Gözəlliyə qıyılmaz.Səbəb nə olursa olsun, cana qıyılmaz. Can gözəllikdir.27 yaşlı müəllimənin şəklinə baxıram və “heyif” deməmişdən qabaq bu gözəlliyə heyran oluram. Qıyılmaz bu gözəlliyə, qıyılmaz deyirəm.
Ancaq həyat bu, qıyar, dünya bu, qıydırar. Sonunda heç dünyaya gəlməmiş kimi unudular. Onu intihara vadar edən isə bəlkə heç vicdan əzabı belə çəkmədən yaşar, bəlkə daha başqalarını da intihara sürüklər, bəlkə özünün bu insana yaraşmazlığından zövq alar.
Dəli özünə dəli deməz, günahkar da elə, öz günahına haqq qazandırar.
Toplum isə intiharı qınayar həmişə. Ancaq intiharın kökləri heç vaxt tam açılmaz, hər intihar xəbərinin axırında, faktla bağlı araşdırma davam edir yazılır və intiharlar davam edir.
İntiharın sosial, psixoloji və daha nəli, nəsiz açıqlamaları, araşdırmaları aparılar, hansısa nəticələrə gəlinər, hansısa günahkarlara nə qərarısa verilər.Həyat isə öz axarında gedər, bir gözəllik az, bir gözəllik çox, axar dəyişməz.
Mən indi burda durub niyə şəkil çəkdirirdi, niyə şikayətlərinə baxılmayıb, niyə, niyə deyə niyələri sıralamaycam. Onsuz da hamı yetərincə sual verir və axırda da günah həmişə öləndə olur. Ancaq indi ənənədən qırağa çıxaraq bir qisim insan öləni müdafiə edir. Axı, heç kim xoş günündən, səbəbsiz yerə özünü öldürməz. İctimai qınaq başlamalı.Polis öz işini görəcək təbii ki, biz də xalq olaraq hayıf, yazıq deyərək kədər notları ilə intihar edənin şəkillərini paylaşıb hüzünlü sözlər yazmaqla ürəyimizi soyuduruq.
İntiharın dövri olaraq qalxma və enmə amplitudaları var.Bəzən dalbadal intiharlar artır, bu da araşdırmalara görə bəlli bir dövrü əhatə edir, yəni bir intihar xəbəri gəlirsə onun ardınca heç olmasa iki üç xəbər daha gəlir.Gənclər sanki ölümlə özlərinə bəraət alırlar.Ancaq, inan ey gənc, heç bir bəraət, heç bir haqlı olma, təqdir edilmə duyğusu yaşama duyğusundan daha güclü deyildir.
Hər intihar xəbəri eşidəndə mən özümü o ölənin yerinə qoyub cəsarətimi yoxlayıram, hər dəfə də görürəm ki, mən intihar edə bilmərəm. Birinci bunu mənasız sayıram, çünki onsuz da ölüm haqdır, bunu niyə bu qədər tezləşdirim ki. Axı bu dünyaya ağılalmaz ağrılarla gəlirik. Ölüm ağrısı nə qədər güclüsə, doğuluş ağrısı bəlkə ondan da güclüdür….
Metafizik heç nə demirəm, realda ölüm hissini yaşamaq daha dəhşətlidir.İntihar edən ölümə qədər bu hadisəni gerçəkləşdirmədən öncə dəfələrlə götür qoy edir, bu hadisəni xəyalında dəfələrlə canlandırır, o ağrını xəyalən yaşayır, yaşadıqca qorxur, qorxduqca geri çəkilmək, fikrindən daşınmaq, hətta ipdən asılarkən, suda boğularkən xilas olmaq istəyir, ancaq gec olur. Ölmədən öncə ölüm anını yaşayır, ölümün növünü seçərkən hər birini ayrıca düşünür, onun ağrısını hiss edir, o ağrını yaşayır, ağrıyır. Amma üstünə götürdüyü günah onu o qədər əzir ki, ölüm ağrısını könüllü olaraq yaşamağı qəbul edir.
Səbəb nə olursa olsun, bir insan digərini maddi-mənəvi heç bir şəkildə incitməməli, döyməməli, öldürməməli. Bunu hamı bilir və deyir, ancaq ölümlər, incitmələr, döymələr davam edir. Hər an günah işlənir, amma heç kim günahkar deyil.Hamı sudan durudur.Təzadlar arasında ağıllar çaşır.Məntiqə bax ki, hamı yaxşı adamdır, amma toplum pisdir.Bəs toplum səndən, məndən, bizdən ibarət deyil, pis adamlar kosmosdan gəlmir ki…
İntihar edənlər əsasən gənclər, daha çox da qızlardır. Milli mentalitet buxovumu, “kim nə deyəcək” sindromumu, qorxaqlıqmı, iradəsizlikmi, inamsızlıqmı, nədir.Cavab məchuldur.Yaxud hər kəsin bir cavabı var, ancaq heç bir cavab yerinə oturmur.
Səbəb yetişdirilmə qüsurumu? Ya da mənəvi aşınma, gücsüzlük, səbrsizlik….
Cəfər Cabbarlını oxumamaq, “qoç döyüşünə qoç pəncəsi dayanar” yox, “qoç pəncəsinə aslan pəncəsi gərək” ideyasını mənimsəməmək.
Bəli, hamısı ədəbiyyatın günahıdır. İndiki nəsil, məsələn, C.Cabbarlının mübariz obrazları ilə deyil, yüngül film və serialların yüngül, yaxud da aqressiv qəhrəmanları ilə tərbiyə alırlar.Niyə Naidə, Almaz kimi böhtan qarşısında dimdik durmadı? Niyə Sevil kimi qaranlıq çadradan aydınlıq düşüncəyə varmadı? Niyə Gülüş kimi mübariz olmadı?
Qorxu. Cəsarət. Əzm. Hansı əksikdir? Tərbiyə üsulu…Düşüncə…Həyata məna verə bilməmə…Yaşama stimulu…. Hansı?
Yaxud sevgi qıtlığı… nifrət çoxluğu…həsəd…kin….Hansı?
Cavab bəlli deyil.
O qızda, yaxud intihar edən digər gənclərdə olan və olmayan xüsusiyyətləri sadalamayacam, bilmirəm. Ancaq gəncləri intihara bir yandan da ədəbiyyat sürükləyir, öz cılızlığı və məfkurəsizliyi ilə. Ədəbiyyat, axı yol göstərəndir, beyinləri formalaşdırandır və s. Ədəbiyyat, axı yaşamağa səsləyir…səsləməli…
AYİŞƏ NƏBİ