Kipr adasında yunanlarla türklər birgə yaşadıqlarına baxmayaraq yunanlar adanı tam ələ keçirmək üçün türkləri uzun müddət sıxışdırdılar və sonda türk soyqırımı edib gördükləri hər türkü öldürdülər, evlərini yandırıb türk məhəllələrini viran etdilər. Qanlı Milad adı ilə bilinən hadisə 1963-cü il dekabrın 20-dən 21-nə keçən gecə başladı. Kipr rumları kiprli türklərə qarşı silahlı hücuma keçdilər.Həmin hadisələrdə 364 kipr türkü vəhşicəsinə həlak edildi. 10 Avqust 1964-cü ilə qədər qanlı mübarizə davam etdi. Qaçmağa məcbur qalan xalq köç yollarında ağlagəlməz əzablar çəkdilər, çoxları aclığa-əziyyətə dözməyib həlak olsa da türk xalqının iradəsini qıra bilmədilər, xalq ağır şərtlər altında mübarizə apardı.Qadın, uşaq, qoca hər kəs azadlıq mübarizəsində iştirak etdi, Hər tərəfdə toplu türk məzarlarının olduğu adada yunanların güc üstünlüyünə baxmayaraq mübarizədən geri durmayan mücahidlər və xalq Rauf Dənkdaşın liderliyində hərəkət edirdi.
Hakim Raif bəyin oğlu olan Rauf Dənkdaş 27 yanvar 1924-cü ildə Kiprin Paf şəhərində anadan olmuşdur. Bir yaş yarımında anasını itirən Raufu nənə-babası böyütdü,1930-cu ildə təhsil üçün İstanbula göndərilərək Arnavutköydə Fevzi Ati Liseyində yatılı ibtidai təhsilinə başladı. Sonra Kiprə qayıdıb orta məktəbi bitirdi. İkinci Dünya Müharibəsindən sonra hüquq təhsili almaq üçün İngiltərəyə getdi, məzun olub hüquqşünas kimi fəaliyyətə başladı, 1949-cu ilin yayında prokuror vəzifəsinə gəldi. Həmin il Aydın Xanımla ailə həyatı qurdu.
Gənc Rauf Kipr türk xalqının öz vətənində əziyyət çəkdiyini görüb öz xalqı üçün mübarizə aparmağı qarşısına məqsəd qoydu. O, Kipr türklərinin 27 noyabr 1948-ci ildə təşkil etdiyi ilk toplantını Dr. Fazıl Kiçiklə birgə idarə etdir. O həm də Türk toplumunun mənafeyinə xidmət olaraq Faiz Kaymak və Dr. Fazıl Kiçik kimi iki önəmli şəxs arasında vasitəçi oldu. Kipr Türk Qurumları Federasiyasının qurultayında da elə Kaymakın təklifi və Dr. Fazıl Kiçikin təsdiqi ilə sədr seçildi. Həyatını xalqına həsr etmək istəyən Rauf bəy ingilisləri çətinliklə razı salıb prokurorluq vəzifəsindən istefa verdi və İcmanın işləri ilə məşğul olmağa başladı. Adanı ələ keçirmək istəyən terrorçu Enonislə mübarizədə Kipr türklərinin müqavimət hərəkatına rəhbərlik edən Dənkdaş, EOKA-ya qarşı 1958-ci ildə hökumətdəki vəzifəsindən də istefa verərək dostları ilə birlikdə 01.08.1958-ci ildə Türk Müqavimət Təşkilatını qurdu.
O, 1959-cu il Sürix və London müqavilələrinə, 1960-cı il müqavilələrinə və Kipr Respublikası Konstitusiyasının hazırlanmasında iştirak etdi və elə həmin il Türk İcma Şurası və İcraiyyə Komitəsinin sədri seçildi.1958-ci ildə yunan terrorçuları türk kəndlərinə hücum edəndə türklər bu hadisələrə etiraz etdilər. Sürix-London razılaşmalarından əvvəl Dr. Fazıl Kiçik və Rauf Dənkdaş xarici işlər naziri Fatin Rüştü Zorlu ilə görüşmək üçün Ankaraya gedərək bu görüşdə türk əsgərlərinin adaya göndərilməsini təklif etdilər.
650 nəfərlik Türk alayı isə1960-cı il avqustun 16-da Famaqusta limanına gəldi. 1963-cü il hadisələrindən sonra Dənkdaş Ankaraya getdi. Orada görüşlərini tamamlayan Dənkdaş qayıqla Kiprə gedərək türk müqavimətini təşkil etməyə başladı.
1964-cü il London Konfransından sonra Makarios onu “istənməyən adam” elan edərək Yaşıladaya girməsini qadağan etdi. O isə gizlicə Erenköyə gedib döyüşə qatıldı. 1967-ci ildə adaya gizlicə girərkən həbs edildi. Çox cəhdlər edildikdən sonra Türkiyəyə qaytarıldı. 1968-ci ildə adaya giriş qadağası götürüldükdən sonra Kiprə qayıtdı.
Rauf Dənkdaş 5 iyul 1970-ci ildə keçirilən ümumi seçkilərdə yenidən Türk İcma Məclisinin sədri seçildi. Dənkdaş 16 fevral 1973-cü ildə Kipr Türk İcması tərəfindən yenidən prezident seçildi və 28 fevral 1973-cü ildə and içərək Kiprin vitse-prezidenti və Kipr Türk Administrasiyasının Başçısı vəzifələrinə başladı.
1974-cü il Türkiyə Sülh Hərəkatından sonra 1975-ci il fevralın 13-də Kipr Türk Federativ Dövlətini elan etdi və dövlət başçısı və parlament sədri vəzifələrini icra etdi. Federal Dövlət Konstitusiyasına uyğun olaraq 20 iyun 1976-cı ildə keçirilən ilk Ümumi Seçkilərdə xalq tərəfindən böyük səs çoxluğu ilə seçildi. 1981-ci ildə ikinci dəfə prezidentliyə seçilən Dənkdaş 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyətini elan etdi, 1985-ci ildə prezidentliyə seçildi. O, 1990, 1995 və 2000-ci illərdə keçirilən prezident seçkilərində yenidən qalib gəldi.
İngilis və yunan dillərini yaxşı bilən Dənkdaşın üç oğlu, iki qızı var. O çap olunmuş 50 kitab və bir film ssenarisinin (İşğal altında) müəllifidir. Yazmaq və fotoqraflıq onun sevimli məşğuliyyəti idi. Türkiyə, Amerika, İngiltərə və bütün Avropa ölkələrində foto sərgiləri açılmış, çoxsaylı konfranslar vermiş, müxtəlif mükafatlar və fəxri doktorluq və professorluq dərəcələri almışdır.
Ömrü boyu xalqının azadlığı uğrunda mübarizə aparan Rauf Dənkdaş 2012-ci il yanvarın 13-də müalicə aldığı xəstəxanada 88 yaşında dünyasını dəyişdi. Lefkoşadakı Cümhuriyyət parkında dəfn edilən mücahid Rauf Dənkdaşın ölümü münasibəti ilə Türkiyə və KKTC-də milli matəm elan edildi.
R.Dənkdaşın “Bayraq yerə düşürülməz”, “Səadət sirləri”, “Yenidən 12-yə 15 qala”, “Gənclərə öyüdlər”, “Uğur və xoşbəxtlik üçün”, “Qəlbimin səsi”, “Kipr Girit olmasın” , “Son çağırış” və s. adlı itabları, çəkdiyi fotolardan ibarət albomları vardır.
Rauf Dənkdaş, daim xalqının içində olan, ölümlə üz-üzə olsa da hər an xalqı ilə çiyin-çiyin döyüşmüş bir liderdir.
İKLİM.AZ