İntihar adiləşdi. İntihar gəncləşdi. Nə qədər təəssüf etsən də, intiharların qarşısı alınmır, əksinə günü-gündən çoxalır. Bəs səbəb nədir? Təxminən eyni səbəblərdir: sevgi böhranı, uğursuz sevgi, uğursuz imtahan, anlaşılmamaq, dərdinə dərman tapmamaq. Di gəl ki, intihara aparan dərdlərin heç biri öldürücü deyil, adidir. Elə son intihar edən qızın-Laçının dərdi kimi. İmtahandan aşağı bal almısan, yaxşı eləmisən. Deməli, beyninin gücü buna çatıb. Əlbəttə, ata-ana niyə oxumurdun, niyə çalışmırdın kimi, bir çox “niyə” deyəcək, ittiham edəcək, digər uğur qazanan uşaqların ata-anasının yanında utanacaq və bu utanmanın əvəzini uşaqdan çıxacaqlar. Bəlkə ata-ana bu niyələrin heç birini deməyəcəkdi, onda da uşaq özü utanır, yaşıdlarının arasında “bacarmadı” deyilməsini həzm edə bilmir, ayıblanacağını düşünür.Yenə də günah dolanıb gəlir ata-ananın üstünə. Niyə?
Məsələn, ata-ananın biri mən.Uşaq kəsrlə qayıdır məktəbdən.Əlbəttə ki, pis oluram, amma anında da düşünürəm ki, demək beyninin gücü bu qədərdir, demək bu qədər çalışa bilib.Özümə təsəlli verirəm.(Niyə az çalışıb, bunun da min cür səbəbi ola bilər, uşağını yaxşı tanıyan ata-ana bunu da bilər).
Tərbiyə üsuludur, deyə ata-ana uşağı danlamağı, başına ağıl qoymağı özünə borc bilir. Amma bu ağı qoymalar bəzən həddini elə aşır ki, o uşaqların yerinə mən də olsam intihar edərəm.
Ya da bu son intihar edən qızcığaz kimi atam mənə də, get özünü as desə, gedər asaram. Çünki atam deyib. Dünyadakı ən birinci dərəcəli adam, ən yaxınım, idealım, dayanağım, həyatımın sütunu, sevindirmək istədiyim ilk adam.Hər şeyin ilk pilləsində duran adam.Sözü qanun olan adam.Yenə deyirəm, atam mənə də desə gedib intihar edərdim. Amma mənim atam belə deməzdi.Bir dəfə kəsildim, evə necə gedəcəyimi təsəvvür edə bilmirdim, atamın-anamın üzünə çıxa biləcəmmi, düşüncəsindən sonra fikrim qırılırdı. Ancaq xəbərim məndən qabaq evə getmişdi.Bir təhər ayağımı sürüyə-sürüyə evə getdim, qapıda atamla üz-üzə gəldik. Mən dinmədim, nə edəcəyimi bilmədim, quruyub qaldığımı görən atam təbəssümlə,- adam səhv edər də, səhvini düzəldər də,- deyib mənə xoş üz göstərdi və bütün qorxum keçdi.Özümə inamım qayıtdı.
Yaxşı, soruşuram, uşaq ata-anasının ağzından çıxan bütün sözlərə anında əməl edir ki, bir sözdən ötrü intihar etsin?Bu mənə qaranlıqdır.
Bütün ata-analar övladının xoş gününü, uğurunu istəyir, amma bu istəyi uşağa kobud rəftarla, ağır sözlərlə ötürəndə ortada istək, xoş münasibət qalmır.Mən ata-anaları başa düşürəm, ancaq gəlin səhvlərimizi boynumuza alaq.Bir də onu boynumuza alaq ki, bizə uşağın uğurundan çox onun varlığı, sağlığı, xoşbəxtliyi önəmlidir.Bu gün mən hüquq fakultəsində oxuyan oğluma israrla hüququ burax, get öz istəyinin arxasınca deyirəm.O,- sizdən ayıb olur, sizin zəhmətiniz itir, deyir. Xeyr, qoy, mənim bir illik zəhmətim itsin, amma sən ömrü boyu, mən mühəndis olmaq istəyirdim, ata-anama görə hüquqçu oldum deyib, fikrində, qəlbində bir sevda yarım qalacaq, daim mühəndisliyə əlçatmaz kimi baxacaq.Bəlkə hüquqda daha parlaq karyerası olacaq nəinki mühəndislikdə, bu önəmli deyil, önəmli odur ki, o, öz istəyini gerçəkləşdirəcək və bu onu məmnun edəcək.Bizim üçün önəmli olan övladlarımızın doğru yolda məmnun olması deyilmi?
Niyə uşaqları öz dünyamıza salmağa cəhd edirik.Bu sualı həmişə özümə verirəm. Haqlıyıqmı, haqsızıqmı, bilmirəm, burda cavablar müxtəlif olacaq. Ancaq bildiyim odur ki, uşaqların da günahı var.Mən uşaqlara həmişə bunu deyirəm, əgər bir istəyinizdə əminsəniz, o istəyin arxasında durun, bu mənə asi olmaq bahasına olsa belə. Etiraz edin, mən ananızam və ilk mənə etiraz edin.Bu gün mənə etiraz edə bilməsən, sabah toplumda gördüyün heç bir qüsura və haqsızlığa etiraz edə biməyəcəksiniz.Uşaqların cavabı, anamıza necə etiraz edək, olur. Edin, etiraz hörmətsizlik deyil, hörmətsizlik etməyin, dəyər verin, amma fikrinizi də müdafiə edin.
İmtahana görə intihar edən qız belə çıxır ki, ata-anasının sözünü yerə salmayıb. Əziz gənclər, biz artıq yaşlanırıq, yanıla bilərik, sizi hiss etməyə bilərik, anlamaya bilərik. Siz özünüzü anlayın, həyat xırda şeylərə görə əl çəkiləcək nemət deyil, həyatın dəyəri daha böyükdür, ali məktəbdən də, imtahandan da, hansısa münasibətdən də.
Ölüm günahları yuyur guya.Yəni, ölürkən günahsızlığını sübut edir, ya da günahsızlığını sübut etmək üçün intihar edir.İstənilən halda intiharın astarı üzündən baha düşür.Günahsızlığını sübut etmək istərkən daha böyük günah edir. Bunu artıq çox dəfə çox yerdə deyiblər, bir insan öldürmək günahdır.Bu insan sən özün olursansa, bu yenə günahdır, çünki sən Allahın yaratdığı və bəlli bir missiya ilə yerə göndərdiyi cansan və sən bu cana qıymağa icazəli deyilsən.
İndi çağdaş gənclər daha iradəsizdir? Yaxud sualı belə qoyum, intihar iradəsizlikdir? Bəlkə də intihar edə bilmək elə özü iradə istəyir. İstənilən halda iradə tələb olunur. Axı, niyə yaşamayasan? Yaşamaq haqqın hansı dəyərdən daha aşağıdır, yaxud da hansı dəyər yaşamaq haqqından üstündür.Bu haqqı, yaxınlıq dərəcəsindən asılı olmayaraq heç bir insan, önəmlik dərəcəsindən asılı olmayaraq heç bir əməl əlindən ala bilməz. Ona görə deyirlər, insanın ən böyük düşməni elə özüdür. Niyə? Çünki qərarları sonda insan özü verir, düz də olsa, yanlış da olsa. Qərar qəbul edərkən insana sırf özünü nəzərə ala bilmir. Amma görünür almalıdır.Əks halda, yaşamağa səbəb tapmır.
İmtahana görə intihar edən gənclər, doğrudanmı, həyatlarında imtahandan daha dəyərli heç bir məna tapa bilmirlər. Axı, mənanı kimsə sənə kənardan yükləməyəcək, ey gənc, bu mənanı həyatına sən qatmalısan. Nəyin bahasına olursa olsun, bu yolda səndən kim incisə də inan ki, sonda haqlı olduğunu görüb bağışlayacaq.Heç bir səbəb qaranlıq qalmır, gecədən aydınlığı çıxaran Rəbbim bütün qaranlıqları aydınladır.Bu gün sənə qaranlıq qalan mətləblər də gün geçdikcə aydınlanacaq, yetər ki, səbr edib gecədən aydınlıq açılana qədər dözəsən.