21 Kasım 2024

“Bazar günü söhbəti” guşəmiz

  Son zamanlar gündəmdə olan uşağı döymək lazımdır, ya yox, söhbətlərinə fərqli münasibətlər yaranıb.Uşağı döymək səhv tərbiyə yoludur deyənlər çox olsa da, döyə-döyə adam edərlər fikrinin tərəfdarları da çoxdur.Bu qorxuducu bir faktdır.Uşağı döyə-döyə adam edərlər fikrinin özü belə məni dəhşətə gətirir.Bir insana qaba davranmaq o insanın mənliyini alçaltmaqdır, şəxsiyyətini heçə saymaqdır, qürurunu zədələməkdir, həssaslığını laqeydliyə, mərhəmətini kinə çevirməkdir.

Nənəmdən sitat gətirim, nənəm deyərdi ki, uşaq qızılgül kimidir, bir soyuq baxışdan solar.

Hər solma uşağın qəlb yaddaşında bir qara nöqtə qoyur.Böyüklərin uşağı vurmasının səbəbi həmişə uşaqlar deyil, bəzən böyüklər öz problemlərini həll edə bilmirlər və bunun əvəzini uşaqdan çıxırlar.Bu, sadəcə ailəyə aid deyil, həm də ümumən toplumda kollektivdə, məktəbdə də belədir.Hər müəllim, tərbiyəci,  idarəçi öz dünyasından, ailə və yaşamından bəlli problemlərlə gəlir və çözə bilməyəndə bunu hirs şəklində özündən zəif olana püskürür, sakitləşə, içindəki problemi həll edə bilmədikcə bu hirs, qəzəb müxtəlif formalarda üzə çıxır. Adam içinə sığmayan qəzəbini, hikkəsini ifadə etməyə yol, forma tapa bilmir.İçindəki hikkənin ən asan çıxma forması qarşısındakına hirslənmək, öncə sözlə, sonra da əllə şiddət göstərməkdir.

Şiddət nəyi həll edir? Türklər tarixən savaşqan millətdir sözünün məğzini sıravi insanlarla davranışda sərgiləyirlər deyəsən.İçindəki dağıdıcı enerjini çıxarmaq üçün insanı obyekt seçmək xarakter aşınmasıdır.

Döyülmənin mənəvi ağrısı, üstəlik də əgər bu alçaldığı ağrıdırsa yaddaşda illərlə qalmasa da, bu ağrı ən müxtəlif şəkildə pis xüsusiyyətlərə, davranışa, danışığa, əməllərə gətirib çıxarır ki, bundan toplumun dincliyini zədələyici xarakterli insanlar yetişir.

Bəzən çox döyülmüş, əziyyət çəkmiş insan özünütərbiyə ilə yüksək şəxsiyyətə, gözəl əxlaqa və xarakterə sahib olur.Toplumda belə insanları misal göstərərək bax, döyüldü adam oldu ifadəsini işlədirlər.Ancaq dediyim kimi, bu özünütərbiyə ilə qazanılır.Əks halda döyülmənin qorxusu ilə qorxaq, yalançı, özünüifadə edə bilməyən, ümidsiz, mərhəmətsiz insan yetişəcək.Qorxuyla yetişən insan  elə bu qorxuyla da mütləq yalan danışacaq, çünki insanın ilk refleksi özünüqorumadır. Özünü qoruma üçün yalandan, qəddarlıqdan, şikayətdən, laqeydlikdən, acımasızlıqdan və bu kimi xüsusiyyətlərdən özünə bir sığınma-qala quracaq.Bu cür insanlar bəlkə də həyatda uğur qazanacaq, canına işləmiş qorxuyla hər şeyin ən yaxşısını etməyə çalışacaq, hətta bacaracaq da, ancaq ürəyinin, yaddaşının ən ucqar yerində daim sızıldayan bir yara olacaq, içində üstünə şığıyan bir əlin ağrısını hiss edəcək.Ürəksiz olacaq.Ürkək olacaq.Daim ətrafdakıların ona nəsə edəcəklərini gözləyəcək.

Mən ailədə və məktəbdə heç vaxt döyülməmişəm, ailədə daim sevgi görmüşəm, xoşbəxt uşaqlıq yaşamışam.Ona görə özümü daim tox hiss edirəm, ailəmdən aldığım sevgi hələ bu yaşda da məni təmin edir.Dönüb geriyə baxanda xoş təəssürat alıram.Atamla anamın arasında güclü sevgi bağı vardı, sevgi qarşılıqlı hörmət yaratmışdı.Ailədə hər kəs yerini bilirdi, yazılmamış, dilə gətirilməyən qanunlar vardı, kimin masada harda oturacağı təbii şəkildə bəlirlənmişdi.Kimsə kimsənin yerində oturmurdu, əlavə, artıq söz danışılmırdı. Böyüdüyüm ailə ideal kübar idi.Bəlkə mənə elə gəlirdi, ancaq hər zaman ailəmin ən üstün, ən yaxşı, ən xoşbəxt olduğunu hiss etmişəm.Ailəmdə elə canımlı-cicimli danışıqlar, qadan alım-qurban olumlu müraciətlər olmasa da əvəzsiz bir sevgi hiss olunurdu.Nə sözlə, nə də əllə şiddət yox idi.Qorxu yox idi. Anam  bizi atamla, məktəblə, həkimlə qorxutmurdu. Amma biz yerimizi, ölçüləri bilirdik. Bir sözlə, onu bilirəm ki, tərbiyə döyməklə, söyməklə olmur, tərbiyə sevərək verilir.Uşağın qorxuyla deyil, böyüyündən gördükləri ilə xarakteri formalaşır.

Döyülən uşağın inamı olmaz, güvənməz.Əgər ailədə döyülürsə, ailəyə bağlanmaz, arxa dayağı kənarda axtarar, dərdini bölüşəcək bir kimsəyə ümidlənər və yanılmalar, səhvlər, yanlış yollar buradan başlayır.

Vurmaq yerinə uşaqla dil tapmaq mümkün deyil? Böyüklər özləri ilə dil taparsa, özünü anlarsa, uşaqla da dil tapar, uşağı da anlar.Uşaq sevgiylə böyüyər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir