Ayişə Nəbinin “Ərəb olmaq istəmrəm” kitabından.
Dünya, sadəcə, insanların dünyası deyil, bitkilərin, heyvanların, quşların da dünyasıdır. Ancaq çox vaxt insan heyvanların, quşların yerini dar edir, onların yaşamasına şərait yaratmaq yerinə, əksinə onlara mane olur. Tarix isə göstərir ki, hələ keçmiş zamanlarda “ov ovlayan quş quşlayan” dövrdə belə ulu babalarımız heyvanlara və quşlara qarşı daha mərhəmətli olmuşlar. Ev heyvanlarına və quşlarına olan qayğı bəllidir: bu qayğı mərhəmətdən çox mənfəətə dayanır. Önəmli olan çöl heyvanlarına, küçə itlərinə, pişiklərinə, quşlara qayğı göstərməkdir. Hələ 1665-ci ildə yazdığı səyahətnaməsində Zevenot qeyd edirdi ki, türklər it və pişiklərin yemlənməsi və saxlanması məqsədi ilə çox sayda vəqflər qurmuşlar. Vəqfin şərtlərinə görə hər gün bu iş üçün təyin olunan adamlar it və pişiklərin yerini müəyyən edərək aparıb onlara ət parçaları tökürlər. Bu, doğrusu, inanılacaq şey deyil.
Küçə heyvanlarının yemlənməsi ilə yanaşı bu heyvanlar üçün xəstəxanalar belə qurulmuşdu. O zaman bəzi qərb yazar və araşdırmaçıları bunu gülünc və ağılsızlıq kimi dəyərləndirmişdilər. Halbuki onlar özləri sonrakı əsrlərdə heyvan xəstəxanası açdılar, amma bu xəstəxana, sadəcə, zəngin ailələrin ev heyvanlarına xidmət edirdi. Mareşal Von Moltke 1837-ci ildə yazdığı bir əsərində türklərin necə xeyirxah və heyvanlara qarşı mərhəmətli olduğunu yazaraq deyirdi: ”Hətta Üsküdarda bir pişik xəstəxanası belə var.” Daha sonra qeyd edir, Türkiyənin bəzi şəhərlərində pişiklər üçün tikilmiş xüsusi binalar var, burada onların saxlanması üçün xeyriyyə müəssisələri qurulmuş, pişiklərə qulluq etmək üçün özəl xidmətçilər belə təyin edilmişdir.
Bəzi qərb qaynaqlarında göstərilir ki, türklər öldükləri zaman vəsiyyətnamələrində itlər üçün bəlli bir məbləğ ayrılmasını yazmış, göyərçinlər üçün də vəqf təşkil edilərək onların qorunub yemlənməsinin təmin edilməsi üçün xüsusi məbləğ ayrılmasını qeyd etmişlər. Sultan Əhməd külliyyəsindəki yazılar arasındakı vəsiyyətnamədə belə bir yer var:”Qışda qar yağanda şəhərlərə və qəsəbələrə enən quşlara səpmək üçün darı və buğda alınsın.”
Keçmişdə babalarımız yoxsul və kimsəsiz uşaqlara nə qədər qayğı göstərmişlərsə, çöl quşlarına da eləcə qayğı göstərmişlər. Hələ Övliya Çələbinin “Səyahətnaməsində” bəhs olunan İlyas Pınarı adlanan “Quş cənnəti” vardı ki, yaxın zamanlara qədər burada 239 növdə, təxminən 3 və ya 3,5 milyon quş yuva qurardı. Ev tikərkən quşların rahatca yuva qurmaları və kürt yatmaları üçün evin divarlarında xüsusi formada yerlər quraşdırardılar. Bu cür quş evləri türk memarlığının16-cı əsrdən 19-cu əsrə qədər keçdiyi inkişaf yolunda xüsusi bir detal olaraq qalmışdır. İstanbuldan başlayaraq Türkiyənin az qala hər yerində bu cür quş evləri-yuvaları vardır. Belə yuvaları, adətən, binaların cənub tərəfində, küləyin və yağışın çox tutmadığı, işığın bol düşdüyü tərəfdə qurardılar.Allah sevgisi ilə döyünən qəlblər, hər bir canlıya –quşa, heyvana olan sevgisini, mərhəmətini daşa həkk etmiş, daş üzərində göstərərək tarixə ötürmüşdür. İnsanı riqqətə gətirən bir şey də var, onlar quşların uçduqları zaman qonub dincələ bilmələri üçün quş evlərini dəmir çubuqlarla bir-birinə birləşdirmişlər.Hətta, quşların su içmələrini də düşünmüşlər. Binaları və evləri inşa edərkən onların üzərində xüsusi formada oyuqlar qoyurdular ki, bu da yağış suyunun dolub orada qalması, quşların bu suyu içə bilmələri üçündür. Quş evlərini, əsasən mədrəsələrin, məscidlərin üstlərində, qübbələrində, çeşmə başlarında, körpü altlarında qururdular.
İndinin özündə də bu adət tam olaraq itməyərək davam etməkdədir. Allah sevgisini qəlbində yaşadan insanların evlərinin həyətində xüsusi it və pişik evləri, hətta it və pişik ailəsi üçün evləri vardır. Şahidi olduğum bir şey də var ki, bəzən bu itlərə, pişiklərə yemək verirsən, onlar yeməyə tərəf qaçmırlar. Sadəcə, insan kimi öz evlərindəki qablardan yeyirlər.
Hər şey insan üçündür deyirik , amma bu əşrəfi məxluqat – insan bəzən “əsfələ safilin” olur, gözü ayağının altını seçmir, bunlar haqqında Qurani Kərimdə “Bəlhum ədal”dır deyilir, yəni heyvandan daha aşağı. Heyvandan daha aşağı olan bir varlıq heyvana necə mərhəmət edə bilər? Boşuna deyilməyib ki, “Siz yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin.”
Bir gün hz. Məhəmməd peyğəmbər (ə) gəlib görür bir pişik cübbəsinin üstündə yatıb. O pişiyi qaldırmamaq üçün cübbəsini kəsir, pişiyi tərpətmədən götürüb geyinir. Başqa belə bir rəvayətdə də deyilir: əməli saleh olmayan bir qadın yağışlı bir axşam yolla gedərkən bir pişiyin palçığa batdığını görür. Bahalı paltarlarına da heyfi gəlmədən pişiyi palçıqdan çıxarır, qucağına alıb evinə aparır, qurulayır, yemləyir. O qadın öldükdən sonra bir övliyanın yuxusuna girir, yuxuda qadın cənnətdə imiş. Övliya təəccüb edərək soruşur, sən ki, ibadəti, təslimiyyəti olmayan bir qadındın, necə oldu ki, bu mərtəbəyə yüksəldib cənnətə qoydular səni? O cavab verir: Uca Rəbbim məni palçıqdan çıxarıb mərhəmət etdiyim pişiyə görə bağışladı.
Quşlar, bütün digər faydalarını bir yana qoyuram, sadəcə bizim zövqümüzü oxşadıqları üçün, Uca Yaradanın yaratdığı olduğu üçün qorunmalıdır.çünki onlar da can daşıyır və üşüyür.