– A kişi, Şəhid atası! Səni İcra Hakimiyyətinə çağırırlar, təcili gəlsin, işimiz var, – deyirlər.
Kişi başını xarab olmuş avtobusun altından çıxarıb :”Yaxşı”, – desə də, İcra Hakimiyyətinə getmək fikri yox idi. Evdə bir çətən külfət çörək gözləyirdi, avtobus da heç cür işə düşmürdü. Səhərin gözü açılandan bəri avtobusun altını qurdalayır, işə salmağa çalışırdı. Lakin illərin dostu olan, ən çətin hallarda belə Şuşanın dolanbac yollarını quş kimi qalxan avtobus indi burada, bu düz yolda elə onun özü kimi yornuq düşmüş, işləməyə gücü qalmamışdı. Qarabağdan çıxanda bir çətən külfəti, qonum-qonşunu bu avtobusla gətirmişdi. Avtobus o vaxtdan məşhur idi. Son günlərəcən Şuşaya əhalini, sonra isə hərbçiləri daşıyan bu qırmızı avtobusu nəinki bizimkilər, hətta ermənilər də yaxşı tanıyırdılar. O mənfurlar bu avtobusu əvvəllər Şuşadan enib Əsgərandan keçəndə hər dəfə daşa basardılar, sonralar isə daha da irəli gedib gülləyə tutardılar. Dəlib keçmiş erməni güllələrin yerləri hələ də avtobusun şüşələrində durur, o günləri xatırladırdı. Bu avtobus heç vaxt, dar macalda da onu məhəttəl qoymamışdı.
İndisə üzə dirənmiş, işə düşmək istəmirdi. Kişi, dəmirdən olsa da, bu avtobusa adicə əşya kimi yox, özünün yaxın sirdaşı, dostu, yaddaşı olan bir canlı kimi baxırdı.
– Niyə belə edirsən axı? İşə düş də… -deyib əlindəki alətlə avtobusu bir daha qurdaladı. Köhnə avtobus yaralı, xəstə adam kimi xırıltılı səs çıxararaq sanki qınağı başa düşmüşcəsinə işləməyə başladı. Həmişə cəldliyi ilə seçilən, avtobusa atın üstünə atılır kimi atılıb minən kişi indi yorğun addımlarla keçib avtobusun sükanı arxasında oturdu.
Əslində, bu iş kişini yoran iş deyildi. İşdən yorulmaq kəliməsi ona yaddır. Yaşına görə çox çevik idi. Onu yoran, yornuq salan dərdi idi. Ürəyində iki oğul dağı gəzdirirdi. İçində gəzdirdiyi bu dağın ağırlığı qəddini əymişdi. Kişi bir il yarımda iki nər kimi oğul itirmişdi. Elə o vaxtdan da yatağına qor dolmuş, yuxusu ərşə çəkilmişdi. Kirpikləri küsülü adamlar kimi bir-birinə yovuşmurdu, bir-birinə həsrət qalaraq ayrılıq çəkir, birləşə bilmirdi. Bu il yarımda şəhid atası balacalaşıb yumağa dönmüş, sanki əti ilə bərabər sümükləri də ərimişdi. Düz bir il yarım idi ki, gözlərini yummağa qorxurdu. Çünki gözlərini yuman kimi oğullarını yuxuda görürdü və yuxuda onları görmə xoşbəxtliyinin sonu o müdhiş anla bitirdi. Hər gecə oğullarını ermənilər yenidən öldürür, hər gecə o anı yenidən yaşayırdı. Hər gecə o dəhşətin gözlərində doğurduğu qorxu, təlaş və çaşqınlıq içərisində yuxudan dik atılır və sübhədək o anı unuda bilmir, bir daha gözləri yumulmurdu. Hər gecə yuxudaykən oğullarının adını çəkərək qışqırır, evdəkiləri də yatmağa qoymurdu. Artıq evdə buna öyrəşmişdilər. Evdəkiləri narahat etdiyindən özü də məyus olurdu. Ona görə də bu gecə qərara gəldi ki, heç evdə yatmasın. Elə həyətdə saxladığı avtobusda oturub gecəni dan eləsin…
Amma gecənin bir yarısı avtobusdakı səsə, qışqırtıya nəinki evdəkilər, hətta bina sakinləri də dik atıldılar. Gəlib gördülər ki, avtobusun oturacağında oturan kimi gözləri yumulan, gözləri yumulan kimi eyni yuxunu görən ata, yenə də yuxuda oğullarını səsləyir. Həyat yoldaşı onu evə gətirdi: “Camaatdan ayıbdır axı, – dedi! Sonra camaat nə düşünər? Deyərlər, kişini evdə yatmağa qoymurlar”…
Köçkün kimi yerləşdikləri binada yüzdən artıq ailə məskunlaşmışdı. İşğal olunmuş bütün rayonlardan köçkünlər olsa da, buradakıların əksəriyyəti Ağdam rayonunun sakinləri idilər. Burada qaldıqları müddətdə hamı bir-birinə isinişmiş, dərd-sərləri bir olan bu adamlar bir-birini yaxından tanımağa başlamışdılar. Burada hamının bir dərdi vardı: ”Torpaq!” Burda hamının bir adı vardı: “Köçkün!” Dərd ortağı olan bina sakinləri də şəhid atasının hər gecə oğullarını yanıqlı səslə çağırmasına get-gedə öyrəşdilər. Kişi də Prometey kimi hər gün eyni əzabı yaşayırdı. Hər gecə ermənilərlə qovğada olur, balalarını onların əlindən qurtarmağa çalışır, lakin buna nail ola bilmir, gecəni dirigözlü açırdı. Səhərlər yenə başı işə-gücə qarışır, bir təhər fikrini yayındıra bilirdi. Amma elə ki, toran qovuşdu, şər qarışdı, yenə qara-qura fikirlər qara quş kimi iti caynaqlarını onun qara ciyərinə deyil, düz ürəyinə batıraraq o ürəyi əyri dimdiyi ilə didik-didik edib qanı axa-axa parçalayır, ətini çəngə-çəngə qopararaq yeyirdi…
Döyüş zonasından övladlarından birinin qanlı tabutunu gətirəndə onu açmağa qoymadılar. O gündən şübhə ürəyini xain düşmən kimi oğrun-oğrun deşməyə başladı. Bəlkə, ölən heç onun oğlu deyildi, axı tabutu açmağa qoymadılar! Deyilənə görə, oğlu minaya düşmüş, tikə-tikə olmuşdu. Tanınmalısı qalmadığından tabutu gətirən əli silahlı əsgərlər onu açmağa qoymamış, eləcə də yetirən kimi basdırmışdılar! Amma 2-ci oğlunun meyitini öz gözləri ilə görmüşdü. Oğlunu alnından snayperlə vurmuşdu muzdlu qara qatil. Son nəfəsinə gedib özünü çatdıra bilməmişdi. Amma xəstəxanaya yetişmişdi. Oğlunun başının bir hissəsini güllə aparmışdı…O vaxtdan dərdli ata oğlunun yarısı getmiş başını unuda bilmirdi. O anı gözlərinə köçürmüşdü, nə qədər edirdi gözündən o tükürpədici anı silə bilmirdi…
Rayon İcra Hakimiyyətinin Qaçqın və Məcburi Köçkünlərlə İş şöbəsinə çağrılanda getmək istəmədi. Lakin sifariş-sifariş dalınca gəlirdi. Hər səhər dan yenicə söküləndən gecəyarısınadək köhnə avtobusla “xaltura” edərək öhdəsində olan bir çətən külfətin çörəyini güclə çıxarırdı. İki böyük oğlu müharibədə şəhid olmuş, öhdəsndə qalan uşaqlarının bu çətin zamanda, heç olmasa gündəlik tələbatlarını ödəməyə çalışırdı. İş yox idi. Şəhərə köçkünlər axışdığından şəhər əhalini çörəklə təmin edə bilmirdi. Bəzən saatlarla çörək növbəsində dayansa da, evə əliboş gəlməli olurdu. Köçkün kimi sığındıqları bina şəhərdən çox kənarda idi. Avtobuslar çox gec-gec işləyirdi. Hər gün qaçqın və məcburi köçkünlərdən tələbə olanları, bir də gündəlik çörək pulu qazanmaq üçün çalışanları şəhərə aparar, qəpik-quruş qazanardı. Çoxunun yol pulu olmaz, o da bu sübh yenicə açılar-açılmaz səhərin şirin yuxusuna haram qatıb məktəbə vaxtında çatmaq üçün bəzən səhər yeməyi yemədən evdən çıxan bu yarıac-yarıtox tələbə qızları vaxtında dərsə çatdırsın deyə avtobusunu işə salar, gedər bir də günortadan sonra geri dönərdi. Doğrudur, dövlət onlara cüzi məbləğdə sosial yardım edir, müavinət verirdi. Camaatın “çörək pulu” adlandırdığı pul isə onların heç bir həftəsinin çörəyini görmürdü, nəinki ayı… Odur ki, doğma yurddan çıxardığı bu köhnə, sınıq-salxaq maşınla qoca vaxtında sürücülük edir, ürəyində iki şəhid dağının ağırlığı ilə çətin də olsa ayaqda durmağa, ailəsini dolandırmağa çalışırdı. Əksəriyyəti tələbələr, tanış-biliş olan adamlardan çox vaxt pul almırdı. Çoxunun evinə gələn pul təkcə elə “çörək pulu” adlanan müavinət idi. Pulu olmayanlar da utana-utana: “Dayı, pulum yoxdur, çörək pulu alanda verərəm”, – deyib düşürdülər. Əslində, çoxu heç “çörək pulu” alanda da o pulu verməyəcəkdi. Bunları bilirdi…amma beləcə davam edirdi.Ürəyindəki dağın ağırlığı isə heç azalmırdı.
Gecəki dəhşətli yuxunun təsiri hələ ötüşməmişdi. Beş ay öncə torpağa tapşırdığı, alnından vurulan oğlu onun həm də köməkçisi, iş yoldaşı, sirdaşı idi. Axır zamanlar, döyüşə gedənədək bu avtobusu, demək olar ki, oğlu idarə edərdi. İndisə oğlu əlindən bir quş kimi uçub getmiş, özü isə tək qanadı qalmış bir quş təki çətinliklər içində çırpınırdı. Nə qədər uçmağa can atsa da, bacarmırdı, elə hey çırpınıb dururdu. Belə nəticəsiz çırpıntılar onu tamamilə heydən-hərəkətdən salmışdı. Bu köhnə avtobus ona həm də oğlunun yadigarı olduğuna görə əziz və doğma idi. İşsiz qalanda onun ürəyi sıxılırdı, istəmirdi ki, bu avtobus lazımsız əşya kimi atılıb bir kənarda qalsın və ya onu başqası sürsün. Ürəyi bunu götürmürdü, odur ki, gəliri olmayanda belə işləyirdi.
Bu gün, günün tüğyanında şəhərə iki dəfə maşın sürsə də, ancaq benzin pulunu çıxara bilmişdi, çörək pulunu isə yox! Yay idi. Tələbələr də yox idi. Ayın axırı idi. Odur ki, gedib, heç olmasa, hər ayın axırında köçkünlərə verilən “çörək pulu”nu alıb evə bazarlıq etmək qərarına gəldi.
Kassaya yaxınlaşıb adını-soyadını dedi. Kassada oturan, sifətindən də, səsindən də qadından çox kişiyə oxşayan qadın qarşısındakı dəftərə baxıb kobud səslə:
– A kişi, sənin adının qarşısını bağlayıblar. Sənə pul verə bilmərəm, – dedi.
– Necə yəni bağlayıblar, düz-əməlli bax. Axı, mən hər ay çörək pulu alıram!
– A kişi, dedim axı, adının qarşısını bağlayıblar. Bir neçə adamda belədir. Onlara çörək pulu verməyin deyə tapşırıblar!
– Axı niyə?
– Bilmirəm, get İcra Hakimiyyətinə, məsələni orda həll elə. A kişi, nə dayanıb baxırsan, çəkil, başqalarına yol ver, növbə çoxdur, işim başımdan aşır!
– Lənət sənə, kor şeytan! – deyib, kişi əvvəlki qıvraqlıqla otaqdan çıxdı, gəlib cəld avtobusa atladı. Yayın cırhacırında günün altında saxladığı köhnə avtobus od tutub yanırdı. Havanın istiliyi azmış kimi bir yandan da günün altında qalıb qızmış dəmirlərin istisi avtobusun içini cəhənnəmə döndərmişdi. İçəri girəndə hiss elədi ki, istidən bağrı yanır. Ürəyi su istədi. Bilmədi, bu istilik eşitdiyi xəbərin ağırlığından oldu, ya elə yay istisindəndir. Düşüb su aldı. Suyu başına çəkib içdikdən sonra avtobusa minib düz İcra Hakimiyyətinə sürdü. Çox sürətlə gedirdi.İcra Hakimiyyətindəki nümayəndəliyin otağına girdi.
Ad-soyadını dedi, növbəsiz içəri buraxdılar. Hövsələsiz adam idi. Boş yerə vaxt itirmək istəmədən birbaşa mətləbə keçdi:
– Salam. Mənim çörək pulumu niyə kəsmisiniz?
– Salam. Adın,soyadın nədir?
– Əli Əliyev.
Orta yaşlı adam qarşısındakı vərəqləri qurdalayıb nəsə oxudu və sonra sözə başladı:
– Həə, Atəş Əliyevin atası… A kişi, məlum olub ki, oğlun Atəş döyüşdə yoxdur. Qaçıb! De görək, onu harada gizlədibsən? Uşaqları döyüşdən qaçanlara çörək pulu vermirik!
– Nə?!
Kişinin gözləri kəlləsinə çıxdı. Bir anda qulaqları guruldadı, gözləri qaraldı:
– Nə dedin?!
– Oğlun Atəş Əliyev döyüş yerində yoxdur. Yerini bilirsən? Haradadır? Yerini deməyənəcən sənə çörək pulu verilməyəcək! Oğlunu harada gizlədibsən?…
Nümayəndə ağzı köpüklənə-köpüklənə üyüdüb tökür, dil boğaza qoymur, elə hey danışırdı…
Kişisə bunların heç birini eşitmirdi.
“Oğlun döyüşdən qaçıb!” Bu kəlmələr beynində saat əqrəbi kimi fırlanır, fırlanır, dayanmaq bilmirdi. Gicgahları guppuldayır, başqa nəsə fikirləşməyə qoymurdu: “Oğlun döyüşdən qaçıb!” “Oğlun döyüşdən qaçıb!” “Oğlun döyüşdən qaçıb!”
Kişi nəfəsinin tıxandığını hiss etdi. Əlləri ilə köynəyinin yaxasını açdı. Hiss etdi ki, havası çatmır. Bu hissiz-duyğusuz, gözlərindən cin çıxan kötük adamın üzünə bir şillə vurmaq, üstünə var qüvvəsi ilə bağırıb beynindəki səsi batırmaq istədi. Amma gözlədiyinin əksinə səsi çox sakit və təmkinli çıxdı. Odur ki, nümayəndənin kişinin içindəki zəlzələdən, tufandan, sunamidən əsla xəbəri olmadı.
– Hə, bilirəm!
– Nəyi?
– Gizləndiyi yeri bilirəm.
– Hardadır?!
– Qardaşının yanında. Tək deyil!
– Ünvanı bilirsən?!
– Hə, dur gedək, yerin sənə də göstərim, – dedi.
Nümayəndə sevincək tez ayağa qalxdı.
– Ay pir olmuş, bunu bayaqdan de də. Uşağın yerini nə qədər tez desən, o qədər yaxşıdır, yoxsa ona “fərari” damğası vuracaqlar, döyüşdən qaçan döyüşçünün yerini deməyən valideyn də cinayət məsuliyyəti daşıyır axı, bilirsənmi? Elələrinə heç çörək pulu da düşmür. Gəl, yerini de, iş bitsin…
– Avtobusum həyətdədir. Gəl, mənimlə gedək, göstərim!
– Hə, elədir. Səni görsə, qaçıb gizlənməz. Bizdə günah yoxdur, bizə elə tapşırıblar. “Voyenkomat”dan deyirlər ki, Atəş Əliyev döyüşdə yoxdur. Bizə də tapşırıblar ki, döyüşdən qaçanların ailəsinə çörək pulu verməyin, bir məni də başa düşün. Buyruq quluyam. Amma, kişi, sən narahat olma, elə bu gün oğlunu tapıb gətirək, tapşıracam çörək pulunu versinlər…
Kişini belə süst görən nümayəndə dil qəfəsə qoymurdu… Amma bilmirdi ki, kişi onun danışdıqlarının heç birini eşitmir. Beynindəki saatın çıqqıldayan əqrəblərinin səsi onu nəsə eşitməyə qoymur.
Kişi nümayəndə ilə birlikdə həyətə düşdü. Avtobusa tərəf getdi…
Beynindəki saat dayanmaq bilmirdi. Oğ-lun qa-çıb. Çıq-çıq, oğ-lun qa-çıb, çıq- çıq! Fikri avtobusu, təhlükəli də olsa, birbaşa oğlunun “gizləndiyi” yerə sürmək idi. Axı özü də çoxdandır oranı görmək istəyirdi. Qoy, bu kötük adam onun oğlunun döyüşdən “qaçıb” harada “gizləndiyini” görsün! Sonra nə olur, olsun. Artıq cana doyub. Yuxusunu ərşə çıxaran oğlanlarının məkanında – doğma torpaqda onlarla birlikdə əbədi yuxuya getmək idi fikri! Bayaqkı əqrəblər yerini indi də buna verib beynində çıqqıldayırdı.
Addımlarında bir əminlik vardı, yeyin addımlarla nümayəndə ilə birlikdə avtobusa oturdu. Avtobusu: “Ya Allah!” – deyib işə saldı. Ayağını qaza basıb maşını işə salmışdı ki, elə bu zaman:
– Əli kişi deyilsən, hara gedirsən? – sözlərinə geri döndü. Ağdamdakı qonşusu idi. Bir göz qırpımındaca avtobusa yaxınlaşıb kişi ilə illər ayrısı kimi salamlaşıb-görüşdü qucaqlaşdı.
– Necəsən, ay Əli? Neynirsən?
Əli kişi: “İşim var, başqa yerə gedirəm!” – demək istəyirdi ki, qonşu onu qabaqladı:
– Mən də səninlə gedim.
Bunu deyən qonşu Mürsəl kişi razılıq gözləmədən artıq avtobusun içində idi:
– Allah köməyin olsun. Səhərdən isti nəfəsimi kəsib, burda qalmışdım. Nə yaxşı səni gördüm. Gör, neçə aydır səni görmürdüm. Fikrim elə sənin yanında qalmışdı. Oğlun Atəş şəhid olanda başımıza güllə yağa-yağa Ağdamda yas verdik. Sonra mənim oğlum da yaralandı. Başım qarışdı, səndən xəbərim olmadı. Sən də mi buradasan? Uşaqlar necədir? Hara gedirsən belə? Gözümə bir təhər dəyirsən.
– Ağdama!
– Boy? Niyə ki?
– Döyüşdən “qaçıb gizlənən” oğlum Atəşin gizləndiyi yeri bu adama göstərməyə! – deyib avtobusun oturacağında quruyub heykələ dönmüş adamı göstərdi.
– Səni yolda salaram, incimə, evə getmirəm, özün gedərsən! – dedi.
– Əli kişi, məgər sənin oğlun beş ay öncə şəhid olmayıb?! Ağdam Şəhidlər Xiyabanında əllərimizlə torpağa basdırmadıqmı?! Sən nə danışırsan, kişi?!
– Bu kötük adam deyir, oğlunu gizlətmisən, yerini mənə göstər. Mən də onu aparıram oğlumun yerini göstərməyə!… Əli kişi avtobusu saxlayıb qonşusunu düşürdü və ayağını qaza basaraq yüksək sürətlə işğalda olan Ağdama – torpaq uğrunda gedən döyüşlərdə vuruşaraq şəhid olmuş oğullarının uyuduğu torpağa tərəf sürdü.