüm mələyinə verdim.təkcə nəfəsi qaldı hopdu mənim canıma.

Əlini sinəsinə çəkdi, dağlanmış sinəsinə.Balamın son nəfəsi sinəmə hopub, balam son nəfəsini mənə verib, mənsə bunu anlamamışam, nəfəsimə qatıb ciyərimə çəkmişəm, amma fərqində olmamışam.

Ölüm, sənə onun canı canmı olacaqdı?!!Mən ağlıma gəlməyən uzaqlarda axtarıram səni ölüm, sən isə mənim qucağımdaymışsan…Ölümü qucaqlamışam….

AYİŞƏ NƏBİ

#ölüm#uşaq#ana#yuxu#qucaq

1 thought on “Qucağımdakı ölüm

  1. Çox ağır , kədərli bir mövzu..
    Gözəl yazılıb. Var olun

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir