02 Temmuz 2024

   Biz odu söndürüb külüylə oynadıqca din əsl mahiyyətindən uzaqlaşacaq. Ən xırda təfərrüatları böyüdüb özümüzü mahiyyətdən uzaqlaşdırırıq bəzən. Bu gün nə qədər əksi söylənib etməyin deyilsə də, bəzək-düzək insanların gündəlik həyatından çıxmır. Yaxşı, çıxmasın, Allah da gözəllikləri sevir. Ancaq bu gözəllik insanı həm Allahdan, həm də özündən uzaqlaşdırırmı, ya da əksidirmi.

   Qadınlar əsr-i səadətdən üzü bəri əllərini xınalayıblar, hətta bəzi mənbələrdə “bir müslüman öldükdə onun əlini, ayağını, saçlarını xınalayın ki, qiyamətdə sorğu-sualsız müsəlman olaraq həşr olunsun” kimi ifadələrə də rast gəlirik. Demək, xına günah deyil. Əlləri xınalı abdəst alıb namaz qılmaq adi haldır.

Bu gün isə qadınlar xına yerinə dırnaq boyası işlədirlər. Bu da ibadətə mane olur. Çünki dırnağında boya-lak olarsa abdəstli sayılmazsan. Belə ki, abdəst alarkən abdəst orqanlarında iynə ucu qədər də yer quru qalmamalıdır. Belədə boya su keçirmədiyi üçün dırnaqlara su dəyib yumur və abdəst doğru olmur. Bununla da razıyam. Amma təmizlikdə hz.Peyğəmbərin (sav) təklifi ilə olan bir abdəst asanlaşdırması var: məstlər üzərinə məsh etmək. Abdəst alarkən ayağından məsti çıxarmadan sulu əlin üç (burda fikirlər fərqlidir) barmağıyla məstin üzərinə məsh edilir. Hədisdə deyilən ”Asanlaşdırın, çətinləşdirməyin…” fikrinin həyata keçməsidir bu məstlərə məsh məsələsi. Məst, dəri və bu kimi materialdan hazırlanaraq topuqları və daha yuxarını örtən bir ayaq geyimidir. Səfvan b. Assaldan (ra) nəql edilən hədisdə: ”Rəsulallah (sav) bizə abdəstli olaraq geyindiyimiz halda əgər yolda isək üç gün, evdə isək bir gün, bir gecə müddətində məstlər üzərinə məsh etməyimizi, abdəst pozulduğu zaman onları çıxamamağımızı, sadəcə cünüp olan zaman çıxarmağımızı əmr etdi. ”Məstlər üzərinə məsh etməyin bəzi şərtləri var: Məstlər ayağa abdəst alıb ayaqlar yuyulduqdan sonra geyilməli, məstlər abdsətdə yuyulması fərz olan yeri örtə bilməli, məstlər ən az üç mil yol gedəcək qədər dözümlü, deşiksiz və sağlam olmalı, bağsız olaraq dik dura biləcək qədər qalın olmalıdır. Alimlərin əksəriyətinin qəbul etdiyinə görə məst əvəzinə ayaqları topuqlarla bərabər örtən çəkmələr, botlar, geyinərək 5.5 km.dən çox yol gedilə biləcək qədər qalın olan corablar və qaytanlı çarıqlar da istifadə oluna bilər. Daha geniş xırdalıqlara varmadan onu demək istəyirəm ki, hz. Peyğəmbər (sav) və din alimləri hər zaman dini əməlləri asanlaşdırmaqla, şəraitə uyğunlaşdırmaqla insanların yorulub bezməmələri, dindən uzaqlaşmamaları üçün çalışmışlar.

Məstlər ayaqları qoruduğu kimi dırnaq boyası da dırnaqları qoruyur. Məstin hökmü boyaya da şamil edilə bilər, abdətsli olan əlin dırnaqlarına lak çəkilir və boya suyu keçirmədiyi üçün dırnaq kirlənmiş sayılmır, çünki məstlərin də özəlliyi su keçirməməsindədir. Boyalı dırnaqlar, sadəcə ədəb baxımından, Allaha qarşı ədəb normalarına əməl etməmək kimi qiymətləndirilir ki, burada da fərqli görüşlər ola bilər. Yəni, bunu bir bəzək kimi, xına əvəzi olaraq düşünsək ədəbə də mane deyil. Ancaq adət-ənənə bunu bayağı sayır ki, o da şəriətə əsaslanır.

    Ən önəmli nöqtə isə odur ki, bu çox xırda bir şeydir (əslində, həyatda xırda, kiçik şey yoxdur, xırda dediyimiz şeylərin bəzən çox böyük olduğu üzə çıxır), bu “birə üstündə yorğanı bada verməyə” bənzəyir.

       Bir qadın ən azından şadlığa (bu da bir gerçəkdir ki, dindar qadınlar da çalçağırlı məclislərdə olurlar) getdiyi zaman, toplum adətlərinə uyaraq dırnaqlarını boyayır və gecə evə qayıdanda namaz qılmaq istəyir, ancaq dırnağı laklı olduğu üçün abdəstli sayılmır və namazı qəzaya qalır. Çünki bu dırnaq boyası dırnaqdan çətin təmizlənir və ona xüsusi məhlul lazımdır. Bu da deyək ki, yoxdur, o zaman namaz qalmamalıdır? Bir dırnaq boyasına görə namaz bada verilməlidirmi? Hansı daha önəmlidir? Əsası şəkilçiliyə bağlı olmayan, maddiyatı önəmli saymayan dinin şərtini yerinə gətirməkmi, yoxsa dırnaq bəhansi ilə “Allahla görüşə” getməməkmi? Mən demirəm ki, hər zaman dırnaqlar boyalı namaz qılınmalıdır.Yox, təbii ki, ancaq məcbur qalanda bu xırda təfərrüat sayılan şərti adlayıp daha önəmli, daha böyük şərtə əməl etmək üstündür deyirəm. Necə ki, suyun olduğu yerlərdə belə əgər hava şaxtadırsa və sağlamlığa zərər verərsə, o zaman təyəmmüm etməyə izin verilir. Əgər, məsələn, qolunda yarası, ya da sarğısı varsa, burada ibadət üçün yenə də şərtlərə uyğun güzəştlər var. İslamda insana  hər cür güzəşt edilir, insan Allahdan sonra hər şeydən üstün tutulur, “kainatı onun istifadəsinə vermişəm” deyir Uca Allah . Ancaq, molla dinində güzəşt yoxdur, burada hər şey insana xidmət etmir, şəriətə xidmət edir, hər ayə, hər qanun zahiri xarakter  daşıyır. Insanın ətinin, sümüyünün arasında olan qəlbinin içini bilən Allah (cc) yüz min örtünün altında olsaq da  bizi görəcək. Hansı boyaya boyansaq, hansı rəngə bürünsək də, neçə dəfə əyilib qalxsaq da ona deyil, qəlbimizin ritminə, beynimizin yönünə baxır.”Barmaq uclarımızdan ayırır” bizi. O barmaqlar xınalı da olsa, laklı da, palçıqlı, mazutlu da olsa, fərqi yoxdur.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir