21 Kasım 2024

MAHMUD MÖVLUDOĞLU

Ən əski ədəbiyyat örnəklərinə baxıram və bir anda özümü həmin çağda, həmin olayların içində hiss edirəm. O tarix, o olaylar yaddaşıma köçür, mən tarixi və o tarixdə baş verən hadisələri daha yaxşı mənimsəyirəm. Üstəgəl də  o dövrün ab-havasını, insanını, insanların yaşantısını, nəyə yaxşı, nəyə pis deməklərini, dünyagörüşlərini və s. və ilaxır öyrənirəm. Di gəl ki, bir tarix kitabını alım xronologiyanı oxuyum, quru elmi dildə yazılan tarixi oxuyum, nə yalan deyim tez yoruluram, davam etmək istəmirəm. Maraq güc gəlsə də ədəbiyyat oxuduğum kimi oxuya bilmirəm.

Yaxşı, bəs bu təkcə mənim başıma gəlir, sizcə? Yox, əksər gənclər, elə yetişkin insanlar da elədir, bədii ədəbiyyatı daha rahat oxuyurlar, nəinki tarixi, fəlsəfi, elmi əsərləri. Odur ki, fikrimcə bu günü, eləcə də yaxın keçmişdə baş verənləri elmi-publisistik məqalələrlə yazmaq öz yerində, bir söz demirəm, ən əsası ədəbi dillə, bədii əsərlərdə yazın. Bizdən sonrakı nəsillər bizim çağımızı elə bizim özümüz kimi bədii ədəbiyyatdan daha maraqla oxuyub öyrənəcəklər.

Hə, deyirsiz ki, bədii ədəbiyyata təxəyyül qarışır, təhrif qarışır, nələrsə əksik yazılır, nələrisə artıq yazılır, düz olmur. Bunlar, əlbəttə, olacaq. Amma inanın ki, bu artırma-azaltma  elmi, tarixi əsərlərdə də olur. Kim deyə bilər ki, tarixi olaylar üzü Herodotdan bəri olduğu kimi yazılıb, düzdür, haqqı deyir. Əsla inanmaram. Tarix-i nadiri ( yadıma düşmüşkən, keçən gün hansı kanaldısa bir “Tarix nadir” adlı veriliş gedirdi. Bu sözü ya “Nadirin tarixi” yazın, ya da tarix-i nadir.Yanlış hər zaman naxış olmur) bir az vərəqləmişik də, görmüşük ki, tarix də təhrif olunur.

Bir millətin tarixi yaşantısı ədəbiyyatda ifadə edilmirsə, o millət haqqında ədəbi əsərlər yazılmırsa, o millətin keçmişi yaddaşlardan silinib gedir, tarixdə unudulur. Leyli ilə Məcnunun sevgi olayı hansısa qədim bir ərəb qəbiləsində yaşanıb, tarix bunu yazırmı? Xeyr. Bu sevgi olayının unudulması ilə tarix heç nə itirmir, ancaq millət itirir. Əgər bu sevgi dastanı yazılmasaydı, bu gün nə o hadisə, nə o qəbilə, nə o adət-ənənə, nə o düşüncə tərzi, nə də o dövr xatırlanacaqdı.

Məsələn, elə götürək keçən əsrdə yaşanan tarixi hadisələri. Tarix bunu quru cümlələrlə yazaraq xronologiya hazırlayır. Əgər 1905-ci il ermənilərin törətdiklərini N.Nərimanov, məsələn, “1905-ci il” pyesində yazmasaydı, biz hansı tarixi faktdan biləcəkdik ki, o gün sıravi xalq nə yaşayıb.Yaxud İsa Muğannanın “Məşhər” romanı olmasaydı Nəsimini nə qədər kütləvi tanıyacaqdıq? Nəsimi bu əsərlə bu qədər sevildi. “Nəsimi” filmi ilə isə Nəsimiyə olan sevgi lap zirvəyə qalxdı. Hər kəs öz ürəyində Nəsimi olmağın xəyalını qurdu. Bədii ədəbiyyatın gücünün böyüklüyünü elə buradan da görmək olur.

Ədəbiyyat digər yandan həyatın hər sahəsini, hər yönünü, necə deyərlər, hər anını təsvir edir. Tarixdə ən çox savaşlar və dövlətlərin tarixləri yazılır, hökmdarların və qəhrəmanların həyatı tarixə düşür. Bədii əəbiyyat bu baxımdan daha geniş və əhatəlidir. Ədəbi əsərdə insan əsas mövzudur: burada insanın sevgisi və nifrəti, yaşayışı və ölümü, işi və seçimləri, ətaləti və mübarizəsi, bir bütün olaraq toplumun hər halı və hər anı mövzuya daxil olaraq təsvir edilir. Bu baxımdan, bədii əsər uzun ömürlü və diri olur. Diri yəni, hər zaman oxunmaqla özünü bir növ diri tutdxuraraq yaddaşlarda saxlayır.

Bu gün biz keçən ilki 44 günlük mübarizəni tariximizin fəxri olaraq yaşadıq və yaddaşımıza həkk etdik. Ancaq bu zəfər ədəbi əsərlərlə ən gözəl şəkildə tarixə ötürülməsə unudulacaq və tarix səhifəsində kitab vərəqlərindəki xronologiyanın bir hissəsi olacaq. Odur ki, adi, bəsit deyil, ən sanballı ədəbiyyat örnəkləri yaradılmalıdır ki, zəfər tariximiz unudulmasın. Eyni zamanda mən təkcə savaş tarixini nəzərdə tutmuram. Çünki tarix kitabları savaş təsvirlərini sevir, ədəbiyyat isə insan hislərini. Tarix rəqəmlər üzərində qurulur, ədəbiyyat isə insan münasibətləri, tarixin sonu gəlir, ədəbiyyat isə nə köhnəlir, nə də önəmini itirir. Min il əvvəl insan nə yaşamışsa bu gün də, bəlkə fərqli tərzdə olsa da, eyni hisləri  yaşayır. Demək, ədəbiyyat bir başa vasitəsiz olaraq insana xitab və xidmət edərək bu günü, bütün dolğunluğu ilə ifadə edərək içindəki rəqəmlərlə birgə yeni bədii əsərlərdə gələcəyə daşıyacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir