Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Araşdırma

NİZAMİ GƏNCƏVİ YARADICILIĞINDA EZOTERİZM MOTİVİ

By İklim
11 Noyabr 2021 9 Min Read
0

RAZİM ƏLİYEV

“AY-ATA” ASC-nin direktoru, təqdiqatçı

“Nizami ili” ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamda N.Gəncəvi kimi dünya şöhrətli bir nəhəngin ədəbi fəlsəfi irsinin kökündən, bütün sahələr üzrə yenidən araşdırılması bir vəzifə kimi qarşıya qoyulmuşdur. Bu baxımdan mütəfəkkir şairin ədəbi irsində ən gec və ən az öyrənilən sahələrdən biri olan ezoterizmin dərindən araşdırılmasına böyük ehtiyac duyulur. Nizami yaradıcılığında ezoterizm elementlərinin öyrənilməsi və müəyyənləşdirilməsinə elə onun ilk görkəmli əsəri olan “Məxzənül-əsrar”dan- “Sirlər xəzinəsi”ndən başlanması daha münasib və səmərəli olardı. Çünki ezoterizm özü sirli, gizli, qapalı, batini dünyağörüşlə, açılışına qadağa qoyulmuş fenomen bir anlayışla bağlıdır. Bu qənaətə gəlmək üçün əsərin özündə çoxsaylı eyhamlar vardır. Həm də Nizami Gəncəvi dövrünün poetik irsinin qədim türk mifoloji mətnləri, şumer əsatirlərinin prinsipləri ilə müqayisə etdikdə bunları daha aydın görmək, anlamaq olur. Ona görə əsərin ayrı-ayrı dərin qatlarının araşdırılmasına ənənəvi yanaşmadan fərqli nöqteyi nəzərdən yanaşılmalıdır. Bu həm də əsərlə bağlı əsas suala “Sirlər xəzinəsinin sirri nədədir?” sualına doğru-düzgün cavab tapmağa imkan verərdi.

Nizami irsinin tədqiqi ilə bir çox xarici və yerli araşdırıcılar məşğul olsa da, ezoterizm mövzusu demək olar ki, uzun müddət toxunulmaz qalmışdır. Hətta Y.E.Bertels, Məmməd Cəfər Cəfərzadə, Məmməd Arif Dadaşzadə, Həmid Araslı və digər məşhur Nizamişünas alimlərin çoxsahəli tədqiqatlarında da ezoterizmdən bəhs edilməsinə təsadüf edilmir. Bəzən ayrı-ayrı araşdırıcılar Nizami Gəncəvi dünyagörüşünü təsəvvüf və sufiliklə əlaqələndirsələr də, bu yöndəki fikirlər özü də  ziddiyyətlidir. (Bax: H.Araslı ,“Sirlər xəzinəsi”-nə ön söz. Nizami Gəncəvi – “Sirlər xəzinəsi”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı – 1947, səh. XI).

Azərbaycanın istedadlı alimləri Mətanət Adullayevanın və Xuraman Hümmətovanın son illərdəki dəyərli tədqiqatları müstəsna olmaqla Nizami Gəncəvi yaradığılığında ezoterizm mövzusuna demək olar ki, kifayət qədər diqqət yetirilməmişdir. Onu da qeyd etmək lazımdır ki, Nizami Gəncəvi yaradıcılığında ezoterik sferaya münasibət bildirən tədqiqatçılar əsasən təsəvvüf və sufi görüşlərinin çərçivəsindən kənara çıxmır. Bu da Nizamiinin fikir dünyasının, fəlsəfi görüşlərinin dərin qatlarının öyrənilməsini və tədqiqni nəzərə çarpacaq dərəcədə məhdudlaşdırır, çox vaxt məharətlə gizlədilmiş batini özəyini anlamağa imkan vermir. Fikrimizi aydınlaşdırmaq üçün əvvəlcə ezoterizmlə bağlı bəzi məlumatları yada salaq.

Ezoterik bilik aşkar və gizli qanunların vahidliyinin sirrini daşıyan, həyatın, kainatın həqiqi mahiyyətini özündə əks etdirən bilik hesab edilir. Terminoloji cəhətdən “ezoterik bilik” dedikdə mənası gizli, qapalı olan, qeybə aid olan bilik başa düşülür. “Ezoterizm”lə isə gizli biliklər sistemi nəzərdə tutulur.

Bəzi tədqiqatçılar tərəfindən ezoterika termininin elmə yunan filosofu Pifaqor tərəfindən gətirildiyi qeyd olunur. Bəlkə də bu, Pifaqorun ayrı-ayrılıqdqa batini (ezoterik) bilikləri və zahiri (ekzoterik) bilikləri tədris edən təlim sisteminin olması ilə bağlıdır. Batini və zahiri bilikləri əhatə edən yazı tipinin qədim Misirdə mövcudluğu barədə də məlumatlar vardır.

Gizli biliklərin mövcudluğu ilə bağlı məlum olan ən qədim mənbə isə Şumer mətnləridir. ”Əfsanəyə görə insanlara sirli elmləri “səmadan gələn” varlıqlar-anunaklar öyrədib. Xüsusi şuraya dəvət olunan ilk kahin Enmedurankiyə Yerin və göyün sirləri olan tablo verilib. (Həsənov Hikmət “Yadplanetlilərin övladları”, piramidaların sirri-Şumer mədəniyyəti /http://publika.az/projects/gizlitarix/5106.html) Bu cür biliklərin daşıyıcıları “tanış edilmişlər” adlanır. Müəyyən zümrənin gizli biliklər haqqında məlumatlı olması, lakin hamı üçün onun əlçatan olmaması ezoterizmin xarakterik xüsusiyyətidir.

Araşdırmalarımız göstərir ki, Nizami Gəncəvi yaradıcılığında ezoterizm motivini duymaq və anlamaq üçün daha əski çağlardan başlamaq gərəkdir. Bu dövr şumer mədəniyyətinin və dünyağörüşünün formalaşdığı, Yaranış və varlıq haqqında mifoloji şumer-türk  dünyabaxışının ərsəyə gəldiyi zamanla bağlıdır. Başqa sözlə Yaranış və Varlıq haqqında şumer-türk mifoloji modeli Nizami Gəncəvinin məharətlə formalaşdırdığı sirli xəzinəyə uğurla bələdçilik edir.

“Sirlər xəzinəsi”nin ezoterik mahiyyətinin aydınlaşdırılması üçün ilk növbədə əsərin yazılış üslubunu nəzərdən keçirilməsi vacibdir.

Yaradıcılığının, tədqiqatının xeyli dövrü Nizami poyeziyası ilə bağlı olan Yevgeni Bertels “Sirlər xəzinəsinin” dilindən danışarkən göstərirdi ki, şair bu əsərində bədii sözün bütün həqiqi və məcazi mənalarını istifadə edir, buna görə də “Sirlər xəzinəsini” dərindən başa düşmək üçün hərtərəfli, universal biliyə malik olmaq lazımdır. Y.E. Bertels “Sirlər xəzinəsində” çətin anlaşılan təşbih və tərkiblərin işlənməsini şairin əsərin dilini bilərəkdən çətinləşdirməsi ilə bağlayır: “Sirlər xəzinəsi” xalq yaradıcılığından gələn çoxmənalı ifadələrlə zəngin olduğu üçün onun dərin mənasını başa düşmək doğurdan da bəzi çətinliklər törədir”. Lakin bu böyük Nizamişünas alim N.Gəncəvi tərəfindən “…əsərin dilinin bilərəkdən çətinləşdirməsini” vurğulasa da, onun səbəblərini tuta bilməmişdir. Əslində bunlar N.Gəncəvinin düşünülmüş şəkildə seçdiyi üslubla bağlıdır. Bu üslubun xarakteri haqqında müəllif ozü “Sirlər xəzinəsi” qəsidəsində kitabın son bölümündə məlumat verir:

“Bu üslubum ki, çərxdən üstündür bir bu qədər,

Qələmimin gücilə buqələmunluq edər”.

(Nizami Gəncəvi, “Sirlər xəzinəsi” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı 1947, səh. 144).

Bu üslubun bir xarakterik xüsusiyyəti də ondan ibarətdir ki, şair ezoterik mahiyyətli məsələlər barədə fikirlərini çoxmənalı sözlərdən ifadə etməkdən əlavə, həm də elə səpələnmiş halda ifadə edir ki, çox vaxt mətn iki və daha çox biri-birindən fərqli mənalar kəsb edir. Beləliklə, o demək istədiyi ezoterik xarakterli fikri həm oxucusuna çatdırır, həm də yad nəzərlərdən gizlədə bilir, məharətlə pərdələyir. Yəni, gizli olan haqqında gizli danışır. Fikirlərini tam deyə bilməməsini belə izah edir:

“Məndə fikir, məna tükənməz, xeyli çoxdur,

Onun boyuna görə ancaq paltarı yoxdur”. (Yenə orda)

Burada Nizami demək istədiklərinin paltarsız, “çılpaq” deyilməsindən ehtiyatlandığını bildirir.

İndi isə bu ehtiyatlılığın səbəblərinə diqqət yetirək.

Araşdırmalarımız göstərir ki, bu üslub Yaranış və Varlıq haqqında qədim təsəvvürlərin, mifoloji, dini və fəlsəfi modellərin əsərdə əks olunması ilə bağlıdır. Tarixən gizli saxlanan, batini, ezoterik mahiyyətlər, açılmsına qadağa qoyulmuş əsas prinsiplər bu cür üslub seçilməsinə səbəb olmuşdur. Şair Yaranış və Varlıq haqqında monoteizmə qədərki dünyağörüşü, xüsusilə qədim Şumer-türk təsəvvürlərini öz dövründə hakim olan təsəvvürlərdən fərqləndirmək üçün eyhamlarında “köhnə” və “təzə” ifadələrindən istifadə edir.

                    “Nizami bu kitabda başdan-ayağa qədər

                    Adına görə səpdi saysız dürr, saysız gövhər.

                    Köhnənin və təzənin nəzərindən hər zaman… “ (yenə orada, səh. 145.)

Şair “dürr”, “gövhər” deməklə dərin qatda qərarlaşan fikirlərin- sirli xəzinəsini “köhnənin” və “təzənin” nəzəri ilə süzgəcdən keçirir. Yaratdığı özünəməxsus üslubla Nizami Yaranış (Yaradılış) haqqında  açılışına qadağa qoyulmuş ezoterik bilgiləri məharətlə ekzoterik, yəni danışılmasına məhdudiyyət, qadağa qoyulmayan zahiri bilik və məlumatlarla elə pərdələyir ki, onun təqdim etdiyi ayri-ayrı beytlər, bölmələr və bütövlükdə əsər çox vaxt ibrətamiz kəlamlar, aforizmlər, rəvayət və əfsanələr təsiri bağışlayır. Məhz buna görə də bu üslubun dahiyanə tətbiqi ilə ölməz sənət əsəri kimi şöhrətlənən “Sirlər xəzinəsi” çox vaxt əxlaqi təlimi əsər kimi ancaq zahiri əlamətlərinə görə diqqəti cəlb etmişdir. Bu cür yanaşma “Sirlər xəzinəsinin” sirrinin nədən ibarət olduğunu, digər əsərlərindəki batini qata aid fikirlərin məğzini anlamağa imkan vermir.

Əvvəl qeyd etdiyimiz kimi Yaranış haqqında, Varlığın ilkin halı, cövhəri haqqında mifoloji, dini və fəlsəfi görüşlərin kompleks təhlili və onun əsərdə gen- bol işlədilən eyhamları ilə müqayisəsi  bir sıra batini məsələlərin açlmasına uğurla bələdçilik edir. Dini və fəlsəfi ezoterizmin mifoloji qaynaqlarını öyrənərkən bir sıra gizli məqamların mahiyyətini, eləcə də, tarixən istifadə olunmuş kodlaşdırma üsullarını görmək və başa düşmək asanlaşır. Bu mənada Nizami yaradıcılığı da müstəsna deyil. Əvvəlcə bir neçə məqama diqqət yetirmək vacibdir.

Gizlilik və qadağa haqqında: M.S.Belinski bu barədə “Talmud nədir” kitabında yazır: “Талмуд запрещает человеку вдаваться в исследования оснавных начал мира…”. (Еремей Парнов, Трон Люцифера – Критические очерки магии и оккултизма – Издателство политической литературы, Москва, 1985, стр. 164) Yəni, Talmud insana dünyanın əsas başlanğclarının tədqiqi ilə məşğul olmağı qadağan edir. Nizami isə dünyanın, Yaranışın, Varlığın başlanğıcı haqqında fikir irəli sürür. Varlığın əzəli cövhərini, başlanğıcını SU ilə əlaqələndirir. Yunan filosofu Fales də SUyu birinci sayır. Fales Nizaminin “Sirlər xəzinəsini” qələmə aldığı dövrdən təxminən yeddi əsr yarım əvvəl yaşadığından ilk nəzərdə bu ideyanın yunan filsofundan gəldiyini qəbul etmək olar. Lakin, Fales dövründən də min illər qabaq mövcud olan yaranış haqqında türk və şumer miflərində bu fikrlər vardır. Şumer-türk miflərində “əvvəl hər yer SU idi” deyiminin daha qədimdən mövcud olduğu bunu əyani şəkildə göstərir. Bu istiqamətdə araşdırmaları davam etdirdikdə Yunan filosoflarının başlanğıc haqqında fikirlərinin şumer-türk miflərindən əxz edildiyini asanlıqla görmək olur. Belə ki, SUYU (Fales), HAVAnı (Anaksimen və Diogen), Odu (Hippas və Heraklit) və bütövlükdə 4 ünsürü – Suyu, HAVAnı, Odu və TORPAĞı (Empedokl) yunan müdrikləri varlığın başlanğıcı olaraq qəbul etmişlər. Əgər Yaranış haqqında türk şumer mifoloji dünyagörüşü və şumer Tanrılar panteonunun Ali şurasına daxil olan varlıqları müqayisə etsək baxdığımız mənzərə daha da aydınlaşır. Yunan fəlsəfəsində – su, hava, od, torpaqdan ibarət başlanğıc kompleksi Şumer tanrılar panteonunun ali şurasını təmsil edən SU (ENKİ), GÖY (AN), HAVA (ENLİL) və İŞIQ (NUSKU) ilə bağlı        4 ünsürlə (cüzi dəyişikliyi nəzərə alınmazsa) eynilik təşkil edir. (Razim Əliyev, “Dini fəlsəfi ezoterizmin mifoloji qaynaqları” Dövlət və Din ictimai fikir toplusu,  N-4, səh. 38-39).

Müqayisədən aydın olur ki, yunan müdrikləri məxəzini göstərmədən istifadə etdikləri Şumer tanrılarını sırf təbiət elementləri kimi Varlığa başlanğıc hesab etmişlər. Şumerlər isə həmin təbiət elementlərinə həmişəyaşar, məhv olmayan ilahi statusu qazandırmışlar. Nizami Gəncəvi də bu ünsürləri mifologiyada olduğu kimi biri-birinə çevrilib bir ünsür kimi təzahür edə bilən varlıqlar şəklində qəbul edir. Bu cür mövqe və təsvir “İsgəndərnamə”də daha aydın verilmişdir. Lakin əvvəlcə “Sirlər xəzinəsində” 4 təməl elementin təzahürünə dair faktlara diqqət yetirək. Məsələn: Elə başlanğıcda “Məxzənül-əsrar” başlıqlı bölmədə Sudan, Topaqdan, bəhs edilir (səh.1) ilkin, təməl varlıq kimi “əzəldən”, “əbəddən”, (əbədi olandan), varlığın ixtirasından, təməl üzərinə çəkilən pərdədən söhbət açılır. Bu fikiri şair:

“Əzəldən əzəldir onun varlıq hikməti,

 Əbədlərdən əbəddir, çəkməz ədəm minnəti

Odur qədim dünyanın sərkərdəsi, dayağı” 

 (səh. 1) şəklində ifadə edir.

Sonra fikrin davamı kimi:

“Varlığın ixtirai bağlıdır o böyük ada,

O örtülü fələyin pərdəsini açandır,

Pərdə tanıyanlardan gizlənəndir, qaçandır.

Günəşin kəmərinə dağlarda o ləl düzər,

Mahir usta əliylə suyu, torpağı bəzər” (səh. 1)

Növbəti səhifələrin birində  Sudan, Odan, Göydən (səh. 3) bəhs edilir.

“Tutuşdurarkən Suyu bir yerdə bu od ilə,” (səh. 3 )

“Can paltarı geydirdi Suya axdığı yerdə”, (səh. 3)

“Bütünlüklə dəyişdi GÖYün rəngi varlığı” (səh. 3)

“Qapısında eyləyər Torpaqlıq iddiası”  (səh. 4)

Diqqət yetirdikdə görmək olur ki, kontekstdən ayırdığımız bu misralarda  təməl ünsürlər səpələnmiş şəkildə verilməklə şairin özünün dediyi kimi “mahir usta əliylə” qədim (“köhnə”) mifoloji təfəkkürün Yaranışla bağlı elementləri “təzə”ilə, oz dövrünün vahid yaradıcısı kimi qəbul edilən Allahın iradəsi ilə bağlanır və pərdələnir.

Tövhid və minacat bölməsində də, Nizami tək, vahid varlığ kimi “yenini” – Allahı mədh edir, lakin, ehtiyyatla “qədim”ə, qədim dünyagörüşə eyhamla diqqəti yönəldir.

Şair özünə xitab edirmiş kimi:

“Yetər dünyanın yeni yolundan çalmaq yetər,

Bir pərdə də o qədim yoldan çalıb iş göstər” (səh. 5)

Qədim yol isə 4 ilkin, ölməz ünsürü ilahiləşdirərək Tanrı səviyyəsinə qaldıran şumer-türk yoludur. Belə ki, bu ünsürlərin hər biri digərinə çevrilə bilən və Yaranışın başlanğıc, təməl ünsürü kimi təzahür edən həmişəyaşar varlıqlar kimi qəbul edilir.

Yuxarıda sadaladığımız faktlar iki mühüm nəticə çıxarmağa imkan yaradır:

  1. Nizami Gəncəvi “Sirlər xəzinəsini” farsca yazsa da, Yaranış məsələsində bütünlüklə türk-şumer mifoloji dünyagörüşunə və modelinə istinad etmişdir.
  2. Qədim yunan fəlsəfəsi türk-şumer Yaranış mifləri və mifoloji yaranış modeli üzərində qurulmuşdur.

Bu nəticələri bu günkü həyatımızda 4 ünsürlə bağlı keçirilən Novruz rituallarında da görmək olur. Yəqin ki, hər bir Azərbaycan ailəsinin həyatına daxil olmuş Novruz  çərşənbələrinin 4 ünsürlə bağlılığı, yəni, Su çərşənbəsi, od çərşənbəsi, hava və torpaq çərşənbələrinin Yunan filosoflarından əxz edildiyini qəbul etmək məntiqsiz olardı. kursivlər mənimdir. R.Ə.). (Araşdırmalarımız göstərir ki, qədim mifoloji təsəvvürlərə görə Kainatın yaranışının 4 ünsürlə bağlanması kimi, İnsan yaranışı, dilin yaranışı, hətta musqinin yaranışı 4 ünsürlə əlaqələndirilir. (Razim Əliyev “ Məxfilik qrifi, yaxud, mif, fəlsəfə, din və dil düyünü”. Bakı, ”Ziya-Nurlan” NPM, 2002; “Türk-şumer dünyagörüşü və dil”. Bakı, “Ziya-Nurlan 2005,” “Musqi fəlsəfəsinin genezisi”. ”Ziya” NPM, Bakı – 2015.)

Yaranışın başlanğıcının təməl elementləri sayılan 4 ünsürə istinad edilməsinin təhlükəsini tanınmış Azərbaycan filosofu Bəhmənyarın şagirdi olan Ömər Xəyyam öz rübailərindən birində belə təsvir edir:

Əzəlin sirrini bilmərik sən, mən,

                    Bir şey dərk etmərik bu gizli sirdən.

                    Pərdə arxasında gedir söhbətlər,

Sən, mən sağ qalmarıq pərdə qalxarkən.

(Ömər  Xəyyam. “Rübailər”, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1959, səh. 29).

Əsərlərinin dərin qatlarında müntəzəm olaraq Yaranış haqqında qədim düşüncəyə, varlığın ilki, təməli hesab edilən 4 ünsürə işarə vuran Ə.Xaqani, N.Gəncəviyə xitabən yazdığı bir şerində deyir:

                    Sən qiymətli gövhər ikən, qəvvas kimi baş vurub,

                    Tapdın təbin dəryasından daha qiymətli gövhər.

                    Xaqaninin başı bağlı qoyduğu xəzinənin

                    Tilsimini açmaq bircə sənə oldu müyəssər.

                    Heyrətdəyəm ki, ilhamın zərlərini atarkən

                    Necə oldu öz beşinlə beş atdın, ey füsünkar?!

(Xaqani Şirvani, Seçilmiş əsərləri, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı-1956, səh. 399).

Xaqani də bu mövzunun qapalı, gizli olduğundan məlumatlıdır və o, dəfələrlə müasirlərini xəbərdar etmişdir:

                    Bağlı xəzinəyə əlini atma!

                    Yatmış əjdahanı gözlə oyatma! (yenə orda, səh. 44).

Yaxud:        Yoxdur yaşıl yelkənin görən yaş olduğunu,

              Çox gəmilər batırmış girdabında bu ümman. (yenə orda, səh. 169).

Türk-şumer mifoloji yaranış modelində geniş yer alan və Nizami Gəncəvi yaradıcılığında ətraflı bəhs edilən 4 təməl ünsür müasir Azərbaycan filsoflarının da diqqətindən kənarda deyil. Məsələn, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov  özünün “Fəlsəfə və poeziya: Nizami, Nəsimi və Füzuli adlı araşdırmasında N.Gəncəvinin “Falesin (Nizamidə Valis) hər şey sudan yaranmışdır fikrni inkişaf etdirərək və təkmilləşdirərək digər mövcudluq hallarının sudan necə törəyə biləcəyinin elmi-bədii tərənnümünü” verdiyindən bəhs edir:

Mən də ərz eyləyim dünyaya təməl,

Məncə su olmuşdur hər şeydən əvəl.

Qızğın hərəkətdən və çaxnaşmadan,

O yerə çatdı ki, od oldu əyan.

İldırım buxardan ayırdı odu,

Bundan rütubətli hava doğuldu.

Suyun qatılığı getdikcə artdı,

Həmin qatılıq da yeri yaratdı.   (kamilinfo. net/?p=6340) (Kursiv mənimdir R.Ə.)

(Davamı var)

Author

İklim

Follow Me
Other Articles
Previous

Bu gün Qutlu Zəfər Günümüzdür

Next

Mühsin Yazıçıoğlu: Üşüyorum

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme