24 Kasım 2024

“ƏRƏB OLMAQ İSTƏMİRƏM” kitabından

      Uca Allah Qurani Kərimdə yaratma, öldürmə, diriltmə, vəhy, kitab endirmə və s., sözü gedən heç heç bir varlığı, hadisəni, işi mən yaratdım, mən etdim demir. Bəzən biz etdik deyir: “Biz mələklərə və cinlərə Adəmə səcdə edin dedik” (Bəqərə-34), bəzən Allah, Rəbb, Yaradan… “Allah Adəmə bütün adları öyrətdi” (Bəqərə-31), bəzən də üçüncü şəxsin dilindən danışaraq o etdi deyir : “O, yerdə nə varsa hamısını sizin üçün yaratdı… O, hər şeyi olduğu kimi biləndir” (Bəqərə-29).

     Burada müxtəlif mübahisəli fikirlər var. Uca Yaradanın özəl köməkçilərimi var, onun yerinə kimsə işləyirmi, o haradasa uca bir taxtda oturub əmrlər verir, başqa qüvvələrmi həyata keçirir onun əməllərini, deyə suallar verilir. Əgər bu  Kitab Allahın sözüdürsə, niyə Allah öz sözünü özünün-tək bir “Mən”in dilindən demir, cəm halda danışır, üçüncü şəxsin dilindən deyir. Üçüncü şəxsin dilindən deyilənlər daha çox mübahisəyə səbəb olur, hətta bu sözləri bəlkə kiminsə dediyini də  söyləyənlər tapılır.

Burada bizim ağlımıza gəlməyən çox hikmətlər var. Bizə cılız, xırda görünən bir çox məsələ, bəzən Allah qatında önəmli sayılır ki, bunun da çox zaman fərqində olmuruq. Hikmətlərin fərqində olmamağımızın bir səbəbi də bizim hər şeyi öz arşınımızla ölçməyimizdir.Təəssüf ki, beynimizin arşını hikmət ipəyinə ölçü tutmur.

   Allah qatında hər kəlimənin öz yeri, hər hərfin öz haqqı var, barmaq uclarımızdakı cizgiləri belə fərqləndirən Yaradan zamanımızı, günlərimizi deyil, hətta nəfəslərimizi sayılı qılmış, hesaba almışdır. Ömrümüz nə bir an o yana, nə də bir an bu yana dəyişə bilməz. Hər şey saat, saniyə, salisə, an dəqiqliyi ilə qılı qırx yararaq qərarlaşdırılmış, təbiətin-kainatın nizamında nə bir tələsmə, nə də bir ləngimə yoxdur. İnsandan asılı olmadan zaman öz axarı ilə gedir, bizim dərk edib-etməməyimizdən asılı olmayaraq həyat davam edir.

Biz bu hikmət ipəyinə bürünsək də, hikməti boş fəlsəfə deyib özümüzə yaxın buraxsaq da, buraxmasaq da, Uca Yaradan bundan zərər görməz. Nizam pozulmaz. Sirr də çözülməz. Eləcə də Allahın “mən” deməməsi bir çox hikmətlərin üstünə öz sirr pərdəsini çəkib, bilinməz.

    Allah burada hər şeydən əvvəl öz böyüklüyünə, qüdrətinə baxmayaraq mənəmlik iddiası etməməyi nümunə göstərir, özünün yaratdığına, heç bir vasitə, səbəb, materiya olmadan yaratma xüsusiyyətinə malik tək varlıq olduğuna baxmayaraq “mən yaratdım” demir, “biz yaratdıq” deyir. Eqoist insanlara bu ən gözəl və ən təsirli örnəkdir. Biz xırda bir iş görəndə qürrələnir, bax, bunu mən etdim deyir, özümüzü böyük sanırıq, ancaq Uca Allah biz deyərək, insanlara mənəmlik, eqoistlik xəstəliyinə düşməyin deyir. Başqa bir görüşə görə, Allah insanlara bir başa müraciət etmir, arada bir vasitəçi olduğundan öz əməllərini onlarla həyata keçirir. Məsələn, ən önəmli işləri görən dörd böyük mələk: Cəbrayıl-Allahın sözlərini insanlara çatdırır, Əzrayıl-insanların canını alır, Mikayıl-təbiət hadisələrini idarə edir, İsrafil-qiyamət, ölmə-dirilmə carçısıdır. Aradakı vasitənin səbəbi Onun heybətidir, bir zərrə təcəllidən dağ yerindən oynayırsa, insan necə dözə bilər birbaşa ünsiyyətə. Qəlbi “yuyulub” hazır olan, mənəviyyatı o gücə hesablanmış insan belə onu qəbul etməyə çəkinir. Hz.Peyğəmbərə (sav) vəhy gəldiyi zaman dəvənin belində olanda vəhyin təsirindən dəvə çökmüşdür.

     Uca Allah Adəmi yaradıb hər kəsə, ona səcdə edin, deyəndə təkcə İblis mənəmlik edib özünü yüksək tutaraq Adəmə səcdə etmədi və qiyamətə qədər lənətləndi. Allah mənəmlik iddiasına qarşı cəza olaraq lənəti qoydu.

   “Siz” müraciəti, adətən, böyüklərə, hörmət etdiyimiz şəxslərə edilir. Biz sözü də siz-in qarşılığıdır.Yaradan öz ululuğunu, ucalığını, böyüklüyünü bu “biz” sözü ilə insanlara bir daha xatırladır. Qüdrətinin təcəllisi kimi bəzən öz adlarını, ən çox da Allah adını işlədir, bu da həm başqa bir xatırlatma, həm də öz adlarını bildirmədir.

  Kainat dairəvi xətlə göstərilir, yəni bir növ qapalı dairədir. Bütün canlılar Allahın zərrələridir, hamımız “ondan gəldik ona qayıdacağıq”. Allahdan qopub kainatın ayrı-ayrı varlıqlarını təşkil edən hər canlı dairəvi xətt boyu hərəkət edərək öz əzəli məkanına, ilkin varlığına dönəcək. Dünyaya gəlir, yaşayır və ölür, ölüm həyatın sonu olduğundan “yoxdan-yoxa” prinsipi həyata keçmiş olur burada və ox yenə də çıxdığı ilkin yuvasına qayıdır. Bu dairəvi hərəkətdə sayısız qədər “mən” var, “mən”sonsuzluqla işarələnir. Ancaq “biz” birdir və bütün “mən”lər onun içində qalır. Dairəvi hərəkətin kodu olan “biz” sözü tək bir deyilişi ilə bütün kainatı şifrələyir.

    “Mən” deyib şəxsini üstün tutan bir çox insan ibadət etmir, ibadəti alçalmaq, başqasının qarşısında əyilmək kimi görür. İnsan, özü də fərqində olmadan həyatda müxtəlif adlı, formalı, dünyəvi mahiyyətli güclər qarşısında əyilir, ibadətdə isə insan güc deyil, sevgi qarşısında əyilir, mənəvi ehtiyacını ödəyir, könüllüdür, öz istəyini yerinə yetirir. Başqa tərəfdən də biz Allahın zərrələri olduğumuzdan, yəni bir bütünün parçaları, başqa sözlə ”biz”i təşkil edən “mən”lər olduğumuzdan ibadət etdiyimiz “biz” həm də elə “mən”dir. Yəni, sözün qısası biz ibadət edərkən Allaha əyildiyimiz qədər, əslində öz “mən”imizə əyilirik. Allahın nəfəsini daşıdığımız kimi onun özünü də içimizdə daşıyırıq. Hədisdə deyildiyi kimi “Mömin o insandır ki, onun üzünə baxanda Allahı xatırlayırsan”.

AYİŞƏ NƏBİ

#Allah#kainat#yaratma#mən#biz#ibadət

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir