AYİŞƏ NƏBİ
“EŞQ GÖZƏLLƏMƏSİ” POVESTİNDƏN BİR HİSSƏNİ TƏQDİM EDİRİK
ALLAHIN adı ilə
(Əsli-Kərəm təsəvvüf tərəcəsində)
( düz şeir)
Söz gəldi gərək deyəsən, ey bəni insan.
Söz deyəsən içində sirr ola.
Sirr ola, sirr deməyəsən. Yol biləsən, iz biləsən,
çox biləsən, az biləsən,
bildiyinin içində hikmət ola, mərd ola.
Mərd ola, dərd olsa da mərd ola, yarı yolda yaxa çırpıb, vəfa soyunub dərd olmaya.
Dərd olmaya, mərd ola.
Ey bəni insan, var olalı qəm qabıyam, nar dağıyam, nur payıyam.
Dərviş-dərviş dolanaram, dənə dənə yad olaram, dosta varıb dost olaram.
Vəfam qəmə dayanı.
Bir dedim, iki dedim, üç olsun, gəl varalım haqq qapısı güc olsun.
Dilim deməz, qulaq duymaz, əl vurmaz,
kəm ömrümdə müşkül hallar puç olsun.
Gözəl Allah, verdiyinə şükr olsun.
Ozan dili gül üstə söz söylər, söz çürüməz, zaman əskiməz, əski zamanların birində
dağların, daşların pirində
dərviş dəh deyib dəyənək atına, çıxdı göylərin göyərməz qatına.
Bir yanağı al, bir yanağı çal bir alma alıb gəldi dövləti saya gəlməyən,
övladdan pay almayan xanın hüzuruna. Almanın yarısını verdi xana, yarısını Qara Keşişə.
Yeyin, övlad sahibi olun, övladlarınız bir-birinin deyiklisi olsun,- dedi, qeybə çəkildi Baba Dərviş.
Ay dolandı, gün günə calandı, vaxtın tamamında Xanın oğlu oldu, Qara Keşişin qızı.
Onlar əhd eləyib söz verdilər, bu uşaqları beşikkərtməsi elədilər.
Uşaqlar bir-birini görmədən böyüdülər.
Xan oğlu, ay camallı nur üzlü, xoş rəftarlı şax sözlü, Molla yanına gedib diz qırıb boyun əyib illərlə dərs öyrəndi,
elmin qabığını deşib yumurtadan cücə çıxan kimi boylandı hikmət dağının təpəsindən dörd bir yana.
Əl atıb üfiqlərin ötəsindən gül dərər, göyün səhralarında at oynadar, mələk qanadlarının kölgəsində çimir eləyib yol gedərdi seyr-i sülukda.
Günlərin bir altun günü şah damarında qanı durmayıb atlanıb,
atı da qanadlanıb sonsuz səhralara seyrə çıxmağa niyyətləndi.
İzin istədi Xan atasından.
-At oynatmaq, cıdıra çıxmaq, ov ovlamaq istərəm, Xan ata, izin ver ayağım çəmənə dəysin, çöl sularında doysun Gümüş atım.
Yolları yorub, yelləri qovub, torpağı sovurub geri dönəlim.
-Bəy oğul, yer qopmasın ayaqlarından, göy daralmasın başına, izindir, get, hamı yoldan sağlıqla.
Qara Keşişin ağ qızı, Tur dağında bitən çiçək kimi, nəfəsi göylərə pərdə salan, zərifliyində hüznün çəkisi çiynini əyən, nazlı nazlı baxışları nərgizi solduran xanım qız bağ seyrinə çıxmışdı. Ayaqları torpağa iz salmayan, incəliyi sözü iynə ildızı kimi deşib keçən qız bağda gəzirdi. Çiçəklər sevinirdi kölgəsi düşüncə üzərlərinə.
Çiçəklərin qoxusu daha qalıcı, daha gözəl olurdu.
Xanım qızın özündən qabaq qoxusu gedirdi bağın o başına. Önündə rüzgar bəyaz müjdəçidir, gəlirəm deyir, ey güllər, çiçəklər, ətrinizi çəkin gizlədin yarpaqlarınızın altında, mən gəlirəm, cənnət qoxusuyla gəlirəm, yollar, yol verin, damarlarımda qanımın axarı pozulmasın, nur üstünə nur alam, kölgəmi yerdən qaldırıb ağardıb qoyam başım üstə. Sirrə varalım, hikmətin cəzbəsi əl çəkməsin yaxamdan.
Biri vardı, biri yoxdu demiş.
Demiş olsun o elə, mən deyim, biri var, o biri də var, varla var, gözümün dibində bütün varlar yox kimi gizlənib bəbəyimin didəsindən şamlıq umur.
Biri vardı dedim sənə, sən niyə inanmazsan mənə, görmürsən?
Görmürsən çölündə yoxluq cövlan edir, içi qaynar qazan kimi. Bunun harası yoxdur, bunun nəyinə yox deyirsən, mərə kafər deyəcəm sənə, amma onu da demiş. Deməmiş bir şey qoymamış. Amma mən yenə də mərə kafər deyəcəm. Sən necə də buna yox deyirsən.
İçinin dağı-dərəsi, meşəsi-ormanı susqunluğunun məğrurluğuyla təmkinli olsa da qanının axarı onu üzü yuxarı səsləyirdi. Qanı damarının divarlarında yad kimi simsar axtarır, üzü yuxarı dırmaşıb göyün dibsizliyində-təpəsinin ortasında bir döngə taparaq burulur. Yox, burda nə isə tərs gedir, nə isə öz yolundan yorulub, hansı damarı isə qaranlıqdan sıyrılıb, qanının qaranlığına nur qatıb hikmətlə bəzəmək istəyirdi. Hara baxacaqdı.
Təpədən dırnağa bir sual, bir çaşqınlıq idi. Aşağı-yuxarı, sağa sola axan qanı elə bil indi axmırdı, sadəcə ləngər vururdu, dalğalanırdı. Bu hal onu qabığından çıxarıb məchula sürükləyirdi.
Ov bəhanə idi.
Yox, elə ov idi onun axtardığı.Ruhunu dincəldən, qanının axarını tənzimləyən, içinin təlatümünü hamarlaşdıran. Gözünün önündə nə zamandı bir topa işıq oynayırdı. Ağappaq, nur əlçimi, məsum, doğma bir nur topası. O nur topası aralıda durub ona buraya gəl, mən sənin canın, nəfəsinəm, mən sənin qanının axarıyam, gəl mənə çat, mənim axarımı al qanına qat, qanın durulsun, tənzimlənsin, deyirdi.
Sənin ovun mənəm, uzat əllərini, al canına hopdur, deyirdi.
Əyilən günün kölgəsi kimi qabağınca gedirdi nur. O gedir, bu gedir. Çata bilmir ki, bilmir. Əlini uzadanda kölgəyə qarışır yox olur, əlini çəkəndə qarşısında bitib doğma, ilıq bir sevgiylə çağırırdı onu. Bu nədir? Nəydi bu?
Artıq o nur, ruhuna pərçim olunmuş bir qarmaq kimi didir onu, o da bundan tək qurtuluşun anlamaq olduğunu hiss edirdi, anlamaq, anlamaq istəyirdi.
Sofunun yanına gəldi.Sofu onu böyütmüş, doğumundan bəri çəkdiyi hər nəfəsininin şahidi olmuş, görmüş, böyüməyini izləmiş, tərbiyəsini özü vermişdi. O da Xan atasından seçməzdi Sofu lələsini. Elə bilirdi ki, o elm, mərifət, hikmət quyusudur.Nə biliyi bitib tükənməz, nə səbri, nə də sevgisi. Hər dəfə üz-üzə oturub danışanda, elm öyrənəndə sanki, bir ilıq dənizə düşür, orada yuyunur, arınır, yüngülləşib çıxırdı.
Bu adam hikmət dənizi, haqq qapısı idi, elə bil onun sonsuzluğa açılan pəncərəsi, ruhunun ilahi ilmə çalanı idi. Gəldi:
-Aman, lələ, dardayam. Xan atam izin verdi ova getməyə, amma mənimki ov deyil. Mən öz içimdəki o köntöy məchulluqdan qaçıram. O ruhumu didən, məni ardınca sürükləyən o nur topasının dalınca gedirəm.
Sən söylə, yolum uğurlumu.Mən ov ovlayıb, quş quşlayıb kef məclisi quran ki, deyiləm. Bu başqa bir ov sevdasıdır. Aman, lələm, himmət eylə, ya bu nur topası məndən əl çəksin, ya da hər nədirsə sirrini açsın, mən artıq səbrimə cavabdeh deyiləm.
Bu nə sirdir, nə müəmmadır, açılsın artıq.Sofu lələ:
-Aman Kərəm, Xan Kərəm, bu bir səbir işidir, səbrin daralmasın. Səbrini bol elə, tut bu yolun ucundan, yol səni aparıb çıxaracaq bir məkana. Qorxma hər sirr, hər məchulluq imanla, səbrlə, eşqlə çözülür. Sən qorxma, o bir əlçim nur sənin eşqindir, sənə rəhbər olub vardıracaq səni qiblənə.Yetər ki, sən bu yoldan dönmə, eşqini yük bilmə. Ruhundakı o eşqi, o ilahi toxumu sev, o sənin yol göstərənin olacaq.
-Can lələ, bu yolda ölüm olsa dönmərəm. Bu ilahi toxum, o ilahi eşq sevdası bürümüşdür artıq varlığımı.Mən dönsəm də dönə bilmərəm.
-Sən Allahın təcəlligahısan, oğul. Sən dönmə, var o Ucalığa, o Ucalıqda ruhun huzur bulacaq, dadacaqsan o hikmətin şirinliyini.
-Lələ, niyə açmırsan mənə bildiklərini?
-Açamam, oğul, aça biləcək deyiləm. Mən canımı qanımdan ayırıb, onun rəngini, ölçüsünü, dadını necə anlada bilərəm sənə. Sənin qabığın çatlar. Uca Rəbbim özü bilir kimə harada nə zaman hikmət pərdəsini aralayacaq. Sən tələsmə, yetişməlidir, sən yetişməlisən.
Kal meyvə dərilməz.
Səbr elə, zərrə-zərrə açılır, an-an açılır, ancaq gözlərinin pərdəsi qalxmayıb hələ. Gözlərindən o pərdə qalxınca görəcəksən, hər çözümü görəcəksən, qanın axarı kimi çözümlər də sirlərin önündə axıb şəffaf su kimi gedəcək.Yetər ki, unutma.
Eşqlə bərqərar olur varlıq.
(ardı var…)