21 Kasım 2024

Duyğu…”Duyğu çox elementar psixi dərketmə prosesidir” deyə tərif verilir.

 Biz ərtafımızda və cəmiyyətdə baş verən hər bir hadisəni duyğularımız vasitəsilə qəbul edir və qarşılıq veririk. Bəs duyğu adlandırdığımız bu prosesi incəsənətdə tamaşaçıya gözoxşayan şəkildə necə çatdırmaq, aşılamaq, yaxud duyğunu necə əks etdirmək olar? Bu sualın cavabını rəssam Mir Azər Abdullayevin “Duyğu” adlı əsəri üzərində araşdıraq. Lakin gəlin, ilk növbədə bu möhtəşəm əsərin müəllifi ilə tanış olaq.

Mir Azər Abdullayev  müasir  Azərbaycan rəssamlıq sənətinin nümayəndələrindən biridir. Mir Azərin  kiçik yaşlardan bu sənətə olan marağı onun gələcəkdə istedadlı rəssam olacağının xəbərçisi idi. Rəssam  orta məktəbi bitirdikdən sonra ailəsinin təkidlərinə baxmayaraq Əzim Əzimzadə adına İncəsənət kollecinə və daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncənəsənət universitetinə daxil olaraq  dizayn fakültəsində təhsil almışdır. Hal-hazırda da rəssam elə bu universitetin Dizayn kafedrasında müəllim işləyərək sənətini, sənətə olan sevgi və maraqlarını öz tələbələrinə aşılamağa çalışır.

“Duyğu” əsəri rəssam Mir Azərin qadın obrazını təsvir etdiyi bir tablodur. Bu tablo yağlı boya ilə kətan üzərində işlənmişdir. Əsər reallığa əsaslanan hansısa bir dəqiqliklə, ölçülərlə işlənməyib. Bu baxımdan “Duyğu”  tablosunu sürreal əsər hesab edə bilərik. Əsər, kolorit baxımından isti rənglərin ahəngi ilə zəngindir. Əgər əsərin kompozisiyasından danışsaq, onda bu mənada çox maraqlı nüanslara toxuna bilərik. Kompozisiyanın zəngliyi əsərin yaradıcı, möhtəşəm və gözoxşayan əsər olduğunu bir daha sübut edir. Əsəri yaradıcı edən cəhətlərdən biri sirli-müəmmalı olduğu halda izləyicidə fərqli düşüncə spektri oyandırmasıdır. Rəssam burada həyatda olmayan hər hansı bir gerçəkliyi öz təsəvvüründə yaratdığı rənglərlə təsvir edib. Tablonun mərkəzində təsvir olunan qadın obrazı ilə yanaşı ona xüsusi məna verən milli ornametlər də təsvir olunub. Sanki tablo bir növ xalça təəssüratı yaradır.

     Rəssam bu əsərdə öz duyğularını, hiss və yaşantılarını konkret bir obraza çevirib. Bu obrazda böyük bir kədərin qadın simasını görürük.Tabloda böyük bir hüzün var. Amma bu acı bir hüzün deyil, sevda hüznüdür. Bunu nədə görürük? Rənglər elə ahəngdarlıqla paylanıb ki, baxdıqda gözümüzün önündə gül-çiçəkli çəmən təəssüratı yaranır. Bu, əslində içəridə pərvazlanan bir sevginin təzahürüdür.

        Qadın tabloda ana təbiət kimi çəməni qucaqlayıb bütün duyğu və hislərini pianinonun dillərində səsə çevirir. Pianinonun dilləri də rəngarəngdir. Hər dil ayrı bir ornamentlə bəzədilib. Hər dil, sanki bir duyğunun ifadəçisi olaraq, ona uyğun səsi çıxarır.

Rəssam, başqa bir baxışda burada bir kainatı təsvir edir. Bu kainatda günəş qadın surətində təsvir olunub. Mavi rəng səmanı, qırmızı rəng həyatı, pianinonun dilləri isə torpağı əsk etdirir. Qadının pianino dillərinin üstündə olan barmaqlarındakı qan isə bu sevginin faciəsini və kədərini gizlədir.

Bu əsərə bir izləyici olaraq fərqli aspektdən də yanaşa bilərəm. Əsərə baxdığımız zaman tablonun yuxarı hissəsindəki mavi çaları, sanki su, qırmızı çaları od, atəş olaraq da görə bilərik. Qadın isə bu iki təzad  arasında susaraq öz duyğularını pianino dillərində ifadə etməyə çalışır. Su və Odun arasında qalan qadının çarəsizliyi duyğularını birüzə verməyə mane olur. Lakin qadın, həyatdan da bildiyimiz kimi, bütün maneələrə sinə gərərək özünü təsdiq edir. Bu əsərdən də göründüyü kimi bir- birinə zidd və bir-birinin ölümü olan su və od, eyni zamanda birləşincə həyat olduğu kimi (günəşlə su həyat mənbəyidir), qadın da bu ikisinin arasında həyat rəmzidir…

Qadın öz içində qırmızı bir od kimi alışıb külə çevrilsə də Simurq kimi küllərindən doğulur, həyatda bir su kimi davranmağa çalışır, öz sıxıntı və əzablarını suyun odu söndürüyü kimi içində söndürüb cəmiyyətdə varlığını sübuta yetirir.

 Bütövlükdə götürsək, “Duyğu” əsərində insanla kainatın harmoniyasının bədii təzahürü əsk olunub. Bu əsər klassik hesab olunur, çünki əsərdə əbədi və dəyişməz olan hislərin ifadəsi var: sevginin və kədərin.

Az. Dövlət Rəssamlıq Akademiyası, sənətşünaslıq fakültəsi, 4-cü kurs tələbəsi

2 thoughts on “Gülturan Nəzərli: Duyğu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir