Qurban bayramı yaxınlaşanda çoxlarının dişi qamaşır ət dadına, bayramın gəlişi ət yeməklərinin yaxınlaşmağı ilə yada düşür.
Bəs qurban ət yeməklə xarakterizə olunmur ki, deyə ibarəli sual verilir. Əgər elə deyilsə, onda Allah niyə hz.İbrahimə oğlunun yerinə qoç qurban kəs deyib? Ona görə ki, ət yeyəsiniz? Yox, əlbəttə ki. Qədim zamanlarda qurban kəsilən heyvanın əti yeyilmirdi. Zaman o zaman idi ki, insan qurban edilirdi, yoxsa insanın da ətini yeyərdilər?
Hz. İbrahim öz sədaqətini isbatlamaq üçün oğlu hz.İsmayılı Allaha qurban edərək başını kəsmək istəyib, Allah onun sədaqətini qiymətləndirərək oğlunun yerinə qoç kəsməsini əmr edib.
Bu, nağıldır? Tarixin o üzünü bilmirik, nəqli dəlillərə əsaslanıb danışırıq. Bəs biz bu, nağılvari olaya niyə inanırıq? Həm də əsrlərdir bu inam davam edir. Niyə kimsə çıxıb buna üsyan etmir, belə bir şey mümkün olmaz demir. Yox, təbii ki, deyirlər, amma inkarçıların səsi inananların səsini üstələyə bilmir.Tarix boyu Xəlilullah İbrahim peyğəmbərin oğlunun adı ilə adlanan İsmayıl qurbanı ənənəvi olaraq davam edir. Xalq bunu bir yardımlaşma günü, paylaşma vasitəsi olaraq qəbul edir və əsrlərin bu adəti yaşadır. Bu adətin- ibadətin bir məcburiyyəti yoxdur, insanlar özləri könüllü olaraq Allaha öz sevgilərini bildirirlər.
Bir də özünü müasir göstərənlərin belə bir sualı olur, Allaha olan sevgisini niyə qoyun vasitəsi ilə göstərir, sənin günahlarının qurbanı niyə qoyun olur, qoyunun nə günahı var ki, sənin günahlarının əzabını çəkir?Qurban etmək üçün özünün hansısa istəyini, malını, öz şəxsinə aid olan nəyinisə qurban etsin. Qoyun yazıqdır, onun da canı var, hissi var, o da ağrıyır. BU fikri heyvansevərlərin xorundan eşidirik.Amma əti dişinə çəkib dadından ləzzət alanda qoyunun əzab çəkməsi yadına düşmür.İlin on iki ayı ət yeyən, kabab iyinə ürəyi gedən “mərhəmətli” adamların niyəsə mərhəməti, heyvan sevgisi qurban ərəfəsində oyanır.
Doğru, mənin də heyvana yazığım gəlir, heç bir heyvanın ağrımasını, əzab çəkməsini istəmirəm. Ancaq Allahın əmrinə də qarşı çıxa bilmərəm.
Qurban bir bağışlanmadır, Allah insanın qurban olması yerinə heyvanı qurban seçdi.Bununla insanı bağışladı.Burda yenə ateistlər sual verir, insan nə edib ki, yarandığı gündən günah edir .Niyə günah edir, Allah insana günah vəsfi verir, sonra da bağışlayır. Olmaz ki, insanın günah etmə özəlliyi olmasın, axı Allah bunu etməyə qadirdir, bəs niyə etmir. Bu sualların cavabı mücərrəddir (növbəti yazılarda cavabı deyəcəm). Biz beynimiz və qəlbimizin gücü nisbətində düşündüyümüz üçün öhdəmizə düşəni edək, səbəb və hikmət bizə qaranlıqdır. Bu qaranlıq Allaha inam və sevgin ölçüsündə aydınlanacaq.
Başqa bir sualda deyilir, qurban niyə bayram olur ki? Qurban kəsmə bayram ola bilərmi?
Qısaca deyim, insan Allah tərəfindən bağışlanmasını bayram olaraq qəbul edib buna sevinir. Bu, səbəb olaraq məgər azdır?
Hər şey bir kənara, bağışlanmamız qutlu, qurbanımız daim qoyun olsun (iribuynuzlu da ola bilər) .
Nəbi A.