21 Kasım 2024

Dünyanın ən dərin gölü olan Baykalda daş suyun üzərində tək bir buz dirəyin üstündə durur.Fizikanın qanunları buna olmaz deyir.Daş belə dura bilməz.Amma durur.Necə? Bax belə.Baykal gölündə yaranan buzun üstünə düşən qaya parçası əvvəlcə günəş işığı ilə isidilir, sorulan ultura qırmızı şüalar  altındakı buzu əridir.Günəş işığı olmadıqda isə buz yenidən bərkiyərək üstündə qalan qaya  parçasını  havada saxlayan formalar yaradır.Bu tablonu işləyən isə qaya parçası, şirin su və günəş işığıdır.

*

Uzun zamandı yazmaq mənə maraqlı gəlmir.Həyat bəzən boyuna yazıdan daha güclü yaşantılar biçəndə yazmaq sonrakı iş olur.Çox qarışıq və dərin duyğular yaşayır, anlamağa çalışırsan, anlamaq özü də mənasız olur.Sanki bir girdaba düşüb fırlanır, səmti-sorağı, səsi-səmiri, zamanı-məkanı itirirsən.Düşdüyün hal çəkisizlik kimi bir hal olur.O qədər yüngül və daşınmağı bir o qədər də çətin olan duyğu selinin axarına düşürsən.

Burda ağlına heç nə gəlməsə də, bir azdan, duyğular səngiyəndə yadına düşür ki, QK-də “insan zəif yaradılmışdır” ifadəsi elə bu məqam üçün deyilib.Çox zəif olursan, bir nəfəsinə belə gücün çatmır.Nəfəs alırsan, boğazında tıxanıb nə irəli gedir, nə geri qayıdır.Bir an beynin donur, sıxılan gicgahlarında duyduğun ağırlıq başının da, sanki sənin olmadığını, səni idarə edə bilmədiyini anladır.Sonra ürəyinin sıxılıb sinənin bir təfərinə daş kimi asılmasını da gözünlə görürmüş kimi hiss edirsən.Kovid beləcə sənə dünyanın dəyərsiz olduğunu, sənin gücsüz, tək nəfəsdən asılı olduğunu, istəyindən asılı olmadan yolçu olduğunu açıq aydın göstərir.Burda dayanıb bu dağdan o dağa səs salıb demək istəyirsən ki, ey insan, yaşadığın, uğrunda can qoyduğun bütün bu maddiyyat sənin bir nəfəsinə dəyməz, bir nəfəsini əvəz eləməz. Maddi olanın davasını aparma. Bu Kovid bəlası bu qədər can alarkən hələ də mənəmlik etməyin yeri yoxdur.

İndi ilin sonu-təzə ilin ilk günü bayram edək- etməyək, fişəng ataq-atmayaq ziddliyi qarşısında bir-birinizin qəlbini qırmaq yersizdir.Qarabağ qələbəmizə hörmətlə, şəhidlərimizə hörmət və məhəbbətlə yanaşaraq təqvimi dəyişək. Təqvim dəyişikliyi kimə bayram əhvalı gətirirsə qoyun sevinsin, onsuz da dünyada sevinəcək az şeyimiz var.Kim də dərdinə, kədərinə qapılmaq, kədərində yoğrulub bişmək istəyirsə qoyun o da öz istəyini etsin.Hamı hər kəsin hər işinə qarışır, haqqı olsa da olmasa da.Kim sizə bu haqqı verib? Heç kim. Əgər bu təqvim dəyişmədə fişəng atmaq kimisə xoşbəxt edirsə qoyun xoşbəxt olsun, bunu şəhidlərlə əlaqələndirməyin.Kitablardan, həyatdan eşitdiyimiz hadisələrə baxın, bir oğlunun toyunda digər oğlunun ölüm xəbəri, sonra da meyidi gəlir, ana oğlunun toyunu yarımçıq kəsmir. Oğlunun meyidini başqa bir otağa qoyur, gəlir burda ağlayır, göz yaşını silib gedib mağarda oynayır.Bütün gecəni ana iki məclisi də beləcə idarə edir.Toy məclisi başa çatandan sonra oğlunun ölüm xəbərini deyir. Bu sizcə oğlunu sevməmək, ya da hörmət etməməkdir? Xeyr. Bu o qadının, o ananın dahiliyi, qüdrəti, gücüdür.

İndi bu gün möhtəşəm Qarabağ qələbəmizi görməzdən gəlməməliyik.Şəhidlərimiz bizim canımız-ciyərimizdir, müqəddəsimiz, unudulmazlarımızdır, ancaq ömrü boyu yas saxlamaq düzgün deyil ki.Onsuz da olan oldu, 3 min ailə, 3 min ocaq kədər şamı yandırıb yas yolkası qurur, biz də onların dərdlərinə şərik oluruq, bayram etmirik. Edənə də sözümüz keçməz…

Ancaq can candan ayrıdır, bir canın çəkdiyini o biri can anladım deyər, həmdərd olar, amma sənin qədər hiss etməz.Mənim də qardaşım sapasağlam, heç bir xəstəliyi olmadığı, özünü qoruduğu halda gözləmədiyimiz bir vaxtda kovidə yaxalandı, heç bir əlaməti, narahatçılığı olmadı, amma şübhələndiyinin 7-ci günü, həkimlərin səyinə baxmayaraq dünyadan köçdü.Hamımız şok keçirdik, barışmaq, qəbul etmək çətindir, canın yanır, ürəyin sızıldayır, ancaq bəlli bir vaxtdan sonra inanırsan, barışırsan, qədər, tale, alın yazısı və s. deyir, həyata davam edirsən.Yas əbədi deyil, mən də bir az dərdə qapıldım, əlimi işdən gücdən çəkdim, daha doğrusu əlim işə, dilim sözə yatmadı.Üstəgəl kovid, karantin, qorxu, ağrı….hamısı bir-birinə qarışdı.Sonra sanki silkinib özünə gəlirsən və hələ nəfəsim gəlib gedirsə həyatın yaşamaq borcunu ödəməliyəm, deyirsən.Qalxıb yaşamağa başlayırsan.

Qaziləri düşünək, canlarındakı qəlpələrlə nə ağrılar, nə acılar çəkir, ancaq həyatda yaşamağa, sevinməyə, təbii olaraq da şadlanmağa davam edirlər.Eləcə də şəhid ailələri.Bilirəm, ürəklərindəki yükü yüngülləşdirmək mümkün deyil, dərdlərini unutdurmaq, kədərlərini azaltmaq heç mümkün deyil, ancaq onların da sevinməyə, ürəklərinin ovunmağa ehtiyacları var.Biz dərdə şərik oluruq adıyla onları hər gün bir az da dərdin içinə gömürük.Gəlin şəhid ailələrinə, yaxınlarına dəstək olaq, amma kədərlərini artırmayaq.Onsuz da onların ürəklərindəki ürəklərindədir.Bir az ovudaq onları, lap bayram da etsinlər, yeri gələndə sevinib gülsünlər də.İnanın, şəhidlər uğruna can verdikləri vətəni, milləti, ailələrini, sevdiklərini belə dərin kədər içində görməyi heç istəməzlər, onların rahatlığını, sevindiyini, xoşbəxtliyini görmək istərlər.Şəhidlərin bu arzusunu da unutmayaq.Onların sevdiklərini sevindirək.Az da olsa, ötəri də olsa…

Bilmirəm, niyəsə bu yazı şəkil olaraq mənə Baykal gölündə buz üstə havada duran daş kimi görünürdü.Bəlkə də əlaqəsi  yoxdur, amma hazırkı durum həmin o buz üstə havada duran daşın durumu ilə eynidir.

Mahmud Mövludoğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir