Novruz çıxıb taxtına,
Güllər düşüb baxtına.
Kosa gəlir qabağa,
Nəzir salır tabağa.
Çörəyi yoxdu Kosanın,
Xörəyi yoxdur Kosanın.
A Kosa, Kosa gəlsənə,
Torbanı doldursana …Ə Cavad.
İndi Novruz bayramı adı ilə tanıdığımız bayram qədim türklərdə Törə – Yaradılış bayramı olub. Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Professor Azad Nəbiyev deyir ki, ilaxır çərşənbələrlə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb. TÖRƏ – Türk millətinin mədəniyyətinin əsasını təşkil edən, ən önəmli qavramlarından biridir. Lakin sonradan bəzi türk dövlətlərinin çağdaş dilində bu qavram “Türk Törəsi” şəkilində işlədilmədən alınma sözlərlə adlandırılır. Eləcə də Sasani imperiyası dövründən TÖRƏ – sözün fars sözü olan Novruzla əvəz ediblər. Törənin önəmli olmasının bir səbəbi də Türk adının anlamından irəli gəlir. Bu günə qədər aparılan etimoloji araşdırmaların nəticəsində Türk adının bir çox məna ifadə etdiyi görülsə də, əsas olaraq Türk adının “törəmək, törəli, güclü, qüvvətli” anlamları ifadə etdiyi daha çox qəbul edilmişdir.
Hikmət Tanyu “törə” kəliməsinin “tör” və ya “töz” kökündən gəldiyini və bu kəlimənin “atalardan qalma örf, adət, qanun” mənalarında istifadə edildiyini qeyd edir. Əslində bu gün biz Novruz bayramı adı ilə qədim TÖRƏ bayramını qeyd edirik.Novruz bayramının yaradılışla, törə ilə bağlılığını sübut edən faktlardan biri də bu bayramdan öncə keçirilən 4 çərşənbə və onların adlarıdır.
Novruzdan danışanda ilk yada düşən Novruz öncəsi çərşənbələr olur. Əcəba, niyə məhz 4 çərşənbə? Və niyə “Su”,”Od “,”Yel”,Torpaq”? Bu ən çox dünyanın yaradılışı ilə, onu yaradan 4 ünsürlə – su, od, torpaq və hava ilə əlaqədardır. Novruz çərşənbələri haqda bu cür məlumatlara “Avesta”da da rast gəlinir. “Avesta”da qeyd edilir ki, Ahurəmazda əvvəlcə suyu yaratdı, sonra Odun köməyi ilə torpaq meydana gəldi və yel əsdi. Yel əsməklə torpağı, ağacları yellədir və onlara can verir. Şah babamız Xətai:
Bizim üçün xəlq eylədin,
Abü-atəş, xakü bad,
Cismimizə can da verdin,
Bizə adəm qoydun ad ,
-deyərək, bu 4 ünsürü -su, od, torpaq və havanı yaradılışın əsası kimi qeyd etmişdir. Füzuli də öz eşq dünyasının 4 ünsürdən, bu 4 ünsürü təmsil edən 4 aşiq obrazından və onların qarışdığı torpaqdan isə özünün yaranmasını qeyd edir. Buna görə özünün sələflərindən daha güclü aşiq olmasını belə əsaslandırırdı:
Məcnun oda yandı şöleyi ah ilə pak,
Vamiq suya batdı, eşqdən oldu həlak.
Fərhad həvəs ilə yelə verdi ömrün,
Xak olduıar onlar, mənəm indi ol xak.
Yəni, dünyanın 4 ünsürdən yaranmasını hamı qəbul edib və təsdiqlənib. Hətta Füzulinin eşq dünyası da bu 4 ünsürü təmsil edən 4 aşiq obrazından yaranmışdır. Demək , Novruz bayramı, həqiqətən də, yaradılış, törəyiş, törə bayramıdır. Baharın gəlişiylə yaradılış yenilənir, yenidən törəyir. Qışdan sonra il – gün yenilənir, təbiət qış yuxusundan ayılıb canlanır, yarpağı tökülmüş ağaclar yenidən tumurcuqlayır, çiçəkləyir, atlaz kimi parlaq, zümrüd kimi yaşıl yarpaqlar açır, donmuş suların buzu əriyir, təbiətə yeni nəfəs gəlir, çəmənlər al-əlvan rəngə boyanır. Təbiətlə həmahəng olan insan qəlbi də kini-küdurəti, küsülülüyü unudub, yenilənir, sevgi ilə, şəfqətlə yenidən vurmağa başlayır və qan qaynaması ilə insanın özü də, ruhu da yenilənir, yenidən törəyir. Xalqımızın qədim milli bayramı olan Novruz həmişə şifahi və yazılı ədəbiyyatımız üçün gözəl mövzu olub. Yazın gəlişi, insanı və təbiəti riqqətə gətirən bahar – Novruz adət-ənənələri klassik və müasir şairlərimizin ilham qaynaqlarından biri olmuş və şairlər onu vəsf etmiş, mənalandırmışlar. Novruz bayramı, baharın gəlişi özünəməxsus sadəliyi, realizmi və xəlqiliyi ilə seçilən Ə. Cavadın üçrəngli poeziyasından da yan keçməmiş, hətta bütün yaradıcılığı boyu qələmə aldığı mövzulardan olmuşdur. Şairin təbiətə, Novruza həsr etdiyi şeirləri də sevgi və bədii-siyasi lirikası qədər çeşidli və zəngindir. Təsadüfi deyil ki, Ə. Cavadın yazdığı “Novruz şeirləri ” silsiləsinə “Çillə şərqisu”, “Yaza xitab”, “Böyük çillə “,”Kiçik çillə “, ” Xıdır Nəbi “, Boz ay ” ,”Dördatlı Yenicə gün ” , “Dörd çərşənbə ” “Birinci çərşənbə ” (Su ) ,”İkinci çərşənbə “,(Yel) ,”Üçüncü çərşənbə” (Torpaq ),Dördüncü çərşənbə ” (Od) daxıldur. Böyük çilləyə, Kiçik çilləyə və Boz aya da şeir həsr edən şairə görə ilaxır çərşənbə torpaq yox, od çərşənbədir ki, ona görə də ilaxır çərşənbədə daha möhtəşəm od, alov, tonqal qalanır:”Ağırlığım , uğurluğum odda yansın”,- deyə üstündən atlanırlar.”Yaza xitab “şeirində şair Novruzla bağlı bütün adət-ənənələri çox gözəl bildiyini sadə dillə ifadə edərək:
A Kosa, Kosa gəlsənə,
Torbanı doldursana!
Kosa döyür gözünü,
İtiribdi özünü.
Ocaq üstə sac qalıb,
Bütün qışı ac qalıb;
Torbasını uzadır,
Hamı bilir, qaydadır,
Kosaya pay verirlər,
Kosaya hay verirlər,
deyə yazır. “Böyük çillə “və “Kiçik çillə “şeirlərində hələ Novruz öncəsi çillələr barədə məlumat verir, çillə haqqındakı əhvalatlardan, o vaxt bişən yeməklərdən danışması, onları nəzmə çəkməsi şairin xalqın həyat tərzinə, yaşayışına, dolanışığına adət-ənınəsinə yaxından bələdçiliyinə dəlalət edir. “Böyük çillə”şerində Ə Cavad:
Onun ömrü qırx gündür,
Payızın davamıdır.
Uzun qış əyyamıdır …
Qar səpir asta-asta ,
Gülür tanışa dosta.
Darıxdırmır heç kəsi,
Quyudan gəlir səsi,
deyir, böyük çillənin əlamətlərini aydın dillə , rəssamcasına təsvir edir. “Kiçik çillə”də də kiçik çillənin xüsusiyyətlərini son dərəcə doğru, dürüst, realistcəsinə əks etdirir:
Böyük tufan başlayır,
Böyük qardaş gedən tək
. Şaxta tüğyan eləyir;
Kollar yerə sinərək,
Vıyıldayır küləklər,
Budaqları əyərək
Miyoldayır pişiklər.
Bəzən gecə sübhəcən
……Ocaqlar bərk qalanır,
Qazanda hədik bişir.
Pəncərələr açılmır,
Qapılar tamam şişir .
..Kiçik qardaş zalım olur
Böyük qardaşdan yüz yol
…Tezcənə başa vurur
Yarıda öz ömrünü!
deyir. Həqiqətən də, Kiçik çillə Böyük çillədən daha soyuq və amansız keçir ki, bu da öz əksini Ə Cavadın şeirində məharətlə tapmışdır. Ə. Cavad Kiçik çillədən sonra gələn Xıdır Nəbiyə, Boz aya da şeir həsr edərək onların vaxtlarını və xüsusiyyətlərini şirin dillə təsvir etmişdir:
Xıdır Nəbi bölərək
Az ömrünü çilləni,
Çırpır onun üzünə
Tərsinə bir şilləni.
Deyir, on gün bəsindir,
Qırıb-çatdın aləmi,
Sən qonaqsan, dünyanı
Dağıdarlar beləmi?
Qalan on gün mənimdir,
yazır ki, bununla Kiçk çillədən sonrakı Xıdır Nəbinin 10 gün olduğunu bildirir. “Boz ay” şeirində :
Gah bozarır, gah qızarır,
Gah qızarır, gah bozarır.
Günəş çıxır, gah da batır.
Yazla-qışın arasında.
Hava meyxoş, hava sərin,
Qışla-Yazın arasında.
Bu nə qışdır, bu nə yazdır?
Soyuq çoxdur, isti azdır.
Günəş doğur, bəs Günəşin
O istisi harda qaldı?
“Boz ay” şeirində də şair Boz ayın xüsusiyyətlərini bir -bir sadalayır, aydın dillə uşaqlara, böyüklərə çatdırır. “Yel baba”, “Dördatlı Yenicə gün ” şeirlərindən sonra isə sıra ilə Dörd çərşənbəyə şeir həsr etmişdir. “Birinci çərşənbə” şeirində oxuyuruq:
Açıldı hava,
Qurtardı dava.
Getdi qış,
Gəldi yaz.
Doğdu Günəş,
Bitdi ayaz.
Çölə çıxdı
Qoyun -quzu,
Güldü yenə
Göyün üzü,
Güldü yenə
Yerin üzü …
Görən deyir :
Üzə duran
Meyxoş meh də
Gözəl Yazın havasıdır!
Göründüyü kimi, son dərəcə oynaq, sadə, dörd hecalı şeir növündə yazılmış bu şeir uşaqların öyrənməsi üçün son dərəcə asan və tez əzbərlənəndir. Ə. Cavad 1-ci şeiri Mehə həsr edib İkinci çərşənbə :
Bulaqların gözü açıq,
Ormanların üzü açıq.
Durnalardır uçub gələn
Qaqqıldaşa-qaqqıldaşa!
Çaylar axır dəryalara
Şaqqıldaşa-şaqqıldaşa!
2 -ci çərşənbəni Ə. Cavad suya həsr etmişdir.
Torpağa bax, torpağa
Sanki qalxır ayağa.
Buxarlanır nəfəsi,
Oyanıbdır həvəsi
…Səpin olsun, biçin olsun,
Gülsün hər bir bucağım!..
misraları ilə bitən “Üçüncü çərşənbə “şeirini torpağa həsr etmişdir. “Dördüncü çərşənbə” isə oda həsr olunub:
Mən oddan yaranmışam ,
Oddur südüm, nəfəsim.
Od rənginə boyanmışam ,
Oddur gücüm, oddur səsim!
Taxtım da oddur mənim,
Oddur gülüm, çəmənim!
Qaynar sular canımdadır,
Vulkanları qanımdadır!
Ömrüm günüm odda yaşar,
Meyvəlırim oda oxşar.
Odlar mənim hakimimdir,
Mən odların hakimiyəm!
Babam oddur, anam oddir,
Odur ki, mən od kimiyəm.
Odsuz daşa oxşayardım,
Odsiz sonsuz yaşayardım!
deyərək, Novruza həsr etdiyi şeirlərdən “Dördüncü çərşənbə” şeirində oddan danışaraq , bundan sonra Günəşin yeri, torpağı daha çox isitdiyini, havanın istiləşməyə başladığına əsaslanaraq, 4-cü çərşənbənin Od çərşənbəsi olduğunu bildirmişdir. Bu son dərəcə oxunaqlı, sadə və uşaqların yaş səviyyəsinə uyğun şeirləri dərsliklərə salmaq, məncə, bu gün həm Novruz bayramı haqda şagirdlərə məlumat vermək, həm də ilk himnin, ilk marşın, ilk bayrağa həsr olmuş şeirin müəllifi olan ilk Cümhuriyyət şəhidi olan Ə. Cavadın yaradıcılığı ilə uşaqları tanış etmək baxımından da məqsədəuyğun olardı:
Qabağı yazdı çillənin,
ömrü azdı çillənin.
Yer bürünür ağ qara,
Təslim olur bahara.
Ağ bayraqlı Qış gedir,
Al bayraqlı Yaz gəlir!
Yaz gəlir, təbiət yenilənir. Gəlin biz də təbiətin ayrılmaz bir hissəsi olaraq, yenilik yaradaq və yenilənək!