04 Temmuz 2024

Bazar günü söhbəti

Son zamanlar tale elə gətirdi ki, aİlədən dalbadal axirətə köçənlərimiz oldu, həyatın fərqli bir üzünə də şahid olduq. Koviddən dünyasını dəyişənlərin də şəhid qəbul edildiyini də öyrəndik. Təbii ki, şəhidliyin də dərəcələri, mərtəbələri var, kovid şəhidləri hansı dərəcədə, hansı mərtəbədədir, onu bilmirik. Mənim bu gün söhbət açacağım məsələ günah məsələsidir. Günah anlayışı o qədər yanlış izah edilir, əsas qayəsindən o qədər sapdırılır ki, bəzən günaha girməmək adına günah edilir ( Bu barədə əvvəl yazmışam, deyə keçirəm).

Deməli, bizdə din, Quran və molla adam öləndə (burada dilimizin öyrəşdiyi kimi ölü öləndə yazacaqdım, sonra düşündüm ki, ölü ölmür, adam ölür) yada düşür. Bir adamın nəfəsi çıxdımı ilk Qurana və mollaya qaçırıq. Mənim buna bir etirazım yoxdur, başqa alternativi yoxdur axı. Ölüm və ölünün insana verdiyi ilk hiss qorxu hissidir. Bir neçə dəqiqə əvvəl canlı-qanlı qarşında durub səninlə danışan, sənin sevdiyin, səni sevən adam son nəfəsini göyə göndərən kimi ətrafındakılarda ona qarşı bir qorxu peyda olur. Sanki bir neçə dəqiqə əvvəl munis olan bir insan cansız olarkən birdən-birə əjdahaya dönüb udacaq. Əlini ölüyə vurdunsa get qüsl elə, çim, yoxsa ruh səni tutar, kimi sözlərlə vahiməni daha da artırırlar.

Bəs, doğrudan da, ruh adamı tuturmu, ola bilərmi ki, ruh bədəndən çıxınca özünə başqa sağlam bədən tapıb indi də o bədəndə yaşamaq istəsin, ya da əlini toxundurunca əlinlə sənin bədəninə keçsin? Ruh haqqında Quranda belə o, bir sirdir deyilibsə, indi hələ də bu sirr açılmayıbsa, onda ruh keçər, ruh vurar deyə qorxmaq absurddur. Əlbəttə ki, mən ruhun varlığını, əbədi olduğunu inkar etmirəm. Ancaq unutmayın ki, bir bədəndə bir ruh olur, ikinci ruh ora girə bilməz. Hə, əgər deyirsinizsə, ruh toxundu, bu mümkündür, ancaq sənin ruhun o qədər zəifdir ki, kənar ruh ona toxunub, deyək ki, səni xəstələndirir. Bunlar bir az da psixoloji prosesdir, adam qorxudan xəstələnir çox vaxt, adı olur ki, ruh toxundu. İçindəki qorxunu yenincə, imanı oyadınca nə ruh toxunması qalır, nə cin-şeytan çarpması.

Söhbətin yönü dəyişdi, günah anlayışından gəlib cin-şeytana çıxdı.Qayıdaq günah məsələsəinə.

Nənəm həmişə deyərdi ki, babam deyərdi, çörəyi atmayın, çörək Qurandan əvvəl enib. Diqqət edin, məhz enib sözünü işlədirdi, yaranıb, bitib, çıxıb demirdi. Keçən məclislərin birində mənə sual verdilər ki, masanın üstündə çörək olarkən süfrədən durmaq günahdırmı? Molla yas məclislərində həmişə camaata deyir, gözləyin süfrədən çörək yığılsın, sonra durun. Tez durmaq günahdırmı? Burada günah- savab məsələsi yoxdur, burada nemətə hörmət var. Bu ədəb qaydalarına aiddir. Həm də nemət, sadəcə çörək deyil ki, süfrədə olan sudan duza qədər hər şey Allahın nemətidir, üstəlik isə ən böyük nemət elə insandır. Allah hər şeyi insan üçün yaradıb, insanı nələr üçünsə yaratmayıb.Yəni, qiymət, dəyər verəcəyimiz ən böyük nemət insandır. İnsan dəyərlidirsə, o ədəbə uyacaq, çörəyə də, digər nemətlərə də, kəlama da, elə digər insanlara da dəyər verib hörmət edəcək. Yetər ki, insan öz dəyərinin və digər insanların dəyərinin fərqində olsun.

O ki, qaldı digər suala, çörəkmi daha hörmətli tutulmalıdır, Quranmı. Bu sualı, yaxşı olar heç verməyin, ikisini də hörmətli tutmaq lazımdır, bərkə düşəndə çörək Quranı yenər deyilsə də, hər ikisi gərəklidir, biri maddi qidadır, digəri mənəvi. Axı biz həm bədən, həm də ruhdan ibarətik, həm bədənimiz qidalanmaq istəyir, həm də ruhumuz.

Yaxşı, günah etməkdən belə qorxursunuzsa, o zaman ölçüyə diqqət edirisinizmi, halal-haramlıq ölçüsünə. Bilirəm, böyük günahlardan qorunursunuz, çünki onlar göz qabağına tez çıxır, tez bilinir. Bəs kiçik, gizli günahlar?

 Siz süfrədə olan çörəyə təbii ki, hörmət edin, ayağa durunca çörək beldən aşağıda olur deyə hörmətsizlik sayılır, başqa sirli bir günah hissi yoxdur. Siz çörək süfrədə olarkən durmaq günahından o qədər də qorxmayın, siz əsas içinizdəki gizli düşməndən qorxun. O var ha qarşınızda oturanın qaşını-gözünü araşdırırsınız, bunun qaşı belə, gözü elədir, geyiminə bax bunun nə gündədir deyirsiniz, içinizdən o, necə də kobuddur fikri keçir, ya da buna bax, yeməyi necə yöndəmsiz yeyir deyə düşünür, ya da ani olaraq fikrinizdən bu kimi şeylər keçirsə bunlar günahdır. Qarşındakı, yanındakı adamın üzünə deyə bimədiyin sözü içindən keçirirsənsə, bax, bu gizli gühandır, siz əsl o gizli günahlardan qorxun, onlar adamı ölünün ruhundan daha möhkəm vurur. Həm də heç bilmədiyiniz tərəfdən, gözləmədiyiniz anda.

Qorunmağımız gərəkən ,ən diqqət edəcəklərimiz gözəgörünməz günahlardır.Allah bizi bizdən qorusun.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir