21 Kasım 2024

və ya GÖZƏGÖRÜNMƏZ YAZILAR

Yaşam tarixinin başlanğıcı bilinmir.Bizə keçmişlərdən bilgi verən yazıdır.Yazıda olmayan tariximizi isə heç bir səbəblə inkar edə bilmərik.Ancaq yazının insan yaranışından nə qədər çox sonra olduğunu diqqətə alsaq, əslində bizim çox şeydən, ən qədim yaşantılardan və hadisələrdən xəbərsiz olduğumuzu qəbul etməliyik.

     Yazının olmaması insan zəkasının geridə qalması, zəifliyi demək deyil. Biz, inkişafı zamanla düz mütənasib sayırıq, amma bəzən buradakı tərs mütənasibliyin də şahidi oluruq. Məsələn, yazı. Su üstündə yazı desələr gülüb bunun nağıllarda olduğunu deyirik. Bu gün isə alimlər su üzərində yazı yazmağın mümkünlüyünü sübut ediblər.Yəni, əgər belə bir ifadə varsa, demək onu bir  gerçəkliyə əsaslanıb deyiblər. Bəlkə buna intuisiyanın yanıltması deyəcəklər, amma qədim və yüksək bir sivilizasiyada yazının daha üstün formaları olmuşdur, buna inansaq çox mətləblərə yol alarıq.

     Əski türklərdə səviyyəli elm və din olub deyirik, amma yazı olmadığından bu günə gəlib çatmayıb.Yazıya ehtiyacı olmayıb antik insanın, onların yaddaşına bu günkü bilgisayar kimi istədikləri tutumda bilgi yerləşdirə və ötürə bilirmişlər. O zaman ki, insanın beyni cılzlaşdı və  istənilən tutumda bilgiyi özündə saxlaya bilmədi, artıq o zaman yazıya, görünüşlü yaddaşa ehtiyac duyuldu.”Saqqallı uşaq” kimi, beyin bilgiyi qəbul edib qoruya bilmədiyi zaman köməkçi ünsür olaraq yazıyı düşündülər. Zaman keçib yazı kütləviləşəndə yaddaş ikinci plana keçdi və yavaş-yavaş daha da kiçildi. Hər şeyi, elmi də, bilgiləri də yazıyla qorumağa başladılar. Biz də bütün bilgiləri, tariximizi yazıdan öyrənməyə başladıq.

       Yaşadığımız bir kölgə həyat deyil, əsl həyatı içinə almış və miqyasca kiçildilmiş formadır. Əgər aləmlərə nüsxey-i kübra, insana da nüsxeyi suqra deyilirsə, demək bütün varlıq, insan nəhəng, möhtəşəm bir “kitabın” nüsxələri, ya da səhifələridir, yəni yazıdır. Lövh-i məhfuz insanın, sadəcə adını bildiyi, necəliyindən xəbərdar olmadığı bir yazıdırsa, yazı sadəcə daş, ya da kağız üzərində olmur, demək. Bizim bildiyimiz, yazılardan əvvəl var olan efir yazısıdır. Efir qədim insanın idarə edə bildiyi bir sahəydi. İdarə dedikdə mövhumat şəklində anlaşılmasın, burada cin-şeytan işi də yoxdur, (Əslində, cin- şeytan da izah olunur) elm bu gün bunu artıq açmışdır, efirə yaza və efirdən oxuya bilən yaddaş və bilgi sistemi qədim məhv olmuş sivilizasiyanın yazı formasıydı.

       Bu gün elmin inkişafıyla yazı yavaş -yavaş aradan götürülür, amma bu o demək deyil ki, yazı yoxa çıxır, yox, yazı daha yığcam və yüngül formaya keçir, bu da yaxın gələcəkdə yazının tamamən yox olmasına, yəni bizim bildiyimiz şəklinin yox olmasına gətirəcək. Əslində, ilkinliyə qayıdırıq. Zaman, təsəvvür edə bilmədiyimiz qapalı dövrədir, məkanın varlığını duman  kimi bürüyən, onun üzərinə çəkilmiş cila kimidir. Bu qapalı dövrəni bizim ömrümüz  və xəyal gücümüz yetmədiyi üçün təsəvvürümüzdə canlandıra bilmirik.

        Təsəvvüfdə susaraq danışma var. Adətən söhbətlərdə bəzi övliyalar danışmadan, başlarını aşağı salıb susmaqla söhbət edirlər. Hər kəs də alacağını alır. Ancaq burada parapsixologiyadan fərqli olaraq bütün gücünü toplayaraq beyində fikir ötürmə prosesi getmir, burada mürşid özü, sadəcə, öz dünyasına qapılır və bu dünyada olan ilahi eşq, ilahi güc və təsəvvürlər günəş işığının vasitəsiz olaraq ətrafa yayıldığı kimi yayılır, mürşidin, övliyanın halı, ruhunun enerjisi təbii axımıyla efiri doldurur və hər kəs öz qabına görə bu dəryadan su götürür.

Səssiz və sözsüz söhbət hal köçürülməsi, duyğu transferinin tamamlanmasıyla başa çatır. Bunu mürşid kağıza yazıb da tələbələrinə oxuda, öyrədə bilər, kağız da əsrlərlə qorunub saxlanar. Ancaq mürşid sözlərini efirə yazır, tələbələri də öz qabiliyyətlətinə görə efirdən oxuyur. Efir ən antik yazıdır ki, biz bu gün ona gedirik.“Tarixdəki ilk yazı olan türk yazısı 14 min 575 il, yəni 16 min il əvvəl yazılmış” (Haluk Tarcan, “Ön türk uygarlığı) olduğunu nəzərə alsaq, efir yazısı ilk olaraq türklərdə maddiləşmidir. Bəli, yazı, enerjinin soyuması, səslərin hərflərdə ölməsi, ya da quruyub daşlaşmasıdır.

     İnsan danışdıqca azalır, yazdıqca tükənir, təbii ki, onun yeri təzədən bir də dolur, amma enerji söz şəklindən hərflərə çevrildikcə soyuyub formaya düşdükdə alınan yazı öz mahiyyətini və gücünü nisbətən azaldır və ya qismən itirir. Bu baxımdan Qurani Kərim qiyamətə qədər tam mahiyyətində və gücündə qorunacaq kitabdır. Çünki o yazıdan başqa həm də hafızların yaddaşlarında əzbər saxlanılır. Qurani Kərim yeganə kitabdır ki, tam həcmdə yadda saxlanır və əzbərlənir, onun bütün enerjisi, insan nəfəsiylə efirdən aldığı ilahi qaynaqlı gücü həyatın tarazlığını qoruyur. Yazıda azalmış enerjisi, hafızların yaddaşının qoruduğu ilahi eşq və güclə bərpa edilir və hafızların beyninin və qəlbinin hərarəti İlahi kəlamın  doğmalığıyla qaynayıb qarışır, yazıdakı soyuma prosesi Qurana sirayət etmir. Əgər etsəydi, onun enerjisi, yəni gücü və hökmü azalar və  qiyaməytə qədər davam etməzdi.

Hz.Peyğəmbər (sav)in aldığı vəhy-oxuduğu ayələr efir yazısı idi. Ona (sav) ümmi-oxuma yazma bilməyən deyilirsə, o bizim bildiyimiz şəkildəki bu oxuma-yazmanı bilmirdi, O (sav) bəlkə də hələ mələklər köksünü açıb ürəyini yuyanda efir sivilizasiyasından xəbərdar edildi.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir