24 Kasım 2024

“ƏNƏNƏ VƏ DİN” kitabından

İnsan öz-özü ilə danışarkən hansı dildə danışır. Bəs fikirləşərkən? Bilmədiyi bir dildə danışmaq və ya düşünmək mümkünmü, qismən mümkün olsa da insanı nə dərəcədə ifadə edər?

İnsan ala-yarımçıq bildiyi bir dildə kəkələyə- kəkələyə danışarkən demək istədiklərini təbii ki, tam deyə bilmir. O zaman ibadət edərkən, dua edərkən biz ürəyimizdən keçənləri mənasını bilmədiyimiz dualarla necə deyə bilirik, əgər deyə biliriksə, bu duada nə qədər səmimi oluruq. 

         Bizdə hər hal, hər hadisə, zaman, insan üçün konkret dualar, konkret düsturlar var, Allaha konkret müraciət formaları var. Namazda Allahla görüşümüzdə Ona mənasını bilmədiyimiz ərəb dilində üz tutaraq əzbərə dualar oxuyuruq, əl açıb dua niyyətinə nələrsə deyirik. Deyirik, amma dediyimiz sözləri içimizdə hiss etmirik, çünki sadəcə əzbərləmişik, mənasını ya bilmirik, ya da az çox bilirik, ona görə də öz doğma dilimiz kimi hiss etmirik. Dilimzdə deyərkən içimizdə hiss etmədiyimiz bir sözü başqasına ötürə bilmərik, nəinki Allaha.Ya da Allahla söhbət olan Quran oxuduğumuz zaman əgər onu anlamırıqsa, onda necə söhbət edə bilərik.

  Təbii ki, Quranı oxumaq vacibdir, ancaq onu başa düşüb dərk etməkdə çətinlik çəkirik. Anlamasaq da oxuyuruq, çünki, onun enerjisi bizi örtür, içinə alır. Biz bu enerji məsələsini o qədər böyüdürük ki, onun içində gizlənən mənadan və hikmətdən pay almağı unuduruq. Ancaq Allah öz kitabında dəfələrlə bizə düşünməyi məsləhət görür, əzbərləməyi deyil. Digər tərəfdən də bizim qəribə bir xüsusiyyətimiz də odur ki, biz başqa dildə olan, başqa ölkədə olan hər şeyə daha cazibədar baxırıq. Eyni şey əgər bizdə də var, başqasında da varsa, biz hər zaman başqasında olanı üstün tuturuq, əldə etməyə çalışırıq. Başqa əldə, başqa dildə olan şeylərə tamah salırıq niyəsə. Bu da mövhumatın ən dərininə gətirib çıxarır. Mövhumat dinin və beynimizin içinə elə yeriyib ki, artıq hansınını əsl, hansının mövhumat olduğunu qarışdırırıq.Çünki ərəb dilində eşitdiyimiz molla kəlamları və dualar bizi hansısa bilmədiyimiz sirli aləmlərə aparır, orada bilmədiyimiz gözəllikləri görür, bu dünyada sahib ola bilmədiyimiz əlçatmaz saydıqlarımıza sahib oluruq və özümüzü rahat hiss edirik. Eləcə də Allaha dua edəndə, öz dilimizdə deyərkən sanırıq ki, duamız gedib uca Yaradana çatmayacaq, axı “Allahın dili ərəb dilidir”, kitabı ərəbcədir. Bu fikirlə də öz dilimizi bir qırağa qoyub bilmədiyimiz ərəb dilində dualar kəkələməyə başlayırıq. Allah bunu necə, niyə qəbul etsin. Qol qabırğasını sındırdığımız sözlər ərəb kəlimələri olmaqdan çıxır, anlaşılmaz bir şey alınır, sonra da deyirik ki, dualarımız niyə qəbul olunmur. Amma insaflı olub bir özümüzə baxsaq görərik ki, bizim dilimiz heç bir dildən geri qalan deyil, biz bu dildə öz fikrimizi və istəklərimizi daha ətraflı, dəqiq və dolğun ifadə edə bilirik, daha səmimi oluruq. Allahla danışmaq insanın özü özüylə danışması kimidir, ondan bir az da ötədir. Çünki insan özünə yalan deyir, özünü ovutmaq üçün bəhanələr uydura bilir, amma Allahla bəhanələr və yalanlarla danışa bilməz, bilmir, uydurmur.

   Söz səthi bir şeydir, hisləri və ən içdəki duyğuları müəyyən qədər ifadə edir, odur ki, Allaha hansı dildə müraciət etməyin əslində heç bir fərqi yoxdur, o onsuz da qəlblərdə gizli olanı biləndir, bizim dediyimizi deyil, demədiyimizi bilir, ancaq bunun da bir hikməti var ki, o bizim istədiklərimizi bir də bizim öz dilimizdən eşitmək istəyir, o bizim onunla birlikdə olmağımızı, onunla hər an “danışmağımızı”, “görüşməyimizi” istəyir, ona görə də bizə belə bir fürsət vermiş və mənimlə danış demiş, dua istəmişdir. Bizim içimizdə olanları ona çatırdırmağımız üçün bilmədiyimiz dildə danışmaq bir az gülünçdür. “İnsan böyük bir nüsxədir.”(İbrahim Qurani) və uca Allah o nüsxəni istədyi zaman bizdən asılı olmadan oxuyur.

   Enerjinin ilkinliyi var bir də. Ərəb dilində endirilən vəhyi Allahın dəyişimə uğramadan gələn enerjisi kimi qəbul edirik, bəs sözsüz-səssiz, şəkilsiz olaraq qəlbə dolan vəhy?Sözə və ifadəyə sızğmayan vəhy? Sonradan Allah elçisinin dilində sözə çevrilən mənaya ərəbcə endirildi demək olarmı?

     Söz bir qabıqdır, qabıqdan asılı olmayaraq onun içindəki cövhər eynidir. Söz hansı dildə olursa olsun daşıdığı yük, mahiyyət və məna dəyişmir. Bütün irqlərdən, millətlərdən və dinlərdən olan insan öz içində eyni hisləri, eyni ehtiyacları yaşayır, eyni tərzdə düşünür, eyni şəkildə doğulur və eyni ölürsə, eyni şəkildə inanmaq və etiqad etmək istəyirsə, elə söz də o şəkildə, hər dildə eynidir, sadəcə onun hərflərlə şəkli və səslənişi fərqlidir, ancaq içinin odu-atəşi, yaşam enerjisi, ya da donuqluğu hərflərdən asılı olmayaraq eynidir. Bunu bizim qavramağımız və içimizdə dolandırıb öz malımız etməyimiz fərqlidir. Məsələn, bir zənci də sevinəndə qəlbi riqqətə gəlir, gülür, rəngi açılır, bir avopa ağdərilisi də, ya da kədərlənəndə zənci də eyni şəkildə köks ötürür, bir Avropa eliti. Ancaq dilindən çıxan səs fərqli olur. Beləcə də xırdalığa varmadan deyək ki, dilin əslində o qədər də fərqi yoxdur, ancaq bizim ürəyimizi boşaltma vasitəmiz də dildir. Şair V.B.Odərin,  “Mən bilmədiyim dildə şeir oxuyanda onu başa düşürəm” deməsində, biz qavramasaq da, əslində bir gerçəklik var.

     İbadət insanı bir çərçivədə, nizam içində saxlayır, sağa sola sapmağa, fikir dağınıqlığına düşməyə yol vermir, bəlli bir yolla yürüdərək daha uzaqlara aparır. İbadət daxili sabitlik, sakitlik, sərbəstlik, rəvanlıq yaradır, içinə mənfi və kələ kötür fikirlər dolmağa qoymur, sabit ruh səviyyəsini qoruyar. Bu da qəlbin hüzur və rahatlığını təmin edərək birbaşa həyatın, yaşamın xoşluğuna, gözəlliyinə gətirib çıxarır. Buna bir də öz dilimizlə qəlbimizin səmimiliyini əlavə etsək, bu gözəlliyə bir gözəlik daha qatmış olarıq.

   Nəticə olaraq, ibadətlərimizi ərəbcə edək, yoxsa öz dilimizdə sualı “yumurtamı qabaq yaranıb toyuqmu” sualı kimi cavabsız qalır. Ancaq onu dəqiq bilirəm ki, biz ərəbcə dua edib, dirimiz bir yana, ölümüzlə ərəbcə danışdığımız müddətcə mövhumat bataqlığından çıxa bilməyəcəyik. Çünki hələ də məclislərimizdə mollalar bəlkə özləri də mənasını tam bilmədikləri qarışıq dualar oxuyaraq camaatda xof yaradır. Biz isə elə düşünürük ki, ərəbcə deyilən hər kəlimə gedib bizim ölülərimizə çatır və onlar bundan məmnun olurlar. Mollaları qınamalı deyil, nə qədər ki, dirimizlə modern saydığımız başqa dillərdə danışmağı üstünlük və savadlılıq sayacağıqsa, ölümüz elə ərəb dilini eşidəcək, biz də yas məclislərimizdə mənasını bilməsək də palaza bürünüb ellə sürünərək yaxşı gələn avaza “Amin” deyəcəyik.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir