04 Temmuz 2024

Hicrət sünnətdir. Aləm bərqərar olandan “dünya duracaq yer deyil, ey can, səfər eylə” deyib dəmir çarıq geyib insan. Müxtəlif səbəblərlə hicrət-köç edib. Hər zamankı kimi bu günün  də köç səbəbi, əsasən ya elmdir, ya da çörək.

”Elm Çində də olsa get al” (hədis) və ya “qarnının doyduğu yer vətəndir”(el sözü) deyimlərindən ilham alaraq cilay-i vətən olub dünyanın hər tərəfinə səpələnmişik.Vətəni bəyənməyib, vətəndən uzaqlarda vətən həsrəti ilə sızlayan insanlar var, onlara acımaqmı lazımdır, yoxsa çəkdiyiniz əzab sizə haqdırmı deməliyik.Çünki bu gün burdakı yaşama qane olmayıb daha yüksək həyat, daha yaxşı yaşamaq naminə uzaqlara gedirlər. Burada, vətəndə özlərinə layiq bilmədikləri aşağı səviyyəli işləri orada asanlıqla qəbul edir, vətənə qayıdarkən isə “orada bəylik edirəm” deyən  soydaşlarımızın bu cılız düşüncəsi haqlı ola bilərmi?

    Sizcə, uzaqdan dahamı yaxşı sevilir vətən, uzaqdan daha mənalı, dahamı gözəl olur Vətən?Əlini uzatsan çatan, bizim üçün  elə özümüz kimi olan Türkiyədə belə soydaşımız bu qədər vətən həsrəti çəkirsə, bəs Avstraliyadakı, Kanadadakı insanımız nə edir?Torpağa bağlı olaraq bir yerdə qalıb ətalət içərisində olmaqdansa kökdən qopub küləkdə sovrularaq  arzularının dalınca uzaqlara, azadlıq və tənhalıq vəd edən macəralı şəhərlərə sığınaraq  inkişaf mərhələsi keçmək, böhran yaşayan hər insanın düşündüyü çarədir.İstanbulda soydaşımız, ona hədiyyə etdiyim şəkərburanı  görəndə üzündə yaranan  işıq, gözlərindəki parıltı gözümdən, səsindəki yanğı qulağımdan çəkilmir. “Vətən qoxusu” deyərək məni və şəkərburanı bağrına basanda, “Vətən yerindədir və torpağı da hər an səni qəbul etməyə hazırdır, bu qədər həsrət çəkməkdənsə, “az yeyib” Vətəndə yaşamaq yaxşıdır” deyirəm.

 Mən gedənləri qınamıram,  doğma yurdunda özünü təsdiq, varlığını sübut edə bilməyən bir insan bəzən xaricə gedərək öz  istəklərini daha asan əldə edir.Bəs, görəsən öz istəklərini, maddi təminatlarını Vətəndən necə üstün tuta bilirlər? Məni maraqlandıran odur ki, bəyənməyib tərk etdiyin vətən üçün burnunun ucu necə göynəyə bilər?  Necə həsrətini çəkirsən sevmədiyin bir yerin?Düşünürəm ki, onlar yəqin fikirlərini düzgün ifadə etmir, əslində bəyənməmək deyil bu, vətəni sevirlər, amma qəbul etmədikləri tərəfləri var.

Ancaq “sevərsəm tam sevərəm”, vətəni sevirsənsə onu yaxşısıyla-pisiylə  hərtərəfli sevməlisən. Vətən gözəl olanda, qarnını doyuranda sevmək, doyurmayanda ona əlvida demək məntiqi hicrət sayılırmı? Əlbəttə, yox. Hicrət, sadəcə köç deyil, mənəvi, ilahi dəyər uğrunda köçdür.Xor gördüyün vətəndən sevdiyin qürbətə köç hicrət deyil, qarın davasıdır.Qürbət, cazibədar parıltıları ilə, macəra və ümidləri ilə vətənin ulduzlu göylərini, ənənə və adətlərini əvəz edir? Əslində, köləliyin başqa bir növü olan o azadlıq və sərbəstlik, genişlik və bolluq vəd edən yad ölkələr çox vaxt ümidlərini doğrultmur.

Gedənlər düşüncə üfiqlərinin sonsuzluğuna qovuşacaqlarını zənn edir, uçarı xəyalların ardınca qanad açmağa çalışırlar. Qürbət göylərində istədiyin qədər asudə qanad çalammırsan, ən azından yad etiketi olur üstündə, ikinci və üçüncü sıranın adamı olursan, hər addımda üzərində sən yadsan deyən baxışları hiss edirsən.Bəlkə maddi olaraq ən yüksək pillələrə yüksəlirsən, amma ürəyinin bir tərəfində balaca qara bir nöqtə qovrulur, ən sevincli anında belə o qara nöqtə, o həsrət yarası qanayır.Ona Vətən həsrəti deyilir.

   Bilirəm, vətən, sadəcə, torpaq demək deyil, vətən mənəvi varlıqdır, bəzən tək bir insan, bir söz də vətəndir, yağının yağmaladığı torpaq, yad nəfəslərin aşındırdığı mədəniyyət vətənin yavaş- yavaş azalması, misqal-misqal tərk edilməsidir.Ancaq vətən bir bütündür.Vətəndən gedən hər fərd vətəni özü boyda azaldır. Enerjinin itmədiyi kimi nəfəsimiz, düşüncəmiz də itmir, fəzada, efirdə bir-birinə qarışıb bir bütün əmələ gətirir və vətənin göyləri onu sevənlərin enerjisi ilə qorunur, aydınlanır.”Hamımız ulduzların külündən yaradıldıq.Gözəlliyimiz təşkil olunduğumuz atomlarda deyil, onların bir yerə toplanma şəklindədir”(Karl Saqan).Eləcə də biz orda-burda tək-tək  yaşadığımız, səplənərək orda-burda olduğumuz zaman itirik, azalarıq, gücsüzləşirik, ancaq bir olduğumuz, birləşdiyimiz zaman Millət və Vətən oluruq.Sevgi oluruq.Həm yerdə, həm də göydə, Allah qatında.

Ayişə Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir