11 mart, bəlkə də çoxu üçün təqvimdə adi gündür. Amma dilini sevən, onun təmizliyi, saflığı uğrunda çarpışan, narahat olan hər kəs üçün əziz və tarixi bir gündür. Çünki bu gün “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin yarandığı gündür. Ana dilini sevən, onun qədrini bilən, bu yolda bizə qoşulan hər kəsi, xüsusən, FADMM -çiləri — onun yaradıcısı Vasif Sadiqlini, silahdaşları: Sima Cəfərovanı, Bahar Ağayevanı, Pərvanə Bayramqızını, Fizzə Heydırovanı, Pərvanə Qədirlini təbrik edir, onlara cansağlığı arzulayır, İradə Qayıbovaya Allahdan rəhmət diləyirəm. Bu müqəddəs işinizdə yorulmayasınız, əziz yoldaşlarım! – deyirəm.
2 il bundan öncə, 2020-ci ilin mart ayının 11-də qeyri -hökumət təşkilatlarının adları arasına bir ad da əlavə olundu, bu, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” idi. Yarandığı gündən etibarən qeyri-hökumət təşkilatları arasında seçildi, günəş kimi parladı, tanındı. N. Qasımoğlun FADMM-in 1 yaşında dediyi xoş sözlər onun 2 yaşı üçün də keçərlidir: ” Filololoji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi – FADMM çoxsaylı qeyri-hökumət təşkilatları içində istisnadır. Özü də hər mənada:
1 il ərzində maliyyə qrantlarından istifadə etmədən çalışdı;
1 ildə gördüyü işlər FADMM-i ölkədə ictimai fikrin dövlət dilinin qarşılaşdığı problemlərin həllinə yönəldilməsində, demək olar, əsas intellektual mərkəzə çevrilə bildi”.
Elə ilk gündən etibarən FADMM -in məramından, məqsədindən asılı olaraq uzun incə bir yola çıxdığı aydın idi. Məqsədi, əsasən, Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi, reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi hallarını aşkar etmək və bu cür halların qarşını almaq idi. Yarandığı andan etibarən monitorinqlərini davam etdirən Mərkəzin ətrafında qısa müddət ərzində minlərcə ziyalı bir məqsəd uğruna toplaşacaqdı. Hələlik isə Mərkəzin 9 üzvü vardı. Gecəsini gündüzünə qataraq bir amal, bir məqsəd uğruna birləşdilər, çalışdılar, – AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Aybəniz Rəhimovanın dilincə desək, “dil pərvanələri”nə çevrildilər. Az müddət keçdikdən sonra Mərkəzin təşəbbüsü ilə irəli sürülən və çox sayda ziyalı tərəfindən rəğbətlə qarşılanan Bakının küçələrini əcnəbi adlardan təmizləmək uğrunda edilən çağırışların ətrafına mindən çox ziyalını toplandı. Bakının küçələrində obyekt, mağaza və sairin adlandırılmasındakı, pərakəndəlik, kortəbiilik və nəzarətsizliyi aradan qaldırmaq məqsədilə FADMM bir sıra aidiyyatı orqanlara yazılı müraciətlər etdi. AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Səadət Şıxıyeva yazılarının birində qeyd edir: “Bakı küçələrində obyekt, mağaza və sairin adlandırılmasındakı, pərakəndəlik və nəzarətsizlik əslində, əksəriyyətimizin gördüyü, lakin dilə gətirməyib səssiz şəkildə barışa bilmədiyi bir məsələ idi. FADMM isə bunu ilk dəfə rəsmi şəkildə gündəmə gətirdi” və bu barədə rəsmi orqanlara müraciətlər etdi. Bu barədə FADMM-in ilk müraciəti Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, sonra millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova oldu. İlk reaksiya Bakı Şəhər İcra Hakimiyyətindən gəldi. İcra hakimiyyətindən məktuba cavab yazaraq qeyd etdilər ki, müraciətdə qaldırılan məsələ BŞİH tərəfindən yüksək qiymətləndirilmiş və təqdirəlayiq hesab edilmişdir.
Müraciətdə qaldırılan məsələnin yerində araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyi tərəfindən birgə komissiya yaradıldı. Komissiya tərəfindən Bakının küçə və prospektlərində mövcud Qanunun tələblərinin pozulmasının aşkar olunması, məsələnin mahiyyəti üzrə araşdırılması və monitorinqlərin aparılması istiqamətində yoxlamalara başlanıldı, məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Reklam Agentliyinə rəsmi müraciət edildi.
Həmçinin FADMM tərəfindən Milli Məclisin 120 deputatına müraciət edilərək e-mail poçtlarına və ya MM-in poçtuna göndərildi.
Müraciətdə radio və televiziya kanallarında, mətbu nəşrlərdə, sosial şəbəkələrdə, həmçinin reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarından narahatlıq ifadə olundu. Öz işini bir neçə istiqamətdə aoaran FADMM Bakı küçələrində monitorinqlırini davam etdirərək Fəvvarəlır Meydanını, Azərbaycan prospektini, Cavid prospekti, 28 May küçəsi və Bakı Dəmiryol Vağzalı ətrafı, M.Şərifzadə , Ə.Haqverdiyev, M.Ə. Rəsulzadə, B. Vahabzadə, A.Bakıxanov, M. Füzuli, Ş. Qurbanov küçələrini qarış-qarış gəzərək, küçələrdəki reklam və idarə, ictimai iaşə obyektlərinin adlarının linqvistik təhlilini aparıb, hər küçədəki obyektlərin dil cəhətdən təsnifatını verərək ona məqalə həsr edib.
FADMM-in iş istiqamıtlərdən biri də ədəbi dillə, reklamlarda ana dilinin işlədilməsi ilə bağlı ölkənin bir çox tanınmış adamlarından müsahibələrin götürülməsi oldu. FADMM sədri Vasif Sadıqlı bir neçə dəfə həm Azərbaycan , həm də Rusiya saytlarına məsələ ilə bağlı müsahibələr vermiş, həmçinin özü də AMEA-nın müxbir üzvü, Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti Könül Bünyadzadədən, yazıçı Yeganə Kərimzadədən müsahibələr almışdır.
FADMM -in icraçı direktoru Gülyaz Əliyeva tanınmış ədəbi tənqidçi, dosent İradə Musayeva, şair, AYB-sədr müavini və Dil Qurumunun sədri Fikrət Qoca, Bakı Slavyan Universiteti Müasir Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Əhmədova, ərəbşünas alim, tərcüməçi Nəriman Qasımoğlu, Milli Məclisin deputatı Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri, Xalq şairi Sabir Rüstəmxanlı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent Səadət Şıxıyevadan, FADMM üzvü Pərvanə Bayramqızı yazıçı Seyran Səxavətdən, Sima Cəfərova Elçin Şıxlıdan ədəbi dil, müstəqillik dövründə ədəbi dilimizin inkişafı üçün təhdidlər, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında, radio, televiziya verilişlərində aparıcı və iştirakçiların ədəbi dil normalarını pozması, küçə və prospektlərimizin “əcnəbiləşməsi” haqda geniş müsahibələr almışdır.
Olkədə müharibə getdiyi ərəfədə də FADMM işini dayandırmayaraq başqa səmtə yönəltdi. Sentyabrın 27-dən dekabradək olan bir vaxtda FADMM işğal olunmuş ərazilərdə toponimlərin dəyişdirilməsi, erməniləşdirilməsi ilə bağlı yazılar yazaraq saytlarda dərc elətdirdi.
FADMM dilimizin problemləri ilə əlaqədar bir an belə susmur, fəaliyyətini müxtəlif sahələrdə davam etdirir. İnternet saytları, xəbər portalları, radio və televiziya kanalları, o cümlədən dublyaj edilən filmlərdə, metroda, küçə və meydanlardakı reklamlarda, afişalarda ədəbi dil normalarının kobud şəkildə pozulması hallarına qarşı amansız mübarizəsini davam etdirir.
FADMM-çilər 2 il ərzində bir neçə layihələr həyata keçirib, reallaşdırıblar. Bu layihələrdən biri də FADMM əməkdaşlarının xaricdə yaşayan azərbaycanlıların ana dili məsələsi iıə bağlı həyata keçirdiyi layihədir. FADMM xaricdə yaşayan azərbaycanlıların assimilasiya riskinin get-gedə daha sürətlə artması təhlükəsindən doğan narahatlılarını araşdırıb, ictimaiyyətə çatdırıb, xaricdə yaşayan soydaşlarımızın ana dilini öyrənmək üçün açdıqları həftəsonu kurslarının vəziyyəti ilə maraqlanıb, həm diaspora nümayəndələri, həm də kurs rəhbərlərindən müsahibələr alıblar. Belə ki,
Mərkəzin əməkdaşları İran, Türkiyə, Rusiya, Ukrayna, Macarıstan, Almaniya, İsveç, Hiderland və başqa ölkələrdə ana dilinin öyrədilməsi vəziyyəti ilə tanış olmuşlar. Bundan əlavə, Mərkəzin sədri, əməkdaşları vaxtaşırı dilimizin problemlərinə, toponimlərə, orfoqrafiya və orfoepiyaya aid məqalələr də yazıb təqdim ediblər. Məqalələr və müsahibələr elektron mətbuatda dərc edilib və və sosial şəbəkələrdə yayılıb.
FADMM amalı məqsədi birdir: dilimizi və onun saflığını qorumaq.
“Filololoji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin məqsədi, məramı xalqa, onun dilinə qəlbən, təmənnasız xidmət, dili korlayanlara qarşı barışmaz münasibətdir. Bu yolda ona uğurlar diləyirik!
İKLİM.AZ saytı da məqsədi, məramı xalqa, onun dilinə qəlbən, təmənnasız xidmət edən, dili korlayanlara qarşı barışmaz mövqedə duran Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin 2 yaşını təbrik edir və bu qurumun dilimizin keşiyində daha sayıq durmasını arzu edir.