21 Kasım 2024

Bizdə də necə beyin, necə zövq, necə ürək var, aləmdir lap. Dəyirman kimi nə fikir gəlsə üyüdüb şahadını alırıq.Yəni ki, payımızı götürüb özümüzünküləşdiririk. Necə yəni? Deyə sual tuşlanır üstümə qarşıdan.Bax, bir il əvvəl Nəsimi ili oldu, hamımız ucdantutma olduq Nəsimi sevdalısı, ya da şünası, sonra oldu Nizami ili, olduq nizamişünas, ondan əvvəl də hansı il, nə elan oldusa olduq onun şünası.Bu il də Şuşa dəbə düşüb.Dünənə qədər Şuşanın adını çəkməyənlər bu gün bir könüldən min könülə Şuşaya aşiq oldular.Nə ürək var bizdə deyirəm. İlbəil yeni adda sevdalanırıq.

Nə deyirəm, sevək Şuşanı, sevilmək haqqıdır Şuşanın. Hamı Şuşaya can atır, həsrətlə qucaqlamaq istəyir Şuşanı. Noolar, mən də istəyirəm gedim görüm Şuşanı. Bunun üçün 7 manata bilet alıb minəcəm Bakı-Şuşa avtobusuna, gedəcəm Şuşaya. Rahat və sərbəst. Gözüm kiminsə üzündə qalmayacaq ki, məni bura gətirənə bəçeşm deyim, əl-pəncə divan durum qabağında ki, bəs məni sən gətirmisən, qulluğunda hazıram.Yox, qaqa, hayıf deyil 7 manat və avtobus. Min get, gəz Şuşanı.

Deyirsən, yox, o başqa məsələdir ki, rəsmi gedirsən, dövlət adamı kimi, dövlət səfəri ilə, hörmətin ayrı, izzətin ayrı olur.Adın-sanın var, deyirsən ki, mən rəsmi adamam. Bilirəm, əlbəttə bunun qırımı ayrıdır. Ancaq dəyərmi?

Bəs, nooldu bayaqdan deyirdin Şuşaya belə vurğunam, elə aşiqəm, indi rəsmilik, hörmət gəzirsən.Deməli, sənin dərdin Şuşa deyil, dərdin hörmətli  olduğunu göstərməkdir.

Şuşanı sevirsən? Əlbəttə, Şuşa canım- gözümdür.

Bəs şuşalıları? Dünənə qədər qaçqın deyib xor baxdığın şuşalını?

Yadıma gəlir, illər əvvəl Mərdəkanda dənizin qırağında tərk edilmiş bir bina vardı, nə vaxtsa istirahət yeri olan bu uçuq- sökük binada şuşalılar, Şuşa qaçqınları yaşayırdı.Dənizə gedərkən  bu binanın yanından keçirdik, bina az qalırdı uça, üfunətli, zir-zibillik, ətrafı uçuq sökük, darmadağın bir yerdi.Həmişə də güclü külək əsərdi o binanın yanında.Bir dəfə  bir şuşalıdan soruşdum, yayda belə külək olursa, buranın qışı necə olur? O, qapı-pəncərəsi taxta-tuxta, dəmir-dümürlə yamanmış binanı göstərib, soyuq olur,-dedi,- biz Şuşa qışı görmüş insanlarıq, amma burda canımız heç qızmır.

Elədir, laqeydlik olanda adamın canı isinmir.

Hərdən elə həmin binadan bir şuşalı qadın gəlirdi bizim məhəlləyə, ağayana,  xanım-xatın, gözəl bir qadın idi, Şuşada müəlimə imiş. Sanki ətrafdakıların onu xor gördüyünü düşünürmüş kimi deyirdi, buraların camaatı elə bilir biz elə  belə olmuşuq, görən necə yerdən gəliblər ki, belə yerdə yaşayırlar, deyə düşündürlər yəqin. Allah baisin evini yıxsın, bizim bir günümüz-güzəranımız, dolanışığımız,  bir evimiz eşiyimiz vardı ki, gəl görəsən.İndi gəlib bura sığınmışıq, hərə də bir cür baxır, elə bilirlər möhtacıq.

Haqlıydı qadın.Onların gəldiyi yer indi qaldıqları yerlə təzad idi.Həmin şuşalılar hələ Şuşaya gedə bilməyiblər.Bir geri durun, qoyun şuşalılar getsinlər, öz yurdlarına bir salam versinlər, oturub daşı-torpağı ilə dərdləşsinlər.Niyə belə bəhsə düşmüsüz Şuşaya getmək üçün.

Mən bilirəm ki, getsəm, keçən bu 30 ilin ağrılarını görüncə ürəyim ağrıyacaq.Bir də burdakı həsrətli şuşalıları görüncə.

Gedib Vaqifin üstündə şeir oxuyacaqsız? Burdan bura Sabirin, Nizaminin üstə getməyə ərinirsiniz…Yoxsa, Vaqifin ehtiyacı var sizə?

Sözün qısası, Şuşanı verin şuşalılara, bir də Şuşada can qoyub qan tökənlərə, qoyun özləri “Gəldim, Şuşam” desinlər, çünki Şuşa onları tanıyır.

Mahmud Mövlud oğlu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir