Bir yanımda fəlsəfə, bir yanımda ədəbiyyat durur. Ədəbiyyat gözəl sənətdir, fəlsəfə düşüncə sahəsidir, hər ikisi beynimin gəşt elədiyi, dünyadan qopanda üz tutduğum məkandır. Di gəlin görək, ədəbiyyatla fəlsəfəni, fəlsəfəylə də ədəbiyyatı üz-üzə qoyanda hansı hansına təsir edir. Ədəbiyyatda fəlsəfə, fəlsəfədə ədəbiyyat yuva qururmu?
Birinci onu deyim ki, ədəbiyyatın da, fəlsəfənin də ortaq nöqtəsi dildir, ikisi də dildən pərgardır, dillə, yəni sözlə oyur-oyur oynayır. Fəlsəfə fikirləri ifadə edərkən dildən istifadə edir, fikri bəzəyir, bəzən gizlədir, bəzən dolaşdırır, bəzən də itir sözdə. Ədəbiyyat isə dildən daha gözəl istifadə edərək həm zövq yaradır, incəlik, gözəllik aşılayır, dilin bədii qatlarına varır, dili hislərin ifadəsinə endirir, məna çaları fərqli olur və bir sözlə, ədəbiyyyat dili inkişaf etdirən sənətidir. Ancaq tarixdə görürük ki, bir çox yazıçı həm də filosof olub.Eyni zamanda bir çox filosof da həmçinin əsdəbiyyatçı olub.Bu iki sahə arasında sərhəd itib, bəzi sənətkarlarda hər ikisi bir arda işlənib.Məsələn, ağlıma gəldi deyim, “Kəmalüddövlə məktublar” fəlsəfi əsərdir, yoxsa ədəbi.Bəs “Faust”? Yaxud, Herman Hessenin “Yalquzaq” əsəri? Mən fəlsəfənin ədəbiyyatın içində dondurma kimi ərimiş formasını sevirəm.
Ancaq indi bu iki sahə arasında bir yolayrıcı yaradığını görürəm.Bəzi ədəbiyyatçılar, yazarlar fəlsəfədən çox uzaqdır, bu adətən sadə yazıram, dünyəvi mövzular işləyirəm, ya da xalq dilində yazıram kimi bəraət iddiaları olan yazarlarda görünür (Məsələn, kimlər? Cavabı özünüz verin).Yaxud yüksəkdən gedən dili, sözü anlaşılmayan filosoflar var, ədəbi yozumdan, ədəbiyyatdan uzaq və sıxıcı yazırlar.Bunu da bir ovuc adam ya oxuya, ya oxumaya, o da fəlsəfəyə meylli olanlar.
Ədəbiyyatla fəlsəfənin bir çox ümumi cəhətlərini deyim, hər ikisində dil əsas xammaldır.Hər ikisi beyin məhsuludur, fikirlə yaranır.Ədəbiyyat daha zərif, güllü-çiçəkli, bəzəkli fikirlə, şişirdilmiş bənzətmələri olan, xəyal qanadlarında yolçuluqlar və s.-lə insanı daha gözəl məşğul edir, yetişdirir, mükəmmələşdirir.
Fəlsəfə fikirlərini daha quru ifadələrlə deyir, terminlərlə, sitatlarla ağırlaşdırır, fikrin qatlarına bir də fərziyyələri doldurur, güman edilənləri şərh edir, sonra üstəlik öz mülahizəsini əlavə edir.Sonda aparıb çıxardığı yol bir dalana dirənir.Burdan o yana mən də fikrimi demirəm…
Şair olan filosoflar şairanə fəlsəfi şeirlər yazır, ədəbiyyatla fəlsəfəni qaynaşdırırlar. Bu da gözəl olur. Gözəlliyi və idealı axtarmağın fərqli bir yolu. Müdrik insan düşüncəsi, saf insan, saf duyğuları aşılama.Yüksək cəmiyyət xəyalı, arzusu və bunu yaratmağa cəhd.Hər ikisinin ortaq məqamları olsa da, eyni zamanda yön və məqsədlərində dərin fərqlər var.
Onu da deyim ki, bəzən fəlsəfi mətnlərdə ədəbiyyat elə həssas duyğuyla verilir ki, fəlsəfədən zövq ala bilirsən, beyin yorulmur, ağlın sonsuzluqlar boyunca gedə bildiyincə gedir.Həm müasir xalq ədəbiyyatında, həm klassik ədəbiyyatda yetərincə belə örnəklər var.
Fərqlərə gəlincə isə ədəbiyyat qəlbə, hislərə xitab edir, fəlsəfə düşüncəyə, ağla.Fəlsəfədə düşüncədə məntiq gözlənilir, daha elmi dildə danışılır, ədəbiyyat isə gözəlliyi tərənnüm edərək daha xalq dilində yazılır.Ədbiyyat zövqə, ədəbi gözəlliyə yönəldiyi halda, fəlsəfədə elmi bilgilər daha ağırlıqlıdır.Bir sözlə, qəlizdir, nəyə lazımdır, vaxtı keçib desələr də nə fəlsəfədən əl çəkək, nə də dünyanı hara aparacaq, olmasa da olar deyilən ədəbiyyatdan.İkisi də öz yoluyla bizə öyüd verə-verə getsinlər.Bu qədər.Mən də öyüd alanlar sırasında olum.