Yaşlı adamlar, adətən boş duran gəncləri görəndə, “dur bir iş gör boş durma” deyirlər. Gənclər isə hələ qabaqlarında yaşanacaq çox uzun bir zamanın olduğunu düşünür və bir çox işini sabaha saxlayırlar.
Çox uzun zamanımız olduğunu düşünürük, çünki zamanın sonsuzluğunda özümüzü əbədi sanırıq. Ətrafımızda hər gün ölüb gedən insanlar, elə bil əcəli də özləri ilə aparırmış kimi yanımızdan gedirlər, ölüm, hər zaman “məndən ötüb qardaşıma dəyən” daş olacaqmış kimi gəlir bizə. Ölümü özümüzə yaraşdırmırıq, yoxsa insan öləcəyinə şüurlu şəkildə inansa və bunu təsəvvür etsə bağrı yarılar. Biz bunu ən sona saxlayırıq, indi isə hələ zaman bizə imkan vermişkən həyatdan ləzzət alaq, sonrasına Allah kərimdir, deyirik.
Yaşlı insan isə zamanı daraldıqca vaxt anlayışını daha yaxşı hiss edir, ölüm burnunun ucuna gəlmiş deyə, ölümün qoxusunu hiss edir deyə gənclərə də tez ol, ömrün boş keçməsin, mən zamanı dolu yaşayıb, mənalandıra bilmədim, heç olmasa sən mənalandır, deyə hayqırır.
Zamanın sonsuzluğunda ömür bir göz qırpımıdır, “göz açıb yumana qədər ömür keçər” deyimi boşuna deyilməyib, dilimizdə işlənən heç bir söz, deyim mənasız və boş deyil, ancaq biz onun hikmətini dərk edənə qədər boş və mənasız sayırıq.
Biz yaşamağın dadını daim sabahkı gündən umuruq, sabah daha yaxşı yaşayacağıq, sabah hər şey dəyişəcək, Allah heç yoxdan mənə elə bir iradə, güc verəcək ki, qalxıb bir anda ibadətə başlayacam, həyatım dəyişəcək, hər şey gözəl olacaq, deyə insanı ümidləndirən xəyallar qururuq, amma dərk etmirik ki, xəyalımızdakı həyata çatana qədər zamanımızın çoxunu elə o xəyallara sərf edirik. Bu, uzun zaman beləcə davam edir, bir gün gözümüzü açıb görürük ki, artıq nə yaşamağa, nə də ibadət etməyə gücümüz və zamanımız qalmayıb. Artıq xəyal quraraq xoşbəxt olan o təsəvvürümüz dumanlanıb, zövqlərimiz bayatlayıb, arzularımız tükənib, artıq nə xəyal qurmaq həvəsi qalıb, nə o xəyalları həyata keçirmək istəyi. Gözümüzün işığı, dizimizin taqəti gedib, dişiylə-dırnağıyla çalışıb beşəlli yapışdığı həyat balıq kimi sürüşüb əlindən düşmək üzrədir. İradəsini toplayıp durum bir namaz qılım desə dizləri sözünə baxmaz, yersiz, mənasız çox danışdım, indi də uca yaradanı zikr edim desə qabalaşmış dili dönməz.
Bir zaman xoşbəxtliyinə səbəb olan, onu müasir göstərən, ətrafdakıların bəyəndiyi və təriflədiyi, cəmiyyətin üst təbəqəsi sayılmasını təmin edən zövqləri və vərdişləri artıq tükənmiş, onu ovundurmur, ona yaşatdığı xoşbəxtlik hissini yadırğadır. Bura “yorulmuş atların güllənləndiyi” andır, yerdir, çünki heç nə kəsmir axıb gedən zamanın qabağını, heç bir elm, heç bir ideologiya, heç bir siyasət, heç bir iksir həyatın axarını dayandırmır, hətta sürətini belə azaltmır.
Ölümə, yoxluğa doğru elə bir sürətlə irəliləyirik ki, düşünəndə nə qədər çarəsiz olduğumuzu dərk edib, yoxluğumuzu təsəvvür edəndə ağlımız başımızdan çıxır, tezcə qovuruq bu fikri özümüzdən. Amma bu, bizim sonumuzu dəyişdirmir, əyləncələr və məişət yaşantıları, ömrümüzü həsr etdiyimiz heç bir şey ucundan tutub bizi quyunun dibindən çıxara bilən qurtuluş budağı olmur, tutmağa bir əl, sonsuz suların ortasında sahilə çıxaracaq bir yelkən tapılmır. Əlin Allahın ətəyinə çatana qədər sonsuzluq okeanının acı sularında çabalayırsan. Nə bütləşdirdiyin cəmiyyət, nə cəmiyyətin hökm edən qanunları o ümidsizlik girdabında Allahın ətəyindən tutduğun anda duyduğun qurtuluş hissini, xoşbəxtlik duyğusunu yaşada bilmir. Ancaq bu dünyadaykən Allah sevgisini dadmış insan üçün İsgəndər Zülqərneynin abi-həyatı Kefli İsgəndərin şərabı ilə eyni olur.
Allah bizə lehimizə və əleyhimizə olan şeyləri bildirmiş, üstəlik də əməl etmək üçün ağıl, ağlımıza sahib çıxmaq üçün də iradə vermişdir. Allah bizə özünün intiqam tablolarını göstərir vaxtaşırı. Allahın intiqam tabloları çox dəhşətli, qorxuncdur. Biz haqq-hesabın sadəcə qiyamətdə, məhşərdə olacağını zənn edərək yanılırıq, bu qədər zəlzələlər, fırtınalar, fəlakətlər, yanğınlar, ya fərdi olaraq başımıza gələnlər, ya da hətta başımıza bir fəlakət gəlməsə də insanın bəzən özünü heç bir səbəb olmadan çox bədbəxt hiss etməsi. Bütün bunların hər biri bizə bir xəbərdalıqdır. Biz isə hələ də bunlara təbii fəlakət, ya da depressiya deyərək özümüzü aldadırıq. İnsan ən böyük və ən çox yalanı özünə danışır, az qala hər gün özünü aldadır, yalanla ovudur və öz yalanına inanır. Qıl körpüdən ildırımdan da tez keçəcəyinə inanır, yövmil hesabda əshabi yemin olacağına aldanır və Əshabi Kehfin yuxusuna dalır.Unudur insan, unudur ki, bir ovuc içinə sığışacaq qədər kiçik olan əbabil quşları nəhəng fil ordusunu məğlub etdi.
İnanmağımız və gözümüzü açmağımız, Allahın sirlərinə hikmət açarı salmağımız üçün ətrafımızda o qədər dəlil, o qədər səbəb var ki.Niyə imanımıza və həyatımıza ixlasımız bərəkət verməsin?
Bizə həyatımızın düsturunu təqdim edir hz.Peyğəmbər (sav):” Allahdan gərəkdiyi qədər qorxsanız bilinməz tərəfi olmayan bir bilgiylə əşyayı tanıyarsınız. Allahı gərəkdiyi qədər tanısanız dualarınız dağı yerindən oynadar.”Necə ki, çöl ərəbi imanı və təslimiyyəti ilə Allah qatında ucaldı. İman və təslimiyyət sevginin əsəridir, Allah insanı sevərək, sevgiylə yaratdı, baxmayaraq ki, “insan üç beş damla qanla tükənməyən şübhə və təlaşdan ibarətdir” (Sədi) . Bu sonsuz şübhə və təlaşın içində dadımıza yenə də Allah çatır, “Allah insanla qəlbinin arasına girir” və “yanımdakı Yəməndə, Yəməndəki yanımdadır” (hədis) deyərək imanın Allahın qapısını açan ən etibarlı vasitə olduğunu göstərir.Qorxaraq deyil, sevərək təslimiyyət, sevərək inanmaq.
AYİŞƏ NƏBİ