21 Kasım 2024

hdr

           

***

-Yolçu, yolun ha yanadır?

-Yolum Qızıl Almayadır, Dərviş baba.

-Yolçu, Qızıl Alma hardadır?

-Dərviş baba, Qızıl Alma könlümdədir.Əzəli əbədi Türk yurdu ulu Turandır.

-Yolun aydınlıq olsun, Yolçu.

***

İnsan dünyaya gələndə ilk doğulduğu yerin ab-havasını alır və hələ anlamadan ilk gördükləri gözündən yaddaşına qəlbinə, ruhuna köçür, o yerlər, o dünya ona doğma olur. Sonra hara getsə də, harda yaşasa da, haralarda daha rahat, daha xoşbəxt olsa da ilk yurdun doğmalığı və munisliyini heç nə əvəz etmir. Göz açıb gördüyü vətən olur, əvəzedilməz olur. İllər keçsə də, yaş üstünə yaş gəlib tale qəddini əysə də, gözləri tor görüb ağlı qarışsa da ilk balaca vətən, ilk yurd unudulmur, içində ən dərində qövr edən bir yara kimi daima incidir, özünü xatırladır, səninlə yaşayır. Dünyanın harasında olursan ol, hadisələrdəki söhbət nə olursa olsun, yuxularda tək məkan ora olur, özünün doğulub böyüdüyün yurd.Yurd bizim şüuraltına bizdən xəbərsiz elə yerləşir ki, bir daha çıxmır.Çıxmasın da.

İnsan kimi Yurdların da ruhu var, o yurd ruhu səni buraxmır, sənin qaraçuxan kimi arxanda gizlənib varlığını unutdurmur.Ya xoşluqla, ya da zorla, fərqi yoxdur, yurdu nə şəkildə tərk edirsənsə et, o yurd səndən qopmur, rəngini havasını, suyunu, ruhunu səndə yaşadır.Böyük Şərq sosioloqu İbn Xəldun bu mövzuda dəyərli fikirlər söyləyərək qeyd edir ki, insan doğulduğu yerin relyefi, təbiəti, iqlimi, torpağı, suyu, havası ilə həmahəng olur, təbiətin təsiri həm fiziki, həm də ruhən təsir edir. Ona görə də eyni yerin adamları həm görünüş, həm də xaraktercə bir-birlərinə oxşayırlar. Bir-birlərinə qanları daha çox qaynayır.Elə yerlipərəstlik də bir növ buradan yaranır.Qərəzli olmadıqca yerlipərəstlik xoş bir şeydir, çünki eyni yerin adamlarını, bir havanı udub, bir suyu içənləri həmin o hava, su birləşdirir, torpaq birləşdirir.

Mən yurd itkisini nəzəri olaraq öyrənmədim, kitablardan oxumadım, canlı yaşadım.Gözümü açandan evimizdə nənəmdən-babamdan birinci qaçqınlıq, ikinci qaçqınlıq söhbətlərini eşidirdim, özümün yaşadığım isə üçüncü qaçqınlıq oldu.Bu gün sizə bir yurdun, balaca bir kəndin timsalında üç qaçqınlıqdan danışacam.Bu üç qaçqınlıq, sadəcə mənim kəndimin başına gəlmədi, bu bir zaman Ermənistan adlanan Qərbi Azərbaycanın bütün kənd və şəhərlərinin, yurdlarının başına gətirildi.Mənim kəndim bir əsrdə 3 dəfə öz yurdunu tərk etdi, iki dəfə geri qayıtdı, yurdunu bərpa etdi, sonuncu 1988-ci il noyabr ayının 28 -dəki üçüncü sürgündən isə hələlik geri qayıda bilmirik.Hələ də yurdumuzun gözü yollardadır.

Yurdun gözəl guşələrindən biri idi kəndimiz- Karvansara rayonu Haqqıxlı kəndi (İcevan rayonu, S.Vurğun kəndi).Erməni xislətini, depostasiyaları bir kəndin başına gələnlərin timsalında danışacam sizə.

İlk toqquşma 1905-ci ildə  baş verdi.Toqquşma dedimsə, erməni hücumu nəticəsində baş verən bir toqquşmadan söhbət gedir.

Kəndimiz dağların əhatəsində ovuc içi kimi görünür. Karvansarayla Dilican arasında digər kəndlərdən aralı yerləşən tək kənddir.Ziyalılar, kiçik miqyaslı olsa da şairlər kəndidir.Kənddə 7 tayfa məskunlaşıb.Hələ min yeddi yüzüncü illərdə Osmanlıya vergi ödədiyi barədə sənəd tapılmışdı. Kəndin aşağısında yerləşən Güneypəyə adlı yer vardı ki, sənəddəki vergi ödənişi də Güneypəyə kəndi adına edilmişdir.Kənd sakinlərinin o dövrki siyahısı vardı.Kişi başına vergi ödəyirmişlər.Həmin siyahıdakı adlar sırf türk adlarıdır, kənddə erməni yaşamayıb, sadəcə qısa dövrlərdə muzdlu işləmək üçün  gəlirmişlər.Kənd camaatı əkinçilik, maldarlıq və ticarətlə məşğul olurdu. Haqqlıxlı sözünün, eləcə də digər yer adlarının etimologiyasına baxdıqda bütün sözlərin sırf türk  və türk mənşəli sözlər olduğunu görürük.Mən illər öncə yer adlarının etimologiyasını araşdırıb heyrət etmişdim, bütün adlar qədim türk dilində və ruhaniyyatla, təbiətl bağlı idi.Hətta, bir çox sözün transkripsiyasında oxşar mənalar çıxırdı.Məsələn, Xudum.Bunu müasir araşdırmaçılar Xuda sözüylə izah edirlər, xuda sözü oxşar olsa da, əslində farsdan keçmə deyil də əski türkçədə uca ruhluların yaşadığı yer mənasındadır. Danarğan sözünü “dana qıran” kimi izah ediblər,Teskarafı- tez xarab olan, İvana sözünü İvanla əlaqələndiriblər ki, bu da yanılmadır.Teskaraf-              , İvana-ilkinliyə dönüş.    

Haqqıxlının ətrafında Şəhər dərəsi adlanan bir yer var, burada qədim şəhər olduğu ehtimal edilir, çünki torpaq altında daş hörüklər, kalafa, tikili yerləri, uçuq divarlar geniş bir ərazidə səpələnib.Sanki bir kənd, ya da şəhər olub, sonra da dağılıb və üstünü torpaq örtüb.Buralar hələ araşdırılmayıb.Karvansara yolundakı Molla qayasının yaxınlığında meşənin dərinliyində Qız qalası var, indi həmin Qız qalasının qalıqları durur və qəribəsi də odur ki, dağın başında olan Qız qalası ilə üzbəüz digər dağın başında da Oğlan qalası adlanan bir tikili var.Deyilənə görə Qız qalasının qapısı olmayıb, ancaq oradan Oğlan qalasına lağım atılıbmış.

İndi o yerləri gördüyüm gündən 30 ildən çox vaxt keçib, bunları yazarkən o yurd yerləri gözümün qabağında canlanırkən sanki dağların ruhu qarşımda dayanıb mənə nəsə deyir, canlı kimi, insan kimi varlığını hiss etdirir.Evimizin bir pəncərəsindən baxanda Gözdək təpəsi, ordan yuxarıda sıralanan Keçəluçan dağları, o biri pəncərədən baxanda Fətalı təpəsinin başı, onun üstündən göz gəzdirəndə sıralanan Şinkar çotalarını, aynabəndimizdən baxanda üzbəüzdə İvananı görürdük.Gözümüz genişliyə elə alışmışdı ki, bu gün şəhərin divarları bizə həbsxana kimi gəlir.Fətalı təpəsindən görünən Dəvəboynunun yaşıllığı indi də ürəyimi titrədir.Biz, sadəcə yurd, dağ- dərə itirmədik, biz ruhumuzun yarısını qoparıb o dağlara təslim etdik.

Keçək mətləbə.1905-ci ildə ilk qaçqınlıq oldu.Kənd öz adi həyatını yaşayır, əkini-biçini, malı-qarasıyla məşğul olurdu.Erməni bizim camaatla kirvə-kirvə oynayırdı, hamı dost idi.Belə “dostluq” mühitində erməni kəndə hücum etdi, əhali pərən-pərən düşdü, bir bölük Qazağa-Qaramana, bir bölük Qaraqoyunluya, ordan Gədəbəyə, Qazağa qaçdı.Bizim camaat o vaxt Şəkiyə qədər gəldilər.Onları Qazaxda Muxtar Hacıyev, Şəkidə Nəriman Nərimanov qarşılayıb dəstək oldu.Qaçılan zaman anasının dalında balaca Əmirin kürəyindən, Mədinə adlı qızın isə əlinə güllə dəyir, hər ikisinin yarasını N.Nərimanov sarıyır.İki il Qazaxda və Şəkidə yaşadılar, sonra kənd adamlarından 3 nəfər dağlarla, meşələrlə kəndə qayıdıb vəziyyətə baxırlar, yaz çağı imiş, kəndin yaşıllıq içində, gül gülü bülbül bülbülü çağırırmış, kəndin kənarında 5 erməni mal otarırmış, başqa heç kimi tapmayıblar.Evlər, tarlalar yandırılıb, dağıdılıb, talan edilib, mal qara yox olub.

Erməni hücum edəndə heç kim evindən əşya götürə bilməyib, hətta getmək istəməyənləri də özləri məcbur ediblər ki, bu savaş deyil, getmək lazımdı. Babamın qardaşı kəndin ilk müəllimi Məmmədalı Fətəliyevin həyat yoldaşı Yaxşı nənə sandıqları qucaqlayıb, malımı-dövlətimi qoyub getmərəm, deyəndə Məmmədalı müəllim beşaçılanı ona tuşlayıb, mən də erməniyə sağ qadın qoymaram, səni vuraram, deyib.Nənəm danışırdı ki, biz kəndin ayağına çatandan geri baxıb gördük dədəmin (şair Molla Nəbi Talibin) ağ otağı yanır.O zaman Molla Nəbi Talibin ağ otağı deyə adla söylənən, kənd yerlərində nadir olan ikimərtəbəli, içində otuzluq lampa yanan ağ boyalı evi vardı.

İki ildən sonra kənd camaatı xəbərləşib kəndə qayıtdılar, Ağ otaq yenidən tikildi, hərə öz evini-eşiyini yenidən tikib sahmana saldı, yenidən mal-qara saxlamağa, əkin-biçinə, ticarətə başladılar.Kənddə, Molla Nəbi öz evində ilk ruhani məktəb açdı.Qaraqoyunlunun Qaraqaya kəndindən olan yazıçı Nəsib Əfəndiyev o məktəbin ilk şagirdlərindən olub.

Kənd normal həyatına davam edirdi.Erməninin səsi çıxmırdı.Kəndə günəmuzd işlərə, nökər, mala baxmağa, yer əkməyə, peyin daşımağa gəlirdilər.Bəzən bir qarın yeməyə işləyirdilər.Vaxt gəlib il 1919 olanda erməni yenidən baş qaldırmağa başladı.Dostuq, kirvəyik deyə-deyə bizimkiləri arxayın salıb özləri altdan -altdan quldurluğa hazırlaşırmışlar.1919-cu ildə bir neçə qarşıdurma olur, əhali kənddən çıxmaq istəmir, o vaxta qədər Nuru paşanın qoşunu da gəlib kənddən keçərkən Molla Nəbinin qonağı olur.Molla Nəbi kəndin Cələ adlanan yerində Ağstafa çayının yatağı boyu uzanan Ağ yolun qırağındakı dəyirmanın yanındakı yeməkxanada cöngə kəsdirib türk əsgərlərinə qonaqlıq verir, kənd camaatı Nuru paşanı layiqiylə qarşılayır.Nuru paşa, ermənilərin sizə narahatçılığı varsa tapdayaq keçək deməsinə rəğmən, 1905-ci ildəki olayları unudan Molla Nəbi, yazıq millətdir, əlimizdə işə-gücə buyururuq, qara işlərimizi görürlər, deyib onları ölümdən qurtarıb.

1919-cu ildə yenidən ara qarışır, erməni bu dəfə daha təşkilli şəkildə iş aparır. Bizimkilər isə hələ də dostuq sözünün təsiri ilə hücum gözləmirlər.Bir gün yenə kəndə hücum etmək niyyəti ilə Şinkara, Cələyə gəlirlər.Cələdən kəndə çıxan yolun yaxınlığında bir neçə yeməkxana, dəyirman, karvansara və s. vardı.Ermənilər yolunu burdan salır, yenə də Molla Nəbinin dükanına gəlir, Molla Nəbi tələsik əhali kənddən çıxsın deyə xəbər göndərir, burada da qonaqlıq verib erməninin ləngidir.O vaxta qədər əhali meşələrə qaçır.Erməni dəstəsi yeyib doyandan sonra kəndə qırğına gedir və gedib kəndi boş tapır.Məsələni anlayır, qayıdırıar çörək yedikləri yerə, gəlib Molla Nəbinin adlı sanlı Sarı atını istəyir.Molla ermənini fəndini bildiyi üçün Sarı atı qabaqcadan gizlədibmiş.Erməni dəstəbaşı çox israr edərək atı istəyir, at yoxdu deyib geri dönüb gedən Molla Nəbini arxadan tapançayla vurur.Səsə qonşu dükandan Məşədi Salman gəlir, erməni onu da vurur, çıxıb gedir.Molla Nəbi on gün müalicə alaraq yaxşılaşmağa başladı.Elə bu vaxt onun evinə bir erməni gələrək, məni Çarxaçdan Tiqran (guya dost imişlər)göndərib, həkiməm, Mollanı yoxlamalıyam deyib.”Yoxlayıb” və yaxşıdır, ancaq bir iynəsi qalıb onu da vurmalıyam, deyib. İynəni vurub, evdən çıxıb Fətalı təpəsinin böyrünə çatana kimi Molla Nəbi canını tapşırıb.Sonra biliblər ki, gələn həkim onu yoxlayıb, sağalmaq üzrə olduğunu görüb zəhərli iynə vurub.Mollanın ölümündən sonra ermənilər kəndə girməyə başladılar, bir gün də kütləvi hücuma keçdikləri xəbəri gəldi.Kənd camaatı artıq hara gedəcəyini, nə edəcəyini bilmir.Burda başçı, liderin nə qədər önəmli olduğu aydın görünür.Əhali ikiyə bölünür, bir qismi Məmmədalı müəllimin təklifi ilə meşəylə Qazax tərəfə yola düşür, qalan qismi də kənddən üzüyuxarı dağlara tərəf gedir.Yolda erməni quldurbaşı Hamayakı görürlər, o dəstəsiylə onlara yanaşıb, “ biz kirvəyik, dostuq, gəlin mən sizi sağ salamat burdan çıxararam, yoxsa qaçaq quldur arxanızca gəlib çatsa sizi sağ buraxmayacaq, deyir.Bizim camaat onu çoxdan tanıdığına, kəndlə kirvəlik edib tez-tez gedib- gələn olduğuna görə inanır və onun göstərdiyi yönə, Danarğana tərəf gedir. Hamayak qabağa düşüb onlara guya yol göstərir, gəlib Danarğan ərazisinə çatanda dayanır, burda bir az dincələk deyir.Üzüyuxarı dağ yolu gələn həyəcanlı əhali dayanır, elə bu vaxt dost görünən Hamayakın işarəsi ilə quldurlar əhalini qomarğayıb-əhatəyə alıb  silah çəkir, yaxınlıqdakı qoyunun qışlaq damına doldururlar.Etiraz edən, girmək istəməyənə əziyyət edirlər, bir yandan da sizi qorumaq üçün bura doldururam deyə insanları aldadır.Axırda hər kəs içəri girəndən sonra özü də girir əhaliyə göz gəzdirir. Bu arada Balagədə adlı gənci qaçarkən vururlar, Hasan adlı gənc aradan çıxıb kolluqda gizlənir, olanların etdiklərini görür.Erməni, adamalrın arasından 7 gəlin, 2 nəfər gözəgəlimli qızı seçib içəridən çıxarır, daha sonra özüylə aparır.(İllər keçib ara sakitləşəndən sonra həmin qızlardan ikisini erməni kəndində ailəli olduğunu öyrənirlər, amma onlar özlərini danırlar).Quldurbaşı Hamayakın dəstəsi qürrələnərək qışlaq damının qapısını bağlayır və damın üstünə bomba atır.Bir anda partlayış olub toz dumana qarışır.İçəridən bağırtı, inilti səsləri yüksəlir.Damın hər iki qapısında silahlı erməni qaravul çəkir, içəridən sağ çıxan olmur.Deyirlər, bir həftə o damdan inilti səsləri kəsilmədi.Aralarında yaşlı, uşaq, qadın vardı.Erməni üçün bu insanların öldürülməsinin tək səbəbi onların türk olmaları idi.Bu bir genosid idi.Hələ də heç bir tarix kitabına düşməyən, ölüm statistikasında olmayan bir genosid.Tam 76 insan.76 türkün soyqırımı.

Yenidən ara sakitləşib insanlar öz yurdlarına qayıdandan sonra kənd insanları gizlicə Danarğana gedib o damdan 76 kəllə tapırlar, bir gecə gətirib o kəllələri, sümükləri kənd qəbristanının ayağında gizlicə basdırırlar.Bunu hətta kənd adamlarının belə çoxu bilmir.Sovet hakimiyyəti zamanı milli məsələ qadağasından çəkinən insanlar bunu açıb ağartmasa da için-için daim xatıladılar.Həmin tayfadan bir nəfər belə sağ qalmadı.

     Bu erməni soyqırımının daha bir faktıdır.Yer Karvansara rayonu, Haqqıxlı kəndi, il 1919.

Aradan iki il keçəndən sonra xalq öz doğma yurdunun həsərətinə dayanammadı, ermənidən qorxmadan yenə də öz kəndinə qayıtdı, yenidən kənd şenləndi, həyat bərpa olundu, ölümlər unudulmasa da , olanlar unuduldu, erməni məkrini sinəyə çəkdilər.Türk millətinin zəif tərəfi unutmaqdır, qarşısındakına tez inanmaq, onun hər yanlışına bir bəraət tapmaqdır.Türk öz ruhunun ucalığı, qəlbinin təmizliyi, düşüncəsinin saflığı ilə ermənini yenə də bağışladı, yenə də dinc yanaşı yaşamağa başladı.Hər zaman belə dedilər, o vaxtkı ermənilər qanmaz idilər, quldur, çapolçu idilər, bunlar Sovet tərbiyəsi görüblər, insanpərvərlik öyrəniblər, daha baş qaldırmazlar. Bizim millət hər zaman öz inancına, sevgisinə aldanıb.Bİz saf şəkildə erməninin dəyişdiyini düşünürkən, erməni bizimlə savaş hazırlığında imiş.Bunu 1988-ci ildə şəxsən gördüm.

Vaxt dolandı, illər illəri qovdu, zaman gəldi 1988-ci ildə dayandı. Yenə erməninin qanı doldu, özünə yer tapa bilmədi, türkə ilişdi.Bir şeyi də demək istəyirəm ki, onlar bizə heç vaxt azərbaycanlı demirdlər, türk deyirdilər.Bizi bizdən yaxşı tanıyırdılar.

1987-ci ilin sonlarından başlayaraq xırda təxribatlar, hadisələr olurdu.Noyabr ayında isə kütləvi olaraq kənd sürgün edildi. Bu məhz sürgün idi. Qaçqınlıq deyildi, köçkünlük deyildi, sürgünlük idi.Raykom katibliyindən kəndə xəbər göndəriblər ki, camaata deyin Aralığa (Aralıq- kəndin mağazası, kolxoz idarəsi, sovet idarəsi, kitabxana, klub, tibb məntəqəsinin olduğu mərkəz idi) yığılsın.İki saat vaxtınız var.Hamıya xəbər çatana qədər 17 avtobus gəlir kəndə, hər avtobusda əli silahlı rus əsgəri olur. Arabaşan yolunda avtobuslar düzülür.İnsanlar nə olub deyə Arabaşana, Aralığa axışaraq gəlirlər, hamını avtobuslara mindirirlər.Kim bacarırsa əlinə keçən xırda para nəsə götürür, ümumilikdə isə insanlar əliboş çıxırlar. Onlar, biz sizi qorumaq üçün kənddən çıxarırıq, deyirlər, çünki silahlı dəstə hücuma gəlir, biz hökumət olaraq sizə yaxşılıq edirik.Yoxsa, xalq ayağa qalxıb, türklər ölkədən ya çıxsın, ya da qıracağıq, deyirlər. Əhali elə bilir bir neçə günlüyə harasa aparılırlar, ona görə rahatca çıxırlar evlərindən. O gün anamın çəkdiyi yemək süfrədə qalır, əlini atıb bir cınqır bal götürür, bir dənə də yorğança ki, meşədə filan qalsaq üstündə oturaq.Əli silahlı rus əsgərlərinin müşayəti ilə hamı-501 nəfər kənd sakini avtobuslara minir.İcevana, ordan da Qazax sərhəddinə aparılır.Sərhəddi keçirir Azərbaycana ötürülürlər.

Beləliklə, türk adlanan bir millət Ermənistan adlanan ölkədən sürgün edildi.Adını qoydular ki, sizinkilər Bakıdan, Sumqayıtdan erməniləri qovublar, biz də sizdən onların intiqamını alırıq.Əslində isə, xislətlərində qərəz vardı, düşmənçilik vardı.

Hələ bu hadisələr başlamadan bəzi olaylar olurdu, amma biz bunun heç birini milli zəminə yozmurduq.Dəqiq gününü xatırlamıram, ancaq noyabr sürgünündən bir, ya da ay yarım əvvəl Cələdə Çeranus tərəflərdə qoyun otaran çoban Nəbiyev Nəriman Məmmərza oğlunu ayağını məftillə relsə bağlayıblar.Üstündən qatar keçib. Adamın tikələri ətrafa dağılıb. Kənd xəbər tutub Cələyə axışdı, çobanın tikələrini yığıb tikərək bütöv meyit halına salıb dəfn etdilər.Şahid danışırdı, adamın qolu, qıçı, başı hərəsi bir yanda idi. parçaları yığdıq.Relsə bağlanan ayağından məftili mən açdım. Birləşdirib tikdim, sonra uzun zaman özümə  gələ bilmədim deyirdi.Bu da erməni işi.

Hələ dinc vaxt, 80-ci illərin əvvəlində adını çəkməyəcəyim 60 yaşlı qadın rayondan qayıdarkən axşama düşür,ya da yol azır bilinmir, çayda ölü tapıldı.Yanında 3 adamın ayaq izləri vardı, qadın boğulub sonra çaya salınmışdı.Əlbəyaxa olubmuş.Bu da erməni işi.

Başqa bir qadının qəbristandan ölüsü tapıldı.Gecə harasa gedirmiş.Bu da erməni işi idi. Amma kimsə açıb ağartmırdı.İbrahimov Xaqani İcevanda ölümcül döyüldü.Səbəb, erməni dığalar bunu tək görübdeyiblər ki, de , Qarabağ erməninindir.O deməyib.Dığalar çox israr ediblər, o isə durmadan Qarabağ bizimdir deyib, onu döyməyə başlayıblar. Hər vurduqca Qarabağ sizindir de, deyiblər, o isə yox, bizimdir deyib.Sonra dığalar onu öldü bilib atıb gediblər.Daha bir erməni işi.Mən o kənddə yaşadığım müddətdə çox hadisələr oldu, saymaqla qurtarmaz.Amma biz yenə də hər millətin pisi də var, yaxşısı da, deyərək erməni millətinə toz qondurmadıq. Təmiz qəlblə, bunu edənlər ekstremistlərdir dedik, xalqın xəbəri yoxdur, bilsə xalq imkan verməz, deyə öz aldanışımza haqq qazandırırdıq.

Bunlar, sadəcə bir kəndin bəzi faktlarıdır. Avtobusda türk olduğunu bildikdə qəzet parçasıyla qulağından tutub yolun ortasında, səni öldürmədiyimizə dua et, deyərək adamın avtobusdan atılması, 24 apreldə erməni mütləq türk qanı tökməlidir deyib o günü evdən çölə çıxa bilməməyimizi, qadınların tək rayona gedib gələmməməyini, avtobusda türk yanımda oturmasın davaları, mağazalarda türkə satmıram söhbətlərinə artıq qulağımız öyrəşmişdi.  

Bir gecə mən də yaşadım erməni qorxusunu.Bİr axşam üstü atam gəlib dedi, raykomdan zəng edib deyiblər, bu gecə sizin kəndə hücum edəcəklər, hökumət xalqın qabağında dura bilmir, xalq üsyan edir ki, kəndi ya qıracağıq, ya çıxsınlar. Başınıza çarə qılın.Anamın ilk sözü bu oldu, qızı apar burdan.Atam yollar bağlıdır dedi, Qaraqoyunlu yolunu Körpüdə kəsiblər, İcevan yolu da təhlükəlidir, ordan olacaq hücum, hər yanda erməni silahlıları qaynaşır.Mən, onsuz da getməyəcəm dedim.Amma qorxu canımdaydı.Kİm deyirsə ki, mən qorxmuram yalan deyir, mən qorxdum, sadəcə ölümdən deyil, ölümə qədərki prosesdən, nələr ola biləcəyindən.Düşünmək belə qorxuncdur.Hamımız bir otağa yığışdıq.Gecə yarıya qədər oturduq, qapının dalına yük yığıdıq, balta bışaq kəsici nə varsa yatağımızın yanına qoyduq.Sabaha qədər gözümü yummadım, bəlkə heç kim yummadı bilmirəm.Amma mən erməni gəlsə nə edərəm, hara qaçaram, necə gizlənərəm, necə mübarizə apararam deyə min cür plan qurdum.Axırda sabah açılıb hava aydınlananda, bu gecə erməni gəlmədiyini görüb arxayın olanda gözümü yumub yatdım.O gecənin ağırlığını heç unutmuram.Bəs daha betər şeylər yaşayanlar necə olur.Bilmirəm.

Biz iki sürgündən sonra geri qayıtdıq, ümid edirik ki, aradan çox vaxt keçsə də üçüncü, ən uzun sürgündən də qayıdacağıq.O zaman gərək olanları unutmayaq, çünki unutduqca eyni şeylərin daha betərini yaşayırıq.

Mən bu yazıda hansısa kitabdan, arxivdən istifadə etmədim, öz yaşadıqlarını, ata-anamdan, nənə-babamdan eşitdiklərimin bir qismini yazdım.Ümid edirəm ki, məndən sonrakı nəsillər bizim yaşadığımızı yaşamaz, biz artıq oyanmalı və ermənini “qapında tanımalıyıq”.Çünki xalq, millət yaxşıdır, içində kimlərsə pisdir dedikcə, dost olmağa çalşıdıqca qurbanlarımız çoxalır, həm can, həm mal, həm maddi, həm də mənəvi.

Bu saat ağacların puçura durduqları bu yaz başında niyə mən öz yurdumda deyiləm? Əlbəttə ki, Vətəndəyəm, bura da Vətəndir, amma bala vətən anlayışı fərqli hisdir.Yurd yeri, əcdadlarının ruhunun hopduğu məkanın aurası da, enerjisi də, ovqatı da bir başqadır.Biz sevməyi bildiymiz kimi, nifrət etməyi də bacarırıq.Sevgimiz kimi nifrətimizi də diri tutarsaq, bir daha aldanmarıq, erməni bizdən güclü deyil, sadəcə hiyləgər və məkrlidir.

Bütün köçlər xeyirə olmur.Köçərilik edərək xalqlımız yayda yaylağa, qışda qışlağa köçüb, bu xoş bir şeydir, mövsüm köçüdür, bir ayin, mərasim kimi köçdür. Erməni əlindən köç isə sürgündür, ağırdır, yükdür, unudulmazdır.Bir daha doğma yurdumuza qayıtmaq ümidimizin bu yaz toxumları kimi cücərəcəyinə əminəm.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir