24 Kasım 2024

DƏYƏRLİ YAZARIMIZ FƏRMAN KƏRİMZADƏNİ EHTİRAMLA ANIR VƏ ONUN “XUDAFƏRİN KÖRPÜSÜ” ROMANINDAN BİR PARÇANI TƏQDİM EDİRİK.

Gün qüruba əyilmişdi. Kirs dağının üstünə toplaşan qara buludlar biri-biri ilə vuruşan
əjdahalara oxşayırdı. Amma o əjdahalarda güc, taqət qalmamışdı. Tökülən qanları özlərini və
səmanı qan rənginə boyamışdı. İndi daha yavaş-yavaş, halsız-halsız biri-birlərinə ağız atır,
quyruqlarını, qanadlarını uzadıb çəkir, elə bil can verirdilər. Onların arxasında isə nəhəng bir
kürədən çıxan, məcməyiyə oxşayan günəş elə bil bu qanlı döyüşdən qorxub Kirs dağının dalında
gizlənib yaxasını qurtarmağa çalışırdı.
Uzun Həsən, Govur arxının yanındakı təpədə, çadırının yanında dayanıb bu “döyüşə”
baxırdı. O qədər dərin fikrə getmişdi ki, anası Sara xatunun gəlib onun yanında dayan-masını
bilməmişdi.
– Sabah yaxşıca yağış yağacaq, oğlum. Uzun Həsən dönüb dolu əndamlı, boy-buxunlu,
yerişindən, duruşundan hökm və hikkə tökülən anasına baxdı. O, zərxaradan tuman geyinmişdi.
Belində zümrüd qaşlı qızıl kəmər, əynində qanovuzdan köynək, onun üstündən pərəngli,
qollarının ağzı və ətəkləri daş-qaşla bəzənmiş güləçə vardı: Yaylığının altından şah tacına oxşar,
ondan ensiz, alnını tutan dingə qoymuşdu. Belinə vurduqu sağ əlinin şana barmaqlarında çoxlu
üzük parlayırdı. Biləyində isə almasları bərq vuran bilərzik üfüqün qırmızı işığını əks elətdirirdi.
Uzun Həsən anasının geyinib-bəzənməsinə təəccüb elədi. Son iki ildə onu belə
körməmişdi.
– Xeyir ola, ana?
– Xeyirdi, ağrın ürəyimə.
Uzun Həsən başını döndərib yenə də buludlara baxdı. “Əjdahalar” artıq əriyir, bozarır,
göyərirdilər. Təpədən aşağıda ordugahın çadırları cərgə ilə düzülmüşdü. Amma bu ordugah ona
çox kiçik görünürdü, az görünürdü. Arazın o biri tayında dayanmış Teymurləng nəvəsi Sultan
Əbu Səidin qoşunundan çox az idi. Meydan müharibəsinə girsə, uduzardı. Amma bu müharibə
olmalı idi. Qaraqoyunlu sultanı Cahan şah Həqiqini məğlub eləyib Ağqoyunlulara ölkənin
sultanlıq taxtına yol açdığından iki il keçsə də, hələ də kifayət qədər qüvvə toplayıb təzədən
babasının tutduğu yerlərə göz tikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi.
Babası Fəxrəddin Qara Yuluk Osman bəy Diyarbəkrdə hök-mranlıq edəndə Teymurləngə
sədaqət göstərmiş, İldırımla Teymurun Anqara meydan döyüşündə onun tərəfində olmuşdur. İndi
üstündən altmış altı il keçəndən sonra nəvələr düşmən kimi üz-üzə dayanmışlar.
– Ana, deyirsən sabah yağış yağacaq?
– Deyəsən, görmədin gün batanda buludlar necə qaralmışdı.
Neçə vaxt idi ki, Qarabağa yağış düşmürdü. Düzənlərin otu qurumuşdu, heyvanlar, atlar
otlamağa bir şey tapmırdı. Anası yağışı yad etməklə oğlunun ürəyinə çökən qara fikirləri
dağıtmaq, ona yaz yağışı kimi sərinlik gətirmək istəyirdi.
– Ana, belə bəzənib, geyinmək də yağışa görədi? Ya toy var, mən xəbər tutmamışam?
Sara xatun qürurunu pozmadı.
– Ay oğul, ana sənə qurban, nə qədər ki, sən varsan, mən elə toyda, bayramdayam. Nə
oldu, elçilər qayıtdı?
– Qayıtdı.
– Nə deyib?
– Deyib ki, tanımıram Uzun Həsəni. Düşmənəm onunla.
– Ay hay… Fərhad ölüb, külüngünün səsi gəlmir. Mən özüm gedəcəm danışığa. İnanmıram
sənin göndərdiyin adamlara.
Uzun Həsən anasına tərəf döndü. Anası nə qədər hündürboy olsa da, oğlunun çiyninə də
çatmırdı boyu. Üstü tüklü əlləri anasının əllərindən də xeyli böyük idi. Qızıl dəstəkli əyri
qılıncının üstünə qoyduğu sol əlinin adsız barmağındakı almas qaşlı üzük də onun barmaqlarını
nəcibləndirə bilməmişdi.
– Mən boyda oğulun anası düşmənlə danışığa getsin?
– Bəs Trabzonda Fateh Sultan Məhəmmədlə niyə danışığa getmişdim?
– Onda qohumlarımız dar ayaqda idi. Rəhmətlik imperator dördüncü İohannın qardaşı
Davusu xilas eləmək istəyirdik. Goruna lə’nət. Necə ki, oldu. Əlinə dönüm o Fateh
Məhəmmədin, yeddi oğlunun özüylə bərabər başını vurdurdu.
Sara xatun oğluna e’tiraz etdi.
– Hər necə olsa qayınatanın qardaşı, arvadın Dəspinə xatunun əmisiydi.
– Arvadımın əmisi olsa da düşmənim Cahan şahın qayınatasıydı.
Sara xatun dolub hirslənmiş oğlunu sakitləşdirmək üçün dedi:
– Onu Fateh Məhəmməd öldürdü, yeznəsini də sən. Keçi öldü, qoturluğu kəsildi. İndi mən
Sultan Əbu Səidin yanına gedəcəm. Mənim sözümü yerə salmaz. Yerə salsa da vaxt qazanarıq.
Anasının təklifi oğlunun ağlına batdı. Vaxt qazanmaq. İndi bu vaxt ona hər şeydən irəli idi.
– Hazırlaş, sabah gedirsən. Kimi özünlə götürəcəksən?
– Şeyx Heydəri, sonrasına da baxarıq.
Hava qaralmışdı. Amma göy üzü hələ də açıq idi. Havada uçuşan gecə quşları görünürdü.
Uzun Həsən dönüb çadırına girdi. Çadır alaçıq şəklində dəyirmi qurulmuşdu, çox böyük idi. Baş
tərəfdə taxt qoyulmuş, çubuqlardan hörülüb üstünə keçə çəkilmiş divarın dibinə döşəkçələr
düzülmüşdü. O, başını əyib içəri girsə də alaçığın qapısından asılan örtüyü salmamışdı. Şamların
zəif işığı qapıda dayanan iki keşikçidən birinin sağ qoluna geydiyi qalxanın üstünə düşmüşdü. O
birisinin silueti isə havanın fonunda aydın seçilirdi.
– Şeyx Heydəri yanıma çağırın.
Xidmətçilər Şeyx Heydərin dalınca gedəndə Sara xatun yanaşı qurulmuş üç çadırdan
hansına girəcəyini fikirləşdi. Bu alaçıqlar gəlinlərinin çadırları idi. Birində Canbəyim xatun,
ortadakı alaçıqda Səlcuqşahbəyim, üçüncüdə isə Dəspinə xatun yaşayırdı. Böyük gəlinin yanına
getmədi. O, hərəmxananın böyük xatunu, şahzadə Uğurlu Məhəmmədin anası idi.
Səlcuqşahbəyim xatun isə oğluna iki oğlan doğmuşdu. Sultan Xəlil və Sultan Yaqubu. Üçüncü
gəlin Trabzon imperatorları olan Komnenoslardan IV İohannın qızı Feodara idi ki, bu ocağa
gəlin gələndə adını dəyişib Dəspinə xatun qoymuşdular.
Sara xatun bir an ayaq saxladı.
“Dəspinə tərsa qızıdır. Onun yanına birinci getməyim yaxşı olar. Özü də qız anasıdır. Bu
dünyaya e’tibar yoxdur, bilmək olmaz”.
Sara xatun alaçığa girəndə onu lətif bir ətir iyi vurdu. Yox, bu Şiraz ətri deyildi. Görünür
onun Trabzondan qızlıq vaxtı gətirdiyi ətirlərdən idi. Bu axşam saçlarını onunla sirab eləyib ərini
gözləyirdi. Amma qayınanasını gördü. Zəriflikdə, qızılı saçlarda, mavi gözlərdə özünə oxşayan
qızı Aləmşahbəyimin başını dizinin üstündən götürdü və ayağa qalxdı. Aləmşahbəyim də ayağa
durdu və irəli yeriyib nənəsinin əlindən öpdü. Nənəsi də onun alnından öpəndən sonra Bizans
ipəyindən tikilmiş pərdənin arxasına keçdi. Sara xatun dayanıb Dəspinə xatuna baxdı. O, başdan
ayağa ağ geyimdə idi. Döşləri səmərqənd kağızı kimi ağ tülün altından qızıl gül qönçələri kimi
irəli çıxmışdı. Əyninə kip, Bizans üsulunda tikilən donu beldən nazilir, sonra yanlara qalxıb qövs
cızaraq aşağıya xalçanın üstünə enirdi. Qulağının üstündən almaslar parıldaşan telbasanla qızılı
saçlarını yığmış, o saçların bir hörüyü çiynindən sallanıb budlarına qədər uzanmışdı.
– Sara xatun heyranlıqla ona baxırdı.
– Allah təala sənin bu gözəlliyini mənim oğluma çox görməsin.
– Sağ ol, ana.
Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi.
Bilirdi ki, o imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmişdi. Yaxınlaşıb
onun da alnından öpdü. Yumşaq, ipək üzlü pərqu döşəkçənin üstündə oturdu.
– Əyləş, qızım. – dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O
birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.”
Dəspinə xatun da oturdu.
– Sən imperator qızısan. İndi də olursan imperator zövcəsi. Amma qızım, hökmdar zövcəsi
gərək hər bəd xəbərə dözümlü olsun.
– Nə olub?
– Heç nə olmayıb. Ola bilər.
– Nə?
– Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmişə bizdə olmalıdır. Onu özgələri bilməyə
də bilər. Taleyin hökmü sabah oxunacaq. Ya biz olacayıq, ya da… Teymur nəvəsi Sultan Əbu
Səid ərini ölüm-dirimə çağırır. Allah kimə verə, verə. Güc onun tərəfindədir. Sabah oğlum
döyüşdə uduzsa biz hamımız əsir oluruq.
– Yox, ana, mən əsir olan deyiləm.
– Sağ ol, qızım. Çingizlə Xərəzmşah Sultan Cəlaləddin vuruşanda, Cəlaləddin bundan da
ağır bir gündəydi. Qarşısında Çingiz ordusu, arxasında da Hind çayının sıldırım sahilləri.
Hərəmləri ələ düşməsin deyə hamısını özü çaya atdı. Özü da atla tullandı. Özünün əcəli
çatmayıbmış, at üzüb çıxdı. Hərəmləri suya qərq oldu. Bura Qarabağdı, Hərami düzüdür. Burada
çay Arazdı, o da bir az aralıdı.
Sara xatun barmağından bir üzük çıxarıb Dəspinə xatuna verdi.
– Qapı açılır. Görsək ki, düşmən güc gəlir, onda bu qaşın içindəki süleymaniyyə zəhəri
köməyimizə çatar. Ölüm haqdı. Döyüşdə ər ölürsə, o qəhrəmandı. Arvadı da onunla bərabər
ölürsə, o da namus qəhrəmanıdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir