İklim.az yad dillərin Ana dilimizi öz doğma yurdunda istila etməsini qınayır və günümüzün bu acı reallığını əks etdirən bu yazını sizə təqdim edir.
Müstəqillik!
Necə də qürurverici və əzəmətli səslənir. İllərlə uğruna can verdiyimiz, qəlbimizdə bəslədiyimiz arzularımız, zaman-zaman qanımızla suvardığımız azadlıq çiçəyimiz, nəhayət ki, çiçəklədi. Üçrəngli Azərbaycan bayrağı Bakıda – Qız qalası üzərində dalğalandı… Bundan gözəlini təsəvvür etmək olardımı ki, artıq həyata keçib?!… Müstəqilliyimizdən artıq 30 il keçir. Azərbaycan qüdrətlənib, bölgədə öz sözünü deyən, Qarabağına sahib çıxan, düşməni və onun havadarlarını yerində oturdan bir dövlət olub. Bakı küçələrində bu düşüncələrlə gəzirəm.
Yazın ilıq nəfəsi duyulan küçələrdə ətrafa baxdıqca gördüyüm mənzərələrdən ürəyim isinmir, əksinə, sıxılır. Niyə? Çünki Bakıda Azərbaycanın yiyəsi ana dilinin hökmranığını, qüdrətini, çiçəklənməyini görmürəm. Əksinə, mağazaların, obyektlərin adlarında, reklamlarda şəstlə, əzəmətlə ucalan, işıq saçıb par-par parıldayan yad dillər, sanki bir-iki yerdə kustar üsulla, səhv-sühv yazılaraq künclərdə ucuz köşklərə sığınan ana dilimə yanıq verir.
Baxın küçələrə. Dörd bir tərəf möhtəşəm, çilçıraqlı, təmtəraqlı şəkildə işıqlandırılan, keyfiyyətli lövhələrdə ingilis dilində yazılarla bəzədilib. Küçələrin adlarına baxırsan: “İstiqlal”, “Azərbaycan”, “M.Şərifzadə”, “M. Füzuli”, “B.Vahabzadə”, “Ş. Qurbanov”… Bu küçələrdəki obyekt və reklam yazılarına baxırsan: CHARLİN VOFFEE, GLORİA JEAN’S, COFFEES, LİBRAFF, A BOOK İS A GİFT, YOY CAN OPEN, ayain @ ayain, CHURRO vresh hot E tosty. GLORUA JEANS COFFEES, TPUSSARDİ, TİSSOT, COOKSHOP, – Сыроварня, …WAKEUP Coffee – oddiction, The bagee bar, GOFFEE HORESE, SECOND CUP, FR DAY. WORLDTELECOM, PAUL RESTAURANT, MOA, LABISI beautychargere. Nizami küçəsi ilə irəliləyirəm.”Tarqovı” küçəsindəyəm, Nizami küçəsinin bir hissəsi bura düşür. Yenə gördüyümüz adları oxuyaq, görək Bakını, Azərbaycanı ifadə eədn bir yazı görəçəyikmi?! Bax, bu da Natəvanın heykəli! Qarabağda öz xeyirxahlığı, nəcibliyi ilə seçilən Xurşid Banu Natəvan. Yanındakı hündür binanın üstündəki yazını oxuyuram: “HARD ROSK CAFE BAKU”.
Bura İstiqlaliyyət küçəsidir. Hələ ki, gözümə bir dənə də olsun anadilli reklam və ya obyekt adı dəyməyib:
…STARBUSKS, COFFEE CHEF BAKU, RESTAURANT…
Bu böyük geniş küçələrdə bir küncə qısılmış, zirzəmidə yerləşən, yuxarıda yox, ayaqlarımzın bərabərində “Xəmir xörəkləri” yazılmış lövhəsi olan bir yeməkxana adından başqa ana dilli tək bir kəlməyə rast gəlmədim. Doğma dilimzdə olan bu Xəmir sözü necə də təklənmiş görünür… Əzəmətlə parlayan al-əlvan işıqların kölgəsində sanki qürbət elin divarına yazılmış kimi qərib bir yazı boylanır ordan: “Xəmir xörəkləri”…
Yadıma anamın xəmir qatarkən gördüyü hazırlıqlar düşür… Hər şey təmiz olmalıydı. Anam xəmir yoğurarkən əvvəlcə üzünü, əllərini, biləklərini dirsəyəcən sabunlayıb yuyar, salavatlayardı. Sonra sürtülüb yuyulmaqdan ağappaq ağarıb, par-par parıldayan xəmir teştini götürərdi. Teşt həmişə lap yuxarı qoyulardı, uşaqların əlləri dəyməyən yerə. Biz heç vaxt o teştə tozlu əllərimizi vurmazdıq. Axı çörək müqəddəsdir, onu harda görsək, öpüb gözümüzün üstünə qoyardıq. Belə öyrətmişdi nənəm bizə. O çörəyin hasil olduğu xəmirin qatıldığı teştə də əl vurmazdıq, bərəkəti qaçar deyə… Anam tərtəmiz yuyulub-ütülənmiş ağ qıyqacla başını çalardı ki, saçının tükü düşməsin. Duvağa, üzlük qabına, təndir şişinə uşaqların yaxın durmağa, əllərini yumamış vurmağa ixtiyarları yox idi. Təkcə təndir ağarandan sonra külfəni bağlamaq sevincini yaşayardıq.Sevinərdik ki, anamız bizə külfəni bağlamağa icazə verdi…
İndi isə burada, aşağıda, ayağımın bərabərində yazılmış “Xəmir” sözünə baxıram və başımda bu xatirələr oyanır. Çörəyin burada hansı “ucalıqda” olduğunu düşünürəm və ayaqlarımı sürüyərək uzaqlaşıram… uzaqlaşdıqca da beynimdəsə iynəsi ilişmiş val kimi durmadan bu söz təkraralanır: “Bu Vətənin çörəyi sizlərə qənim olsun!…”