İklim.az Süleyman Əlisanın tanınmıış yazıçı, mərhum Çingiz Hüseynovla söhbətini təqdim edir
İlk əsəri 1955-сi ildə dərс olunan Çingiz Hüseynov ədəbi aləmdə həssas və сəsarətli yazıçı kimi tanınır. Xalqımızın ağrı-aсılarını, ümid və həyəсanlarını, arzu və problemlərini özünəməxsus tərzdə qələmə alan yazıçı dünya xalqlarının da taleyinə biganə deyildi. Əksinə, dünyəvilik onun əsərlərinin ana xəttini təşkil edir. Bəlkə elə bu səbəbdəndir ki, durğunluq dövründə yazılmış “Məhəmməd, Məmməd, Məmiş” povesti tez bir zamanda geniş oxuсu auditoriyası qazanaraq ingilis və fransız dillərinə tərсümə edilib, ABŞ-da və Fransada çap olundu. Onun çarizmin müstəmləkəçilik və şovinist siyasətini bütün dolğunluğu ilə açıb göstərən “Fətəli Fəthi” romanı isə tarixi-fəlsəfi baxımdan böyük məna kəsb edir. Yazıçının digər əsərləri də tarixilik və müasirlik baxımından həmişə diqqət mərkəzində olub. O, Azərbayjan yazıçılarının neçə-neçə əsərini rus dilinə çevirib, onların yaradıсılığı barədə “Voprosı literaturı”, “Drujba narodov”, “Literaturnoye obozreniye” və s. jurnallarda məqalərlə çıxış edib. Rus dilində yazsa da, Azərbaycan yazıçısı olması ilə həmişə fəxr edib.
Yazıçı ömrünün sonuna qədər axtarışlarını davam etdirirdi. Onun son dövrdə yazdığı “Əyilmiş bardaqdan suyu dağılmağa qoymamaq” adlı əsəri ədəbi ictimaiyyətdə geniş mübahisə və müzakirələrə səbəb olub. Məhəmməd peyğəmbərin həyatından bəhs edən bu əsəri müəllif “Qurani hekayət” adlandırıb. Azərbaycanda çox az adamın tanış olduğu bu əsər barədə fikirlərini bölüşmək üçün 2004-cü ildə Çingiz Hüseynovla görüşüb müsahibə götürmüşdüm. Həmin müsahibəni diqqətinizə çatdırıram.
-Çingiz müəllim, belə mürəkkəb mövzuya müraciət etməyiniz nə ilə əlaqədardır?
– Əsər Məhəmməd Peyğəmbərin həyatından bəhs edir. Yəqin ki, peyğəmbərin meracı haqqında oxuyubsunuz. Məkkədə onu öldürmək istəyirdilər. Gedib əmisi qızının evində gizlənir. Sübh çağı dəstəmaz almaq üçün bardağı götürür. Birdən-birə Cəbrayıl zühur eləyir: Ey Məhəmməd hazırlaş. Bardaq Məhəmmədin əlindən düşür. Məhəmməd Cəbrayılın köməyi ilə Məkkədən uçur əl-Qüdsə, oradan da göyün yeddinci qatına uçaraq peyğəmbərlərlə görüşür və qayıdıb həmin bardağı tutur. Suyu dağılmağa qoymur. Bu, bir anda baş verir. Bu, anın məcazi formasıdır, insanları dərindən düşündürən bir əfsanədir. Bunu mən uydurmamışam. Hətta ikinci bir rəvayət də var. Əmisi qızı deyir ki, gəl namaz qılaq. Məhəmməd Allahın hüzurunda namaz qıldığını söyləyir. Əmisi qızı soruşur: “Nə vaxt namaz qılıbsan? Sənin yastığın, yatdığın yorğan-döşək istiliyini hələ saxlayıb?” Bu da həmin anın başqa şəkildə məcazi ifadəsidir. Mən o romanı yalnız və yalnız bu anın təsvirini vermək üçün yazmışam. Romanın ikinci hissəsi Məhəmməd peyğəmbərin peyğəmbərlərlə görüşünün ətraflı təsviridir. Onların necə qarşılaşması, Allahın hüzurunda etdikləri söhbətlər və peyğəmbərin geri döndüyü məqam romanda öz əksini tapıb.
-Çingiz müəllim, bilirsiniz də, indi o bardaq qoyulub bir kənara. Bir çoxları deyirlər ki, o “bardağ”ın içində saflıq var, təmizlik var – bizim dini dəyərlərimiz var. Müəllif ya bilərəkdən, ya da bilməyərəkdən bizim hissiyatımıza toxunur. Əsrlərdən bəri qoruyub saxladığımız dini dəyərlərimizin üstündən xətt çəkir. Necə bilirsiniz, bəlkə o “bardaq” heç əyilməyib? Bəlkə o “bardağa əyri gözlə” baxanlar var?
-Bardağın əyilməsi faktdır. Mən o mübahisələrə də təbii baxıram. Ancaq özümü yüz faiz haqlı sayıram, mənimlə mübahisə edənlərə haqq qazandırmıram. İndinin özündə dünyada islam adıyla elə işlər görürlər ki! Deyim ki, xristianlar belə işlər görsələr də, xristianlığın adından istifadə etmirlər. Məsələn, Amerika dünyada meydan sulayır, ancaq bütün bunlar xristian adıyla bağlı deyil. Amma bizimkilər bəzən öz çirkin əməllərini islamın adıyla bağlayırlar.
-Axı, dünyanın hər yerində yaxşılar da var, pislər də. Bir-iki müsəlmanın hansısa hərəkətinə görə Siz nə haqla hökm verirsiniz ki, müsəlmanlar islama yaraşmayan hərəkətlər edirlər? İndi elə dövrə gəlib çıxmışıq ki, bəlkə islama istinadən törədilən bütün bəd əməllər xüsusi qurumlar tərəfindən hazırlanır?
-Bu işlərin azərbaycanlılara aidiyyatı yoxdur. Türklərə də həmçinin.. Digər müsəlmanların…
-Axı söhbət müsəlmandan gedir, onun harada yaşamasının, hansı millətdən olmasının mətləbə nə dəxli var?
-Deyirlər Quran müqəddəs kitabdır. Ancaq ərəb dilində oxuna bilər. Elə mən də Quranın müqəddəs kitab olduğuna əminəm. Quranda ümumbəşəri ideyalardan çox yazmışam. Ancaq nəyə görəsə uzun əsrlər boyu onun tərcüməsinə icazə verilməyib.
-Siz bir tərəfdən Quranın vahid Tanrı tərəfindən nazil olduğunu söyləyir, oradakı ümumbəşəri ideyalardan yazırsınız, digər tərəfdən müqəddəs kitabda hansısa dəyişiklik etmək fikrindəsiniz? Bunu necə başa düşək?
-Süleyman, sənin neçə yaşın var?
-Qırx yeddi.
-Sən 47 yaşın zirvəsindən baxırsan dünyaya, mən 75 yaşın zirvəsindən. Bax, bunu nəzərə almalısan. Bilirsən, mənim əsas məqsədim nədir? Mən Quranın mətnini qətiyyən dəyişməmişəm. Bir ayəsinə, bir kəlməsinə də toxunmamışam. Amma Quranın tarixini izləyə-izləyə görmüşəm ki, gah Məkkədə nazil olunub deyilir, gah Mədinədə. Ancaq belə deyil. Diqqətlə araşdırıldıqda ayələrin hansı şəkildə, hansı formada, hansı xronologiyada, hansı gün göndərildiyi aydın olur. İnsanlar Allahın kəlamına toxunmayıblar, amma surələrin sırasını pozublar. Kim buna ixtiyar verib? Kimin buna haqqı var? Mən o sıranı bərpa eləmişəm. Məsələ belədir ki, Quranı tərtib edəndə bəzi ayələri bir-birinə birləşdiriblər, ayələrə toxunublar.
Quranın rus variantında bütün misraları tədqiq etmişəm. Türk variantından da xəbərim var. Orada 114 surə göstərilir. Mən isə öz hesablamalarımla 133 surə olduğunu aşkarlamışam. Özü də bütün bunları mətnə toxunmadan etmişəm. Belə ki, son və həcm etibarilə böyük surələri Quranın əvvəlinə salıb, ön sıraya çəkiblər, ilk və qısa poetik üslublu ayə və surələr Quranın sonunda qalıb. Beləliklə, bu dəyişiklik kitabın məntiq, ideya, fikir, konsepsiya ardıcıllığına, kompozisiya bütövlüyünə xələl gətirib, hətta Tanrı məntiqinin xətti, axarı itib. Bunun nəticəsində Quranın dərk edilməsi çətinləşib.
Tanrının məlum olan ilk kompozisiyasına görə Quranın quruluşu sadə və asandan mürəkkəbliyə, emosional təsirdən şüur təsirinə doğrudur. Ona görə də, necə deyərlər, Tanrının düşündüyündən fərqli kitab alınıb. Surələr, ayələr nazil olarkən, bu sıra heç də qarma-qarışıq, nizamsız deyildi. Məsələn, Bədr döyüşündəki qələbənin yenicə başlamış islam dini üçün böyük əhəmiyyəti olub. Quranda Bədrə aid o qədər ayələr var ki, hamısını ora-bura parçalayıblar. Mən yüz faiz əminəm ki, Quranda Bədr adlı surə var imiş. İnsanlar Quranı musəvi və isəvilərə qarşıdurma çağlarında toplayarkən, göy üzünün (ərşin) hökmünü deyil, yer üzünün diqtəsini rəhbər tutmuş və bu yol verilməz işə qol qoymuşlar. Onun (“Ta-ha” surəsinin) başlığından “Musa” adını çıxarmışlar. Əslində həmin surənin əzəl forması “Ta-ha yaxud Musa” şəklində nazil olub və s. Bu məsələdə Tanrının özünün müəyyən məqsədi olub və bunu qətiyyən pozmaq olmaz. Surələrin yerini dəyişməklə tərtibçilər hətta onların bəzilərini az dəyərli, bəzilərini isə çox dəyərli hesab etmişlər. Bu da günahdır. Məhəmməd Peyğəmbər özü deyir ki, bax birinci mənə bu ayə göndərilib və s. Bunu mən özümdən uydurmuram. Bununla bağlı tərcümələr indi çox yerdə çap olunur.
-Bəlkə bu, islamın əleyhdarları tərəfindən edilir?
-Yox! Yox! İndi Qərb ölkələrində ərəb dilindən çoxlu hədislər, islamşünasların kitabları çap olunur. İlk əvvəl Məhəmməd Peyğəmbər özü deyir ki, qırx gün namaz qıldıqdan sonra mənə ipəkdən bir parça göndərildi və dedilər ki, yazılanları oxu. Peyğəmbər əvvəlcə ipək parçada yazılanları oxuya bilməsə də, sonradan Allahın kəlamlarını həm görüb, həm eşidib, həm də duyub.
Artıq ayələrin hansının əvvəl, hansının sonra göndərildiyi mənə məlumdur. Axı niyə bunlar Məhəmməd peyğəmbərin dediklərinin yerini dəyişiblər, Allahın kompozisiyasına qarışıblar? Mənim bu sualıma cavab verən yoxdur. Deyirlər ki, belə fikirləşiblər. Ancaq nazil olduğu kimi qalsaydı, tamam başqa kitab alınardı.
-Nə mənada?
-O mənada ki, Allah insanı yavaş-yavaş müsəlmançılığa cəlb etmək istəyib. Quranda əsas ideyalardan biri də dində zorakılığın qadağan olunmasıdır. Bu tələb Tanrının Peyğəmbərə verdiyi sualda səslənir: “Yoxsa zorluqla insanları imana gətirmək istəyirsən?” Yəni hətta Peyğəmbərə belə islamı zorla qəbul etdirmək qadağan olunur.
Quranda vacib tələblərdən olan bu ümumbəşəri ideya əsrlər boyu istər müsəlmanlar, istərsə də xaçpərəstlər tərəfindən dəfələrlə pozulub və bunun tarixdə “Səlib yürüşləri”, yəni “Xaçpərəst hücumları”, “Qılınc müsəlmanı” ifadəli izləri qalmışdır. Buna oxşar zorakılıq meylləri, təəssüf ki, indi də özünü göstərməkdir. Toxunmaq istədiyim digər bir məsələ də çox vacibdir. Müsəlmandan soruşanda ki, kafir kimdir, – deyəcək müsəlman olmayan. Mən nənəmə çox minnətdaram. Bir növ nənəmin qarşısında borcumdan çıxdım, bu kitabı yazmaqla. Çünki ermənilər bizimkilərlə savaşa başlayanda ruslara xoş gəlmək üçün bir virus buraxdılar: Guya vəhşi müsəlmanlar xristianları qırırlar. Bu mənə çox toxunmuşdu. Düşündüm ki, niyə bizim haqqımızda belə deyirlər? Ona görə də Məhəmməd Peyğəmbərin həyatını dərindən öyrənmək qərarına gəldim.
Cihad nədir, kafir kimdir?.. Çox suallara cavab tapmaq istəyirdim. Bəzən Allahın dili kimi qələmə verilən ərəb dili müqəddəs dil hesab olunur. Yanlış fikirdir. Allahın insanlara xas olan dili yoxdur. Allahın dili nişanlar, işarələr, simvollar dilidir və yalnız peyğəmbərlər o simvolları görüb, duyub, eşidib öz doğma dilinə tərcümə ediblər. Bu qabiliyyətə yalnız peyğəmbərlər malikdirlər. Məhəmməd Peyğəmbər o nişanları, rəmzləri öz dilinə çevirib. Deməli ərəb dili Məhəmməd Peyğəmbərin dilidir, Allahın dilinə aidiyyatı yoxdur. Amma Quranda yazılıb ki, mən ayələri təmiz ərəb dilində göndərdim. Ona görə də uzun əsrlər Quran yalnız ərəb dilində yayılıb. Başqa dillərə tərcüməsi yasaq olunmuşdu və bu, min üç yüz il beləcə davam edib. Bu yasaq İslamın tərcümələr vasitəsilə dünyaya yayılmasına mane olurdu. Bu, Quranın insanlar arasında təbliğ yolunu kəsib, onu qapalı şəkildə saxlamışdır.
Məsələn, nənəm Quranı əzbərləmişdi. Ancaq mənasını başa düşmürdü. Xristianlıqda isə deyirlər ki, hər xristian öz dilində xristianlığı mənimsəməlidir.
Qayıdaq kafir məsələsinə. Əgər Quran nazil olduğu kimi qalsaydı, onda kafirlər müsəlman olmayan deyil, Allaha inanmayanlar və bütpərəstlərdir. Quranın ilk surələrində deyilir ki, mən bu kitabı göndərdiyim ilk kitabların həqiqiliyini sübut eləmək üçün göndərirəm. Hansı ki, o kitablar yəhudilərin, xristianların inanc yeridir. Deməli, kitab əhli kafir ola bilməz, mən düşünürəm ki, yəhudilər, xristianlar, müsəlmanlar bir İbrahimdən törəyiblər, bir Allaha inanıblar və bir olmalıdırlar – ona görə də mən bu kitabım vasitəsilə millətlər arasında birlik yaratmaq və körpü olmaq istəmişəm. Dinlərarası etimadın indiki böhranlı bir vaxtında heç kim mənim kitabımı qəbul etmək istəmir. İndi heç kim bir-birini qəbul etmir. Əlbəttə, bu idealizmdən doğan bir şeydir.
Quran bütöv və tamamlanmış kitabdır. Quran sonuncu, axırıncı kitabdır. Quran Tanrının insanlara nazil etdiyi kitabların ayrılmaz və kamil hissəsidir. Lakin Quran ona görə nazil olmayıb ki, öncəki kitablar Tövrat və İncil yanlışdır. Mənim gəldiyim nəticə budur ki, ayələr Quranda silsilə təşkil edir, bir-birinə bağlanır və beləliklə, başqa müqəddəs kitablarda olduğu kimi, Quranda da ümumbəşəri ideyalar sistemli xarakter daşıyır.
Son olaraq onu da qeyd edim ki, bu cür ciddi məsələlər hərtərəfli dəqiq təhlilə möhtacdır. Ümidvaram ki, Quranın dərk olunması hələ bitməyib və bu proses hələ çox davam edəcəkdir.
2004-cü il