21 Kasım 2024

       Hac zamanı Məkkədə, Kəbənin ətrafında məhşər qələbəliyi olur. Bu qələbəlikdə heç kim heç kimi tanımır. Hamı ehramda olduğundan çinlər, rütbələr, kasıblıq, varlılıq ilk baxışda bilinmir. Günahların və savablarınla “kəfən”içində ilahi hüzurdasan.

     Kəbənin ətrafında çoxlu dilənçilər olur həmişə.Gələn gedən pul verir onlara.

     İstanbuldan gedən, şeyxin əsalətli xanımı, dilənçilərin sıralandığı küçənin başında dayanıb gözləməli olmuşdu. O heç fərqində də deyildi ki, bu küçə dilənçilərin yeridir. Eləcə bir az dayandı.Bu vaxt bir nəfər yaxınlaşıb digər dilənçilərlə bərabər ona da qara pullar uzatdı. Bundan çaşan qadın bir an duruxsa da sonra digər dilənçilərin etdiyi kimi o da qara qəpikləri aldı. Onun bu qara qəpiklərə heç ehtiyacı yox idi. İstanbulda fabrikaları, iş yerləri, varı dövləti vardı.Heç Məkkədə də qərib sayılmazdı.Orada da evləri vardı, hər il qışı Məkkədə keçirirdilər. Bəlkə başqası olsaydı xətrinə dəyərdi, pulu almaq əvəzinə qayıdıb o adamı təhqir edər, onu alçaltdığı üçün o da onu alçaldardı.Amma, bu əsalətli qadın bir insanın qəlbini qırmamaq üçün özünün  dilənçi sayılmağını qəbul etdi.İçindəki saxta qürur ona, səni təhqir etdilər, sən də eynisi ilə ona cavab ver demədi, əksinə, o adamın özünü yaxşı hiss etməsi üçün üstəlik təşəkkür etdi.

    Bir az gözlədi.Pul verən adam uzaqlaşan kimi qadın ovcuna tökülən qara qəpiklərin üstünə bir az da pul qoyub ətrafdakı dilənçilərə payladı. Payladı,şükr elədi.Şükr elədi ki, bu adam pul verməklə onu təhqir etmədi, ona bu insanlara yardım etmək lazım olduğunu xatırlatdı, onlara yardım etməyinə səbəb oldu.Adi adamlar belə bir hadisə qarşısında mütləq öz mənliyini, şəxsiyyətini, qürurunu, adını düşünər.Bir də onu düşünər ki, görəsən, bir tanış filan gördümü, yoxsa səhv başa düşər, biabır olaram.Bu, adi insanların dünyagörüşü, bu da islam əxlaqının təvazökarlığı.Türk əxlaqı-Allah üçün nəfsini, mənliyini yox saymaq.

   ”Nəfsin qırx il ayaq altındakı xalı kimi tapdanmadıqca, baş tacı olmazsan”.Hikmət buradadır.  Ulular bu sözü çox işlədirlər: nəfsin 40 il ayaq altında tapdanmalıdır. Bu sözü ilk dəfə eşidəndə adamın mənlik qüruru qabarır.Necə yəni məni kimsə tapdasın, mən buna imkan vermərəm, deyə nəfs üsyan edir. Təbii ki, bunu deyən seyri süluk yoluna girən “yolçunun” nəfsi- əmmarəsidir. Həyata dünya kimi baxan, həyatın, yaşamağın dünyadan ibarət olduğunu sanan, dünya nemətlərinin insana gəl-gəl deyən cazibəsinə, çəkim gücünə qapılan, istəklərini qanun sayan nəfsdir nəfsi-əmmarə.

    İnsan eqoist bir varlıqdır. Qarşısına çıxan hər hadisədə, hər sözdə, hər hərəkətdə nəfsini qorumağa çalışır. Nəfsini qorumaqla o daima başqalarından üstün olmaq, yaxud üstün sayılmaq istəyir.”Dünya işlərində özündən aşağıdakına, axirət işlərində özündən yuxarıdakına bax”, deyir hədisi şərifdə.Fena fillah yolunun ilk addımı, ilk giriş qapısı bu sözdən başlayır:allah üçün nəfsini yen. O bir ilan kimi sarılıb ayaqlarına dayanıb durmadan öz zəhərli iynələrini sancır insanın varlığına, sən yaxşısan, sən gözəlsən, sən hamıdan üstünsən, kimi sözlərlə nəfsin insanın ruhunu üstələməsinə çalışır.İnsan hər cür rahatlığa və həzzə düşkün olduğundan nəfs şeytanının bu  təlqinlərinə uyur və özünü, həqiqətən də, üstün sayır.Hüsrana uğrayır, peşman olur. “İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. (“Əsr s.,2)”.

    Sabah, hətta bir saat, bir dəqiqə sonra nə olacağını, başımıza nə gələcəyini bilmirik, “məchulə gedən bir gəmiyə”minib zamanın dalğalarında ləngər vururuq. Bu halımızla nəyə qürurulanır, nəyə güvənib özümüzü böyük sayırıq, bilmirəm. İçimizdə olan, özümüzün saydığımız nəfəsimizə belə gücümüz çatmır, istəmədiyimiz bir anda çıxıb bizi tərk edib gedirsə bizim gücümüz nədir bəs? Ya da varmı gücümüz.Ən doğma adamımızı can üstəykən ölmə deyib tutub saxlaya bilirikmi?Və bir gün bizi də kimsə tutub saxlaya bilməyəcək. Gücü çatmayacaq.Çatsa belə üç gün əvvəl sevdiyin bir adamın üç gün sonra üfunətə çevrilmiş cəsədini özün belə istəməyəcəksən. Budur son.Bunu düşününcə insan qürrələnməyə, mənəm, mənəm deməyə hardan cəsarət tapır, bilmirəm. Yox, əslində hamı bilir bunu, amma etiraf etmək çətin gəlir:nəfsimiz! Yalançı mənliyimiz!Yenilməsi, öldürülməsi lazım olan şeytan.Və Fena fillah yolunun ilk pilləsinə ilk addım.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir