21 Azər: Güneydə Azərbaycan Milli hökuməti
21 Azər hərəkatı.12 dekabr 1946-cı ildə min cür əzabla qurulan Milli Azərbaycan Hökuməti İran fars rejimi tərəfindən süquta uğradıldı. Bir illik ömründə Azərbaycan Milli Hökuməti İran hökumətinin iyirmi ildə gördüyündən daha çox iş gördü. Xalqın dəstəyi ilə bir sıra mühüm işləri həyata keçirməyə başladı. Təbriz Dövlət Universiteti, institutlar, çox sayda orta məktəblər açdı, Milli teatr və mili filarmoniyanı yaradıldı, milli kitabxanalar istifadəyə verildi, yollar çəkildi.
1925-ci ildə Azərbaycanda işlədilməsi rəsmi olaraq qadağan olan türk dilimiz “Dil haqqında Milli Hökumətin Qərarı”na əsasən “Azərbaycanda rəsmi dövlət dili elan olundu.” Müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət” “Urmiyyə”, “Qızıl əsgər” və s. qəzet və jurnallar nəşr olundu.
1950-ci ildə amerikalı hüquqşünas Vliyam Duqlas Güney Azərbaycana gedəndə Milli Hökumətin orada həyata keçirdiyi dəyişiklik və islahatların belə bir siyahısını tərtib etdi.
1.Azərbaycan Milli Hökuməti torpaq islahatı keçirdi;
2.Hökumət iri bankları milliləşdirdi;
3.Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul etdi;
4.Şəhərlərdə, kəndlərdə səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaratdı;
5.Əsas malların qiymətlərinə ciddi nəzarət edildi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verildi;
6.Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
7.Güney Azərbaycan Milli Ordusu yaradıldı.
Azərbaycan Milli Hökuməti öz varlığı və fəaliyyəti ilə Azərbaycanın milli kimliyini təsdiq etdi.
Lakin İran hökumətinin Azərbaycan Milli Hökuməti ilə anlaşmalar imzalayıb bu muxtar dövləti rəsmən tanımasına baxmayaraq, fars dövlətinin ordusu Azərbaycana hücum edərək Milli Hökuməti süquta uğradıb Azərbaycanı yenidən işğal etdi. Bu işğalın ardından 25 min Azərbaycan türkü ya edam, ya həbs edildi, ya da sürgünə göndərildi.
Azərbaycan Milli hökumətinin qurucuları böyük işgəncələrə məruz qaldılar. Seyid Cəfər Pişəvəri 1947-ci ildə Yevlax yaxınlığında şübhəli maşın qəzasında həlak oldu. Baş prokuror Firudin İbrahimi Təbrizdə edam olundu, maarif naziri Məhəmməd Biriya sovet rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanıldı.
Güney Azərbaycan yenidən fars rejiminin müstəmləkəsi oldu və bu müstəmləkə hələ də davam edir.Eyni ilə mübarizə də davam edir.Xalq öz azadlığını, müstəqilliyini istəyir və bunun üçün mübarizə aparır.Son aylarda Güney Azərbaycanda gedən mübarizə, tapdanmış haqqını tələb edən xalqın susmaması yeni bir milli hökumətin ayaq səsləridir. Günahsız yerə edam olunan gənc soydaşlarımız, güllələnən bacılarımızın qanı bir mübarizəni qələbəyə aparan yolda axacaq qanı tamamladı.Artıq Xiyabaninin, Pişəvərinin yolunun sonunu qələbəyə çatdırmaq vaxtıdır. Əvvəllər səsimizi qısaraq dediyimiz Güney Azərbaycan dərdlərini indi dövlətimizin ən yüksək pilləsindən səsləndirilməsi bu mübarizənin qələbəsinə inamımızı artırır.Biz öncə Təbriz deyərək Bütöv Azərbaycan yolu ilə Böyük Turana gedirik.
Mahmud Mövlud oğlu