06 Temmuz 2024

Döyüş bölgəsində iki cəbhə yarandığı kimi sosial şəbəkədə də iki cəbhə yaranıb: Sülhsevərlər və müharibə tərəfdarları.
Biz torpaqları işğal olunmuş və bunun üçün də müharibə şəraitində olan bir ölkənin vətəndaşıyıq. İllərdir ki, işğal olunmuş torpaqların tarixini əzbərləməklə məşğul olmuşuq, bəlkə də əzbərlədiyimiz də yadımızdan çıxıb. Tarixlər yadımızdan çıxsa da, çıxmasa da bildiyimiz tək şey var: Torpaqlarımız 30 ildir ki, işğaldadır. 30 il.
Bu acı gerçək bir insanın üzünə 30 il boyu nə qədər vurula bilər? Bu əsl rekorddur!
Bu məsələ sülhlə də həll ola bilər deyənlər var, müharibə ilə də.
Bu məsələni müzakirə eləmək və nəticəyə gəlmək üçün 30 il, məncə olduqca uzun müddətdir. Hətta, həddən artıq uzun müddətdir.
Düşməninsə kim olduğunu bilirik.
Bunu hər iki fikrin tərəfdarları çox gözəl anlayır və qavrayır.
Düşmən kimdi?
Monoetnik, başqasının torpağına göz dikən, üzsüzlüklə soxulan və buranı özünə vətən sayan bir millət.
Qısaca desək, gəmiyə minib gəmiçiylə dalaşan.
Bu düşüncədə olan bir qrup insan 30 ildir sülh danışıqlarına arsızcasına yaxın durmur. Bu bəs etmir kimi milli musiqilərimizi, yeməklərimizi, tariximizi, yurdumuzu, torpağımızı da özününküləşdirir.
Hər atılan yumşaq addım onların ayaqlarını bizim torpaqlarda daha da möhkəmləndirir. İddialarını artırır, səslərini qaldırır.
Bu uzun müddət ərzində siyasi arenada kifayət qədər mübarizə aparmışıq.
Söz qanmayan, anlamayan bir işğalçı ilə, qondarma dövlətlə bu zəmində nə qədər vuruşmaq olar?
Bu halda sülhün olma ehtimalına necə inanmaq olar?
Sülh danışıqları ilə həll olunacağına inandığımız dövr ərzində mindən çox dinc, mülki əhali erməni tərəfindən öldürülüb.
Buna inanıb, inanmamaq isə sülh tərəfdarlarının şəxsi seçimidir.
Amma müharibə indiki halda seçim deyil, zərurətdir.
Ona görə zərurətdir ki, o torpağın üzərində günahsız insanların qanı var, kimsəsiz qalan damlar var, o damların altında zülmlər, əzablar, sarsıntılar yaşanmış, uçqunlar altında qalan ümidlər və yarım qalmış taleləri inləyir..
Müharibəyə qədər sülh istəmək kifayət qədər normal idi. 30 ildir istəməyə imkanımız olub.
Amma müharibə başladığı zaman qisas, qələbə hissi qaçınılmaz olur.
Və bu hiss heç vaxt özünü “sülh istəmək” hissi kimi biruzə verə bilməz.
O torpaqları biz toyla – büsatla onlara hədiyyə verməmişik ki, indi sülhlə istəyək.
O torpaqlar insan canı ilə birlikdə alınıb.
Sülh istəmək bu qədər sadə ola bilməz.
I Qarabağ müharibəsində iştirak edən indi də döyüşlərdə iştirak etmək istəyən, aparmadıqları üçün isə şikayət etmədiyi yer qalmayan 65 yaşlı tank sürücüsü, könüllü formada müraciət edib döyüşlərə yollanan gənc oğlanlar, döyüş üçün çağırış zəngi, mesajı gələn kimi sevincdən yerə-görə sığmayan gəncləri olan, görmədiyi, amma daim o yerlərin azadlıq qayğısını çəkən, “Qarabağ bizimdir” qışqıran 5-6 yaşında uşaqları olan bir vətən, birincisi heç vaxt məğlub deyil. İkincisi, bu insanların içindəki qisas yanğısını, ruhunu sülh qabındakı suyla söndürmək mümkün deyil.
İnsan təbiəti belədir ki, inandığı bir şeyin həlli üçün birdəfəlik olanı seçir və irəliləyir. Cəsarət edir.
İnanmadığı şey üçün isə sakitliyi, heç nə etməməyi seçir. Sülh istəmək də bunun kimi bir şeydir. İndiki halda heç nə etməməyə bərabərdir.
Bu tarixi döngüdə heç kim belə qətiyyət, irəliləyiş görməmişdi. Ali baş komandan İlham Əliyevin əmri ilə gözümüzün qarşısında bir tarix yazılır.
30 illik sülh inancını kənara qoyub, müharibəyə yox əsgərə, verilən sözlərə və bu qətiyyətə inanmaq lazımdır.
İnsanın ölməyə, öldükdən sonra isə qovuşmağa, qarışmağa bir torpağı, vətəni olmalıdı.
Evinin açarını hələ də saxlayan, yurdundan olmuş bir qadın üçün ürəyinin yanğısına su tökməyin, o açarı fırlayıb qapısını açmağın vaxtı çoxdan çatıb.
Hər keçən gün, hər irəliləyişdə, hər müharibənin gedişinə mane olmaq istəyənlərə ölkə başçısı və ordu tərəfindən verilən cavabda, gözümüzü hər açdığımızda işğaldan azad olunmuş yerlərin adını eşidəndə o qapıya çatmaq üçün sürət daha çox artır.
İnanıram ki, sülhsevər insanlarımızın da arzusu o torpaqlara getməkdir. Oraları görməkdir. Amma bunun sülhlə olacağına inanmaq üçün əlavə 30 il də gözləməli ola bilərsiniz.
Sülh, sadəcə düşmən təslim olacağı təqdirdə olacaq.
Artıq kifayət qədər lərzəyə düşüblər. Odur ki, sülhün yolu müharibədən keçir.
İlham Əliyev demişkən : ” Biz zəfər çalacağıq, Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!”

NURAY RƏŞİD

8 thoughts on “Canla gedən qanla alınır

  1. Nuray’ım səninlə fəxr edirəm!Məqalən uğurlu alınıb!

  2. Bir Qarabağlı kimi oxuyarkən gözlərim doldu. Bu gerçəklikləri yazdığın üçün çox sağ ol. Sənin qeyd etdiyin kimi “Sülhün yolu müharibədən keçir” və biz bu yolun sonunda qalib gələcəyik. QARABAĞ AZƏRBAYCANDIR!

  3. Uğurların bol olsun. Məqalən çox uğurlu alınıb.
    QARABAĞ AZƏRBAYCANDIR!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir