21 Kasım 2024

İnsanlardan tez-tez “Mən namaz qılanam, mən namaz qılıram” ifadələrini eşidirik, namaz qıldığı üçün hörmət və ehtiram gözləyir, umur ki, onu başqalarından fərqləndirsinlər, daha üstün görsünlər.
“Molla dininə” görə namaz qılmaq həyatda artıq bəlli bir statusa sahib
olmaq, axirətdə isə cənnətin bir taxtını satın almaqdır.

Namaz islamın şərti, dinin dirəyi, “gözümün nurudur”, ancaq ona
bu qədər sadə, mənfəətçi tərzdə yanaşmaq adamı dilə gəlib söz deməyə sövq edir.

Sadəcə, Allahla sənin aranda olan bu münasibəti, bu məhrəmliyi niyə bu qədər açıq aşkar
kibir mənbəyinə çeviririk. Namazda ürəyinin ən gizli küncünü açırsan,
sirlərini bölüşürsən Allahla, ancaq bunu etdiyin üçün lovğalanırsansa,
bu namaz səni alıb uçurumun dibinə atar.

Həyatda “Hər kəs xasiyyət və xislətinə görə iş yapar….” (“əl-İsra”, 84) , namazda isə hamı eyni işi yapar,
başını yerə dikib qəlbindən bütün dünya və həyatı çıxarar, gözlərini
ayağının ucundan çəkməyərək təslim olar. Biz isə gözlərimizi
dünyadan çəkmirik, namaz qılmağımıza baxmayaraq dünyanın hər
adətini, hər işini özümüzdə görməyə çalışırıq. Biz namazda müsəlmanıq,
həyatda əcnəbiyik sanki, çünki dilimizdən tutmuş yaşamımızın hər
sahəsində bir əcnəbi ruhu, əcnəbi əli mövcuddur. Musiqimizdən
ədəbiyyata, incəsənətimizə qədər hamısında əcnəbi ruhunu hakim
etməyə çalışırıq ki, müasir görünək, səviyyəli görünək. Biz özümüzdə
olanlarla, olduğumuz kimi görünməyə çəkinirik, olduğumuz səviyyədən
utanırıq. Ona görə də yazanda əcnəbi yazar və alimlərdən mütləq

sitat gətiririk ki, bilikli görünək, bir-iki təzə söz qatırıq danışığımızın
gözünə ki, bax, başqa dildən də xəbərim var. Bunlar bizim təqvamızı
üstün qılırmı, “üstünlük təqvadadır” axı. Şəhərimiz işıqlardan yaranan
gecə gözəlliyi ilə göz qamaşdırdığı kimi bizim də mənəviyyatımızdakı
saxta təmtəraq göz qamaşdırır. Məhz göz qamaşdırır, çünki təməlində
yenə də qara və sadiq kötük kimi bizim milli dəyərlərimiz durur, bu
milli dəyərlərimizi biz, sanki ehtiyatda saxlayırıq, bütün bərbəzəklər
tükənəndə köməyimizə yenə öz sadiq dəyərlərimiz çatır. Saxlayırıq,
çünki biz nə sahib olduğumuz kimliyimizi, nə damarlarımızdakı qanın
tərkibini dəyişə bilmərik, nə də genimizin kodunu.

Namaz, sadəcə, bəlli sözlərin deyilişi və duaların oxunuşu deyil,
bu qəlbimizdəki sevgi və imanla nəfəsimizin tənzimlənməsidir.
Quranda sözlərlə yanaşı hərflərin də sayı bəlli olduğu kimi kainatda
da, efirdə də sözlərin, eləcə də hərflərin sayı bəllidir və yazılıdır. Bizim
ciyərlərimizdə nəfəsimizin sayı, tutumu bilinir və bu nizam namazla
qorunur. Namaz ilahi yolçuluqda addımlamadır və bu addımlama bizim,
sadəcə təkcə bizim özümüzün Allahla başbaşa qalaraq ilahi bir sferada
mövcudluğumuzu yaşamamızdır. Namaz bu dünya üçündür həm də,
ilahi hüzuru, məhşərdəki o heybəti qırıq-qırıq yaşamaqdır bir az da.
Bu dünyada isə insan beynini səlis düşünmə mexanizminə alışdırır.
Təbiətlə ardıcıl harmoniya təşkil edir. Namazı bir idman olaraq görənlər
ilahi feyzin qanadlarını hiss etmə qabiliyyəti olmayanlardır. Namaz bir
mənəvi ehtiyacdır, namazda insan həm də özü özünü oxuyur. “Bütün
kitabların əsli onun yanındadır” (“ər-Rəd”, 39), odur ki, insan əslinə
qovuşmaq üçün bu gün namazda səhifələnir, özünü oxuyur, səhifə-səhifə
düzəliş edir özünə.

Namaz qıldığı üçün lovğalıq və kibir hiss edən insanlara, “Dünya
həyatında (onlara), sadəcə bir əzab vardır” (“ər-Rad”, 34), o da lovğalıq
və kibrin yaratdığı mənəvi səviyyə aşağılığıdır.

Toplumda örtünən və ibadət edənlərə bəzən açıq aşkar, bəzən də
eyhamla, üstüörtülü olaraq geri qalmış damğası vurulur. Örtündünsə,
ibadət edirsənsə, demək şərqə meyillisən, şərqə meyillisənsə demək
köhnəliyə meyillisən, geriçisən. Ancaq bir şeyi unudurlar ki, həsəd
apardığımız, mənimsəməyə çalışdığımız müasirlik, çağdaşlıq dəyərləri,
mədəniyyəti və irəliləməsi adlandırılan parıltılar, əslində qoca şərqdən
külçə şəklində alınıb aparılaraq üstü bəzədilib bizə satılan mətahlardır.
Biz o parıltıları sevirik. Rene Genon bizə yaxşı izah edərək deyir, “Böyük
hərflərlə yazılmış “Mədəniyyət” və “İrəliləmə” kəlimələri qərbdə
düşüncəni deyil, düşüncə yoxluğunu anlatmaq və düşüncə yoxluğunu ört
basdır etmək üçün, kütləni… yuxuya vermək üçün müasir idarəçilərin
istifadə etdiyi… formuldur”. Gerisini siz düşünün artıq.

AYİŞƏ NƏBİ

“ƏNƏNƏ VƏ DİN” kitabı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir