24 Kasım 2024

Hər hansı bir mədəniyyətdə ki, “DİNLƏMƏK” “BAXMAQ”DAN əfzəldir, qutsaldır, mübarəkdir, orada SEYR estetikasının qapıları yavaşca qapalıdır. Sufilər bica söyləmirdilər ki, “əgər Allahı dərk etmək istəyirsənsə, gözlərini iynə ilə tik”; yəni, baxışlarını sənə mane olacaq fanidən, zahirin ötərgi gözəlliyindən ayır, batinə yönəlt və tam daxili sakitliyin, rahatlığın içində Onu dinlə, Onu eşit. Məhz bu, “ürəyi mənəvinin səltənətinə doğru” aparmağa qadir. Orta çağların islam dünyasında seyr estetikası heç vədə dəstəklənməyib. Şaşırıb da soruşacaqsınız ki, niyə? Cavablayıram. Çünki seyr müsəlman üçün tamah, həsəd, şəhvət, qürur, hirs təhrikçisi. İnsan görüb də paxıllıq edir, bulud kimi tutulur, rəng verib rəng alır. Əbəs yerə hədislər Muhamməd peyğəmbərin: “dinini, malını və arvadını gizlin saxla” deyimini mütəmadi surətdə aktuallaşdırmır ki? Dinləmək fəhmlə bağlıdır, baxmaq nəfslə. Odur ki, seyr neqativdədir, qeyri-rəsmi şəkildə yasaqlanır. Bir də islam mədəniyyəti çərçivəsində baxılıb da seyr ediləsi nə var ki? Ornamentdir, şəbəkədir, miniatürdür, xalçadır. Sıranı bir balaca da uzatmaq mümkün. Lakin görk üçün bir neçə önəmlisi elə bunlardır: hamısı da bəzəkdir, yaraşıqdır, utilitar mahiyyət daşıyır, kontekst elementidir, müşaiyətçidir, diqqəti heç vaxt mənadan, cövhərdən yayındırıb özünə çəkmir. Nədən ki, gərək Allah zikrinə, ibadətə heç nə əngəl olmaya, fikri azdırmaya, mömini çaşdırmaya. İdeya da bu ki, “dünya duracaq yer deyil, ondan həzər eylə”; yəni, nə mövcudsa, fanidir, yox olacaq: ona görə heç nəyə meyl salma, Allahın ətəyindən tut ki, əbədi Odur. Hər bir SEYR isə vurğunluq astanasıdır, mömin üçün qorxulu bir həddir. Belə ki, vurğunluğun növbəti mərhələsi bütləşdirməkdir, büt yaratmaqdır. Ol səbəbdən islam mədəniyyəti seyr obyektini hər vəchlə son dərəcə bəsitləşdirib adiləşdirir. Ornament, şəbəkə, xalça müəyyən bir cizgilər kompozisiyasının dəfələrlə təkrarıdır, miniatürsə mətni, süjeti güzgüləyir; statik görüntüdür, əlvanlığına baxmayaraq, donuqdur. Müsəlman şəhərləri də sanki torpaqdan öz-özünə uzun qərinələr müddətində pırtlamış palçıqlı göbələklərdir, dəqiqənin tamamını gözləyirlər ki, yerlə yeksan olsunlar, torpağa yenidən qarışsınlar. Sözümün canı bu ki, islam mədəniyyəti hüdudlarında SEYR estetikası həmişə “mürgülü”, “çarşablı”, “pərəncəli”. Hətta orta əsrlərin islam məmləkətlərinin mərkəzi şəhərləri də, bəzi nadir nümunələrdən savayı, seyr ediləsi mənzərələrdən məhrum: onların hamısı bir-birinə oxşar, sıxlığı çox, yastı, əyri, qozbeltəhər, damları alçaq, gümbəzli. Gümanım var ki, mən bilirəm, bu, niyə belədir. Çünki ALLAH zaman və məkan dışındadır, kosmik təbəqələrin fövqündədir və bir kimsəyə… GÖRÜNMƏZ. Allahı yalnız EŞİTMƏK mümkündür. İslam mədəniyyətinin hüsnünü müəyyənləşdirən də elə budur. Daha doğrusu, bu mədəniyyətdə DİNLƏMƏK təzahürlərin yaşam üslubunu, yaşam tərzini təyin edir. Əslində, islam bir DİN kimi DİNLƏ-MƏKDƏH başlayır. “Din-mək” və “dinlə-mək” islam din-inin mayasındadır.
Müsəlmanın qavrayış koordinatlarında söz, səs, avaz qeybdəndir, sehrə malikdir, təbiəti mistikdir, laməkan uca tanrının varlığına bir sübutdur, bir dəlildir. AVAZ daima, permanent şəkildə HAQQDANDIR: onun başqa cürəsi olmur. Bu müstəvidə Quran avaza, səsə müsavidir. Belə ki, Qurani-Kərim müqəddəs kitab kimi cildlənməmişdən öncə laməkandan gələn quru səs idi, mömin müsəlmanlar arasında Allahın lütfünü gerçəkləşdirib əyaniləşdirirdi: əvvəlcə eşidildi, dinlənildi, sonra yazıya köçürüldü, vizual görkəm aldı. Quran ilahi mətndir, sakral monoloqdur, həm də özünəməxsus bir not sistemidir ki, adına “VƏQF” deyirlər. Vəqf hərəkələr (cızıqlar), sükunlar (kiçik dairəciklər) və səcavəndlərdən (sətirüstü xırda hərflər) ibarət işarələr toplusudur. Onun köməyilə Quranı avazla oxumaq asanlaşır. Bu göstərişlərə düzgün riayət etdinmi, oxu müəyyən ritmə köklənəcək, avaz öz-özünə düzələcək və bir növ qutsal mətnin musiqisi zühura gələcək. Hərçənd bu, ənənəvi olaraq, anladığımız musiqi deyil, musiqili ifa tərzidir. Vəziyyətin, təhlilin mürəkkəbliyi və çətinliyi ondadır ki, orta çağların dini təfəkkürü musiqi problemlərinin müzakirəsini belə məqbul saymırdı. Çünki onu yasaq edilmiş həzlərdən bilirdi. Şəriət musiqini haram yox, məkruh buyurub, ədəbsiz, nalayiq işlər cərgəsinə qoşub. Ona görə də məscid divarları arasında heç vaxt musiqi eşidilməz. Çalıb oxumaq günah deyil, urvatsız bir əməldir. Şəriət bunu bəyan eləsə də, heç kəsi birbaşa pərpiləmir, ifa sərbəstliyini müsəlmanın öhdəsinə buraxır: yəni, kim necə istəyirsə, davransın, lap bu urvatsızlığı boynuna götürsün, Allah qarşısında qiyamət günü cavabdeh özüdür. Hətta bunun qənşərində belə islamın hənifi, maliki, şafii, hənbəli kimi məzhəblərinin musiqi ifaçılığına qurşanmış mömin bəndələrlə davası, mübarizəsi səngimirdi.
Amma və lakin… sufilər dedilər ki, “hal”, “vəcd”, “səma” musiqidəndir.
Onlar zikr və təlqinlər üzərində qurulmuş məclislərini musiqiyə köklədilər, ney çaldılar, rübabdan, zərb alətlərindən bəhrələndilər. Hələlik ki, bu alətlərin rəmzi mənalarını çözələməyi qoyuram bir kənara: indinin söhbətinə calanmır. Qayıdıram səma anlamının üstünə. Bir xeyli vaxt bundan əqdəm apardığım üzücü araşdırmaların nəticəsində bir dəfə qəfildən bu qərara gəldim ki, səma musiqi dinləməkdən ötrü sufilərin mistik bəhanəsidir, onların musiqini leqallaşdırmaq cəhdidir. Fikrin alternativi də mövcud: səma üçün bəhanə və ya ideya müstəvisi musiqidir. Heç nə konkret aydınlaşmadı, eləmi? Həqiqətən, sufilər səmanın izahını elə dolaşdırıb, elə qatışdırıb, elə bir fəlsəfi nəzəriyyəyə döndəriblər ki, heç cürə bəlli olmur, nə nədir. Təsadüfi deyil ki, Mövlanə Cəlaləddin Rumi kimi bir təsəvvüf mürşidi də səmanı SİRR adlandırırdı. Sirr isə SEHR astanası. İslam mədəniyyəti də səsin, sözün sehrinə urcah. Ona görə də bu mədəniyyətin açarı əs-səma: hərfi mənası “qulaq asmaq”, “müqəddəs mətni dinləmək”; bir termin kimisə Quran ayələrinin, nətlərin avazlı oxunuşu, musiqi ritmlərilə muşaiyət edilən dərviş zikrlərini işarələyir. Səma aşkar ilə müəmmanın, varla yoxun, ölərilə əbədinin, gerçəkliklə virtuallığın mediatorudur, ötürücüdür, insandan Allaha qədər olan yoldur ki, bir tək səslə keçilir. Mən tanrını eşidirəm, tanrı da məni: biz danışırıq, dinləyirik bir-birimizi. Səma sonucdur, sufinin xoşbəxtlik məqamıdır, onun MÜTLƏQ VARLIĞA qovuşub QƏRQ olmasıdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir