“Bazar günü söhbəti” guşəmiz
Həyatda ən qorxduğum şey sözdür. Sözün özüylə fəlakətlər, bədbəxtliklər gətirdiyini bilirəm deyə qorxuram.Ətrafda insanların danışıqlarını eşitdikcə bu sözlərin çoxunun onun taleyinə yazılacağını düşündükcə, amandı, belə danışmayın desəm də çoxluğu dəyişmək mümkün deyil. Hər kəs haqlı olduğunu düşünərək, haqlı çıxmağa çalışaraq, bir yandan da əsəblərini cilovlaya bilməyərək ağzından xoş olmayan sözlər çıxarır.Niyə?
Niyəsini deyim, birinci, insan özünü çox kiçik görür və bu kiçikliyi ilə sözünün onsuz da təsirsiz qalacağını, həyatına, taleyinə təsir etməyəcəyini zənn edir.Yanılır.Yanılınca pis sözlərinə davam edərək taleyini daha da qaraldır. İnsan elə varlıqdır ki, həyatında xoş olmayan bir hadisə baş versə, ümid və inamı azalır, daha da əsəbi olaraq daha da qarğışlı, ağır sözlər işlədir.
Bəzən sözümüzün dediyimiz həmin adama gedib çatdığını sanırıq. Bəlkə də çatır. Amma söz fəzada dolaşaraq itmir, deyildiyi şiddətlə düzxətli hərəkət edərək birbaşa ya deyilən adama çatır, ya da adam səndən güclüdürsə qayıdıb sənə gəlir. İstənilən halda Allah bundan agahdır və sənin sözlərin öncə onun qulağına gedir, ilk tədbiri də o alır. Bu bir az mövhumat kimi səslənsə də, yaxın yüzillikdə bir çox “mövhumat” kimi bu da açılacaq.
Bu yazını yazmağa dünən şahid olduğum söyüş səhnəsi vadar etdi. Poliklinikada oturub iynə vuranı gözləyirəm, başqa bir həkim qadın telefonla eviylə danışır. Uşağa digər əsəbi, hədəli, yaralayıcı sözlərlə yanaşı “zatına lənət” də dedi. Etiraz etdim, belə deməməsi üçün səbəbləri izah etməyə çalışdım, ancaq hirsli başdan ağıl çıxdığı üçün başa düşəcək halda olmadığını görüb susdum.
Bir ana uşağına lənət oxuyar, uşaq gələcəkdə bədbəxt olarsa, ana dizinə-başına döyüb, bu bədbəxtçiliyin niyələrini axtarar, ancaq bunu övladının alnına özünün yazdırdığını anlamaz. Dilimizdən çıxan hər söz uşağımızın taleyinə sətir-sətir yazılır, hər yazı gec-tez yaşanır.
Zatına lənət oxumaq ən ağır sözdür. Bunu deyərkən adamın əcdadını, dədə-babasını söydüyünü düşünür, lakin unudur ki, insanın zatı Allahdır. Zat onun ilkinliyi, qopub gəldiyi əzəli varlığıdır.Yəni Allahdır. Dədə-baba, əsil-nəsil sonrakı varlıqlardır, bizi dünyaya daşıyıb gətirəndir və zat deyil, sadəcə dədə baba, nəsil ardıcıllığıdır.
Dillərdə çox yayılmış bu sözün ağırlığını hiss etmirsinizsə, bu onun ağır olmadığı mənasına gəlməz. Zat Allahın özüdür, təsəvvür edə bilmədiyimiz dərinliyi, özəyidir. Ora toxunmaq, onu incitmək bir çox bəlanı özünə çəkməkdir.
Ümumi olaraq sözün gücü haqda çox yazmışam, yenə də sözümün üstündə dururaq deyirəm, söz yıxan evi heç nə yıxmır.Şair demiş, söz var kəsər savaşı, söz var kəsdirər başı.
Öz başıma gələn bir acı olayı danışım sizə. Qardaşım koviddən dünyasını dəyişmişdi, qanımız qara idi. Qan da qara oldusa bütün həyatına təsir edir. Bir gün evdə oturub söhbət edirdik, birdən kiçik bacım anama baxıb yüksək səslə və sanki ürəyindən tikan çıxara çıxara,- Allah məni səndən heç olmasa bircə gün tez öldürsün. Ay Allah, məni bircə günsə də anamdan tez öldür,-dedi. Bu sözü eşidəndə qorxdum, ətim ürpəşdi, ağzından çıxan söz sanki bir anda fəzanı yarıb uçub getsə də məni bərk silkələdi, bir an özümü faciə içində hiss etdim, qorxdum. Bacıma dönüb etiraz etdim,- Necə də ürəkdən dedin, elə demə, Allahın harda hansı sözümüzü qəbul edəcəyi bilinməz.O,- qoy qəbul eləsin.-Sonra da,- nə oldu, min dəfə dua etdim qəbul etmədi, elə bir dəfə bəddua edəndə qəbul edəcək?- deyə mənə kinayəli sual verdi.
Bəli, bəzən illərlə sözümüz Allahın yanında keçmir, ancaq son bir kəliməmiz qəbul olur. Elə də oldu, bacım bu sözdən sonra heç bir ay yaşamadı, ayın 25-i axşam bacım, 26-sı sabah anam dünyasını dəyişdi.
Bu möcüzə deyil, bu yaşayacağını alnına özünün yazmağındır.Həmişə deyirəm, yenə deyim, ağzımızdan çıxan sözlər alnımıza yazılır, lütfən ağzımızdan çıxan sözlərə diqqət edək.Mənim bacım, Allah diləklərimi qəbul etmir, dediyi halda bu diləyini anında qəbul etdi.
İnsana haqsızlıqdır bu, dediyinizi eşidirəm, niyə heç bir diləyini deyil, sadəcə ölüm diləyini qəbul etdi. Bunun bildiyimiz və bilmədiyimiz səbəbləri çoxdur. Qısaca deyim ki, səbəb axtarmayın, sevərək yaşayın.