Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
Ədəbiyyat

İsmayıl Əfəndiyev: Zəfəri yazanlar

By İklim
28 Noyabr 2026 11 Min Read
0


Bədii-publisistik hekayə


İyirmi yeddi sentyabr 2020-ci il adi günlərdən birinə bənzəyirdi. Səhər tezdən yuxudan oyandım. Dişlərimi fırçaladım, səhər yeməyimi yedim, gündəlik vərdişlərimin tələb etdiyi xırda işləri gördükdən sonra işə yollandım.

Dünya pandemiyanın ağır nəfəsi altında yaşayırdı. Şəhərin küçələrinə qəribə bir səssizlik çökmüşdü. Yolda adamlar seyrək görünürdü. Bu, təəccüblü deyildi. İcazəsiz küçəyə çıxmaq qadağan edilmişdi. İnsanlar sanki görünməz bir sərhədin arxasında saxlanılır, şəhər isə öz sakinlərinin yoxluğunda yavaş-yavaş nəfəs alırdı.

Avtobus dayanacağında çox gözləməli olmadım. Həmişəki kimi avtobusa mindim. Lakin pandemiyadan əvvəlki günlərlə müqayisədə salon xeyli boş idi. Oturacaqların çoxu boş qalmışdı. Bir neçə sərnişinin üzündə rəngbərəng maskalar görünürdü. Maskalar insanların üzünü örtür, onları bir-birindən ayıran görünməz divarı daha da qalınlaşdırırdı.

Sərnişinlərdən ikisi öz aralarında söhbət edirdi. Qarşı tərəfdə dayanan, üzünə maska taxmış qadın digər sərnişinə dünyanın idarəçiləri haqqında danışırdı. Onun sözlərinə görə, hakimiyyət sahibləri insanları heyvanlar vasitəsilə bədənlərinə çiplər yerləşdirməklə nəzarət altına almaq, fantastik filmlərdə olduğu kimi, onların iradəsini öz əllərinə keçirmək istəyirdilər. Qadın bu fikirləri elə bir əminliklə söyləyirdi ki, sanki hansısa gizli laboratoriyanın qapısından yenicə çıxmış, orada gördüklərini başqalarına çatdırmağa çalışırdı.

Yanımda oturan kişinin gözləri qıpqırmızı idi. Ağzından kəskin sarımsaq və araq qoxusu gəlirdi. Görünür, səhər tezdən Azərbaycanın məşhur yeməyi olan xaş yemişdi. Əlləri qabarlı, dərisi kobud idi. Onun fəhlə olduğu əllərindən dərhal bilinirdi. Üzündə yorğunluq, baxışlarında isə içkinin yaratdığı süstlük vardı.

Yavaşca gülümsəyib ona tərəf döndüm.

— Deyəsən, bir az vurmusunuz?

O da gülümsədi. Gülümsəməsində sovet dövrünün adamlarına xas qəribə bir səmimiyyət, bir qədər də vecsizliyin kölgəsi vardı.

— Allah günahımdan keçsin, içmişəm, — deyə mırıldandı. — Amma heç kimə zərər vermirəm.

— Harada işləyirsiniz?

— İndi tikintidə işləyirəm.

Bir anlıq susdu, sonra sözünü düzəltdi:

— Yox, əslində, bir adamın evində işləyirəm.

Avtobus qəflətən silkələnərək dayandı. Qapılar açıldı. Yanımdakı fəhlə ehtiyatla ayağa qalxdı, sərnişinlərin arasından keçərək arxa qapıya tərəf yönəldi. Avtobusdan düşüb küçədəki adamların arasında gözdən itdi.

Az sonra ön qapıdan üç polis əməkdaşı içəri daxil oldu. Onlardan biri zabit, digər ikisi çavuş idi. Avtobusun salonunda ani bir sükut yarandı. Polis əməkdaşları sərnişinlərin icazə vərəqələrini yoxlamağa başladılar.

Mən də icazə vərəqəmi təqdim etdim. Zabit onu diqqətlə oxudu, sonra geri qaytardı. Ardınca sərnişinlərə küçəyə icazəsiz çıxmağın qadağan olduğunu, müvafiq icazə sənədi olmadan bayıra çıxmağın mümkün olmadığını bir daha xatırlatdı.

Onlar avtobusdan düşüb uzaqlaşdılar. Qapılar bağlandı və avtobus yenidən hərəkətə başladı. Şəhərin səssiz küçələri pəncərənin arxasında bir-bir geridə qalırdı.

Nəhayət, işə çatdım.

Hər şey həmişəki kimi idi. Çaydanı elektrik plitəsinin üstünə qoyub suyu qızdırmağa başladım. Sonra dəmliyə çay tökdüm və suyun qaynamasını gözlədim. Bu kiçik, gündəlik hərəkətlər insana qəribə bir rahatlıq verirdi. Sanki dünyanın bütün qarışıqlığına, bütün qeyri-müəyyənliyinə baxmayaraq, həyat öz adi axarını qoruyub saxlayırdı.

Axşama qədər iş yerinə gəlib-gedən adamların sayı az olsa da, onların üzlərindəki narahatlıq diqqətimdən yayınmırdı.


Müharibənin xəbəri
İnsanlar küçədə seyrək-seyrək gözə dəyirdilər. Yalnız xüsusi icazəsi olanlar işə çıxır, şəhərin boşalmış küçələrində ehtiyatlı addımlarla irəliləyirdilər. Pandemiyanın yaratdığı bu qəribə səssizlik gündəlik həyatın ritmini pozmuş, insanları görünməz bir təhlükə qarşısında birləşdirmişdi.

Bununla belə, xalq arasında qədimdən bəri işlədilən bir deyim vardı: «Ellə gələn dərd toy-bayramdır». Bəlkə də elə buna görə insanlar bir-biri ilə rastlaşanda gülümsəyir, zarafatlaşır, deyib-gülürdülər. Sanki hamının içində qəribə, izahı çətin bir sevinc duyğusu dolaşırdı. Bəlkə də bu, insanın fəlakət qarşısında özünü qorumaq üçün yaratdığı görünməz müdafiə mexanizmi idi.

Günüm, demək olar ki, axşama qədər öz axarında keçdi. Hər şey adi görünürdü: iş, gündəlik qayğılar, vaxtın yeknəsək axışı… Lakin axşamüstü evdən zəng gəldi.

Telefonu götürdüm.

Zəng edən kiçik qardaşım idi.

Bu, məni bir qədər təəccübləndirdi. Çünki o, mənə nadir hallarda zəng edirdi. Onun zəngi, adətən, adi bir söhbətdən daha ciddi bir hadisənin xəbərçisi olurdu.

— Nə olub? — deyə soruşdum.

Qardaşımın səsində qəribə bir gərginlik vardı.

— Müharibə başlayıb. Xəbərin yoxdur?

Bir anlıq susdum.

— Necə? Müharibəmi?

— Bəli, müharibə.

Sanki gözlərimin qarşısında dünya qaraldı. Ətrafımdakı əşyalar öz yerində qalsa da, mənim içimdə nəsə yerindən qopmuş, zamanın axışı qəfil dəyişmişdi. Müharibə sözü insanın yaddaşında adi bir söz kimi səslənmir. O, keçmişin bütün yaralarını, qorxularını, itkilərini bir anda oyadan ağır bir hökm kimidir.

Yadıma Türkiyə düşdü.

1992-ci ildə, Birinci Qarabağ müharibəsinin ilk ağır günlərində mən Türkiyədə tələbə idim. Müharibəni uzaqdan izləyir, onun ayrı-ayrı epizodlarını xəbərlərdən, söhbətlərdən, insanların üzündəki narahatlıqdan öyrənirdim. O zaman Azərbaycanda indiki mənada sabitlik yox idi. Ölkə siyasi və ictimai qarışıqlığın içində çabalayır, xaos gündəlik həyatın ayrılmaz hissəsinə çevrilirdi.

Azərbaycan bir milyona yaxın qaçqın və məcburi köçkünü qəbul etmişdi. İnsanlar doğma torpaqlarını, evlərini, həyətlərini, xatirələrini geridə qoyaraq ölkənin şərq bölgələrinə doğru axışırdılar. Onların simalarında qəribə bir ifadə vardı: həm ümidsizlik, həm də baş verənləri anlamaq üçün çarəsiz bir cəhd.

Bəzən onlardan soruşurdular:

— Nə oldu? Niyə torpaqlarınızı tərk etdiniz?

Cavab isə çox vaxt eyni olurdu:

— Torpaqlar satılıb. Biz nə edə bilərdik?

Bu sözlər qəribə bir şəkildə təkrarlanırdı. Hamı torpaqların satıldığını deyirdi. Ancaq heç kim konkret bir şey bilmirdi. Kim satmışdı? Neçəyə satmışdı? Harada və nə vaxt satmışdı? Bu sualların cavabı yox idi. Şayiələr dolaşır, ehtimallar bir-birini əvəz edir, həqiqət isə dumanın arxasında gizlənirdi.

Mənə elə gəlirdi ki, həmin dövrdə xarici kəşfiyyat orqanları öz fəaliyyətlərini müəyyən mənada uğurla həyata keçirirdilər. Ölkənin daxilindəki siyasi qarışıqlıq, informasiya boşluğu və insanların çaşqınlığı onların işini asanlaşdırırdı. Həqiqətlə şayiə arasındakı sərhəd getdikcə silinir, insanlar isə baş verənlərin mahiyyətini anlamaqda çətinlik çəkirdilər.

Türkiyədə olduğum günlərdə türk qardaşlarımızın, eləcə də orada yaşayan başqa millətlərin nümayəndələrinin bəzən istehzalı tərzdə verdikləri bir sual da yadıma düşürdü:

— Nə üçün ermənilərə yenildiniz?

Bu sualın arxasında yalnız maraq deyil, bəzən açıq-aşkar təəccüb, hətta istehza da hiss olunurdu. Biz isə özümüzü izah etməyə çalışırdıq.

— Biz bu münaqişəyə hazır deyildik. Ermənilər isə uzun müddətdən…

Müharibəyə hazırlıq
Biz bu müharibəyə hazır deyildik. Ermənilər isə uzun illər boyu səbrlə və məqsədyönlü şəkildə bu müharibəyə hazırlaşmışdılar. İnsanlar bunu eşidəndə kinayəli bir ifadə ilə dodaqlarını büzür, sanki söylədiklərimdə hansısa məntiqsizlik varmış kimi soruşurdular:

— Yaxşı, bəs onda türk və çeçenlər Rusiyaya qarşı necə belə şücaətlə müqavimət göstərə bilirlər?

Bilirsinizmi, dünyada elə həqiqətlər var ki, onlar obyektiv xarakter daşıyır, lakin geniş kütlələrə söylənilmir. Bəzən bu həqiqətləri dilə gətirmək belə insanı anlaşılmazlıqla üz-üzə qoyur. Mən isə sadəcə gördüyüm mənzərəni izah etməyə çalışırdım.

Deyirdim ki, biz bu müharibəyə hazır deyildik. Əslində, ortada müharibə aparmağa qadir bir ordumuz belə yox idi. Ermənilər isə uzun müddətdən bəri bu qarşıdurmaya hazırlaşırdılar. Çeçenlər, şübhəsiz, son dərəcə cəsur, iradəli və şücaətli döyüşçülərdir. Lakin mənim qənaətimə görə, ermənilər onların döyüş ruhuna və cəsarətinə malik deyildilər.

Bütün bunlara baxmayaraq, bir gün gələcək, biz itirdiyimiz torpaqları geri qaytaracaqdıq. Mən buna inanırdım.

Amma insanlar mənimlə razılaşmırdılar. Nə qədər danışsam da, onları inandırmaq mümkün olmurdu. Çünki onlar yalnız baş verənləri dərk edir, gözlərinin qarşısında duran məğlubiyyətin, itkilərin və acı reallığın sərhədlərindən kənara çıxa bilmirdilər. Gələcəyi təsəvvür etmək, hələ baş verməmiş hadisələrin mümkünlüyünü duymaq onların düşüncə üfüqündən kənarda idi.

Onlar olanları görürdülər. Olacaqları isə görə bilmirdilər.

Tarixin öyrətdikləri
Sovet ordusunda hərbi xidmət etmək də həyatımın taleyə yazılmış səhifələrindən biri idi. Həmin vaxt Qarabağ münaqişəsi hələ başlanğıc mərhələsindəydi. Tarixin böyük fırtınası hələ tam gücü ilə qopmamışdı, amma onun ilk küləkləri artıq insanların həyatına toxunur, münasibətləri dəyişdirir, gələcəyə dair təsəvvürləri sarsıdırdı. Mən isə imperiyanın hərbi maşınının içində, onun dağılacağını ürəyində arzulayan adamlardan biri idim.

Rus millətindən olan zabitlərin əksəriyyəti mənə xoş münasibət bəsləmirdi. Bunun səbəbi də gizli deyildi. Mən azərbaycanlı idim, millətçi idim və Azərbaycanın müstəqilliyini, azadlığını istəyirdim. Bu düşüncələrimi gizlətməyə çalışsam da, onları özümdən tamamilə gizlətmək mümkün deyildi. Bəzən insanın baxışlarında, susqunluğunda, hətta başqalarının söylədiklərinə münasibətində belə, onun daxilində hansı dünyanın yaşadığını görmək olur.

Ətrafımda Sovet İttifaqının əbədi yaşayacağına inanan adamlar vardı. Onlar imperiyanın dağılmasını ağlasığmaz hesab edir, onun gələcəyini sanki tarixin dəyişməz qanunu kimi qəbul edirdilər. Halbuki tarix özünün ən böyük ironiyalarını məhz dəyişməz görünən şeylərin süqutunda yaradır. İnsanlar çox vaxt öz dövrlərinin sonunu görə bilmirlər. İmperiyalar isə adətən öz sonlarına ən çox inandıqları vaxtlarda yaxınlaşırlar.

Hərbi hissədə yalnız bir zabit vardı ki, mənə tez-tez yaxınlaşar, söhbət edərdi. O, ruslaşmış qazaxlardan idi. Onunla digər zabitlər arasında hiss etdiyim soyuqluqdan fərqli bir münasibət vardı. Sanki mənim düşüncələrimdə onu narahat edən deyil, əksinə, anlamağa çalışdığı bir şey görürdü.

Rus qazaxları haqqında düşünəndə həmişə tarix yadıma düşür. Onlar türk mənşəli, xristianlığı qəbul etmiş, zaman keçdikcə rus mədəniyyətinin və kimliyinin içində ərimiş insanlardır. Rusiya imperiyasının tarixində, xüsusilə şərqə doğru genişlənməsində, yeni torpaqların fəthində və Avropaya yönəlmiş hərbi yürüşlərində onların da mühüm rolu olmuşdur. Bu insanlar özlərinin qədim etnik kökləri ilə sonradan mənsub olduqları imperiyanın siyasi və mədəni dünyası arasında qəribə bir tarixi keçid təşkil edirdilər.

Bir gün həmin zabit yenə yanıma gəldi. Mənimlə bir qədər söhbət etdikdən sonra qəfildən, sanki çoxdan içində saxladığı bir fikri söyləmək istəyirmiş kimi, dedi:

— Qorxma. Siz bu münaqişədə axır-əvvəl qalib gələcəksiniz.

Onun sözləri məni təəccübləndirdi. Sovet ordusunun zabiti, özü də imperiyanın hərbi sisteminə daxil olan bir insan Azərbaycanın gələcək qələbəsindən danışırdı. Mən onun üzünə baxdım. Bu sözlərin arxasında nə dayanırdı? Sadəcə təsəlli, yoxsa tarixdən doğan bir inam?

— Nəyə əsasən belə düşünürsünüz? — deyə soruşdum.

O, bir qədər susdu. Sonra sanki öz həyatının başqa bir səhifəsini açırmış kimi danışmağa başladı:

— Bilirsənmi, mən tarixçiyəm. Hərbi məktəbə daxil olmamışdan əvvəl tarix fakültəsini bitirmişəm. Tarix fakültəsində müəllimim görkəmli sovet tarixçisi Lev Qumilyov olub. Onun mühazirələrini dinləmişəm, əsərlərini oxumuşam. Bartoldun da əsərləri ilə tanışam. Tarix mənə bir şeyi öyrədib: türklər mübariz, iradəli və qəhrəman xalqdır. Türklərlə mübarizə aparanlar isə gec-tez məğlubiyyətə uğrayırlar.

Lev Qumilyovun adını mən o zaman ilk dəfə eşidirdim. Onun haqqında danışılanlar məndə xüsusi maraq oyatdı. Tarixçi bir zabitin sözləri, xüsusilə də sovet ordusunun içində, mənim üçün gözlənilməz idi. Daha da qəribəsi onun türklər haqqında söylədikləri idi.

Çünki bizə məktəbdə və universitetdə öyrədilən tarix başqa bir tarix idi.
Tarixin gizli səhifələri
Sovet tarix dərsliklərində türklər, bir qayda olaraq, başıpozuq, kobud və nizamsız bir kütlə kimi təsvir olunurdular. Xüsusilə XIX əsrdə Osmanlı imperiyasının zəiflədiyi dövrdə Rusiya ilə apardığı müharibələr — 1853–1856-cı illər Krım müharibəsi, eləcə də 1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi və onun ardınca imzalanan sülh müqavilələri bu təhrif olunmuş tarixi təsəvvürün formalaşmasında mühüm rol oynayırdı.

Bu hadisələr elə təqdim edilirdi ki, oxucuda Osmanlı dövlətinin, bütövlükdə isə türklərin döyüş qabiliyyətindən məhrum, iradəsiz və aciz bir xalq olduğu qənaəti yaranırdı.

Lakin tarixə daha dərindən nüfuz etdikcə, müxtəlif mənbələri araşdırdıqca və dünya tarixçilərinin əsərləri ilə tanış olduqca bu təsəvvürün nə qədər birtərəfli, hətta yanlış olduğunu anlamağa başladım. Məlum oldu ki, türklər tarix səhnəsində təkcə Osmanlı imperiyasını deyil, tarixə məlum olan və olmayan çoxsaylı qüdrətli dövlətlər və nəhəng imperiyalar meydana gətirmişlər. Şarl-Lui Monteskyönün «İran məktubları» əsərində də diqqət çəkdiyi kimi, türk xalqlarının siyasi və hərbi qüdrəti dünya tarixinin ən mühüm hadisələrindən biri olmuşdur.

Beləcə, tarixə münasibətimdə köklü bir dəyişiklik baş verdi. Anladım ki, Osmanlı imperiyası türklərin yaratdığı ən qüdrətli dövlət deyil, onların tarix boyu meydana gətirdikləri böyük imperiyalardan yalnız biridir. Türk dövlətçilik ənənəsinin miqyası Osmanlı tarixinin sərhədlərini çoxdan aşırdı.

Bu həqiqət isə sovet tarixşünaslığının formalaşdırdığı dar, təhrif olunmuş və ideoloji çərçivələrə sığdırılmış tarixi təsəvvürün arxasında tamam başqa bir mənzərənin dayandığını göstərirdi.

Hərbi komissarlığın qarşısında
Müdirin otağına tərəf getdim. Qapını yavaşca döydüm.

— İçəri gir! — deyə səs gəldi.

Otağa daxil olub müharibənin başladığını, kiçik qardaşımın artıq cəbhəyə yollandığını, digər qardaşlarımın da könüllü olaraq müharibəyə getmək üçün müraciət etdiklərini söylədim. Sonra özümün də cəbhəyə getmək istədiyimi bildirdim.

Müdir üzümə baxdı.

— Bəs sən nədən getmək istəyirsən?

— Mən də müraciət etmək istəyirəm, — dedim.

O, sanki bu qərarı çoxdan gözləyirmiş kimi başını tərpətdi.

— Get. Onsuz da burada bir iş yoxdur.

İşdən çıxıb sakitcə avtobus dayanacağına tərəf yönəldim. Avtobusa mindim və hərbi komissarlığa doğru yola düşdüm.

Hərbi komissarlığa çatanda gördüyüm mənzərə məni heyrətləndirdi. Pandemiyaya baxmayaraq, binanın qarşısında adam əlindən tərpənmək olmurdu. Hava artıq qaralır, axşam yavaş-yavaş şəhərin üzərinə çökürdü. Gənclər sevinclə avtobuslara doluşur, cəbhə xəttinə doğru yola çıxırdılar. Onların üzlərində qəribə bir həyəcan, gözlərində isə döyüşə getməyin qüruru vardı.

Mənim diqqətimi hərbi komissarın otağının qarşısındakı gözləmə salonunda dayanan üç nəfər cəlb etdi. Onlardan ikisi yaşlı kişi, biri isə yaşlı qadın idi.

Bir müddət sonra hərbi komissar otağından çıxaraq yaşlı kişilərdən birinə yaxınlaşdı. Kişi o qədər qoca görünürdü ki, onun bu yaşda müharibəyə getmək istəyəcəyini təsəvvür etmək belə çətin idi.

— Dayı, nə istəyirsən? — deyə hərbi komissar soruşdu.

Yaşlı kişi bir anlıq susdu. Sonra sanki uzun illərdir içində yığılıb qalmış dərdini dilə gətirmək istəyirmiş kimi danışmağa başladı:

— Müharibəyə getmək istəyirəm. Mən Zəngilan qaçqınıyam. Orada hər şeyimi qoyub gəlmişəm. Yaxınlarımı itirmişəm. İki əmim oğlunu ermənilər əsir götürüblər. Sonradan onların İranda olduqları barədə xəbər eşitdik. İrana getdik. Orada məlum oldu ki, onları Hindistana satıblar. Ancaq bizim artıq Hindistana getməyə pulumuz yox idi. Beləcə, onların arxasınca gedə bilmədik. İndiyə qədər də talelərindən xəbərimiz yoxdur…

Kişinin səsi titrədi. Gözləri doldu. Danışdıqca sanki keçmişin ağrıları yenidən canlanır, illərdir qəlbində daşıdığı ağır yük onu əzir, nəfəsini daraldırdı.

Hərbi komissar bir qədər susdu. Sonra soruşdu:

— Yaxşı, indi nə istəyirsən?

Yaşlı kişi başını qaldırdı.

— Əlbəttə, vuruşmaq istəyirəm. Qisas almaq istəyirəm!

— Neçə yaşın var?

— Altmış beş.

Hərbi komissar başını buladı.

— Dayı, sən axsaq qal. Mən özbaşına adamları müharibəyə göndərə bilmərəm. Dövlət var, dövlətin başçısı var, Ali Baş Komandanın əmri var. Müharibəyə yalnız müəyyən yaş həddinə qədər olan adamlar göndərilə bilər.

Sonra polis əməkdaşlarına işarə etdi.

Polislər yaxınlaşaraq yaşlı kişini bayıra çıxarmaq istədilər. Ancaq qəribə bir mənzərə yarandı. İri gövdəli, enli çiyinli kişi sanki kötük kimi yerə yapışmışdı. Polislər onu nə qədər dartıb çəksələr də, yerindən tərpədə bilmirdilər.

Kişi isə gülümsəyirdi.

— Görürsünüzmü? İkiniz də cavan oğlansınız, amma məni yerimdən tərpədə bilmirsiniz. Deməli, yaşıma baxmaq lazım deyil. Məndə də hələ bir güc var. Məni də göndərin! Mən də müharibəyə getməliyəm!

Onun bu sözləri gözləmə salonunda qəribə bir sükut yaratdı. Bu sükutun içində yaşlı kişinin qüruru, itirilmiş torpaqlarının ağrısı və əsir düşmüş yaxınlarının taleyinə dair bitib-tükənməyən ümidi duyulurdu.

Mən ona baxırdım. Qarşımda sadəcə altmış beş yaşlı bir kişi dayanmamışdı. Qarşımda yurdunu itirmiş, yaxınlarının taleyi ilə yaşayan, illərdir qəlbində qisas hissi daşıyan bir insan dayanmışdı.

Ölümə gülə-gülə gedənlər
Yaşlı adamın gözləri dolmuşdu. Səsində həm inciklik, həm də çarəsiz bir yalvarış vardı.

— Nəyə görə məni aparmaq istəmirsiniz? — deyə bir daha soruşdu.

Hərbi komissar yaşlı kişilərə baxdı. Sanki onları incitmək istəmirdi, amma qərarını da dəyişə bilməzdi.

— Yaxşı, indi çıxın, evinizə gedin. Əgər qərarda bir dəyişiklik olarsa, ilk növbədə adlarınızı buraya yazacağam, qeyd edəcəyəm. Sizi cəbhəyə göndərəcəyəm, — dedi.

Sonra qadına üz tutdu:

— Bəs siz nə istəyirsiniz?

Qadın sakit, amma qətiyyətli səslə cavab verdi:

— Birinci Qarabağ müharibəsində tibb bacısı olmuşam. İndi də yenidən müharibədə iştirak etmək istəyirəm.

Komissar onun sözlərini dinlədikdən sonra yanındakı yaşlı kişini göstərdi:

— Siz də bu kişinin yanında oturun. İmkan olarsa, sizi də göndərərəm. İndi isə, mümkünsə, çıxın, evinizə gedin.

Lakin qəribə bir şey baş verdi. Yaşlı adamların üçü də yenidən əvvəlki yerlərinə qayıdaraq oturdular. Sanki bu otaqdan çıxmaqla müharibədən, vətəndən, öz talelərindən ayrılacaqdılar.

Hərbi komissar bir qədər bezginliklə soruşdu:

— Niyə evinizə getmirsiniz?

Onlar isə bir-birlərinə baxaraq cavab verdilər:

— Birdən qərar dəyişər, bizi göndərməzsiniz…

Bu mənzərə qarşısında doluxsundum. Onların üzlərindəki ifadə, gözlərindəki həsrət, cəbhəyə getmək arzusu məni dərindən sarsıtmışdı. O an anladım ki, mənim də yaşım az deyil. Yəqin ki, məni də cəbhəyə göndərməyəcəkdilər.

Hərbi komissarlıqdan çıxıb taksiyə, sonra isə avtobusa mindim.

Avtobus hərəkətə başlayanda hərbi komissarlığın binasından bir neçə gənc əsgər çıxaraq avtobusa tərəf əl edirdi. Onların üzündə qəribə bir sevinc vardı. Gülür, bir-birlərinə nəsə deyir, sanki adi bir səfərə çıxırmış kimi davranırdılar.

Avtobusdakı qadınların qışqırıq səsləri eşidildi:

— Görürsünüzmü?! Ölümə gedirlər, amma elə gülürlər ki, sanki toya gedirlər!

Başqa bir qadın da onun sözlərini təsdiqlədi:

— Bəli, bəli!

Bu səhnə yaddaşıma həkk olundu. Müharibənin ən böyük həqiqətlərindən biri bəlkə də elə həmin anın içində gizlənmişdi: ölümün gözünə dik baxan insanın ruhunda həyatın, vətənin və qələbənin necə böyük bir qüvvəyə çevrilməsi.

Mən bu hadisələri günbəgün təsvir edərək hekayənin təsir gücünü daha da artıra bilərdim. Müharibənin hər günü, hər səhnəsi, hər insanı ayrıca bir romanın mövzusu ola bilərdi. Lakin burada yalnız bir fraqmentdən danışacağam.

Müharibə dövründə Rusiya telekanallarından birində erməni əsilli rus blogerlərdən birinin hazırladığı proqram nümayiş etdirilirdi. Həmin proqramda yaşlı bir erməni əsgər belə deyirdi:

— Müharibə həmin müharibədir, amma silahlar həmin silahlar deyil.

Bu sözlərdə müəyyən bir həqiqət vardı. Lakin mən düşünürdüm ki, müharibənin mahiyyətini yalnız silahların dəyişməsi ilə izah etmək mümkün deyil.

Amerikalı hərbi strateq Con Spenserin fikirlərini xatırlayırdım. Müharibənin taleyini yalnız silahlar müəyyən etmir. Silahlar strateji üstünlük yarada bilər, texnologiya döyüşün gedişini dəyişə bilər, amma qələbənin ruhunu yaradan başqa bir qüvvədir: insanın iradəsi, döyüşçünün mənəvi gücü, ölüm qarşısında geri çəkilməyən ruhu.

Şuşanı fəth edən əsgərlərin iradəsi, onların şücaəti, döyüş meydanında göstərdikləri əzmkarlıq bu həqiqətin canlı təcəssümü idi.

Bəli, mən həmin erməni dostuma demək istəyirəm ki, müharibəni udan yalnız silahlar deyildi. Müharibəni udan o gənclər idi ki, ölümə gülə-gülə gedirdilər. Müharibəni udan altmış beş yaşlı qoca idi. Müharibəni udan yetmiş yaşlı tibb bacısı qadın idi.

27 sentyabr 2020-ci il

Author

İklim

Follow Me
Other Articles
Previous

Ədəbiyyatın ömrü hardan başlayır

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme