03 Aralık 2024

RAZİM ƏLİYEV

“AY-ATA” ASC-nin direktoru, təqdiqatçı

(davamı)

Şumer yaranış modeli ilə müqayisə etdikdə müəyyən fərqlərin olduğu görünür. Yəni, Şumer əsatirində  suyun heç kəs tərəfindən yaradılmayan mütləq varlıq olduğundan bəhs edilir. Ancaq Suyun bətnindəki bütün varlıqların anası adlandırılan NAMMÜ adlı ilahənin ilkin varlıqlardan biri Göylə (ata allah An-la) bitişik olduğu təsvir olunur. (Nammü suyu simvollaşdıran jarqon addır). Onların izdivacından Hava (Enlil) doğulur. Suların Atəşi yaratdığından bəhs olunur. Ancaq bu əsatirdə qədim türk dünyagörüşü üçün xarakterik olan dualizm vardır. Belə ki, Atəş həm oddur, həm də işıqdır. Buna görə də Yaranışın təməl elementi kimi 4-cü ünsür kimi İşığın (Nusku) adı çəkilir. Bu təməl ünsürlərin yaranışda iştirakının xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onlar bir-birini çevrilib vahid ünsür kimi təzahür edə bilir. Yəqin ona görədir ki, bu ünsürlərin hər biri ilə bağlı Yaranış versiyaları vardır.

Prinsipial əhəmiyyət kəsb edən bir məsələyə də diqqət yetirilməlidir. Monoteizmdən əvvəlki dünyagörüşdə Dünyanın, Kainatın Yaranışına başlanğıc kimi 4 ünsür qəbul edilir və Varlığın təcalla tapması daim mövcud olan həmin ünsürlərə bağlanır. Yəni, vücuda gəlmə daxili prosesdir. Şumer allahlar panteonunun ali şurasına diqqət yetirdikdə bunu aydın görmək olur. Belə ki, başlanğıc, təməl ünsürlərin iksi – Su və Hava cisimli varlıq, digər ikisi isə – Göy və İşıq cisimsiz varlıqdır. Buradan “Sular Atəşi yaratdı” dedikdə cisimli varlığın, sahəni, enerjini, cisimsiz varlığı yaratdı nəticəsi alınır. Cisimsiz varlıqdan isə, məsələn, İşıqdan (Sahədən, enerjidən, Əqldən, yaxud Ali şüurdan) maddi varlıq yaranır. Beləliklə, Yaranmanın dairəvi proseslə getdiyi qəbul edilir. Monoteizm dövrü dünyagörüşünə  görə isə Hər şeyi – bütün varlığı vücuda gətirən, yaradan, hər şeyə qadir Allahdır. Beləliklə: Araşdırmalarda dövrün dünyagörüşünə görə Yaranış və Yaradılış terminləri fərqləndirilməlidir. Yəni:

  1. “Yaranış” ifadəsi  ilə monoteizmə qədərki dünyagörüş xarakterizə olunur. (Mifoloji modeldə əvvəl SUyun mövcud olduğundan bəhs edilərkən onun hər hansı yaradıcı tərəfindən yaradıldığından bəhs edilmir).
  2. “Yaradılış” terminindən monoteizmin bərqərar olduğu dövrdə istifadə olunur. (Çünki aləmin, hər şeyin, o cümlədən 4 ünsürün yaradıcısı Allahın olduğu qəbul edilir.)

Araşdırmalar zamanı dünyagöüşlərdə bu prinsipial fərqləri nəzərə almamaq yanlışlığa aparır. Buradan çıxan nəticə kimi monoteizm dövründə, xüsusən təsəvvüfdə ilk yaradan ALLAH “vacib”, yaxud, “zəruri” varlıq kimi, Allahın yaratdığı hər şey – Aləm, Kainat “mümkün” varlıq kimi qəbul edilir.

Bütövlükdə “Sirlər xəzinəsi” məsnəvisinin süjetini, batini və zahiri ruhunu ezoterizmə verilən təriflə müqayisə etdikdə aydın olur ki, Nizami Gəncəvi məharətlə dövrünün açıq deyilməsi mümkün hesab edilən dünyagörüşü və ona aid bilikləri gizli, batini  dünyagörüşə aid biliklərlə vahid kompleksdə birləşdirən möhtəşəm bir sənət əsəri yaratmışdır. “Sirrlər xəzinəsinin” sirri isə İlk başlanğıcın, Yaranışın (Yaradılışın), Xilqətin və Xəlq edənin mahiyyəti haqqında açılışına qadağa qoyulmuş düşüncələrdir.

Nizami “Xəmsə”yə daxil olan bütün poemalarında bu və ya digər dərəcədə batini-ezoterik məsələləri üstüörtülü də olsa, eyham və işarələrlə əks etdirir. Bunu ezoterik mahiyyətlə bağlı işlətdiyi terminlərdən, rəmz və metaforalardan asanlıqla sezmək olur. Daha açıq şəkildə isə Xəmsə toplusuna daxil olan son poeması “İskənddərnamə”nin ikinci hissəsi “İqbalnamə”də bəhs edilir. Kitabın yazılma səbəbi haqqındakı bölmədə Nizami dövranın dəyişməsi ilə “köhnə havaları” “yeni nəğmələrlə” əvəz etmək zərurətinin yarandığına diqqəti yönəldir.

Deyir:

                    Dolanıb döndükcə qoca ruzigar

                    Özünə bir yeni müəllim arar.

                    Köhnə havaları dəyişər zaman,

O yeni nəğmələr bəstələr müdam.

Şair  özünə yol göstərən müəllimindən də söz açır:

“Çünki gizlində bir ilhamçım vardı,

Mənimlə örtülü söz danışardı.

Susmuşdur sirdaşım xeyli zamandır.

Mən də söz tapmıram halım yamandır”.

Sonra isə sirdaşını isnad verir:

“Əvvəldən bəsləyib tərbiyə verən

Bir nəcib insandır məni yetirən;

Mötəbər bir şəxsdir o Xoylu İmad,

Qalxmaq istəyənə o edir imdad”.

(N.Gəncəvi “İskəndərnamə” “İqbalnamə”, “Lider nəşriyyatı”, Bakı 2004, səh. 23).

Nizami müəlliminin ona qayğısını da xüsusi vurğulayır:

Mənə təlimlər verən elə ki, ədəb saçdı,

Məni doqquz fələyin düyümlərindən açdı.

Düyün-düyün üstünə düşmüşdü çox da ancaq,

O, bu ipin başından əsla çəkmədi ayaq.

                                                           (Sirlər xəzinəsi)

Lakin “İqbalnamə”də şair “Sirlər xəzinəsi”ndən fərqli üslubdan istifadə edir: Müxtəlif zamanda yaşamış yeddi alimi, yeddi müdriki fateh Makedoniyalı İskəndərlə bir məclisə “toplayır”.

Ariflər bəyənən bir yer seçərək,

Orda bir taxt qurdum mən sultanlartək.

Yeni bir üsulla büsat quruldu,

Düşüncəm məclisə xidmətçi oldu.

(yenə orda, səh., 25)

Yəni, Nizaminin düşüncəsi ilə yaranan və onun düşüncəsinin məhsulu kimi  təqdim olunan məsələlərin müzakirəsini təmin edən məclis qurulduğuna işarə edilir. Bu məclisin şərti iştirakçıları yeddi müdrikdir. Ərəstu (Aristotel), Valis (Fales), Bəlinas, Sokrat, Fərfuryus, Əflatun (Platon) və Hürmüz. Hökmdar İskəndərin və Nizaminin yeddi müdriklə məclisi xəlvət məclisi, gizli, batini məclisdir. Bunu məclisin və qoyulan sualların xarakteri haqqında İskəndərin dedikləri əyani təsdiq edir:

Padşah son qoydu şirin söhbətə,

Meyl edib çəkildi yenə xəlvətə.

O, alimlərə məclisin sirrini açaraq deyir:

“Sirrimiz nə qədər gizlin qalacaq?

Çox gecə keçirdik biz kef edərək,

Gəlin bir günü də elmə sərf edək!

Bircə gün baxaraq Günəşə, Aya,

 Fələyin sirrini qoyaq ortaya.

Bilək ki, bu öküz beli tək çadır,

Bu möhkəm yer üstə necə dayanır?

Əvvəli nəyimiş bu göyün yerin,

Bu haqda fikrini hamı söyləsin!

Ağıla idraka bir vəzifədir,

Bilsin ki, dünyada ilk tərkib nədir.

Əzəldən nə olmuş  xilqətə bais?

Bu və buna bənzər suallarla İskəndər yeddi müdrikə müraciət edir. Qoyulan suallar gizli, batini, həm də acılmasına qadağa qoyulmuş sahələrə aiddir. Bu suallar isə  əslində Nizamiyə məxsusdur. Burada seçdiyi üslub “Sirlər xəzinəsi”ndəkindən onunla fərqlənir ki, “İqbalnamə”də  gizli, qapalı hesab edilən məsələlərdən daha açıq danışılır. Lakin, məsələnin qoyuluşu və ona bildirilən münasibət daha çox hökmdar İskəndərin və ayrı ayrı-ayrı filosofların dilindən cavablandırılır. Bununla da Nizami açılmasına qadağa qoyulmuş məsələlərdən bəhs edilməsində, necə deyərlər, sığortalamış olur. Yaranış, Yaradılış, ilk varlıq, təməl elementlər məsələsində müdriklər əslində dörd ünsürlə “formalaşan”, yaxud, “formalaşdırılan” müxtəlif variantları sadalayırlar. “İlk tərkibin” Cisimli, yaxud, Cicimsiz varlıqdan vücuda gəlməsinə münasibət bildirirlər. Alimlərin Yaranış və Yaradılış haqqında fərqli fikirlərini yekunlaşdıran İskəndər deyir:

“Xilqətin sirrini kəşf etməmiş biz,

Təqdirə çatarmı heç qüdrətimiz?

Goylərə yazılı vərəq dediniz,

Ayrı cür oxudu fəqət hərəniz .”

“İqbalnamə”də  diqqət yetirilməli və əlavə şərhə eytiyac duyulan başqa məqamlar da vardır.

Rəmz və metaforalar. “İqbalnamə”də Nizami Gəncəvi Oğuz dünyagörüşü üçün xarakterik olan Göy qübbəsinin rəmzi mənasını “Öküz beli” kimi təqdim edir:

“Bilək ki, bu öküz beli tək çadır,

Bu möhkəm yer üstə necə dayanır?”                      

Bu rəmzdən və həmin rəmzə uyğun modeldən eyni mənada Ə.Xaqani də istifadə edir:

                    Fələk çadırımdır, torpaq döşəyim,

                    Göz yaşı içdiyim sudur müxtəsər.


Yaxud:                  Bir künbəzdir bu səma, yer onun döşəməsi,

                             Yoxsa nücum elmindən xəbərin, bunu bil, qan!

(Ə.Xaqani, Seçilmış əsərləri, Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı, Bakı 1956, səh. 172).

Orta əsr Azərbaycan fəlsəfi poeziyasında gen-bol işlənən bu rəmz və dünyanın ilkin modeli Yaranış haqqında əski türk mifik təsəvvürü ilə eynilik təşkil edir.

“Üzə tənri, asra yaqız yer kılındıkda ekin ara kişi oğlu kılınmış…”

(Ə. Rəcəbov, Y. Məmmədov “Orxon-Yenisey abidələri, Bakı,1993, səh. 71)

Orxon-Yenisey abidələrində ifadə olunan bu fikrin azca fərqlə yuxarıda deyilənlərlə eynililiyi aydın seçilir. Maraqlıdır ki, Qobustandakı Kiçikdaş dağında 5 nömrəli qayaüstü təsvurdə mütəxəssis alimlərin Mezolit dövrünə aid etdikləri rəmzlərlə verilən şəkli yazı – piktoqrafiya da eyni fikri ifadə edir. (Razim Əliyev, “Məxfilik qrifi, yaxud Mif, Fəlsəfə, Din və Dil düyünü” Bakı, Ziya-Nurlan NPM, 2002, səh. 34).

Onu da qeyd etmək lazımdır ki, bir çox sirli Şumer və Qədim Misir təsvirlərinin mənasının başa düşülməsində Öküz simvolu açar rolunu oynayır.

Maraqlı metaforalardan biri Güzgüdür (Aynadır). O, ezoterik dünyagörüşün kodlaşdırılmış dərin qatlarına nüfuz etməyə uğurla yol açır. Şərq fəlsəfi peziyasında Güzgü geniş istifadə olunan rəmz, meyar, metaforadır. Xaqani də, Nizami də ezoterik sistemə bələd olan bir çox klassiklər də Güzgüyə, Aynaya müraciət etmişlər. Nizami dünyanı “güzgülü ev” adlandırır. Bu ideya Yaranışın qədim mifoloji düşüncəsindən qaynaqlanır. Yəni, Yaranışın başlanğıc ünsürləri olan Su əksetmə keyfiyyətinə, həm də simmetriya yaratma keyfiyyətinə malikdir. Aynanın qədim dünyagörüşün sirli qatlarına açar olması barədə apardığım araşdırmalara müxtəlif illərdə çap etdirdiyim yuxarıda adını çəkdiyim kitablarda, habelə, “Güzgü konsepsiyası” mədəni tarixi irsimizin gizli məqamlarının açılmasında vasitə kimi” – (AMEA Folklor İnstitunun “Dədə Qorqud” elmi ədəbi toplusu, 2014, IV (53) nömrə səh. 31-42) və “Ayna motivi Şumer Yaranış fəlsəfəsindən İbn Ərəbi sufizminədək” (yenə orda, 2020/II – səh. 122-129) məqalələrimdə geniş bəhs olunmuşdur. Bununla belə ezoterik sistemdə özünəməxsus yeri olan Güzgü ilə bağlı bəzi sirli məqamlara aydınlq gətirmək yerinə düşərdi. Nəzərə alınmalıdır ki, Ayna (Güzgü) əksetmə xüsusiyyətinə görə Yaranışın başlanğıc ünsürü olan Suyu simvollaşdırır, ona görə də mifoloji yaranış modelində əvəzedilməz yer tutur. Xüsusilə, Yaranışın ilkin mərhələsi kimi qəbul edilən biri birinə bitişik Göy və Suyun yaratdığı yarımkürrə  Nizaminin dedyi  “ Güzgülü ev” kimi təsəvvür edilir. Güzgü həmin yarımkürrəni – Göy qübbəsini simmetrik şəkildə kürrəyə tamamlayır və kainatın obrazını yaradır. Bunun mənası isə Güzgü qarşısındakı real varlıqla Güzgü arxasındakı ideal varlıq arasındakı münasibətləri bildirmək üçündür. Yəni, Güzgü – Varlıq və Yoxluq, Cisim və Xəyal, Maddi və Ruhi varlıq münasibətlərini modelləşdirən metaforadır. Güzgü həm də tarixən kodlaşdırmada istifadə olunan vasitə kimi  istifadə olunmuşdur. Kodlaşdırmaya isə həm sözlərdə, jarqon ifadələrdə, həm də qayaüstü rəsmlərdə təsadüf edilir. “Quş dili” adlandırılan bir neçə jarqon ifadənin kod açılışını nəzərdən keçirək.

  1. NAMMU. Şumer miflərində bütün varlığın böyük anasının adıdır. Nammu su ilə, dünya okeanı ilə bağlı jarqon ifadədir. Mənası heç bir dildə başa düşülmür. Əgər həmin ifadəyə sözün sonunda sağ tərəfdən perpendikulyar qoyulmuş güzgü ilə baxsaq güzgüdə asanlıqla UMMAN sözünü oxumaq olur və sözün mənası indi də dilimizdə işlənən ÜMMAN ifadəsinə gəlir. Bu isə Nammunun əsl xarateristikasını aşır. Bu cür açılış qaydasına Dəhləvinin “Oğluma nəsihət” şerində: “Əgər kağız zərif olsa oxunar arxadan sözlər” deyimi də yol açır. Yəni, məsələn: Nammu, Zurvan, Köküdey və bu cür jarqon ifadələrin də şifrəsini həmin üsulla açmaq olur. Belə ifadələrin nümunəsini Nizami eyhamla oxucusuna çatdırır.

“Bəzən “rud” deyirdi: – saqi mey gətir,

Eşq olsun bu keyfə, sən bir cam yetir”.

(Nizami Gəncəvi, Xosrov və Şirin, Azərbaycan Dövlət Nəşriyyatı,Bakı-1947, səh. 317). Burada da dırnaq içərisində yazılan “rud” ifadəsinin kodu güzgü qaydası ilə, əks oxunuşla açılır. Yəni misra bütövlükdə:

“Bəzən dur deyirdi: – saqi mey gətir” mənasına gəlir.

Yaxud, Xosrovla Şirinin toyunu təsvir edən fəsildə Nizami yazır:

“NİKİSA oxuyur, barbəd çalırdı,    (kursiv mənimdir R.Ə.)

Zöhrə bu səslərdən ibrət alırdı.   (yenə orda, səh. 317).

Burada Nizaminin müğənniyə seçdiyi Nikisa adına heç bir yerdə etnik ad kimi təsadüf edilmir. Bu ad altında müəllif “quş dili”nin daha bir şifrə açma üsulunu diqqətə çatdırır. Yəni:

Nİ+Kİ+SA sözü hər bir hecanın əksinə çevrilərək birləşdirildiyi kodlaşdırılmış sözdür. Şifrəsi açıldıqda hər bir heca əksinə çevrilib birləşdirilməlidir. Onda həmin ifadə –

İN+İK+AS= İNİKAS sözünə çevrilir, İnikas isə yenə mətndə dəfələrlə adı çəkilən əks edən – güzgü anlamına gəlir.

Nizami Gəncəvinin gələcək nəslə ünvanladığı əsas ezoterik bilgilər daha qlobal məsələləri əhatə edir. Bunun miqyasını başa düşmək üçün yenidən Talmuda müraciət etmək lazım gəlir. Talmudda xüsusi vurğulanır ki: “Qadağanın əksinə,  “Sirli olanla məşğul olmaqla” filosof insanı yüksəldir və onu təbiətin gizli saxlanan sirlərinin açılmasına çağırır”. ”Еремей Парнов, Трон Люцифера – Критические очерки магии и оккултизма – Издателство политической литературы, Москва, 1985, стр., 164). Əgər Talmuddan gətirilən birinci sitat nəyin araşdırılmasının qadağan olduğunu bildirirdisə, ikinci sitat qadağanın məqsədini göstərir.

Onu da qeyd etmək lazımdır ki, ezoterik mahiyyət daşıyan mifoloji, dini və fəlsəfi baxışlardan əlavə Yaranışın səbbəblərini araşdıran müasir elmi nəzəriyyə də mövcuddur. Fransa ilə İsveşrə sərhəddində inşa olunmuş 27 kilometr uzunluğunda yeraltı Adron Kollayderində aparılan ekspermentlər Kainatın fundamental əsaslarının öyrənilməsinə yonəldilib. Avropa Nüvə Araşdırmaları mərkəzində 45 ölkənin alimlərinin iştirakı ilə Böyük partlayışın minatürünün yaradılması üzərində iş aparırlar. Təcrübənin mahiyyəti varlığın ilki, bünövrəsi hesab edilən Hiqqs bozonun materiyaya kütlə qazandırması barədə nəzəri müddənı təsdiq etmək olmuşdur. Bu Kainatın mütləq sahədən maddiləşən varlıq formasının vücuda gəlməsi, indiki anlamda dünyanın yaranışının təcrübədə təsdiqi deməkdir. Maraqlıdır ki, Kainatın quruluşu haqqında ən müasır elmi nəticələrə aid faktlar böyük Nizaminin ezoterik mahiyyətli baxışları ilə qəribə şəkildə səsləşir. Yəni, Varlığın, Yaranışın ilkin vəziyyətini əks etdirən mifoloji modeli müəyyən mənada Adron Kollayderində aparlan təcrübələrin nəticəsi ilə təsdiq edilir. Bu mənada ABŞ professoru Tim Tarpın fikiri maraq doğurur. Tim Tarp deyir: “…çoxdan hesab edilirdi ki, antimateriya materiyanın dəqiq inikasıdır və biz nəhayət ki, bunu təsdiqləyən sübutu əldə etdik”. (https://hi-news.ru/research-development/fiziki-dokazali-chto-antimateriya-yavlyaetsya-zerkalnoy-kopiej-obychnoj-materii.html). Yəni müqayisə göstərir ki, ən müasir elmi eksperment yolu ilə alınan Yaranışın kiçik miqyaslı-minatür modeli, Nizaminin “güzgülü ev” adlandırdığı mifoloji Yaranış modeli kimi güzgü fenomeninə, simmetriya prinsipinə bağlanır.

25 oktyabr 2020-ci il

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir