21 Kasım 2024

Tərlan müəllim, siz filologiya elmləri doktoru, professorsunuz. Eyni zamanda, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, bu ali məktəbin “Humanitar fənlər” kafedrasının müdirisiniz. Mən bilirəm ki, siz otuz ildir pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda, ciddi elmi tədqiqatlarla da məşğulsunuz. Sizin elə son illərdə çap etdirdiyiniz “Dədə Qorqud kitabı”nın Vatikan nüsxəsinin Bakı nəşri,  orta əsrlərin böyük Özbək alimi Dövlətşah Səmərqəndinin olduqca məşhur olan XV əsrə aid “Təzkirətüş-şüəra” əsərinin redaktoru olmağınız və s. abidələrin çapı elmi fəaliyyətiniz haqqında çox şey deyir. Bu günlərdə, yəni elə may ayının 13-də “Ədəbiyyat qəzeti”ndə çıxan “Hecavəznli şeirimizin strukturu” məqaləniz isə kiçik həcmli olmasına baxmayaraq, çox ciddi elmi-nəzəri tədqiqatdır. Tərlan müəllim, ümumiyyətlə, siz son dövr elmi yaradıcılığınız və filologiyamızın bu günkü durumu haqqında nə deyə bilərsiniz?

– Yaradıcılığıma verdiyiniz qiymətə görə ilk növbədə sizə təşəkkürümü bildirirəm. Daha sonra mənə verdiyiniz bu geniş suala görə də öz minnətdarlığımı bildirmək istəyirəm. Çünki mənə elə gəlir ki, bu cür geniş suala artıq müəyyən mənada yaşa dolmuş və elmi tədqiqat təcrübəsi qazanmış bir alim və tədqiqatçı cavab verə bilər. Bu mənada, müasir filoloji durumumuzun özünəməxsus müsbət və mənfi cəhətləri var. Müsbət cəhətləri ondan ibarətdir ki, həqiqətən də, alimlərimiz öz araşdırdıqları elmi istiqamətlərdə yorulmadan çalışır və öz istedadları, qabiliyyətləri çatan səviyyədə ortaya əsərlər qoymağı bacarırlar. Bu əsərlərlə onlar vətənimizin dil tarixini, ədəbiyyatımızın müxtəlif istiqamətlərini araşdırır, layiqli əsərlər yazırlar. Bu məsələni sübut etmək üçün mən ayrı-ayrı faktların üstündə dayanmayıb, elə son günlərdə təkcə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun türkoloji şöbələrinin hesabatlarına baxmağı məsləhət görərdim. Həqiqətən də, bu hesabatlarda ciddi araşdırmaların yer aldığı bir daha məlum olur. Amma bununla yanaşı, ümumiyyətlə, elm sahəsində bəzən mənfi hallara da – dostluğa, dostbazlığa, tayfabazlığa, başqasının əsərini mənimsəmə hallarına da təsadüf olunur ki, bu da elmi ictimaiyyəti dərindən narahat edən və incidən məsələlərdəndir. Ümumiyyətlə, elmi dəyərləndirmədə bəzən ədalətin pozulması da tədqiqatçıların incikliyinə, haqlı narazılıqlarına səbəb olur. Çünki, mənə elə gəlir ki, lazımi qurumlar layiqli əsərləri bəzən dövlətin diqqətinə çatdırmır, bunun nəticəsində də həmin tədqiqatlar elmi dəyərdən kənarda qalırlar. Məsələn, siz bir qədər yuxarıda öz sualınızda mənim “Dədə Qorqud kitabı” nın Vatikan nüsxəsini çapa hazırladığımı söylədiniz. Bu, həqiqətən də, olduqca ciddi bir tədqiqat və araşdırmadır. Məsələn, bu əsər niyə dövlət mükafatına təqdim olunmasın. Məlumdur ki, “Dədə Qorqud kitabı”nın cəmi iki nüsxəsi vardır. Drezden və Vatikan nüsxələri. Drezden nüsxəsi hələ 1939-cu ildən üzü bəri alimlərimiz tərəfindən araşdırılsa da, Vatikan nüsxəsinin 2018-ci ildə Azərbaycanda ilk dəfə mən nəşr etdirdim. Amma bu əsər dövlətimiz və türkoloji mərkəzlər tərəfindən diqqətdən kənarda qaldı. Hətta, Mədəniyyət Nazirliyinin “Qızıl kəlam” adlı mükafatına təqdim edilsə də, o mükafatı başqa bir əsər “qazandı”. Amma mənə elə gəlir ki, Vatikan nüsxəsinin çapı Azərbaycan tarixi, dili, ümumiyyətlə filologiyası üçün böyük hadisədir. Çünki bu qiymətli abidənin, ümumiyyətlə, bütün dünyada cəmi iki nüsxəsi vardır. Bu nüsxələrdən də birinə diqqət yetirib, ikincisini tədqiqatdan kənarda saxlamaq, təbii ki, Azərbaycan filologiyasının qüsurlarından idi. Və mən də bir daha qeyd etmək istəyirəm ki, uzun illərin tədqiqatından sonra bu əsəri çap etdirə bildim. Amma maraqlıdır ki, Azərbaycan filologiyası və türkologiyası bu əsər haqqında susub, demək olar ki, heç bir rəy, mənfi ya da müsbət bildirmədi. Sanki elə bil həm də “Dədə Qorqud”u tədqiq edən tədqiqatçıların da bu əsərdən sonra sözləri qurtardı. Çünki mən hələ bu kitabın çapından və hörmətli akademik İsa Həbibbəylinin “Dədə Qorqud” haqqında olan monoqrafiyasından sonra bu abidə haqqında, demək olar ki, heç bir ciddi tədqiqata təsadüf etməmişəm. Eyni zamanda, mən ictimai təşkilatlardan da inciyəm. Çünki indi müxtəlif ictimai nominasiyalar yaradılıb, təsis olunub: “İlin adamı”, “Qızıl qələm”, müxtəlif türkoloji araşdırma fondları. Yəni bu ictimai təşkilatlar da “Dədə Qorqud kitabı” Vatikan nüsxəsinin əhəmiyyətini başa düşmürlər? Bəs niyə onda adlarını filoloq və türkoloq qoyublar? Onlar da belə mükafatları, adətən, öz dostlarına, tanışlarına və demək olar ki, olduqca zəif əsərlərə verirlər. Təbii ki, bunlar hamısı müasir elmi proseslərin düzgün istiqamətdə getməməsinə və mənim kimi tədqiqatçıların incikliyinə səbəb olur.

Son illərdə təbii və olduqca gözəl olaraq ölkəmizin Orta Asiya respublikaları ilə yaxınlaşması və bütövlükdə türk dünyası ilə bir daha doğmalaşması prosesi baş verir. Təbii ki, bu istiqamətdə ilk növbədə türk dövlətlərinin prezidentləri və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Əliyev böyük səy göstərir. Onun bu istiqamətlərdə atdığı uğurlu addımların sayı olduqca çoxdur. Bu amil istər-istəməz biz ziyalılara, alimlərə də müsbət təsir göstərir. Biz də Prezidentimizin bu istiqamətdəki uğurlu siyasətindən ilham alaraq, elmi-ədəbi əlaqələrimizi daha da gücləndirməyə çalışırıq. Bu mənada, mən də bu istiqamətdə bir sıra işlər görmüş, hələ 2006-cı ildə böyük Özbək alimi və şairi Əmir Əlişir Nəvainin ümumtürk filoloji elmi-nəzəri fikrində ümumtürk əruzun xüsusuiyyətləri haqqında ilk əsər olan “Mizanül-övzan” əsərini Azərbaycan dilinə tərcümə etmiş, onu geniş ön söz və şərhlərlə elmi ictimaiyyətimizə təqdim etmişəm. Və 2006-cı ildən sonrakı illlər ərzində Əmir Əlişir Nəvai və Özbək xalqının yenə böyük bir oğlu, hökmdarı, şairi, sərkərdəsi, alimi Zəhirəddin Məhəmməd Babur haqqında silsilə məqalələr qələmə almışam. Bu məqalələrdən, mənə elə gəlir ki, ən qiymətlilərindən biri Nizami ilində çap etdirdiyim “Nizami və səri bəhri” adlı məqaləmdir. Çünki bu məqalədə mən ilk dəfə olaraq, Zəhirəddin Məhəmməd Baburun hələ XVI əsrin birinci yarısında Nizami haqqında dediyi olduqca qiymətli bir fikri onun “Müxtəsər” adlı əruz barədə olan əsərindən aşkarlayıb, elmi ictimaiyyətimizə təqdim etdim. Mənə elə gəlir ki, bu məqalə Nizaminin böyüklüyü, ona hələ XVI əsrdə verilən dəyər, eyni zamanda, Nizaminin sənətkarlığını bir daha sübut edən və Nizami ilində yazılmış ən dəyərli məqalələrdən biri idi. Amma bu məqalə də elmi ictimaiyyətin diqqətindən kənarda qaldı. Təvazökarlıqdan uzaq olsa da, mənə elə gəlir ki, bu məqalə “Nizami ili”ndə Nizami haqqında yazılan ən yaxşı tədqiqatlardan biri idi.

Özbək – Azərbaycan elmi-ədəbi əlaqələri baxımından mənim redaktoru olduğum və gözəl tədqiqatçı, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Lalə Sultanovanın və mərhum, gözəl tərcüməçi, alim, tədqiqatçı Əhmədağa Əhmədovun tərcüməsində araya-ərsəyə gələn məşhur XV əsr alimi Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” adlı əsərinin də olduqca böyük yeri vardır. Qeyd edim ki, bu əsər hələ orta əsrlərdən etibarən çox məşhur olub, klassik ədəbiyyatla məşğul olan tədqiqatçıların tez-tez müraciət etdikləri bir abidə idi. Lakin bu əsər 1987-ci ildə tərcümə olunmasına baxmayaraq, keçən ilə qədər demək olar ki, işıq üzü görməmişdi. Beləliklə, biz Lalə xanımla əl-ələ verib, demək olar ki, bir-neçə il ərzində bu əsəri çapa hazırladıq. İndi alimlərimiz bu əsərdən sərbəst şəkildə istifadə edə bilirlər. Bu abidəni adicə bir dəfə vərəqləmək kifayətdir ki, onun necə böyük zəhmət, gərgin əmək nəticəsində ərsəyə gəldiyinin şahidi olasan. Mənə elə gəlir ki, yüngül araşdırma və tədqiqatların ardınca qaçan Azərbaycan filoloqlarının böyük bir qismi, hətta, istəsələr belə, bu əsərin çapı ilə məşğul ola bilməzdilər. Çünki buna onların ən azından elmi erudisiyaları çatmaz. Doğrudur, bu əsərin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, AMEA-nın prezidenti, akademik, hörmətli İsa Həbibbəylinin, millət vəkillərinin, alimlərimizin, ziyalılarımızın iştirakı ilə təqdimat mərasimi keçirilsə də, yenə də bu əsər də dövlətimizin diqqətindən kənarda qaldı. Bu əsər o qədər qiymətli əsərdir ki, mənə elə gəlir bu əsərə, hətta, Dövlət mükafatı vermək və yaxud da onu Özbəkistan Respublikasında bir mükafata təqdim etmək olardı. Çünki bundan qat-qat zəif olan, elmi əhəmiyyəti bu qədər böyük olmayan əsərlərin istər bizdə, istərsə də elə Özbəkistanda müxtəlif mükafatlara təqdim olunduğunu görürük.

Siz mənə sual verərkən mənim bu yaxınlarda Ədəbiyyat qəzetində çap olunmuş “Hecavəznli şeirimizin strukturu” adlı məqaləmi də xoş niyyətlə xatırladınız. Mənim elmi yaradıcılığımı izlədiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Amma bunu da qeyd etmək istəyirəm ki, belə nəzəri, proqram məramlı məqalələr heç də asand və yaxud bir-iki ilin elmi nəticəsi kimi meydana gəlmir. Ümumiyyətlə, mən anadilli şeirimizin keçdiyi poetik inkişaf yolu ilə maraqlanır, bu mənada hecavəznli şeirin də strukturunu araşdırıram. Mənə elə gəlir ki, bu məqalə Azərbaycan dili ilə heca vəznli şeir arasında olan əlaqələri öyrənmək baxımından və ümumiyyətlə, dilimizi, təfəkkürümüzü, şeir tariximizi araşdırmaq nöqteyi-nəzərindən olduqca əhəmiyyətli məqalədir. Çünki bu məqalədə şeirimizin və dilimizin əsas vəzni olan heca vəzni struktur, quruluş baxımından öyrənilib. Bundan bir-iki il öncə mənim belə ciddi, nəzəri planda digər bir məqaləm “Ərəb dili, əruz vəzni və rəqəmsal sistem” adlı məqaləm də çap olunmuşdur. Yenə də təvazökarlıqdan uzaq olsa da (mənim artıq 60-dan yuxarı yaşım var. Bu mənada təvazökarlıqla bağlı olan bəzi xüsusiyyətləri kənara qoya bilərəm, çünki bu müsahibə mənim bir növ yaradıcılığımın son dövrlərini əhatə edən hesabat xarakterli sözümdü və bir də mənim haqqımda başqaları deməli olduğu sözü demədikləri üçün, bunları bir növ özüm deməyə məcburam)  demək istəyirəm ki, bu məqaləni də Azərbaycanda hər bir filoloq yaza bilməz. Beləliklə, onu demək istəyirəm ki, ömür axıb gedir. Biz isə bizim yaradıcılığımıza kimin necə qiymət verməsindən asılı olmayaraq, başımızı aşağı salıb yaradıcılıqla məşğul olur, gücümüz çatan qədər Azərbaycan filologiyasını, Azərbaycan elmini, Azərbaycan dili, elmi, ədəbiyyatı, şeiri haqqında olan tədqiqatları irəli aparmaq istəyirik. Onu da deyim ki, heç də bir çoxundan əsgik aparmırıq ki, artıq aparırıq.

Amma bu məqamda Azərbaycan elmində baş verən bir prosesə də öz münasibətimi bildirmək istəyirəm. Son illər Azərbaycan elmi mühitində daha çox yalançı alimlər, müxtəlif titul və diplom sahibi olan insanlar diqqət mərkəzindədirlər. Bu proses 90-cı illərin sonlarından başlayarkən,  bu prosesi biz bir o qədər də ciddiyə almadıq. Hətta, bir qədər alqışladıq da. Kim istəməz ki, xalqının övladları daha ziyalı, daha savadlı, daha intellektual olmasın. Daha sonralar bu proses bir qədər aşırı xarakter aldı. Elmlə məşğul olmağa çalışan bu insanların böyük əksəriyyəti öz əsərləri, savadları, dünyagörüşləri ilə elmin tələblərinə bir o qədər də cavab vermədilər. Çünki onların tədqiq etdikləri mövzular ya olduqca yüngül mövzular olur, yaxud onlar gözəl mövzuları olduqca yüngül şəkildə işləyir, bir sözlə öz natamamlıqlarını öz elmi fəaliyyətləri ilə ortaya qoyurlar. Bu inkarolunmaz faktdır və bunu bu gün hamı görür. Amma maraqlısı odur ki, bu yalancı alimlər elmi faliyyətlərinin bu səviyyələri ilə də kifayətlənmədilər. Müxtəlif titullar, mükafatlar iddiasında oldular. Hətta buna da dözüb, burada nə var ki, demək və bu proseslərin heç birinə qoşulmayıb, sadəcə başını aşağı salıb öz işinlə məşçğul ola bilərsən. Amma burda çox incə bir məsələ var. Məlumdur ki, həyat təkcə elmdən, ictimai həyatdan ibarət deyildir. Həyatın, eyni zamanda, şəxsi, fərdi bir yönü də var. Bu isə ailədən və məişətdən keçir. Çünki əgər cəmiyyət, dövlət səni qiymətləndirmirsə, deməli sən, bizim cəmiyyətdə bir çox şeydən məhrum olursan. Bunun əvəzində isə cəmiyyətin yalandan təriflədiyi və qiymət verdiyi, sənin yerini tutan insanlar müxtəlif səviyyələrdə mükafatlandırılırlar. Ev alır, maşın alır, bağ alır və nəhayət müxtəlif elmi dərəcələr və mükafatlara layiq görülürlər. Olsun. Biz heç kimin “uğurunu” qısqanmırıq. Onlar bizim layiq olduğumuz mərtəbəni, dərəcələri tutsalar da, yenə də başımızı aşağı salıb öz işimizlə məşğul oluruq. Amma bu da var ki, insan həyatda ən minimum hədəflərə də çatmalıdır. Bu mənada, mən də demək istəyirəm ki, mənim də müəyyən umacaqlarım var. Belə ki, 60 yaşımın ötməyinə baxmayaraq, indiyə qədər heç bir elmi mükafata təqdim olunmamış və dövlətdən mənzil şəraitimin yaxşılaşdırılması ilə bağlı hec bir yardım görməmişəm. Buna isə mənim ehtiyacım var.

Azərbaycan hörmətli cənab Prezidentimiz İlham Əliyevin  rəhbərliyi altında gündən-günə inkişaf edir. Qarabağın azadlığa qovuşması və orada gedən böyük quruculuq işləri, şübhəsiz ki, ilk növbədə Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu zəfərlə İlham Əliyevin adı XXI əsr Azərbaycan tarixinə əbədi olaraq daxil oldu. Bu inkarolunmaz faktdır. Amma mən bir ziyalı kimi, bir alim kimi, eyni zamanda, Prezidentimizin nəzərlərini biz alimlərin, ziyalıların – sadə alimlərin, sadə ziyalıların, əməkləri heç də müxtəlif titullu adlı-sanlı alimlərin əməyindən əskik olmayanların üzərinə də salmasını istəyirəm, xahiş edirəm, rica edirəm. Çünki buna Cənab Prezidentimizin iradəsi və dövlətimizin imkanları çatar. Məsələn, mən yenə də qeyd etdiyim kimi, yaşımın ötməsinə baxmayaraq, hələ də valideynlərimin sovet dövründə aldıqları evdə yaşayıram. Amma getdikcə ailə böyüyür və əlavə evə təbii ki, ehtiyac əmələ gəlir. Məvacibimiz isə yeni ev almağa imkan vermir. Bu mənada, həqiqətən də, çıxılmaz bir vəziyyətdəyik. Ona görə də bu müsahibə vasitəsilə, mən yeri gəlmişkən, elə Cənab Prezidentdən və bütün ziyalılara, mədəniyyətə, mənəviyyata, elmə, təhsilə olduqca böyük qayğı göstərən Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti çox hörmətli Mehriban xanım Əliyevadan mənim mənzil şəraitimin yaxşılaşdırılmasına köməklik göstərmələrini rica edirəm. Təbii ki, başqa imkanlar olsa idi, mən Cənab Prezidenti və hörmətli Mehriban xanımı narahat etməz, bu qədər gərgin iş qrafiklərində onları məşğul etməyi  rəva bilməzdim. Amma mənim son bir-iki il ərzində evlə bağlı müraciətlərim heç bir müsbət nəticə vermədiyindən, mən yenə də cənab Prezidentə və Mehriban xanıma üz tutur, onlardan yardım istəyirəm. İnşallah…

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir