04 Temmuz 2024

31 Avqust- Qubadlının işğal günü…

Yaddaşlardan silinməyən, xatirələrdə dərin şırım açan, ürəklərə çalın-çarpaz yara vuran, kədərlə, qəlb ağrısı ilə yad edilən gün, 31 avqust…

Bəli, 31 avqust…

Hamı kimi Nadirin ailəsi də 30 avqust 1993-cü il gecə saatlarında evini tərk etdi. İki gün iki  gecə Nadirdən bixəbər yol getdi… Daha bilmədi ki, onun köçünün arxasınca bir şəhid köçü də gəlir… Ata-anadan xəbərsiz, bacı-qardaşdan xəbərsiz…Qubadlı ilə şəhid olan Nadir!.. Qubadlının işğalını həzm edə bilməyən Nadir!.. Onun uğrunda özün güdaza verən Şəhid!..

Sentyabrın 1-i hər kəsin sevinclə gözlədiyi gündür…Uşağını həvəslə məktəbə yola salan valideynlər, sinif otağı üçün darıxmış müəllim, təzə məktəbli paltarında, təzə çantası ilə məktəbə tələsən şagirdlər…

93- çü il sentyabrın 1-də qubadlılar didərgin idi, yollardaydı, qaçqındı…Ayın 1-i olduğu yadlarına da düşmürdü. Yol boyu eldən-obadan keçdikcə küçələrdə məktəbli formasında uşaqları görəndə xatırladılar ayın 1-i olduğunu…

Ağır bir köç gedir…Ata baladan nigaran…Ona, ordu geri çəkilib deyiblər..Nə bilsin ki, kişi  qeyrətli oğlu postu tərk etməyib son nəfəsinə kimi vuruşub, nə bilsin ki, onu postan çıxarda bilməyiblər, “Ürəyimə damıb ki, Qubadlı əldən gedir!..”─ deyərək topları birbaşa düşmən tanklarına çevirib… Axırıncı sözü:” Ürəyimə damıb ki, Qubadlı əldən gedir, gedir…” olub.

Atadan xəbərsiz, atanın köçünün arxasınca ürəyi parçalanmış, hələ də qanı qurumayan Şəhid balasının köçü gəlir…

Bu faciələrin sonu varmı?! Bu ağrıları, dərdləri nə iləsə ovutmaq olarmı???

Bədəlov Nadir Ərşad  oğlu 1967-ci ildə doğuldu, ali təhsilli, dünyagörüşlü, elmli, savadlı,  vətənpərvər, kişi sözlü, kişi qeyrətli bir cavandı!!!

Nadir 1984-cü ildə Dondarlı orta məktəbini, 1991-ci ildə  isə Azərbaycan Politexnik İnstitutunun qara və əlvan metalların tökmə ixtisası üzrə bitirmiş, eyni zamanda zabit rütbəsi almışdır.1985-1987-ci illərdə sovet ordusu sıralarında Almanıyada hərbi xidmətdə olmuşdur. 1992-ci il yanvar ayından Azərelektroterm Elm İstehsalat Birliyi Ağır Elektrik Avadanlığı zavodunda mühəndis işləyib, işlədiyi müddətdə özünü intizamlı, bilikli, bacarıqlı mühəndis, gözəl xasiyyətli bir insan kimi tanıdıb…

Bütün qeyrətli oğullarımız kimi Nadir də Vətənin çağırışına səs verib Binəqədi rayon hərbi komissarlıqdan könüllü olaraq cəbhəyə getdi.1992- ci ilin yazında zavodun mehriban, qədirbilən kollektivi qısa vaxtda böyük hörmət qazanmış Nadir Bədəlovu cəbhəyə yola saldı. “N” hərbi hissəsində qısa təlimdən sonra gənc zabiti Ağdərə bölgəsinə göndərildi.Nadirin başcılıq etdiyi topçu batereyası Ağdərə, Tərtər  bölgələrində gedən döyüşlərdə fədakarlıqla vuruşdu. Sonra Nadir Bədəlov bölmə komandiri təyin edildi. Artilleriya elminin sirlərinə dərindən bələd olan,  bu sahədə uğurlu nəticələr əldə edən bölmə komandiri leytenant Nadir Bədəlovun topçu batereyası daha məsul bir bölgəyə – son dərəcə təhlükəli döyüş bölgələrindən hesab edilən Laçın və Qubadlı cəbhəsinə göndərildi. Laçın rayonunun Güləbird, Səfiyan, Aşağı və Yuxarı Fərəcan, Suarası kəndləri, Susuzdağ və Qızqəbri yüksəkliklərinin düşməndən təmizlənməsində igid topçuların əvəzsiz xidmətləri oldu. Bu, əfsanəvi qəhrəman Əlyar Əliyevin komandirlik etdiyi taborun Laçın torpaqlarının azad edilməsi uğrunda başladığı müzəffər yürüş dövrünə təsadüf  edirdi.1992- ci ilin payızında qısa müddətdə düşmənin 30-dan artıq mövqeyi tutulmuşdu. Gənc leytenant Nadir Bədəlovun komandirlik etdiyi topçular bu qələbələrin qazanılması üçün canlarıyla-qanlarıyla vuruşmuşdular. Bütün bunları nəzərə alaraq Nadir Bədəlov taqım komandiri təyin edildi.

Ə.Əliyevin vurulması, orduda gedən təxribat qan bahasına qazanılan qələbələrin itirilməsi və s. başqa döyüşcülər kimi Nadirgili də geri çəkilməyə, Qubadlı torpaqlarının müdafiəsinə qalxmağa   məcbur etdi…

Füzuli və Cəbrayıl  rayonlarının boşaldılmasıilə Qubadlı, Zəngilan rayonları üç tərəfdən─ Ermənistan, Qarabağın dağlıq hissəsi və Cəbrayıl rayonu istiqamətindən mühasirəyə düşdü. Topçuların taqım komandiri N. Bədəlov Muradxanlı- Başarat istiqamətində torpaqlarımızın, xüsusilə stratej yüksəkliklərin müdafiə olunması məqsədi ilə hazırladığı planları hərbi hissəyə təqdim etdi. Onun təklif etdiyi plan əsasında Başarat kəndi, Qaraqaya, Topağac, Qırmızı təpə yüksəklikləri düşməndən təmizləndi, mövqelərimiz möhkəmləndirildi.

Ə.Əliyev adına taborun komandiri (hal-hazırda da cəbhə bölgəsindədir) Sadiq  Paşayevin dediklərindən: “Topağac  əməliyyatı” 1993- cü il avqustun 26- da başladı. Əvvəlcə  düşmən mövqeləri  ətrafına kəşfiyyatçı qrupu göndərdik. Biz Qaraqaya yüksəkliyində mövqeyimizi  möhkəmləndirərək “Topağac əməliyyatı”na son hazırlıq işləri gördük. Bu vaxt məlumat verildi ki, ermənilər bizi  mühasirəyə  alıblar. Son dərəcə təhlükəli vəziyyət yaranmışdı. Mən böyük təlaşla rabitə vasitəsilə kömək istədim. Səsimi yaxşı tanıyan Nadir Bədəlov dedi ki, komandir,  Qaraqayada uyğun yerə çəkilin, biz düşməni susduracağıq. Bir neçə dəqiqədən sonra bizim artilleriya işə başladı. Bizi mühasirəyə alan düşmən mövqelərinin külü göyə sovruldu.Nadir Bədəlovun topçular batareyası bu döyüşlərdə  xüsusi fədakarlıq göstərərək düşmənin xeyli canlı qüvvəsi və hərbitexnikasını məhv etdi. Biz mühasirədən çıxdıq.”

Belə faktlar, hadisələr tez-tez baş verirdi.

O bacarıqlı döyüşcü olduğu qədər, həm də qayğıkeş komandir idi. Hər əsgərinə ata kimi, qardaş kimi yanaşar, onları qoruyardı. Bir dəfə söhbət zamanı dedi ki, gecə çadırda sobaya yaş odun doldurmuşuq, sabah baxdıq ki, heç yanmayıb, eləcə də qalıb. Ona təklif etdim ki, bəlkə isti yorğan-döşək aparasan. Sual dolu baxışlarla üzümə baxaraq: “ 40 əsgərin hansına  aparım -dedi, – mən onların yanında necə yataram. Əsgərlər axır dəqiqəyə qədər onu tək qoymayıblar. Nadir onların bir hissəsini kəndlərə uşaqlara, qadınlara kömək üçün göndərib,

 31 avqust demək…

Ölümlə üzbəüz durmaq deməkdir, ölümü gözə almaq deməkdir!

Bu gün Qubadlı camaatının yurdundan sağ-salamat çıxmasında Nadirin xidmətləri böyükdür…

O döyüşdü, qeyri-bərabər gedən döyüşdə düşmənin bir neçə tankı, xeyli canlı qüvvəsi məhv edildi.Bu döyüşdə Nadir, bir neçə döyüşcü dostu qəhrəmanlıqla həlak oldu.

Sürücü Asif ağlayaraq,- kaş, mən öləydim, ona heç nə olmayaydı. Onu bilin ki, bircə dəqiqə geciksəydik hamımız əsir düşəcəkdik, yaralıları, şəhidləri çətinliklə çıxarda bildik.

1993-cü il sentyabr ayının 2-si… Qubadlı camaatının bəlkə də yarıdan çoxu bu dəfndə iştirak  edirdi… Əhmədli rayonu izdahamla dəfndə iştirak edirdi… Qubadlılar, əsir Qubadlı yanğısını da 26 yaşı təzəcə tamam olmuş, özündən sonra təkcə Şəhid adını qoyub gedən Nadirin yanğısına qatıb ağladılar… Ayağında bir tay ayaqqabısı, əynində güllə dəlib keçmiş əsgər paltarıyla gələn,  bir neçə fotoşəkildən başqa heç nəyi qalmayan Şəhidim…

Ürəyindən, ciyərindən yaralı Nadir Bakıda Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Həmin vaxt N. Bədəlovun aid olduğu “N” hərbi hissənin komandiri ona Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi barədə vəsatət qaldırmışdı…Bu məsələ, hələ ki, öz həllini tapmayıb. Valideyinləri inanır ki, qədirbilən dövlətimiz nə vaxtsa hər kəsin öz haqqını özünə qaytaracaq! Oxuduğu Qubadlı rayonu Dondarlı kənd orta məktəbi onun uca adını daşıyır.

TAHİRƏ BƏDƏLOVA

2 thoughts on “Əsir torpağın Şəhid oğlu

  1. 31 Avqust- Qubadlının işğal günü…

    Yaddaşlardan silinməyən, xatirələrdə dərin şırım açan, ürəklərə çalın-çarpaz yara vuran, kədərlə, qəlb ağrısı ilə yad edilən gün, 31 avqust…

    Bəli, 31 avqust…

    Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Bir gün “Bayrağımızın bütün işğal olunmuş Azərbaycan torpaqlarında dalğalanacağ”ına inanırıq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir