Osman Qazi (1258-1326)
Oğuzların Qayı boyundan olan və qüdrətli Osmanlı İmperiyasının qurucusu Osman Qazi 1258-ci ildə Türkiyə səlcuqlarının bəyi Ərtoğrul Qazinin ailəsində anadan olub. Kiçik yaşlarından dini elmlərə yiyələnən Osman Qazi mükəmməl hərbi təlim də keçdi. 23 yaşı olanda atası Ərtoğrul Qazi 1281-ci ildə vəfat etdikdə Osman bəy seçilərək Qayı boyunun başçısı oldu. At minməkdə, qılınc çalmaqda, döyüşməkdə ad qazandı. Tayfanın görkəmli adamlarından olan Ömər bəyin qızı Mal Hatunla evləndi, gələcəkdə Osmanlı dövlətinin başına keçən oğlu Orxan Qazi doğuldu.1239-cu ildə Anadoluda türk- islam ideyasına xidmət edən tanınmış Şeyx Edebalinin qızı Rabiyə Bala xatunla evləndi. Bu evlilikdən şahzadə Ələddin dünyaya gəldi…
Rəvayət edirlər ki, Osman Qazi tez-tez sonsuz rəğbət bəslədiyi Şeyx Ədəbalının dərgahına gələrmiş. Bir gün orada qonaq qalarkən qəribə bir yuxu görür. Səhər açılanda yuxusunu şeyxə danışır: “Şeyxim, gecə yuxuma girdiniz. Sinənizdən bir ay çıxdı parladı. Böyüyüb-böyüyüb mənim qoynuma girdi. Mənim göbəyimdən bir ağac cücərməyə başladı. Yaşıllaşıb böyüdü, budaqladı. Kölgəsi bütün dünyanı tutdu. Yuxunun mənasını anlamadım. Şeyx bir qədər susduqdan sonra söylədi: “Müjdələr olsun, Osman bəy! Allah sənə və sənin övladına səltənət verdi. Bütün dünya övladının himayəsində olacaq”. Bu olaydan sonra Şeyx qızı Bala xatunu Osman bəyə verdi.
Osman Qazi siyasi və hərbi fəaliyyətinə Bizans torpaqlarına yürüşlə başladı. 1281-ci ildə Qayı boyunun başçısı olduqdan sonra ilk olaraq bir çox türkmən boyunu ətrafına topladı. Osmanlı dövlətinin tarixində ilk döyüş 1284-cü ildə Bursanın İmgol qəzasından 10 km uzaqda olan Həmzə bəy kəndində baş verən Erməni-Beli savaşıdır. Bu döyüşdə Orxan Qazinin qardaşı oğlu Bəyqocu şəhid oldu. Osmanlı tarixində ilk qala 1285-ci ildə fəth edildi. Bu Qalacahisar qalası idi.
Səlcuqlu Sultanı III Ələddin Keyqubad Əskişəhər və İnönü tərəfləri Osman Qaziyə bağışladı. O, 1291-ci ildə İnəgöl təkfuru ilə döyüşüb Qaracahisarı ələ keçirərək Sakaryaya yürüş təşkil etdi. Əmisi Dündar bəy Bizans təkfurları ilə döyüşüb Qaracahisarı aldı, Sakaryaya yürüdü. Dündar bəy Bizans tǝkurları ilə əlaqə yaratdığına görə öldürüldü (1298). Bu illərdə Elxanilər Anadolu Səlcuqlu Sultanı III Ələddin Keyqubadı sürgünə göndərmişdilər, Səlcuqlu dövləti isə sahibsiz qalmışdı. Paytaxtın da Biləcik şəhərinə köçdüyü 1299-cu il Osmanlı dövlətinin quruluş il kimi qəbul edilir. (Bəzi mənbələrdə Osmanlı dövlətinin quruluşu 1301-ci il iyulun 21-dir. Bu tarixdə Osmanlı qoşunları Bizans ordusunu Bafens döyüşündə udaraq müstəqillik qazanmışdı). 1300-ci ildə Qoyuhisar, 1306-ci il də Mərmərcik qalası fəth edildi. 1306-cı ildə Dikboz döyüşündə Kestel, Kete və Ulubad qalaları alındı. Osmanlı tarixində ilk hərbi saziş imzalandı. 1308-ci ildə Qarahisar alındı, ticarət və ictimai mərkəz olan İzmir sıxışdırıldı. Bizansın ticarət yollarına nəzarəti ələ keçirildi.
Osman Qazi Bursanı mühasirəyə aldı (1315), Karatekin, Əbəsuyu, Duzbazarı, Qapucuk və Kərəstəci qalalarını fəth etdi, Ağcaqoca və Kocaeli torpaqlarını Osmanlı dövlətinin tərkibinə qatdı (1317).
Osman Qazi xəstələndiyi üçün 1320-ci ildən sonra siyasi və hərbi fəaliyyətindən qaldı. Yerinə Orxan Qazi keçdi. Osman Qazi babası Ərtoğrul Qazidən aldığı 4800 kv.km-lik torpağı böyüdərək oğluna 16000 kv.km. ərazi təhvil verdi…
Osman Qazi fəth etdiyi torpaqlarda yerli idarəçilik və islamlaşdırma təşkilatları yaratdı. Osman Qazi qanun şəklində əmrlər imzaladı və gərək olduqca sınanmış Səlcuqlu qanunlarından istifadə etdi. İlk vergi Osman Qazinin zamanında tətbiq olundu. Osman bəy Osmanlı dövlətini quran və Osmanoğulları adını dövlətinə və soyuna vermiş ilk Osmanlı sultanıdır. Anadoluda qurulan və dünyanın üç qitəsində 600 ildən artıq müddətdə hökmranlıq edən Osmanlı dövlətinin banisi Osman Qazi 1326-cı ildə Bursada nikros xəstəliyindən vəfat etmişdir.
Osman bəyin Orxan və Ələddindən başqa övladları Fatma xatun, Savcı bəy, Məlik bəy, Həmid bəy, Pazarlı bəy, Çoban bəy Adli övladları da olmuşdur.
Osman bəyin dövründə Mövlana Şeyx Ədəbali, Dursun Fateh, Xəttab bin Evi, Qasım Qarahisarı kimi görkəmli şəxslər yaşamışdır. Osman bəy tədbirli, cəsur, ədalətli, dəyərli bir dövlət adamı idi, kasıblara xüsusi diqqət yetirən uzunboylu, yumrusifətli, alagözlü, qalın qaşlı, səxavətli Osman bəy əynindəki geyimə həsədlə baxana çıxarıb onu hədiyyə verərdi.
Hazırladı: İklim.az