24 Kasım 2024

Gürcüstanda azərbaycanlıların yaşadıqları ərazilərdə mədəni-tarixi abidələrə dövlət qayğısı hansı səviyyədir?

-Əvvəlcə Borçalı və Borçalı Cəmiyyəti haqda qısa arayış vermək istərdim. Borçalı Gürcüstanın cənub-şərqində yerləşən və hazırda Aşağı Kartli adlandırılan inzibati vahidin tarixi adıdır. “Borçalı” sözü bu torpağın ilk sahibləri Barsillər – Borocoğluları Qarapapaq türklərin adından götürülüb. Bu, o qarapapaqlardır ki, miladdan öncə bu torpaqlara həyat gətirib, tarixdə Oğuz, Qıpçaq, Tərəkəmə, Yörük adlarıyla Doğu Anadolunun da ilk sahibləri olaraq tanınıblar. XVIII əsrin ortalarına qədər Azərbaycan əraziləri olub. 1918–1921 illəri Azərbaycan Xalq Cümhuriyyəti dövründə Borçalı qəzası Gürcüstan, Azərbaycan, Ermənistan arasında mübahisəli ərazi sayılıb. Sovet hökumətinin gəlişiylə Borçalı qəzasının dağlıq hissəsi olan Loru nahiyəsi Ermənistana qatılıb.

Qədim Borçalı diyarı Aran Borçalı və Dağ Borçalı olmaqla 2 hissədən ibarət olub. Sahəsi 6,528 min km2 (Gürcüstan ərazisinin 9,4%-i) təşkil edən Borçalı mahalı inzibati nöqteyi-nəzərindən hazırda Rustavi  şəhəri də daxil olmaqla, 6 rayonu – Qardabani (Qaratəpə), Marneuli (Sarvan), Bolnisi (Çörük Qəmərli), Dmanisi (Başkeçid), Tetriskaro (Ağbulaq) və Salka (Barmaqsız) rayonlarını ehtiva edir. Bölgədə 7 şəhər (Rustavi, Marneuli, Qardabani, Bolnisi, Dmanisi, Tetriskaro, Salka), 8 qəsəbə (Kazret, Tamaris, Böyük Lilo, Kocor, Mənglis, Şaumyan, Bedian, Trialet və 348 kənd mövcuddur. Bunlardan 204 kənd türklərin yaşadığı kəndlərdir.

Borçalı bölgəsinin əhalisi 500 min (Gürcüstan əhalisinin 11,5%-ni təşkil edib) nəfərə yaxın olmaqla etnik Azərbaycan türkləridirlər.  Borçalı mühüm kənd təsərrüfatı bölgəsi kimi seçilir. Bölgədə 86 orta ümumtəhsil məktəbində  təhsil Azərbaycan türkcəsində aparılır. Gürcüstan parlamentində 4 nəfər millət vəkili var, ayrı-ayrı dövlət qurumlarında təmsil olunurlar. Ərazidə bir sıra tarixi türk abidələri, qalalar, tarixi məscidlər var. Borçalıda bir neçə tarixi türk abidələri var ki, bizim tariximizdən xəbər verirlər. Bunlardan Ağcaqala, Narinca Qalası, Dmanisi abidəsi, Narınqala, Qoçulu Qalası, Sınıq Körpü və Koroğlu Qalasını qeyd etmək olar.

 Tarixi cəhətdən Borçalı ərazisinin sərhədləri az tədqiq olunub. Eyni məzmunlu abidələr həmin coğrafiyada daha geniş ərazilərə yayılıb. Ən kütləvi abidələr əsasən daş heykəllər, at, qoç abidələri, yonulmuş kvadrat daşlar, qədim qəbir daşları, mağara və kümbəz-məbədlərdir. Bir sıra qala tipli abidələr – Qoçulu qalası, Koroğlu qalası, Narın qala kimi abidələr də var. Eyni zamanda qədim ibadət yerləri -məscidlər var, Tbilisidə Göy məscid diqqəti cəlb edir. Əvvəllər bu sahələr baxımsız idisə, Mixail Saakaşvili dönəmindən başlayaraq diqqət ayrılmağa başladı. Düşünürük ki, mövcud abidələrin tədqiqi, tarixi kimliyi haqqında, qorunan abidələr siyahısına salınaraq mühafizə olunmasına ehtiyac var.

– Hər hansı bir ərazinin, kəndin adının gürcü adı ilə dəyişdirilməsi olubmu? Buna  əhalinin münasibəti necə olur?

-Tarixi toponimlərin dəyişdirilməsi, xüsusilə Azərbaycan-türk mənşəli kənd və rayon adlarının dəyişdirilməsi, gürcüləşdirilməsi 1991-92-ci illərdə xüsusilə vüsət alıb. Vaxtilə Borçalı qəzası olduğu halda, bu ad sanki yasaq olunub. Dəyişdirilmiş toponimlər haqda siyahını əlavə edirəm. Gürcüstanın Borçalı (Kvemo Kartli) bölgəsində  1991-92-ci illərdə əsassız olaraq adları dəyişdirilmiş azərbaycanl-türk mənşəli kənd və rayon toponimlərinin siyahısı

  1. Faxralı → Talaveri
  2. Arıxlı → Naxeduri
  3. Hasanxocalı → Xidiskuri
  4. Daşlıqullar → Mixrani
  5. Qoçulu → Çapala
  6. Əsmələr → Mskneti
  7. Cəfərli → Samtreti
  8. İmirhəsən → Savaneti
  9. Molla Əhmədli → Xataveri
  10. Saraçlı → Mamxuti
  11. Aşağı Qoşakilsə → Kvemo Arkvani
  12. Yuxarı Qoşakilsə → Zemo Arkvani
  13. Sarallar → Zvateri
  14. Mığırlı → Vanati
  15. İncioğlu → Şua Bolnisi
  16. Aşağı Güləver → Geta
  17. Yuxarı Güləver → Cipori
  18. Dəmirli → Xaxlojvari
  19. Kibirçik → Jresi
  20. Arakel → Cecpariani
  21. Babakiçilər → Musaprian (sonradan Poçxveriani)
  22. Beytəkər → Bartakari
  23. Muğanlı → Farizi
  24. Kolagir → Tsurtavi
  25. Abdallı Cavşantaş
  26. Qaratikan → Saberiti
  27. Siskala → Brlaxauri
  28. Tapan → Disleli
  29. Çatax → Xaissopeli
  30. Qaradaşlı → İçrita
  31. Kəpənəkçi → Kvemo Bolnisi

Gürcüstanın adları dəyişdirilmiş azərbaycan mənşəli rayonlar

Ağbulaq → Tetriskaro (1940)

Barmaqsız → Salka (1932)

Başkeçid → Dmanisi (1947)

Çörük Qəmərli → Katarinenfeld (1817) → Lüksemburq (1921) → Bolnisi (1943)

Qaratəpə → Qarayazı → Qardabani (1947)

Sarvan → Borçalı (1929) → Marneuli (1947)

Bu toponimlərin bərpası zaman-zaman qaldırılsa da, hələlik mümkün olmayıb. Yenə də qeyd etmək istəyirəm ki, məhz Borçalı Cəmiyyətinin təkidləri ilə Saakaşvili dönəmində bu toponimlərin dəyişdirilməsinin ciddi qüsur olduğu etiraf olunmaqla onun bərpası haqqında niyyət ifadə olundu. Gürcüstanın mövcud iqtidarı isə bu problemin həllinə, ədalətin bərpasına həvəsli deyil.

 – “Elat bayramı” haqda danışardınız…

– Borçalı Cəmiyyəti 2009-cu ilin 26 iyul tarixindən  mədəniyyətlərarası dialoq və mədəniyyətin iki toplum arasında ən yaxşı ünsiyyət, inteqrasiya vasitəsi olduğu inancı ilə soydaşlarımızın mədəniyyətinin təbliğinə hesablanan “Borçalı türklərinin Elat mədəniyyəti günü -“Elat bayramı” kimi mədəni-kütləvi bayram tədbirinə -yaylaq festivalına start verdi. Bu tədburdə on minlərlə insanın iştirakı ilə cıdır yarışları, güləş turniri, ədəbi-bədii toplantılar, şairlərin, incəsənət nümayəndələrinin, aşıqların iştirakı ilə geniş konsert proqramları təşkil edilirdi. Eyni zamanda, “Elat bayramı”nda el-elat adət-ənənələri, mədəni-məişət nümunələri nümayiş olunur, müsabiqələr keçirilirdi. Bu tədbir 2009-cu ildən hər il iyul ayının 26-da Borçalı Cəmiyyətinin, yerli və quberniya rəhbərliyinin yaxından iştirakı ilə dostluq, qardaşlıq bayramına çevrilib. Təəssüf ki, İvanişvili iqtidarının gəlişi ilə həm Borşalı Cəmiyyətinə, həm “Elat bayramı”na qarşı aqressiyalar artmağa başladı. Bu təqiblər 2014-cü il oktyabr ayının 19-dan mənim Gürcüstana girişimə əsassız, hələ də mənə və bizlərə qaranlıq qalan səbəbdən yasaq qoyulması ilə nəticələndi. Bu azmış kimi 2017-ci ildə isə “Elat bayramı”nın keçirildiyi tarixdə səhnə tərtibatı dəyişdirilərək “Elat bayramı” adı gürcü adı – Dmanisoba ilə əvəzləndi. Bu açıq şəkildə Gürcüstanın indiki hakimiyyəti tərəfindən soydaşlarımızın mədəniyyətinə aqressiv yanaşmanın təzahürüdür. Biz bunu qınayır və Gürcüstanın indiki iqtidarını ittiham edirik.

– Ümumiyyətlə Gürcüstanda azərbaycanlilarin adət-ənənələri necə qorunur?

-Soydaşlarımız türk-müsəlman toplumudur. Milli və dini bayramların keçirilməsi ənənəvi olaraq davam etməkdədir. Yenə Saakaşvili hakimiyyəti dönəmində Novruz bayramı rəsmi bayram kimi tanındı və dövlət səviyyəsində təşkilinə dəstək verildi. Soydaşlarımızın özünəməxsus məclis ənənələri, toy-nişan-yas adətləri, Elat ənənələri müəyyən öləzimələr olsa da qorunmaqdadır.

Fizzə HEYDƏROVA
atalar.ru

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir