03 Aralık 2024

            Ətrafımızdakı hər şeyin məntiqlə izahını verə bilirik. Ağlımızım ölçüsündə gözümüzün gördüklərini, hadisələri, cəmiyyətin idarəsini, hətta bir çox mənəvi elementləri, təbiət hadisələrini məntiqlə izah edir və bu izahdan həm razı qalır, həm də məmnun oluruq. Ancaq ağlımız gedib nöqtənin qaranlıq bir tərəfinə dirənəndə, bu bizim məntiqimizə sığmır və o andaca məntiqimizi döndərib “tutalım ki”, “varsayalım ki” deyə, əks müddəalarla yoxluq vasitəsilə isbat edərək,  inanmaq istədiyimiz müddəanın gerçəkliyini sübut edirik. Bu da olur məntiqə sığmaq.

”B hərfi A-dan sonra gəlirsə, demək B hərfi də C – dən əvvəl gəlir” məntiq qəlibinə, həyatımızın davamı üçün əsas olan az qala hər şeyi salmaq olar. Elmlə hər şey izah edilir. Ancaq həyatda, eləcə də insanda məntiq qəlibində özünə yer tapa bilməyən şeylər də var. Ağıl, maddi varlıq olduğundan o məntiqin və düşüncənin sferasında aktiv rolunu oynayır. Ağıl elmin, həyatın təməl daşıdır, bunu hamı bilir. Amma, ağıl çərçivəsi həyatın və insanın bir çox hallarında və anlarında yetmir, çarəsiz qalır. Dünyanı idarə edən, dünyanı dərk edən ağıl və ağılın dayandığı məntiq ən sadə şəkildə insan və insanın bəzi halları qarşısında lal olur. Məsələn, insan sevgisi. İnsan, bəzən düşmənini sevir, bu məntiqlə mümkün deyil, amma fakt gerçəkliyidir.Yaxud, insan ağla sığmayan duyğular yaşayır, ya da hərəkətlər edir ki, bunları heç bir elm, məntiq açıqlamır.

     Ağıl qaba hisdir, ağlın obyekti dünya və maddi həyatdır.Ağılla bərabər düşüncə, fikir də qaba hisdir və özündən sonra gələn ülvi hislərin tramplinidir. Ülvi hislər insanın mənəvi dünyasına aid anlayışlardır və onları çox zaman ağıl idarə edə bilmir. Ağıl və məntiq fəhmi, hissi, sezgiyi bəlli bir ölçüdə yönləndirə bilir, ancaq nə yox edə bilir, nə də var. Biz bir təbiət hadisəsini ağılla anlaya bilirik, ancaq ona heç bir təsirimiz olmur. Eləcə də sevgiyə, nifrətə, yuxuya məntiqlə yanaşanda o qədər də düzgün tablo yaranmır. Çünki məntiq konkret qəlibdir. Sevgi, nifrət, hiss, yuxu bu qəlibin içinə sığmır.

     Əgər insana aid olan bu cür qəlibə sığmazlıqlar varsa, o zaman Allah hansı qəlibə sığar və onu hansı məntiqlə izah edib başa düşə bilərik. Müasir elm və düşüncə Allahı qəliblərlə izah edib, onun varlığını düsturla sübut etməyə çalışır. Bütün qəliblər və düsturlar maddidir, sonludur və ağlımızdan ötəyə gedə bilmir. Deyək ki, ultra ağılla, qəlib və düsturlarla açdıq, o zaman bunu beyin qəbul etsə də, ürəyin qəbul etməsi mümkündürmü? Ən son müraciət etdiyimiz ürəyimizdir, ən əsas da onun sezgisidir. Ürəyin bir adı da qəlbdir, könüldür. Hər üç söz sinəmizdəki bir parça ətin adıdır.Amma hər üç söz eyni zamanda bir-birindən çox fərqli mənalarda işlənir, iç- içə mərtəbələrdir.Ürək fiziki olarak ürəkdir, qəlb mənəvi, könül isə ruhanidir.Bunlar bir- birindən asılı olsa da bir-birindən çox fərqlidir. Ağıl birinci mərtəbədə hakimdir, ikincidə yol göstərən, üçüncüdə isə gücsüzdür.

       Ağıl fəlsəfi və məntiqi hər şeyi qəbul edir, din də eləcə.Ancaq bir çox dini məfhumları və hadisələri ağıl qəbul etməsə də, məntiqə də sığmasa da, biz onu inkar da edə bilmərik. Məsələn, məntiqə görə hz.Peyğəmbər (sav) Hira mağarasında gizlənəndə hörümçəyin o qədər qısa bir zamanda tor qurması mümkün deyil. Ya da Mirac ağla sığmır, ancaq biz ona inanırıq. Məntiqə görə vəhy, ilham, kəramət, kəşf nağıldır. Yaxud, axirəti götürək, heç kim o dünyaya gedib də qayıdıb bizə bilgi verməyib, yəni bizim axirət haqqında faktik bilgimiz, real sübutumuz yoxdur. Məntiqə görə inanmamalıyıq. Ancaq biz axirətə inanırıq. Çünki biz əqli dəlillərlə yanaşı nəqli dəlillərə də etibar edirik. Dinlə ağla dayanan fəlsəfə arasında bir çox uyğunluqlar var, amma bir az irəli gedəndə, ağlın qavramadığı nöqtədə fəlsəfə qurtarır. Din isə hissə və sezgiyə dayanaraq sonsuza qədər davam edir. Çünki insan məhduddur: “(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir…Onların elmi isə Onu (Allahın zatını) əhatə edib qavraya bilməz” (Taha, 110 ) və biz dini mənbələrə, yəni Qurana əsasən ağlımıza sığmayan, gözümüzün görmədiyi, idrakmızın hasil etmədiyi şeylərə inanırıq. Çünki dində nəql önəmlidir.

     Həyatımızda müqayisələr elmdən tut gündəlik yaşayışımıza qədər  hər şeyin ana xəttində durur. Qarşımıza çıxan ilk olayı, ağlımıza gələn ilk fikri mütləq ya bir öncəki zamanla, ya da bir başqasıyla müqayisə edir və guya həqiqəti bu müqayisədə ortaya çıxarırıq.

      Yaxşı, biz əlimizin çatdığı hər şeyi bir digəriylə müqayisə ediriksə, o zaman əlimizin çatmadığı, gözümüzün görüş məsafəsindən, bucağından və ölçüsündən kənarda olan şeyləri nəylə və necə müqayisə edək, həqiqəqti ortaya necə çıxaraq? Eləcə də Allahı nəylə müqayisə edək ki, əzəməti görünsün, ya da kimin qoyduğu məntiq qəlibinə salaq ki, ağlın (ağılçı insan) insanı onun heybətini görüb də inansın. 

      İki cəbhəyə bölmək istərlər insanı, birində, “Möminləri qanadı altına al”ana (Hicr, 88) inanaraq xoş duyğularla səlis və rəvan hislərlə yaşamını və öz iç dünyasını fərəh və rahatlığa  qovuşduranlar, digər tərəfdə də məntiq və maddi ağıl savasına düşərək qəlbi və ruhu çarpaz oxlar altında təlatümlər yaşayaraq həyatını cəhənnəmə çevirənlər.

AYİŞƏ NƏBİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir